Modern.az

Fransalı ekspert: “Azərbaycanda peşə təhsili təcili olaraq inkişaf etdirilməlidir” – MÜSAHİBƏ

Fransalı ekspert: “Azərbaycanda peşə təhsili təcili olaraq inkişaf etdirilməlidir” – MÜSAHİBƏ

Aktual

19 May 2017, 14:20

Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsi”ndə elmin, insan kapitalının inkişaf etdirilməsi üçün konkret hədəflərin yer alması və bu istiqamətlərdə həyata keçirilən işlər mühüm əhəmiyyət kəsb edir.

 

Dövlət Strategiyasının əsas hədəfləri sırasında olan Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası, müasir, modernləşdirilmiş təhsil sisteminin yaradılması məsələsi ilə bağlı sistemli olaraq görülən işlər artıq öz nəticəsini vermək üzrədir. Beynəlxalq layihələrdə Azərbaycanın iştirakı, dünyanın qabaqcıl universitetləri ilə bu layihələr çərçivəsində əməkdaşlıq təhsil sistemimizdə xeyli irəliləyişə səbəb olub.

 

Bunlardan ikisinin, bəlkə də ən məhsuldar iki beynəlxalq təhsil layihəsinin- TEMPUS (Azərbaycan, Gürcüstan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı) və ERASMUS+ (Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyinin artırılması) layihələrinin baş koordinatoru, Fransanın GRENOBLE Akademiyasının məsul işçisi, professor Jean-Noel Pachoudlə müsahibəmizi təqdim edirik!

 

- Cənab Pachoud, öncəliklə istərdim ki, Azərbaycan təhsil sistemi ilə Avropa təhsil sisteminin önəmli fərqləri haqqında danışasınız!

 

- Düşünürəm ki, universitet sistemlərindəki fərqlərdən danışsaq daha dəqiq olardı. Çünki mən 8 ildir ki, Azərbaycan universitetlərini öyrənirəm, burada həyata keçirilən təhsil sistemini Avropa universitetlərindəki sistemlə müqayisə edərək analiz aparıram. Azərbaycan bir müqavilə imzalayıb. Bu müqavilədə Azərbaycan təhsil sisteminin Baloniya sisteminə keçməsi əks olunub. Baloniya sistemi bir başa olaraq Avropa təhsil sisteminə inteqrasiyadır. İnteqrasiya üçün vacib olan ən başlıca şərtlərdən biri fərqlərin aradan qaldırılması məsələsidir. Məsələn, Azərbaycanda bakalavr təhsili 4 ildir. Fransada isə bu təhsil 3 ildir. Əsas fərqi yaradan amilsə başqadır. Azərbaycanda təhsil sistemi daha çox nəzəri təhsil sistemidir. Avropada təhsil sistemində isə bu məsələ demək olar ki, tamam başqa formada təşkil olunub. Lakin deyə bilərəm ki, oxşar cəhətlər də çoxdur.

Zənnimcə indiki periodda ilk iş burada peşə təhsilinin inkişafı olmalıdır. Azərbaycanda peşə təhsilinin inkişafı çox vacibdir. Bununla əlaqədar olaraq biz iki layihə həyata keçiririk.

 

- Həyata keçirilən beynəlxalq layihələr, elə Sizin də baş koordinatoru olduğunuz ERASMUS+ və TEMPUS layihələri bu fərqlərin aradan qaldırılması istiqamətində nə dərəcədə effektlidir? Konkret faktlarla danışsaq zənnimcə daha aydın təəssürat yaratmış olarıq!

 

Bizim həyata keçirdiyimiz bu layihələr təkcə Fransa və Azərbaycan arasında həyata keçirilən layihələr deyil. Məsələn, ERASMUS+ layihəsində İtaliya, İspaniya, Almaniya da iştirak edir. Bu layihədə əsas məqsəd Azərbaycanda peşə bakalavrı üzrə həyata keçirilən tədris proqramını Avropa universitetlərindəki proqramlarla uyğunlaşdırmaqdır. Bu məqsədlə biz artıq yeni tədris proqramının planlarını hazırlamışıq. Yeni qaydalar, tələblər üzrə ilk qəbul 2017-ci ilin sentyabr ayında həyata keçiriləcək. Həmin tələbələrin gələcəkdə Avropa universitetlərində oxuması, onların həmin universitetlərdən də diplom ala bilməsi kimi məsələlər həll olunmuş olacaq. Düşünürəm ki, bunu yaxşı bir nəticə hesab etmək olar.

 

- Sizin fikrinizcə Azərbaycan Texniki Universiteti (AzTU) üzərinə düşən missiyanı hazırda layiqincə yerinə yetirə bilirmi? Mən əsasən distant təhsil məsələsinə toxunmaq istərdim. Dünyada təhsil trendi, ümumilikdə yanaşma dəyişib artıq. Yəqin ki, gələcəkdə ən populiyar təhsil forması distant təhsil olacaq. AzTU hazırda Azərbaycanda distant təhsil platforması yaradır. Bunlar haqqında fikirlərinizi öyrənmək maraqlı olardı.

 

Uzun müddətdir ki, GRENOBLE Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müvcuddur və əsaslı işlər görülür. Layihələrimizdə qarşıya qoyulan məqsədlər müvəffəqiyyətlə həyata keçirilib. AzTU-da Avropa təhsil sisteminə inteqrasiya üçün əla şərait yaranıb. Bu universitetdə böyük potensial formalaşıb. Universitetin professor-müəllim heyətinin bəzi üzvləri, xüsusi ilə mənim çox sıx-sıx görüşdüyüm və bu layihələrdə birgə çalışdığım, regional koordinator professor Həsən Hüseynov Avropa təhsil sisteminə yaxşı bələddirlər. Düşünürəm ki, Azərbaycanda distant təhsil formasının yaradılması prosesi AzTU-dan başlayacaq. Və xüsusi olaraq qeyd etmək istərdim ki, yaxın zamanlarda burada distant təhsil platformasının hazırlanması üçün Distant Təhsil Mərkəzi yaradılacaq. Bundan əlavə professor Həsən Hüseynovun təklifi ilə biz layihədə tərəfdaş universitetlərlə ikili diplom verilməsi və tələbələrin mobilliliyinin təmin olunması məsələsini də əsas hədəf kimi qarşıya məqsəd qoymuşuq.

 

- Sizcə Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası üçün daha çox nələr lazımdır? Yəqin ki, düşünmüsünüz, lazım olanların həyata keçirilməsi üçün Azərbaycanda müasir təhsil sisteminin yaradılması üçün nə qədər zaman lazımdır?

 

- Bizim həyata keçirdiyimiz beynəlxalq layihələr çərçivəsində artıq xeyli uyğunluqlar yaranıb. Qalan məsələlərin həlli üçün isə aktiv işləmək lazımdır və işlər görülür. Məsələn, biz düşünürük ki, inteqrasiya məsələsinin daha da sürətləndirilməsi üçün azərbaycanlı müəllimlərin Avropa universitetlərində təkmilləşdirilməsi vacibdir. Müəllimlərin təkmilləşdirilməsi məsələsi bu prosesdə ən kəsə yol hesab oluna bilər.

İkinci əsas amil olaraq əvvəldə qeyd etdiyim kimi, distant təhsillə bağlı Azərbaycandakı mövcud vəziyyəti vurğulamaq istərdim. Distant təhsilin inkişafı çox vacibdir.

Zaman məsələsinə gəlincə isə bunu demək çox çətindir. Əgər Azərbaycandakı bütün universitetlərdəki vəziyyət Texniki Universitetdə olduğu kimi olsa inteqrasiyaya tez bir zamanda nail olmaq mümkündür. Burda zənnimcə əsas məsələlərdən biri də Təhsil Nazirliyinin siyasi iradəsidir ki, bu da son illər həyata keçirilən işlərdə açıq-aşkar özünü göstərir. Təkcə bizim layihələrdə Avropanın 30-a yaxın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq həyata keçirilir.

Bütün bunları nəzərə alaraq Azərbaycanın təhsil sistemində, xüsusi ilə ali təhsil sistemində inkişafın elə də uzaqda olmadığını əminliklə demək olar!

 

Nicat Abdullayev

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir