Modern.az

İki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı RƏSMİ MƏLUMAT

İki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı RƏSMİ MƏLUMAT

Aktual

22 May 2017, 20:30

Paytaxtda iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı rəsmi məlumat yayılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub. 2 nəfər isə təhlükəsiz əraziyə təxliyə edilib.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev APA-ya bildirib ki, yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub: "İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib. Dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib".

FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: "Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır