Modern.az

Mənlik qüruru

Mənlik qüruru

Ədəbi̇yyat

20 May 2017, 11:39

Azad Müzəffərli


(hekayə)

      
Qaş qaralmaq üzrəydi. İstər-istəməz evə dönməliydi. Başqa gedəsi ünvanı yoxdu. Səhər evdən çıxandı. Bütün gün ərzində özünə bu boyda gen dünyada yer tapa bilməmişdi. Yenə də, istəmədiyi halda, anasının da təkidiylə atasının qərarına baş əymək məcburiyyətində qalmışdı. Bu dəfə əsgərliyi ona çox görmüşdülər. İş orasındaydı ki, ali məktəbi, peşəsi və iş yerini də valideynlərinin qərarı ilə “seçmişdi”.  Artıq “mama-papa uşağı” olmaqdan zinhara gəlmişdi. Dostları, yaxın yoldaşları yarı zarafat, yarı ciddi onu beləcə səsləyəndə yumağa dönürdü, yerin yarılmasını arzulayırdı.

      
Tərslikdən qış da yaza sinə gərməkdəydi. Sazaq yenə də iliyə işləyirdi. Lopa-lopa qarı sifətinə çırpan güclü külək Elxanı  “Şaxta Baba”ya döndərmişdi.  Dünyaya dağ rayonunda göz açdığından bu onun üçün adi haldı. Di gəl, bu dəfəki şaxtanın kəsəri tam başqaydı,  Elxanın da kələyi kəsilməkdəydi. Bacardıqca iti yeriməyə çalışırdı.

     
Rayon mərkəzindəki Şəhidlər Xiyabanın yaxınlığından ötərkən məzarlardan birinin üzərindəki qaraltını sezdi. Ani ayaq saxladı. Göz-gözü görməsə də, çətinliklə də olsa,  kiminsə şəhid məzarlarından birinə sarıldığını andıra bildi. Tələm-tələsik ora yaxınlaşdı. Yanılmamışdı. Başdaşına sarılan Ana məzarla bütünləşmişdi. Balasına soyuq dəyməsin deyə hərarətini əsirgəmirdi. Bu səhnə onsuz da dərin sarsıntı keçirən Elxanda qoymadı taqət qala. Onu sanki ildırım vurdu. Dişləri bir-birinə dəyməyə, titrəməyə başladı. Balası ilə “qovuşan” Anaya yaxınlaşmağın günah olduğunun mahiyyətinə varan Elxan tələm-tələsik oradan uzaqlaşdı.

    
Bir göz qırpımında evlərinə yetən Elxanı, hannan bəri qapılarının ağzını kəsdirən anası hövlnak ağuşuna aldı. “Can, bala, anan sənə qurban ” deyərək buz heykələ dönən övladını var gücü ilə sinəsinə sıxıb odlu-alovlu öpüşlərə qərq etdi, əllərini nəfəsi ilə isitməyə çalışdı. Bir andaca ana “qaynar təndirə” döndü. Di gəl, bu da,  soyuq tərə bələnən Elxanın donunu açmağa yetmədi. Əksinə, bir qədər əvvəlki və indiki mənzərənin təzadı Elxanı halbahal etdi. Yalnız vaxtında özünü yetirən təcili yardım briqadasının peşəkarlığı sayəsində onun həyatını xilas etmək mümkün oldu.

    
Aradan bir neçə ay ötmüşdü. Əsgərliyə növbəti çağırışdı. Andiçmə mərasimi yenicə başa çatmışdı. Balasını vüqarla bağrına basanlar sırasında Elxanın atası və anası da vardı. 22 yaşında olmasına baxmayaraq, o,  ilk dəfəydi ölçüyəgəlməz mənlik qüruru keçirir və əsl valideyn hərarətinin ləzzətini çıxarırdı.    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı