Modern.az

Bədbəxt taleli Azərbaycan filmləri - VII Yazı

Bədbəxt taleli Azərbaycan filmləri - VII Yazı

22 May 2017, 17:52

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur. 

Çünki haqqında danışacağımız “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.

 

Yarasa”- filmin çəkilişlərinə çox ağır şəraitdə, böhranlı vaxtlarda başlanıldı-1992-ci ildə. Böyük çətinliklə filmə sponsor tapan rejissor Ayaz Salayev tam fərqli bir iş ortaya qoymaq fikrində idi. Hər zaman kino barəsində nəzəri mülahizələr irəli sürən Ayaz Salayev bu fikirlərini konkret film üzərində ifadə etmək və orijinal bir xətt yaratmaq istəyirdi. Film dünya kinosunun 100 illiyi münasibətilə 1995-ci ildə Parisdə nümayiş olunmaq üçün çəkildi.

Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü

Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.

"Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Onun kor olması kinoya səsin gəlməsi ilə əlaqədardır. Kinoya səs gəlir...

“Yarasa” gözlənilən nəticəni verdi. Bir çox festivallarda “Qran Pri” və əsas mükafatı aldı. Avropa qəzetlətindən biri Ayaz Salayevi yeni üslubun banisi hesab etdi. Amma….

Vətəndə isə filmə münasibət çox yanlış oldu. “Ulduz”, “Görüş” kimi banal filmlərə öyrəşən tamaşaçı “Yarasa”nı qəbul etmədi. Filmin televiziyada nümayiş olunmasından söhbət belə gedə bilməz. Adicə “youtube” da 22 yaşlı “Yarasa” filminin heç 2000 dəfə izlənmədiyinin şahidi oluruq. Bütün bunlar rejissoru üzdü. Hər zaman efirdə, universitetdə aktivliyi ilə seçilən Ayaz Salayev o zamandan bu yana ikinci bir filmi çəkmədi. “Yarasa”  onun hələlik, ilk və sonuncu işidir.

 

Özgə ömür”- Rejissor Rasim Ocaqovun filmləri arasında tamaşaçılara ən az tanış olan filmdi. Uzun illərdi ki, heç televiziya ekranlarında da göstərilmir. Üst-üstə isə barmaq hesabı qədər nümayiş etdirilib. “Özgə ömür” Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun yeni ortaq işi kimi  böyük həsəvlə çəkildi. Lakin “Ölsəm, bağışla”, “Park” kimi filmlər qədər məşhurlaşa bilmədi. Baxmayaraq ki, filmə Aleksandr Kalyagin başda olmaqla, bir sıra məşhur SSRİ aktyorları da dəvət edilmişdi. Rüstəm İbrahimbəyov universitetdə oxuduğu zaman şahidi olduğu hadisəni ssenariyə köçürmüşdü. Böyük gözləntilərlə filmə dəvət olunan Kalyagin də etimadı doğrulda bilmədi. Universitetdə rüşvət və qeyri-adi məhəbbət macərasından bəhs edən filmin niyə passiv qalması sonradan çəkilişdəki aktyorları-Fəxrəddin Manafov, Hacı İsmayılov, Hamlet Xanızadə, Nuriyyə Əhmədova – bir çoxlarını düşündürdü. Filmin uğursuzluğunu təsvir etmək üçün bir faktı demək kifayətdir: sonradan heç kim filmi yox, filmlə bağlı maraqlı hadisəni yada saldı.

Həmin hadisə bu cür olmuşdu: Son epizodların çəkimi teatrların birində aparılırdı. Kalyaginin canlandırdığı Fariz Rzayev obrazı ölür və onunla vidalaşma səhnəsinin çəkimi gedir. Vida zamanı Farizin üzü açıq olur. Aktyor Kalyaginin fotolarının birini böyüdüb, çərçivəsinə qara lent bağlayırlar. Bu zaman Rusiyadan gələn və çəkilişdəmn xəbərsiz olan, təsadüfən teatra yolu düşən iki aktrisa əvvəlcə qara lentil şəkli, sonra isə tabuta uzanmış Kalyagini görürlər. Artıq aktyorun ölümünə inanan rus aktrisalar çox pis olurlar. Birinin hətta ürəyi də gedir.

Filmin kino tarixinə hədiyyə etdiyi elə bircə bu maraqlı hadisə oldu.

 

“Var olun qızlar”- Bu filmin uğursuzluğunun isə maraqlı səbəbi var. 1972-ci ildə çəkilən film ekranlara çıxdıqdan sonra əsl qalmaqal yaradır. Qalmaqalın səbəbi isə plagiatlıq suçlamaları oldu. Belə ki, Alla Axundova və Hüseyn Seyidzadənin yazdığı ssenari ilə bağlı yazıçı Novruz Gəncəli məhkəməyə müraciət edir və onun bir zamanlar yazdığı “Tofiq” adlı ssenarisini oğurlamaqda günahlandırır. Bu fakt filmin imicinə böyük zərbə vurur. Hüseyn Seyidzadə məhkəmə prosesinə qatılmır və böyük bir ərizə ilə müraciət edir. Ərizədə ssenarinin Novruz Gəncəliyə deyil, ona məxsus olmasını faktlarla sadalayır. Bildirir ki, bir zamanlar hər ikisi eyni sseanrini yazıb birləşdirməli və film üçün rejissora təqdim etməli idilər. Lakin sonradan nə olursa bu ortaqlıq baş tutmur. Aradan 10 il keçəndən sonra Hüseyn Seyidzadə ssenarini Alla Axundovaya təqdim edir. Onlar ikisi birlikdə bəzi düzəlişlərdən sonra ssenarini təhvil verirlər.

O zamandan bu günə film demək olar ki, şikəst qaldı. Çünki tənələrdən xilas üçün bəzi dəyişikliklərə atdılar. Bu isə filmin nüfuzuna ikinci zərbəni vurdu.

Qeyd: Modern.az mövzunu davam etdirəcək.


Elmin Nuri

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir