Modern.az

Kitab həvəskarlarına belə fürsət yaranmamışdı - Ölkənin ən böyük kitab mərkəzindən REPORTAJ

Kitab həvəskarlarına belə fürsət yaranmamışdı - Ölkənin ən böyük kitab mərkəzindən REPORTAJ

20 May 2017, 10:00

Bir neçə gün öncə Bakıda ölkənin ən böyük kitab mağazası - "Azərkitab" Təbliğat Mərkəzi açılıb. Modern.az-ın əməkdaşı həmin mərkəzə gedərək, oranın faəliyyəti ilə yaxından tanış olublar.


"Azərkitab"ın qurucusu Sabir Həsənov mərkəzlə bağlı ətraflı məlumat verdi:

““Azərkitab” bir dövlət qurumu kimi 1924-cü ildən fəaliyyət göstərib. Lakin Sovet hökuməti dağılandan sonra bu qurumun da fəaliyyətində problemlər yarandı və 2005-ci ildə bağlandı. Bu sahənin bir mütəxəsisi kimi çox götür-qoy elədim və belə bir mərkəzi açmağı qərara aldım. Bu elə bir işdir ki, layihə şəklində başlamaq lazım idi. Burada “Oxu zalı”, “Book cafe”, “Uşaq aləmi” var. Biz gənc yazarlarımızı respublikada tanıtdıracaq, kitab çap edə bilməyənlərə kömək göstərəcəyik”.

 

Mərkəzə ekskursiyalar təşkil olunur. Hər gün bir orta məktəbdən ekskursiyaya gəlirlər və tanışlıq olur.


Layihə rəhbəri deyir ki, gələcəkdə bölgələrdə mərkəzin şöbələrini açmaq və ucqar yerlərdə yaşayanlar üçün nəqliyyat təşkil edib, onları da mütaliə cəlb etmək istəyirlər.

“Yazıçılarla oxucuların görüşlərini təşkil etməyi düşünürük, yazarların təqdimat mərasimlərini keçirəcəyik.

Bu qurum dövlət tərəfindən maliyyələşdirilmir. Bir çox nəşriyyatla müqavilə bağlayırıq və  onlar bizə kitab verirlər.

Sifarişlər də qəbul edirik və kitablar istənilən ölkədən bir həftəyə gətirilir. Məsələn, sifariş olunan kitablar Amerikadan 10-15 gün ərzində gətirilir. İngilis, alman, rus və hətta çex dilində kitablarımız var, bunların sayını artıracağıq. Səfirliklərə məktub göndərmişik, onlarla da əməkdaşlıq edəcəyik”.



Sabir Həsənov gənclərin kitaba olan marağından bəhs etdi:

“Gənclərmizin ədəbiyyata olan marağından tam razıyam. Universitetlər və məktəblərdən kifayət qədər gələnlər var. Belə görünür ki, indiyədək bizdə mütaliənin zəif olmasının səbəbi xidmətin zəif təşkili və kitabların sayının azlığı ilə bağlıymış. Bu problemlər aradan qaldırılandan sonra mütaliəyə qayıdış olacaq”.

Müsahibimizin sözlərinə görə, son zamanlar gənclər dedektiv əsərlərə daha diqqət verirlər.

Söhbətə “Azərkitab”  Mərkəzinin  direktoru Misirxan Həsənov da qoşuldu. Dedi ki,tələbələr “Tələbə kartı“ vasistəsi ilə endirimdən yararlana biləcəklər. Kitabın təyinatına uyğun olaraq onlar üçün 5-10%-dək endirim ediləcək.


“Bura gələn hər bir kəs asudə vaxtını keçirə bilər və mənən zənginləşərlər. Xalqımızın, millətimizin gələcəyi oxumaqdadır. Nə qədər maariflənsək, dünyada yerimiz bir o qədər də yüksək olar. Son günlər kitab təqdimatı ilə bağlı 10-dan çox tədbirimiz olub. Biz bütün yazarlara kömək etməyə hazırıq. İnsanlardan istədiyimiz ancaq mənəvi dəstəkdir. Bizi tanısınlar və gəlib tanış olsunlar, maariflənsinlər, qiymət versinlər. Bir xalq olaraq hər bir sahədə tanınmalıyıq. O cümlədən də ədəbiyyatımızla…”.


Mərkəz direktorunun sözlərinə görə,  “Azərkitab”da “bukinist” bölməsi də yaratmağı planlaşdırırlar:

“İnsanlar oxuyub bitirdikləri kitabı bura qoyaraq, onun əvəzində istədikləri kitabı götürə  biləcəklər. Hələ mərkəz yeni açıldığı üçün planlarımızı zamanla reallaşdırırıq”.

 

Mərkəzdə nəzarətçi işləyən Bayram Göyüşov deyir ki, kitab satışı olan hissə iki mərtəbədən ibarətdir. İkinci mərtbədə oxu zalı var və oxucular üçün hər cür şərait yaradılıb. Burada ingilis və rus dillərində hüquq ədəbiyyatı, tibbi ədəbiyyat və uşaq ədəbiyyatı var. Həmçinin bizneslə bağlı kitablarla da tanış olmaq mümkündür.


Mərkəzdə hədiyyəlik kitablar da var. Bunların arasında Qarabağla, xalçalarımız və qədim Şuşa ilə bağlı kitablar xüsusi yer tutur.


“Azərkitab”da uşaqlar üçün yeni bir dərnək hazırlanır ki, o da yaxın günlərdə istifadəyə veriləcək.  Artıq turistlərdə bura maraq göstərir və hər gün gəlib yaxından tanış olurlar.

 

“Azərkitab”ın işçisi Günel İsgəndərova nəzərdə tutulanuşaq təbirlərindən danışdı. Dedi ki, məktəblərlə sıx işləyəcəklər.
““Kitab necə ərsəyə gəlir” mövzusunda tədbir olacaq və uşaqlar nəşriyyata gedərək, kitabın çapı ilə yaxından tanış olacaqlar. Artıq bu həftədən ilk ekskursiya baş tutacaq”.


Mərkəzdə olarkən məktəblilərlə də həmsöhbət olub, fikirlərini öyrəndik…


6-cı sinif şagirdi Dilbər Əmrahova “Azərkitab”ın açıldığına çox sevindiyini və mərkəzin diqqət çəkdiyini söylədi.

“Burada müxtəlif kitablarla - bədii, tarixi və elmi əsərlərlə qarşıladım. Əsasən tariximizi əks etdirən kitablar daha çox marağıma səbəb oldu”.

 Digər məktəıbli Ləman Qasımova da “Azərrkitab”a gəlişindən məmnun idi:
“Burada tarixi şəxsiyyətlərimizin yazdığı əsərləri də gördüm və bu kitablardan həmişə yararlanacam. Uşaq ədəbiyyatı ilə tanış olduq. Bəzi ensiklopediyaları gördük. Bundan sonra tez-tez “Azərkitab”a gəlməyi düşünürəm”.


7-ci sinif şagirdi Elvin Aşurlu kitabların “Azərkitab”da başqa dillərdə kitablara rast gəldiyinə sevindiyini bildirdi:
“Kitablar ancaq Azərbaycan dilində deyil, başqa dillərdəki nəşrləri də bəyəndim. Bədii əsərlər də kifayət qədərdir. “Azərkitab”da diqqətimi çəkən məqamlardan biri də kitabların necə saxlanılmasıdır. Çox səliqləli şəkildədir və buraya tez-tez gələcəm”.

 

Neman RZA
Foto: Nəcəf  RUSLANOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir