Modern.az

DTX rəisi ermənilərə işləyən satqınlardan DANIŞDI: “Onlar bir günün, beş günün casusları deyil”

DTX rəisi ermənilərə işləyən satqınlardan DANIŞDI: “Onlar bir günün, beş günün casusları deyil”

Ölkə

19 May 2017, 14:59

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş azərbaycanlı hərbçilər və mülki şəxslərdən ibarət casus şəbəkəsinin ifşasından danışıb.


Modern.az xəbər verir ki, DTX rəisi deyib:


" Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir və şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

Mədət Quliyev qeyd edib ki, bu gün də xaricdən Azərbaycana qarşı hər cür təhdidlər var:

"Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb və istintaq da öz qiymətini verəcək".

Xatırladaq ki, mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları əməkdaşlıq edən azərbaycanlılardan ibarət casus şəbəkəsinin ifşa olunduğu bildiriblər.


Qeyd edilib ki, Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Güc strukturları bəyan edib ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək.

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir