Modern.az

Məhəmmədhəsən əmilər “Niva”ya, Xudayar bəylər də “Mercedes”ə minib

Məhəmmədhəsən əmilər “Niva”ya, Xudayar bəylər də “Mercedes”ə minib

19 May 2017, 15:29

Oqtay Bayramov



Allah sizlərə rəhmət eləsin...

Unudulmaz Mirzə Cəlil, Üzeyir Hacıbəyli və Sabirin əsərlərini bir də oxudum. Gənclik illərimdə bütün anlamı ilə dərk edə bilmədiyim mətləblər agah oldu mənə... Günümüzlə tutuşdurub anladım ki, Məhəmmədhəsən əmi və Xudayar bəylərin düşüncə tərzində elə bir dəyişiklik olmayıb, sadəcə, birincisi uzunqulaqdan düşüb “Niva”ya, digəri “Mercedes”ə minib, VƏSSƏLAM!!!

Sabirin “intelligentlər”i, “mollalar”ı da eyni təfəkkürdədir. Birincilər öz kökünə ikrah hissi ilə, ikincilər isə dinə qazanc mənbəyi kimi baxır yenə...

Hələ, Üzeyir bəyin qələmi “yağlı tikələrdə” ilişib qalmış Rza bəylərini, “urus Duması”na seçilmək və təzədən evlənmək arzusunda olan həpəndlərinin müasirlərini demirəm....

***

Niyə bu günə qaldıq görəsən? Gənclik illərində Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Arazı oxuyub ümdə arzularla yaşayan nəslin övladları Elza Seyidcahan “poeziyası” ilə feyzyab olub, irişir. Fikrət Əmirov, Elza İbrahimova, Ələkbər Tağıyev kimi bəstəkarların əsrarəngiz mahnılarını zümzümə edənlərin sələfləri istedadsız musiqiçilərin çığır-bağırının əsiri olub. Nə bəstəkar qalıb məmləkətdə, nə də şair, amma Bəstəkarlar və Yazıçılar ittifaqları durur hələ...Yeganə təsəllimiz bu olsa gərək.

*** 

“Siz tәk camaatın da igidi mәnim tәk olar”, deyən Kefli İsgəndərin təbiri ilə desək, soruşuram ki, bu zillətə nә ad qoymaq olar? 

Düşündüm-düşündüm... Dahi Üzeyir bəyin sözləri ilə bitirdim, əziz dostlarımı yormamaq üçün: “Ah, çox fikir adamı dəli-divanə elər. Amma bir tərəfə baxsan, dəli olmaq da bəd deyil... Yox, bu gün mən heç zad yaza bilmədim, qalsın sonraya!..

Dahi babalarımız, Allah sizlərə rəhmət eləsin...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi