Modern.az

Könlü balıq istəyənin... - Bakı bulvarındakı balıqçılar narazılıq etdilər - REPORTAJ - FOTOLAR  

Könlü balıq istəyənin... - Bakı bulvarındakı balıqçılar narazılıq etdilər - REPORTAJ - FOTOLAR  

22 May 2017, 16:48

Balıqçılıq həmişə maraqlı məşğuliyyət növü sayılıb. Bəziləri balıq tutmağa gəlir əldə etmək, bəziləri isə istirahət məqsədilə baxır. Balıq tutmaq əyləncəli bir məşğuliyyətdir. Ancaq əyləncəli olmaqla yanaşı, bir o qədər də səbir tələb edir.  Balıq tutmağın faydaları sadalamaqla bitməz.  Bu məşğuliyyət stressi azaldır, bədəni sağlamlaşdırır, insanı sakitləşdirir vəs...



Modern.az
-ın əməkdaşları balıqçıların məşğuliyyətini izləmək üçün Bakı Bulvarında onlar üçün ayrılan məkanda olub, müşahidələr aparmaqla maraqlı anlara şahidlik ediblər. Eyni zamanda, bir neçə balıqçı əməkdaşlarımızın həmsöhbəti olub.

 

 

Əvvəllər bağbanlıqla, ticarətlə, taksi sürücülüyü ilə məşğul olduğunu, indi isə işsiz qaldığını deyən Cəbrayıl kişi 40 ildir həvəskar balıqçılıqla məşğuldur:

 


                                                                                     

“40 ildir balıq tutmaqla məşğul oluram. Balıq tutmaqla gəlir əldə etmirəm, ləzzət aldığım üçün bu işlə məşğul oluram. Boş-boş işlərlə məşğul olmaqdansa, balıq tutmağa gəlirəm. Balıq tutmaqla istirahət edirəm, əsəblərimi sakitləşdirirəm. Daha çox kütüm, kefal, bobla, şamayka, sazan və başqa balıqlar tutmuşam. Həftədə 2-3 dəfə balıq tutmağa gəlirəm”.

Cəbrayıl kişi deyir ki, əvvəllər tilovuna tez-tez balıq düşürdüsə, son vaxtlar ovdan əliboş qayıdır.

“Mart ayında balıqlar kürü buraxan vaxt Xəzərə tökülən çayların qarşısı torlarla kəsilir, bu da balıqların inkişafına mənfi təsir edir. Bunlara dövlət nəzarət etməlidir. Qanunsuz balıq ovu ilə məşğul olanların qarşısı alınmalıdır ki, balıqlar çoxalsın. Bulvarda ancaq burada balıq tutmağa icazə verirlər, bundan çox narazıyıq. Dünyanın bir çox ölkəsində, elə götürək qardaş Türkiyəni, İstanbul boğazının hər bir yerində balıq tutmağa icazə verirlər. Bizdə başqa bir yerdə balıq tutmaq istəyəndə mühafizə başımızın üstünü alır. Bunun səbəbi nədir? Biz balıq tutmaqla kiminsə istirahətini pozmuruq, əksinə, hamı bizi maraqla izləyir. Ölkəyə gələn turistlər də bura gəlir, bizimlə birlikdə balıq tutmağa çalışırlar. Balıq tutmaqla stress atırıq, bu, əsəbləri sakitləşdirməyin ən səmərəli yoludur”.

 

Qorxmaz adlı digər balıqçı həmsöhbətimiz həftədə bir dəfə balıq ovuna gəldiyini deyir.

“Mən həvəskar balıqçıyam. Həftədə bir dəfə gəlib burada həm istirahət edirəm, həm də balıq tuturam. Elə günlər olur tilovuma bir dənə də balıq düşmür, amma elə günlər də olur çox balıq tuturam. Həvəskar olduğum üçün dənizdə balıq tutmağın sirlərini çox da bilmirəm. Bura gələndə demək olar ki, depressiya yarı-yarıya azalır. Əsəbləri müalicə etmək üçün balıq tutmaq ən gözəl məşğuliyyətdir. Balıq tutmaq üçün səbirli olmaq lazımdır. Əsasən yay aylarında balıq çox olur. Bizimlə birlikdə əcnəbilər də bura balıq tutmağa gəlir”.


Müsahibimiz deyir ki, uzaqdan gələn balıqlar daha təmiz olur.

“Bəzən tutulan balıqlardan neft qoxusu gəlir. Bəzən isə tilovumuza qoxusuz, təmiz balıqlar düşür”

 

 

Bu sahənin peşəkarı olan Məlik dayı isə balıq tutmaqla bağlı təcrübəsini bölüşərək, dedi ki, ova gələnlər küləyin istiqamətini nəzərə almalıdırlar:

 

“Balıq əsasən şimal və cənub küləyi istiqamətində olur. Qərb və Şərq küləklərində balıq tutmaq müşkül məsələyə çevrilir. Balıq tutmaq üçün yemlərin də düzgün seçilməsi lazımdı. Hazırda may ayı olduğu üçün çörəkdən istifadə edirik. Çörəkdən daha çox kütüm tutmaq üçün istifadə edirik, kefal tutmaq üçün isə dənizqurdu lazımdır. Balıq daha çox səhər saatlarında və günortadan sonra qarmağa gəlir. Ara saatlarında bir o qədər balıq olmur. Balığın gəldiyi istiqamətdə durmasan, axına düşə bilməsən, balıq tuta bilməzsən. Son bir neçə ildir ki, dənizin ekoloji cəhətdən təmiz olduğu görsənir. Cavanlığımdan balıqçılıqla məşğulam. İş olmayan vaxtlar gəlib balıq tutaraq, istirahət edirik. Tutduğum balıqları satmıram”.

Müsahibimizin sözlərinə görə, dəfələrlə şahidi olub ki, Bakıya İtaliya, Cənubi Koreya, İran və ərəb ölkələrindən gəlmiş turstlər də arada balıq tutmaq üçün Xəzər sahilinə baş çəkirlər.

“Bakıda restoranların birində aşpaz işləyən italiyalı var, o tez-tez gəlib burada balıq tutur, bizimlə həmsöhbət olur. Bura gələn Cənubi koreyalı ər-arvad isə balıq tutmaqda peşəkardılar. Onlar çox az hallarda əliboş gedirlər”.

 

Balıqçılıq üçün Xəzər sahilində yer azlığından şikayətlənən Məlik dayı həftəsonları adam çox olduğundan narahatçılıq yarandığını deyir.


“Bulvarda balıq tutmaq üçün ancaq bu ərazidə icazə verirlər. Əvvəllər Dəniz Vağzalının yanında da yer var idi, orada kanalizasiya xətləri olduğu üçün balıq tutmağa qoymadılar. Bulvar yenilənəndən sonra balıqçılar üçün burada yer yaratdılar. Bura da bizim üçün kifayət etmir, balıqçı çox, yer isə az. Dənizkənarı Bulvar İdarəsindən balıq tutmaq üçün əlavə yer ayrılacağı ilə bağlı vəd veriblər. Olsa, çox yaxşı”.

 

14 yaşından balıqçılıqla məşğul olan Fuad kişi dedi ki,  yaxşı balıq tutmaq istəyənlər buradakı peşəkarların təcrübəsindən yararlanmalıdır.


 

 

“Balıqçılıqla gəlir də əldə etmək olur, mən həvəskar olduğum üçün gəlir əldə etmirəm. Həftəsonları, işin olmadığı vaxtlarda dincəlmək üçün bura üz tuturam. Burada həm sakitləşirəm, həm də balıq tuturam. Qış aylarında dənizdə balıq tutmaq olmur, yay aylarında balıq çox olur. Tilovla balıq tutmağa heç bir qadağa qoyulmur. Dənizdə əsasən ziyad balığı, şamayka və başqa balıqları ovlamaq mümkündür. Bəzən xərçəng və digər canlılar da qarmağa düşür. Balığa gələndən sonra özümü çox gümrah hiss edirəm, əsəblərim sakitləşir, yorğunluğum çıxır. İşdən çıxandan sonra çox yoruluram, gəlib burada bir saat olanda, o yorğunluqdan əsər-əlamət qalmır.  Balıqçılıq mövsümü başlayandan çalışıram ki, hər gün işdən çıxanda bura gəlim”.

 

Qafar AĞAYEV
FOTO: Nəcəf RUSLANOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi