Aida Eyvazlı
Qazaxıstandakı iki günümüzün unudulmaz ovqatı...
Təyyarəni idarə edən uçuş komandiri Almatı şəhərinin üzərində uçduğumuzu, bir neçə dəqiqədən sonra eniş edəcəyimizi deyəndə, adətim üzrə bir daha pəncərədən Yeri sey etməyə başladım. Hər tərəf yam-yaşıl idi. Və bir də Almatını üzük qaşı kimi əhatəyə alan başı qarlı Tanrı dağları görünürdü. Mənimlə yanaşı oturan, qədim qələm dostum Akif Aşırlıya Tanrı dağlarını göstərdim. Dedi ki, artıq ürəyi atlanır. Necə olsa da Akif Aşırlı Azərbaycanın Qazax mahalından olduğundan, ürəyinin bir səmti onu bu diyara Qazaxıstana çəkirmiş.
Bu dəfə həmkarımla birlikdə Türklərin özünə Ata yürdu saydığı Qazaxıstana səfərimizi Beynəlxalq Türk Akademiyası (TWESCO) uğurlamışdı. Akademiyanın təşkil etdiyi “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumuna qatılmaq üçün Almatıda təyyarədən düşüb, ölkədaxili Çimkənt reysinə mindik. Axşam saat 9-da bizi təyyarə meydanında Çimkənt şəhərinin rəsmi nümayəndələri və Beynəlxalq Türk Akademiyasının aparıcı mütəxəsisi Sanduğac xanım Kenjebayeva qarşılayaraq əvvəlcə otelə, sonra isə restorana apardılar. Axşam 10-da açılan süfrəyə min bir nemət düzdülər.
Bir qədər keçəndən sonra, Qırğızıstani təmsil edən “Kabar” Dövlət Agentliyinin direktor müavini Tınçtıq Karımşakov, “Kırqıs tuusu” qəzetinin köşə yazarı Nazarbek Bayciqitov, Özbəkistandan “Türkistan-ress” Xəbər Agentliyinin baş redaktoru Uluqbəy Asrorov, “Uzbekiston ovozi” qəzetinin şöbə müdiri Nurulla Ostonov, müstəqil jurnalist-bloqer Tahir Kahhar, Azərbaycanın İctimai Televiziyasının Mərkəzi Asiya Respublikaları və Qazaxıstan üzrə xüsusi nümayəndəsi Füzuli Məcidli də gəlib çıxdı. Füzuli Məcidli forumda İTV-ni həm də rəsmi nümayəndə qismində təmsil edəcəkdi.
Türk Şurasının layihə rəhbəri Ceyhun Şahverdiyev, TRT-Avaz televiziyasının direktoru Murat Akkoç, operatoru Bülənt Sərpqaya, “Anadolu” Xəbər Agentliyinin baş redaktoru Faruk Tokat, agentliyin Qazaxıstan nümayəndəsi Aliyə Rəhimbəyova, NTV telekanalının Beynəlxalq xəbərlər bölümünün rəhbəri Əhmət Yaşıltəpə, “Yeniçağ” qəzetinin köşə yazarı Kürşad Zorlu, “Sözçü” qəzetinin bölmə rəhbəri Yavuz Alatan, Tatarıstanın “Realnoe vremya” internet qəzetinin əməkdaşı Timur Raxmatulin, “Başinform” xəbər agentliyinin jurnalisti Leyla Aralbayeva, EURELIZ Media Strateji Kommunikasiyalar Şirkətinin direktoru Eli Hacıyeva və Qazaxıstanın “Eqemen Kazakstan” qzəetinin idarə heyətinin sədri, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı, “Kazinforum” Dövlət Agentliyinin Baş direktoru Əsgər Öumarov, “Xəbər” agentliyinin direktor müavini Rinat Kertayev , “Aykın” qəzetinin baş redaktoru Nurtope Jusup, ümumiyyətlə, 50-yə qədər müxtəlif KİV nümayəndəsi də bizə qoşuldu.
Türk dünyasının aparıcı jurnalistlərinin bir süfrə başındakı söhbətlərinin əsasını isə Türk birliyinin yaranmasına səbəb olan əngəllər, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkənin latın əlifbasına keçməsi ilə bağlı addımı, kənar təsirlər və xalqın ziyalılarının bu müzakirələrdə fəal iştirak etməsinə dair məqamların müzakirəsi təşkil etdi.
Səfərimizin ikinci günü çox zəngin idi. Bizə bələdçilik edən ədəbiyyət müəllimi Kenesbay İsmayılov nümayəndə heyətini Çimkənt şəhərinin şimalında ən hündür yüksəkliyə yaxın ərazidə Baydıbek Batırın adına ucalan abidənin yanına gətirdi. Əmir Teymurun Ordusunun ən etibarlı silahdaşı olan Baydıbek Ata el arasında həm ədaləti, həm də müdrikliyi ilə tanınıb. Onun qəhrəmanlığı və müdrikliyinə ehtiram əlaməti olaraq özül hissəsi 9 metr, hündürlüyü isə 10 metr olan heykəl ucaldıblar. Bu, Qazaxıstanda ən hündür insan heykəlidir. Baydıbek Atanın abidəsinin ətrafından Çimkənt əl içi kimi görünür. Hər tərəfi yaşıllıqdır.
Ümumiyyətlə, Qazaxıstanda yaşıllıqlara qayğı çox həssasdır. İnsanlar yaşıllıqları məhv etmir, qoruyurlar. Bələdçimiz onu da dedi ki, heykəlin arxa tərəfində yerləşən boş ərazilərdə yeni mikrorayon salınır. Bu yeni şəhərçikdə 40 min insanın yaşayacağı nəzərdə tutulub. Bu şəhərin mövcudluğu ilə Cənubi Qazaxıstan vilayətinin iqtisadiyyatında da daha bir sıçrayış olacaq. Bu ilin payızında isə Çimkənd əhalisi 1 milyona çatacaq.
Bizim dayandığımız hündürlükdən Çimkəntin İppodromu, Zooparkı və Müstəqillik parkı da görünürdü. Müstəqillik parkındakı “Altın şanırak” abidəsi Qazaxıstanda yaşayan çoxmillətli əhalinin bir ocaq, bir baca altında , bir yurd içində birləşməyinin rəmzidir. 30 metrə yaxın hündürlüyü olan abidənin tac hissəsində qalxanvari dairənin ətrafına çıxan qızılı rəngli 137 çıxıntı Cənubi Qazaxıstan vilayətində yaşayan millətlərin və milli azlıqların sayının göstəricisidir.
Dağüstü səyahətimizi bitirib, şəhərin Dendroparkına üz tuturuq. Əsası 1979-cu ildə qoyulan Dendroparkın yerində əvvəllər zibillik olub. Bu yaşıllıqlar məkanı şəhərin keçmiş hakimi və sakini Asanbay Əsgərovun təşəbbüsü ilə yaradılıb. Alman və yerli mütəxəssislərin köməyi ilə burada dünyanın hər yerindən gətirilmiş 500 min ağac və bitki növü əkilib. 1990-cı ildə ağacların sayı 1 milyona çatıbmiş. 1990-cı ildə respublikalar yeni formasiyaya keçid dövrünü yaşayanda, Dendroparkın suvarma sistemi tamam yarasız hala düşüb. Ağaclar 18 il baxımsız qalıdığından əksəriyyəti məhv olub, qalanlar isə torpağa güvənərək sağ qalmaq üçün mücadilə aparıb. Yalnız 2008-ci ildə şəhərin yeni hakimi Əskər İsabekoviç Mirzambetov parkı yenidən şəhərin büdcə təsərrüfatına daxil edərək, biznesmenlərin sayəsində burada yeni suvarma sistemi yaradıb. Bu gün 121 hektar yaşıllıq zolağı olan parkda artıq 600 min ağac növü boy verib Göy səmanı və insanları salamlayır. Dendropark bərpa edildikdən sonra onu Qazaxıstanın Milli parkları siyahısına əlavə ediblər. Ən maraqlısı isə odur ki, bu gün Çimkənt şəhərinin 1080 məktəbininbiologiya dərslərini açıq səma altında bu parkda keçirilir. Bu metod hətta təhsil proqramında da öz əksini tapıb.
Bu gün turistləri cəlb etmək üçün Qazaxıstanın hər yerində Türk xalqının ev, sığınacaq, ocaq bilib yaşadığı yurtalar (çadır, alaçıq ,yurd) yerli və xarici qonaqları qəbul etmək üçün brend kimi istifadə edilir. Çimkənddən çıxmazdan əvvəl forumun iştirakçılarını at və dəvə südündən hazırlanmış kımıza qonaq etdilər.
Akif Aşırlı çoxdan arzusunda olduğu kımızı içəndən sonra, boşqablarda süfrəyə düzülən kurtun onların öz mahalı Qazax rayonunda hazırlanan qurutun eynisi olduğunu biləndə, lap təəccübləndi. Bir daha əmin oldu ki, Azərbaycandakı qazaxların əcdadları elə bu səhralardan Vətənimizə köç ediblər.
Qədim türk tarixindən bildiyimiz kimi, qazaxlar çox inanclı xalqdır. İslam bu yerlərdə yayılana qədər onlar Tanrıya və təbiət hadisələrinə inanıblar. Bü gün də ən adi qazax insanı oda, suya inanır. Onların inandığı məkanlardan biri də Çimkəntin düz mərkəzində yerləşən Qoşqar-Ata çayıdır. Yerli insanların inancına görə, buradan axan su müqəddəsdir. 1,5 kilometr uzunluğu olan çayın ətrafı həm də insanların istirahət zonasıdır. Çimkəntin qızmar günəşindən yorulan ailələr bu şayın sahillərinə gəlib orada sərinlənir, çimirlər. Çayın mənbəyini kimsə bulaşdırmır. El arasında bu günah sayılır. Çünki hər kəs buradan su içir, müxtəlif xəstəliklərini müalicə etmək üçün evlərinə plastik qablarda su daşıyırlar. Qoşqar Ata çayının suyu yerin altından axan 800 müxtəlif bulaqdan qaynaqlanır.
Nursulatn Nazarabyevin bu iulin aprel ayında işıq üzü görən “Gələcəyə baxış: ictimai təfəkkürdə modernləşmə” adlı məqaləsi bu gün hər bir qazaxıstanlının təfəkkür proqramına çevrilib. Həmin məqaləsində Elbaşı qeyd edir ki, hər bir xalqın mənəvi dəyərləri var. Belə dəyərlər də onların əsrlərdən bəri qoruyub saxladığı ziyarətgahlar, pirlər və ocaqlardır. Qazaxıstanda isə belə abidələr yüzlərlədir. Ona görə də el ağsaqqalı öz məqaləsində “Qazaxıstanın müqəddəs ziyarətgahları” adlı layihənin həyata keçirilməsinin mühümlüyündən danışır. Və qeyd edir ki, həmin abidələrin bərpa etmək də insanlaraın mənəvi borcu olmalıdır.
Ölkə rəhbərinin bu tövsiyəsini əsas tutan vilayət və şəhərlərin turizm idarələri qonaqları bir qayda olaraq həmin ziyarətgahlara, qədim məbədlərə aparırlar. Məlumat üçün qeyd edim ki, Cənubi Qazaxıstan vilayətində 802 tarixi və mədəni abidədən 528-i arxeologiya, 42-si tarixi məbəd, 226-sı isə memarlıq nümunəsidir. Qazaxıstanın 16 vilayətinin hər birində belə abidələr uzun illərdir ki, bərpa olunaraq, insanların və ölkənin mənəvi sərvəti kimi qorunmaqdadır.
Tarixlərin şahidi Otrar qalası
Bələdçimiz Kenesbay İsmayılov dedi ki, ötən il Cənubi Qazaxıstana 1 milyondan artıq turist səfər edib. Məqsədləri də Sayramda, Otrarda, Türküstandakı ziyarətgahları görməkdir. Müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumuna dəvətli olan nümayəndə heyətimiz bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrinin ziyarətini Çimkəntin 15 kilometirliyində yerləşən qədim adı İspicab olan Sayram şəhərindən başladı. Xalq arasında yayılmış inanca görə, Türküstanda Əhməd Yəssəvini ziyarət etməzdən əvvəl, onun anası, atası və müəlliminin məzarlarına baş çəkmək şərtdir.
Sayrama gələn ziyarətçilər Xoca Əhməd Yəssəvinin anası “Qara saçlı Ana” (XVIII əsr), İbrahim ata (deyilənlərə görə o, Əhməd Yəssəvinin atası olub), Abdel Əziz Baba, Xoca Taliq , Mirəli Baba və Xızır Minarəsini də ziyarət etmədən ötmürlər. Xalqın inancına görə, Qara sac ananın məzarı üstünə əsasən qadınlar gəlir, onlar burada Tanrıya, Allaha dua edərək, özlərinə övlad arzulayır, qızlarına, ailələrinə bəxt diləyirlər. Belə ehtimal edilir ki, türbələri və məzarları bu vaxta kimi qalan şəxslər İslam istilası zamanı bu yerlərdə vuruşub ölənlər və ya İslamı bu yerlərə yaymağa gələn müridlərdir.
Sayramdakı müqəddəs yerlərdə ziyarətimizi başa vurub, Çimkəntin 170 kilometirliyində Böyük Çölün tam ortasında yerləşən Otrar Oazisinə gəlirik. Otrar Oazisinə gələn yol isə Böyük İpək yolunun üstündə yerləşir. Başlanğıcını Çinin Lyanyunqan şəhərindən götürən Rusiyanın Sankt-Peterburq şəhərinə qədər uzanan yolun ümumi uzunluğu 8400 km-dir. Onun 2700 km-i Qazaxıstanın payına düşüb. Mütəxəsislər deyirlər ki, Çindən Rusiyaya gedən bu yolu bəzən 40 günə qət ediblər. Yol hazır olandan sonra isə Çindən Avropaya olan daşınmalar 10 gündən çox vaxt aparmayacaq. Bu da daşınmaların maya dəyərinin aşağı düşməsinə ciddi təsir edən faktorlardan biridir. Qazaxıstanın iqtisadiyyat siyasiləri bu yolu həm də “Nurlu yol” adlandırırlar.
Açıq səma altında tarix muzeyinə çevrilən Otrar Oazisini gəzəndə tam bir yəqinliklə XI-XIII əsrlərə düşmüş olursan. Türklər bir qayda olaraq hər zaman axar çayları və suları bol olan ərazilərdə məskən salıblar. Otrarın da yaxınlığından Arıs çayı axır. O 2200 kilometr uzunluğu olan Sırdərya çayına tökülür. Arıs çayının yaxınlığındakı bu qədim şəhərdə alimlər, üləmalar, musiqiçilər, şamanlar və münəccimlər, zərgərlər eləcə də aşağı sinfin adamları yaşayan ayrı-ayrı məhəllələr mövcud olub. Arxeoloji qazıntılar zamanı bazarlar, sənətkarlar, şərab istehsal olunan yerlər, məscid, ayrı-ayrı satış dükanları da, hamam da tapılıb. Hündür qala ilə əhatə olunmuş İçərişəhərdə isə əsasən Xan və saray xadimləri yaşayıblar. 1219-cu ildə Çingiz xanın Ordusu oğlu Cuçinin başçılığı altında bu şəhərə hücum etsə də, onu ələ keçirə bilməyib. Şəhər 6 ay mühasirədə qalsa da, şəhərin xanı Kayrxan təslim olmayıb. Yazılı mənbələrdə qeyd olunduğuna görə, yalnız 6 aydan sonra, Qaraca adlı bir şəhər sakini aclığa və susuzluğa davam gətirməyib, şəhərin qapılarını açaraq onun təslim edib. Xan oğlu Cuçi isə onu mükafatlandıraraq, başını kəsib. Deyir ki, “mənim dövlətimə satqın və yaltaq gərək deyil”.
Əmir Teymur taxta çıxandan sonra isə Otrar, Türküstan da daxil olmaqla bu ərazidəki bütün vilayətlər onun tabeçiliynə keçib. Həmin dövrdə Otrarda Fateh Teymurun vassalı Berdıbəy xan idi. Berdıbəy xan onu şahlara layiq qarşılayır. Teymur fevral ayına qədər burada qalıb, sonra Çini istila etməyə getməliydi. Lakin fevral ayında gecənin buirində o, iflic olur, fevralın 10-da dünyasını dəyişir. İndi xərabalərı və qalıqları üzərində gəzdiyimiz bu sirli- sehirli şəhər də Əmir Teymurun Azərbaycandan və istila etdiyi dövlətlərdən gətirdiyi memarların, ustaların yaradıcılığıdır.
UNESKO-nun Maddi İrsin Qorunması Fondu 2001-2004-cü illərdə Qala şəhərinin “Otrar şəhərinin dirçəlişi” adlı layihə əsasında divarların al qatı saxlanılmaqla və qədim nümunələr və divarlar görünməklə, üst qatda bərpa işlərinə dəstək verib. Bərpadan sonra, Qədim xərabətlər üzərində 18 metr hündürlükdə qədim qala darvazasının və divarı ucalıb. Otrarda UNESKO öz layihəsini başa çatdırsa da, Qazaxıstan dövləti bərpa işlərini davam etdirməkdədir. Lakin belə bir qədim şəhərin hətta bir məhəlləsinin qurulması milyonlarla xərc tələb etdiyindən, işlər astagəl aparılır.
Məhəllələrə bölünmüş Otrar təkcə şəhər deyil. Bura həm də canlı tarixdir. Buradakı havadan da tarixin ətri gəlir. Yovşanlı, laləli, nərgizli, bənövşəli çöllərdə işləyən arxeoloqlar hər gün hər hansı bir santimetrdə tarixin sirlərinə açar tapırlar. Burada hər qarış torpağın altında bir tarix yatır.
Səfər proqramımızın sıx olmasına baxmayaraq, keçib getdiyimiz bölgələrdə bizi bir neçə dəfə qazax süfrəsinə qonaq etdilər. Otrardan Türküstana gedən yolun üstündə “Otrar Şübatı” adlı dəvə südü satan Urazali Fayzulla oğlunun mini zavoduna da baş çəkdik və burada istehsal edilən, həqiqətən dalı və sərinləşdirici içkinin dadına baxdıq. Onu da bildik ki, Urazali Fayzulla oğlunun fərdi təsərrüfatında 300 baş dəvə var. Dövlət onun təsərrüfatının işləməsi üçün hər cür yardım edir. 120 sağmal dəvənin hər birindən bir gündə 8-10 litr süd sağırlar. Bir gündə 400 litr şubat istehsal edirlər. Qalan süddən isə kurt və başqa məhsullar istehsal edlir. Dəvə südünün keyfiyyətlərindən danışan təsərrüfat başçısı dedi ki, dəvə südü təzə yaranmış xərçəng xəstəliyinin qarşısını alır. Şəkər xəstəliyi və radiasiyanı müalicə edir. Belə müalicəvi əhəmiyyətli süd almaq üçün isə dəvələrə yalnız yabanı yolla yetişən tikan yedirirlər. Onların sovxozunun adamları arasında isə kimsə mədə xəstəliyindən əziyyət çəkmir. Səbəbi isə hər kəsin evində şübat içilməsidir. Onu da qeyd edim ki, şübat bişməmiş süddən bulama yolu ilə hazırlanır. Otrar hakimini isə Türk dünyasından gələn qonaqlar üçün açdığı süfrədəki bütün yeməklər və nemətlər Otrarda istehsal olunmuş və ya bu torpaqda yetişmişdi.
Sufilərin atası Xoca Əhməd Yəssəvi
Türk dünyası ilə ürəyi döyünən hər kəs Türküstana tez yetişib, Xoca Əhməd Yəssəvinin məzarını və məkanını ziyarət etməyə tələsirdi. Bələdçimiz isə dedi ki, Xoca Əhməd Yəssəvinin müəllimi və ustadı Arıstan babanı ziyarət etmədən oraya yetişmək olmaz. Belə rəvayət edirlər ki, tarixi şəxsiyyətlərin məzarlarını və türbələrini hər zaman abadlaşdıran Fateh Teymur Xoca Əhməd Yəssəvinin türbəsini də abadlaşdırmaq istəyir. Sufi Xoca Əhməd Yəssəvinin mədrəsəsinin uçulan divarını bərpa etdirərkən, daşlar divarda durmur. 3 gündən sonra Əmir Teymurun yuxusuna gələn Əhməd Yəssəvi ona deyir ki, “əvvəlcə mənim mürşidim Arıstan babanın məzarını və məscidini bərpa et”.
Türbənin bayır hissəsində baş tərəfində olan qədim quyunun suyunu da buraya gələnlər müqəddəs sayırlar. Deyirlər ki, dadı bir az duzlu, bir az da acı olan bu suyu içən adamın bütün dərdləri sağalır, gecəni bu türbədə yatan insan əgər xəstə olarsa, sağlamlığına qovuşur.
IX-XIV əsrlərdən İpək yolunun üzərində yerləşən qədim Otrar Oazisindən ayrılıb, daha 60 kilometr yolu etdikdən sonra Əmir Teymurun XIV əsrdə bərpa etdiyi müqəddəs Türküstan şəhərinə çatdıq.
Səhər o başdan nümayəndə heyətimiz Türk dünyasının ən böyük süfi mütəfəkkiri Xoca Əhməd Yəssəvinin mavzoleyinə baş çəkdi. Təqribən 300 kvadratmetirlik sahəni tutan muzeyin ortasında Əmir Teymurun sifarişi ilə hazırlanmış Taykazan yerləşir. 1,5 metrdən artıq hündürülyü, 2,5 metr eni, 2 ton su tutumu olan Taykazanın ustası Abduləziz Şərafətdin olub. Xoca Əhməd Yəssəvinin ruhuna ehtiram olaraq, ziyarətə gələn insanlara bu qazanda şərbət hazırlanıb verirlərmiş. 1932-ci ildə qazanı Leninqrad şəhərindəki (indiki Sankt Peterburq) Ermitaja aparırlar. 1989-cu ildə Nursultan Nazarbayevin xahişi ilə Taykazan mavzoleyə qaytarılır. Deyirlər ki, qazan yerinə gətiriləndən sonra qazaxların ruzi-bərəkəti də artıb. Taykazan indi qazaxların birgəlik, bir ocaq başına yığışmaq kimi ailə dəyərləri simvoludur. Belə deyirlər ki, nə qədər ki, Tay qazanımız bizimlədir, hər işimiz yaxşı gedəcək.
İşdə, əməldə və fikirdə birlik - İsmayıl Qaspralı
Ziyarətimizi başa vurandan sonra, Həzrət Xoca Əhməd Yəssəvinin adına olan beynəlxalq Qazax-Türk universitetində “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu öz işinə başladı. Bu universitetdə təhsil alan 22 min tələbənin 100 nəfərə qədəri Azərbaycandan gedib .
Əhməd Yəssəvi Universitetində təşkil olunan forumda ilk çıxış edən Cənubi Qazaxıstan vilayətinin hakimi Janseyid Tüymebayev oldu. O ötən il Azərbaycanın Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı kimi bu işin öhdəsindən böyük uğurla gəldiyini söylədi. Eyni zamanda tarixi şəxsiyyətlərin yaşadığı, hər qarışı tarix olan Cənubi Qazaxıstanın Türk dünyasına verdiyi töfhələrdən söz açdı. Daha sonra Beynəlxlaq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralını “Cənubi Qazaxıstanın inkişafında göstərdiyi xidmətlərə görə” medalı və “Təşəkkür” məktubu ilə təltif etdi.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali 2017-ci ilin Türküstan şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu, bu münasibətlə Cənubi Qazaxıstan vilayətinin valiliyi ilə birlikdə jurnalistlərin forumunun təşkil edildiyini söylədi. Eyni zamanda, Türk dünyası dövlət başçılarının təşəbbüsü ilə ortaq televiziya və vahid informasiya məkanı yaradılması ilə bağlı tapşırıqlar verildiyini və bu məsələlərin həlli üçün bir araya gəldiyimizi dedi. Bununla bağlı Türk Şurasının müəyyən fəaliyyət proqramını da həyata keçirdiyini bildirdi. Bu prosesin elmi və praktik tərəflərini müzakirə etmək üçün jurnalistləri bir araya gətirməklə işin başlandığığını da qeyd etdi.
Darxan Kıdıralı hələ 150 il əvvəl böyük fikir adamı İsmayıl Qaspıralının "Tərcüman” qəzetini çap etməklə Türk dünyasında "İşdə, əməldə və fikirdə birlik” ideyasının və ortaq informasiya məkanının yaradılmasının əsasını qoyduğunu da qeyd etdi. Və bu forumda Akademyanın prezidenti İsmayıl Qaspralının fikirlərini və ideyalarını öz əməlləri ilə həyata keçirən Türkiyə, Azərbaycan və Qazaxıstandan olan biz dörd jurnalist - Amhet Yeşiltəpə, Kürşad Zorlu, mən və Askar Umarovu Türk Akademiyasının "İsmayıl Qaspıralı adına media mükafatı” ilə təltif etdi.
Belə mötəbər bir mükafatı aldığımızdan sevincimizin həddi- hüdudu yox idi. Qazaxıstanın Cənub vilayətinin yerli və paytaxt KİV nümayəndələri mükafat alan biz dörd jurnalistdən müsahibələr alaraq, uğurumuzu Türk dünyasına paylaşmağa tələsirdilər. Həmin müsahibələrimin birində belə söylədim: “Əslində Türklər ilk informasiyaları daşlara yazmaqla tarix yaratdılar. Onların yazdıqları 30-40 min il əvvəl, daha sonra isə Göy türklərin zamanında yenə də inadla daşlara yazıldı. Bilgə Xaqandan, Tonyukükdən, Kültəgindən qalan məktublar informasiya deyilmi? Əslində elə ilk jurnalistika, Türkün işinin, əməlinin, dilinin bir olması haqqında qanunlar toplusu da o daş kitabələrdə yazılıb. Nə mutlu olarıq ki, o kitabələrdə yazılanları oxuyub, həyata keçirməyə hər birimiz əməlimiz və dilimizlə, könlümüzlə cani-dildən iştirak edək.
Türk dünyasının lideri Nursultan Nazarbayev “Gələcəyə baxış: ictimai təfəkkürdə modernləşmə” məqaləsində V əsrdən başlayaraq XV əsrə kimi Avropanın böyük bir hissəsində türk dilinin dominant millətllərarası danışıq dili olduğunu , Orhon-Yenisey abidələrindəki yazıların zəmanəmizə şahid qaldığını yazır. Qızıl Orda dövlətinin bərəqərar olduğu vaxtlardan dövlətlərarası əlaqələrdə işləninlən sənədlərin də türk dilində yazıldığını qeyd edir.
“Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu da Atatürkün, Məmməd Əmin Rəsulzadənin, Heydər Əliyevin, Nursultan Nazarabayevin dil, dövlət və türk dünyasının birliyi barədəki arzu və istrəkləri həyata keçirmək üçün fikir mübadiləsi aparılmasına ayrılmış bir məkan idi. Və bu arzularımızı Xoca Əhməd Yəssəvinin adına olan təhsil, elm ocağında səsləndirdik.
Forumu gözəl əhval-ruhiyyə ilə başa vurub, yenə hər kəs gəldiyi ocağına, elinə qayıtdı. Geriyə yolumuz isə Nursultan Nazarbayevin sözün əsl mənasında yaradıcılıq əsəri olan Astanadan keçirdi. Buranın insanları El Atasının iradəsi və tövsiyələri ilə 20 il bundan əvvəl bataqlıqlar, soyuq şaxtalar şəhərini bu gün yaşıllıqlar şəhərinə çeviriblər. Şəhərdə işsizlik problemi yoxdur. Təzə tikilən müasir üslubdakı evlər, küçələr, geniş parklar, meydançalar insanın gözünü və ruhunu oxşayır. Həmin evlərdən küçələrə işıq və sevinc seli axır. Bu şəhərdə insanlar sabahlarına və prezident Nursultan Nazarbayevə inanırlar. Bu şəhərdə insanların üzündən və gözündən xöşbəxtlik yağır. Türk dünyasının lideri Nursultan Nazarbayev öz xalqını xoşbəxt etməyi bacaran bir şəxsiyyətdir.