Modern.az

Rəssam Kamal Əhməd - o, da bir xalq əmanətidi

Rəssam Kamal Əhməd - o, da bir xalq əmanətidi

20 May 2017, 16:52

Etibar Cəbrayıloğlu


Azərbaycanın qədim və zəngin incəsənətinə daim ehtiramla yanaşan, böyük sənətkarlarımızın yaradıcılığını təbliğ edən “Xalq Bank” öz ənənəsinə sadiqliyini növbəti dəfə sübut etdi. Bankın reallaşdırdığı və həmişə maraqla qarşılanan “Xalq Əmanəti” layihəsinin 15-ci nəşri ictimaiyyətə, sənətsevərlərə təqdim olundu. “Xalq  Əmanəti”nin növbəti qəhrəmanı tanınmış rəssam, Əməkdar incəsənət xadimi Kamal Əhməd seçilib.

 

Uşaq evinə sığınan istedad və ya Səməd Vurğunun düz çıxan proqnozu

 

İstedadlı rəssam Кamal Əhmədi parlaq işığı ilə zülmət qaranlığı nura qərq edən, hər an partlamağa hazır döyüş mərmisi ilə müqayisə edirlər. Kamal Əhmədin əsərləri sanki hayqırtıdır – bu tablolarda sənətkarın coşqun və həssas, sərt və səmimi, amansız və incə, tərəddüd edən və həmişə də tənha, dayaq axtaran təbiəti hiss olunur.

Kamal Əhməd oğlu Əhmədov 1940-ci il fevralın 28-də Bakıda, özünəməxsus aurası olan İçərişəhərdə anadan olub. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama  köçürlər.  Gələcək rəssamın qayğısız uşaqlıq illəri uzun çəkmir, anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür. Ölümündən əvvəl atası Kamalı ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaqları Bakıya aparıb, müxtəlif uşaq evlərinə verirlər. Bacısı iki yaşında vəfat edir, qardaşını bir müddət sonra nənəsi götürür, Kamal isə on səkkiz yaşınadək Şüvəlanda – uşaq evində qalır. Onu burada çox sevirlər, uşaq evinin direktoru onunla rəsmlə məşğul olur, sərgi və konsertlərə aparır, poeziyaya olan marağını təqdir edir. Uşaq evi kollektivinin böyük şairimiz Səməd Vurğunla görüşündə Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb edir. Səməd Vurğun səkkiz yaşlı Kamalı qucağına alıb, onun böyük gələcəyinin olacağını söyləyir.

Müharibədən sonrakı  ağır illərdə  uşaq evləri analarını, cəbhəçi atalarını itirən müxtəlif yaşlı uşaqlarla dolu idi. Özünə qapanan Kamal o vaxt nələr çəkdiyini heç kimə danışmır, ürəyini açmırdı. Onun həyatda  əsas dayağı incəsənət idi. O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq,  Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur. Kamal nəyin bahasına olursa olsun başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyirdi. Baxmayaraq ki, bu, bəzən çox baha başa gəlirdi: o, yoxsulluq və səfalət içində yaşayır, sənətkar kimi nə şöhrət tapır, nə də ad-san - dünyanın heç bir naz-neməti onu əsl rəssam yolundan dönməyə məcbur edə bilmir.

 


Ustadı Səttar olanın...

 

Böyük fırça ustası Səttar Bəhlulzadə ilə tanışlığı, bu sənətkarın həyat tərzi, fikirləri Kamalı dərindən sarsıdır, gənc rəssamın qarşısında tamamilə yeni üfüqlər açılır.

Kamal da Səttar Bəhlulzadə kimi Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirlərdən sitatlar gətirir və hədəfi üfüq xətti kimi xəyali və əlçatmaz həqiqəti tapmaq olan əsl dərvişə çevrilir.

Gənc Kamal Azərbaycan avanqardının banisi  Cavad Mircavadovu da özünə müəllim sayırdı. Gələcəyin istedadlı rəssamı öz yolunun axtarışlarında bu iki sənətkarın təsviri metodlarını dərk etməyə çalışırdı.

Əgər Səttar ona Azərbaycanın poeziya, fəlsəfə və muğam dünyasını, abstrakt və ideal aləmi açmışdısa, Mircavad  Kamala əsl Abşeronu bəxş etdi. Mircavad hesab edirdi ki, rəngkarlığı yalnız Abşeronda öyrənmək lazımdır. Digər abşeronlu rəssamlar kimi Kamal üçün də, Abşeron torpağı və sakinləri əsas ilham mənbəyi idi. Amma Kamalın Abşeronu bir qayda olaraq lakonik, müxtəsər və sərtdir. Kamal uzun müddət Abşeronun Görədil kəndində yaşayıb və yaradıb. Yerli sakinlər ona yarıuçuq evdə yaşamağa icazə verirlər, evin qapısını köhnə də olsa parlaq boyalarını saxlamış kilim əvəz edir, elektrik cərəyanı olmadığından  Kamal gecələr öz balaca otağında ağ neft lampası yandırmalı olurdu. Kamala da həmin nəslin əksər rəssamları kimi, Abşerondakı unikal qoruq olan Qobustan güclü təsir edir. Qobustanın yellərin əsdiyi, yağışların döyəclədiyi qədim əhəngdaşı qayaları öz cizgiləri ilə heyvan və fantastik divləri xatırladır, onların üzərində insan və heyvan təsvirləri –vəhşi öküz, ceyran, maral, keçi, donuz, at, aslan, ilan və balıqları əks etdirən çoxfiqurlu kompozisiyalar cızılıb. Bu kompozisiyalar ibtidai insanların təbiət aləmi ilə ünsiyyət üsulu idi.

 

Bütün aləm elə bil bu lövhəyə baxırdı...

 

Bu dünyanda çox ağrı-acılar görən Kamal Əhmədin həyatında 1980-ci ildə mühüm hadisə baş verir, sanki bir ümid oyanır. Rəssam ailə qurur, qızı dünyaya gəlir.  Həmin illərdə o, həyat yoldaşını təsvir edir, ailə səadətini təcəssüm etdirən tablolar yaradırdı. İstedadlı rəssamın yaradıcılığını təhlil edən sənətşünaslar Kamal Əhmədi qadın gözəlliyini qiymətləndirən lirik şəxsiyyət sayırlar. Kamal Əhmədin “Ailə” tablosu onun şah əsərlərindən biri hesab olunur.  Bir tərəfdən əsərin dürüstlüyü, digər tərəfdən rəssamın fantaziyası heyrət doğurur. Məxməri gecə əsərin qəhrəmanlarını ağuşuna alıb, sənətkar onları dəniz sahilində, masa arxasında çay dəsgahı zamanı təsvir edib. Gur işıq mülayim ləpədöyəni və qızılı qum zolağını gecə zülmətindən qurtarmağa çalışır, o, həm də tamaşaçıya üz tutan, öz düşüncələrinə dalan, uzun-uzadı söhbət edən personajları işıqlandırır. Ön plandakı armudu çay stəkanlarının düzüldüyü əyriayaq masanı işıqlandıran bu mülayim sarı işıq rəssamın gözlərində yer alan qüssəni yumşaltsa da, qadının narahat baxışında qığılcım kimi sayrışır – ərinin üzündəki zahiri dinclik onu aldada bilmir. Taleyin zərbəsinin labüdlüyü qısa dinclik və xoşbəxtlik anına kolgə salır, qadını qorxu buxovlayır, o qızını möhkəm qucaqlayaraq iztirablardan qorumağa çalışır. Kamal isə hələ də tənhadır, onun palitrasından rənglər süzülür, boyakarlıq ona günəşi də, ayı da əvəz edir.

 

Əlləri öpülən Qran-prili rəssam və ya ünvanına çatan arzular

 

Kamal Əhmədin ağır xasiyyəti haqqında az qala əfsanələr dolaşır. Ondan qorxurdular, heç kəs onun yanında özünü rəssam adlandırmağa cəsarət etmir, o eynəyini taxıb bu və ya digər əsəri diqqətlə nəzərdən keçirəndə onun sükutunu ən dəyərli tərif sayırdılar. Onda həmişə şübhə və özündən narazılıq hissi yaşayırdı. Bəlkə bu səbəbdən o, aqressiv idi, lakin onun qəzəbi çox vaxt özünə tuşlanırdı.

Ötən əsrin 80-ci illərinin sonunda bütün SSRİ-də baş verən proseslər sənət aləmində də bir dəyişiklik yaradır, yeni nəfəs duyulur. 1987-ci ilin aprelində Bakıda Kamal Əhmədin ilk sərgisi keçirilir. Həmin sərgidən sonra o, tez bir zamanda şöhrət zirvəsinə yüksəlir. 1988-ci ildə Moskvada Ümumittifaq sərginin diplomuna, 1989-cu ildə Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində Qran-pri mükafatına layiq görülür. 1993-cü ildə rəssam Bakıda Novruz bayramına həsr olunmuş sərgidə Birinci mükafatın laureatı olur. 1980-ci illərin sonundan başlayaraq Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, azərbaycanlı rəssamın  fırçasından çıxan gözəl işlər muzey və şəxsi kolleksiyaları bəzəyir.

Kamal Əhməd həmişə tanınmağı arzulayırdı, ötüb-keçən uzun illər, məhrumiyyətlər, bəzi müasirlərinin laqeydliyi onu üzmür. Sonda rəssam bütün çətinlikləri və sədləri aşaraq qələbə qazanır. 1989-cu ildə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirakı Kamalın yaradıcılıq bioqrafiyasında əlamətdar hadisə oldu. Sənətkarı oraya 1988-ci ildə Moskvada Ümumittifaq sərgidə onun əsərlərinə heyran qalmış italiyalı kuratorlar dəvət etmişdilər. Bu, SSRİ Rəssamlar İttifaqı ilə Vareze şəhərinin Villa Mirabello (Musei Civici di Villa Mirabello) bələdiyyə muzeyi arasında sərgi mübadiləsi ilə bağlı uzunmüddətli müştərək layihə idi. Muzeydə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Xaricə getməkdən məhrum olan, ölkəsində heç bir fəxri ad almayan dissident onun sitayiş etdiyi dahi rəssamların vətəni olan ölkəni görmək imkanı qazanır.  Bir çox bürokratik maneə və bədxahların fitnə-fəsadlarından yaxa qurtaran sənətkar bu sərgiyə düşür, tale ona şöhrətin, ehtiramın, heyranlığın şirinliyini yaşamaq kimi misilsiz hədiyyə bağışlayır. Onun əsərləri böyük əks-səda doğurur, şəhər meri sərginin açılışında Kamal Əhməd haqqında şövqlə danışır, azərbaycanlı rəssamı  müasir incəsənət tarixində yeni şəxsiyyət adlandırır, onun əllərindən öpməkdən belə çəkinmir.

Kamal Əhməd 1994-cü ildə vəfat edir. "Avtoportret. Çarmıxa çəkilmə" Kamalın tamamlaya bilmədiyi sonuncu əsəri oldu – o özünü  başında  tikanlı çələngi olan İsa obrazında  təsvir  edir. Bu, rəssamın  güzgüdə  öz əksini  çəkdiyi adi avtoportret deyil. O, özünə təkcə kənardan baxmır, sanki həm də onun ölməz ruhu başqa  aləmdən işgəncə verilmiş cismini, onun son iztirablarını seyr edir. Ruha əyandır ki, bütün yerüstü həyatını incəsənətə həsr edənə ölüm yoxdur...

 

Kamal Əhmədin işığında deyilən sözlər...

 

Görkəmli Azərbaycan rəssamı Kamal Əhmədə həsr edilən “Xalq Əmanəti”-nin növbəti, sayca 15-ci layihəsinin təqdimatı  “Xalq” Bankın Baş Ofisində keçirildi. Dilarə Səlimin aparıcılığı ilə reallaşan bu maraqlı tədbirdə “Xalq” Bankın rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kamal Əhmədlə bağlı xatirələrini bölüşərək bildirdi ki, istedadlı fırça ustası daim sənət barədə düşünür, yaratmaq eşqi ilə yaşayırdı. Fərhad Xəlilovun sözlərinə görə, Kamal Əhməd  Azərbaycan incəsənətinə böyük töhfələr verən sənətkarlarımızdan olub. Rəssamlar İttifaqının sədri “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirdi, böyük sənətkarlarımızın, o cümlədən Kamal Əhmədin yaradıcılığına bəslədiyi ehtirama görə “Xalq” Bankın rəhbərliyinə minnətdarlığını bildirdi.

Tanınmış yazıçı-publisist Azər Abdulla çıxışnda qeyd etdi ki, Kamal Əhməd barəsində mətbuatda ilk yazını yazmaq məhz ona qismət olub: “Sovet dövründə dissident rəssamlar var idi. Lakin onlar haqqında yalnız çalışdığım  “Qobustan” jurnalı material dərc edirdi. 1974-cü ildə mən Kamal Əhmədlə görüşüb söhbətləşdim və onun haqqındakı yazım “Qobustan”da işıq üzü gördü. Kamal Əhməd istedadlı və qeyri-adi rəssam idi. Təəssüf ki, o, bu gün aramızda yoxdu, həyatı və zəngin yaradıcılığı haqqında hazırlanan belə bir maraqlı layihənin təqdimatında bizimlə birgə iştirak etmir. “Xalq” Bank belə bir layihəyə görə də həmişə yaşayacaq”.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı də bu layihə çərçivəsində işıq üzü görüb və maraqla qarşılanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi