Modern.az

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

19 May 2017, 15:48

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin və Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək.

Modern.az xəbər verir ki, tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.
Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.
Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu