Modern.az

"Oğru dünyası" niyə sevilir?

"Oğru dünyası" niyə sevilir?

27 Aprel 2011, 20:19

Bu yaxınlarda Əfqanıstanda yaşayan özbək türkü Fazil Əhmət Burgetin “Türküstan”a müsahibəsində bir məqam diqqətimi çəkmişdi. O, deyirdi ki, Əfqanıstanda insanlar bəzən öz problemlərinin həlli üçün dövlətə deyil, Talibana müraciət edir.

Bəli, dünyanın, yaxud Qərbin terror təşkilatı kimi tanıdığı Talibana. Demək ki, dövlətin aciz qaldığı, dövlətin hüquq və ədalətinin işləmədiyi yerdən qeyri-dövlətin gücü doğur, işləyir, qəbul edilir. Əfqanıstanda insanlar çətinə düşəndə ABŞ-ın təyin etdiyi Kərzayi hökumətinə deyil, terror təşkilatına, terrorçulara sığınırlar (onlara hüquqi dillə cinayətkar da demək olar).

Nədən bu xatırlatmanı etdim? Azərbaycanda da "qeyri-dövlət"ə - "qaçaqlar"a, "cinayətkar" və ya "oğru" aləminin tanınmış nümayəndələrinə hər zaman maraq və bəzi hallarda rəğbət olub. Keçmişdə qaçaqlar haqda xalq arasında dolaşan rəvayətlər, çağdaş tariximizdə, sovet dövründə "avtoritetlər"in, "lotular"ın, "qızılbarmaqlar"ın haqqında danışılıb. Elə müstəqillik dövrümüzdə "cinayətkar aləm"in tanınmış simaları haqda nə qədər filmlər çəkilib, kitablar çıxıb, mətbuatda serial yazılar gedib. Və bu əsərlər cəmiyyətdə böyük ilgi qazanıb.

Bir məqamı da vurğulayım ki, keçmişdən günümüzə qədər haqqı tapdananlar bir sıra hallarda dövlətin deyil, yuxarıda sadaladığım güclərin üstünə qaçıblar ("Atları yəhərləyin" filmində Qaçaq Nəbinin üstünə şikayətə gedən İbişi xatırlayın). Elə dövrümüzdə də haqq-hesabının çəkilməsi üçün "avtoritet"lərə pənah aparanlar az deyil. Əfqanıstanda olduğu kimi...

Cəmiyyətimizdə "oğru dünyası"na olan ənənəvi rəğbət son illər daha qabarıq şəkildə görünməkdədir.

Bir-iki il əvvəl məşhur "avtoritet" sabirabadlı Hikmət qətlə yetiriləndə az qala bütün Sabirabad əhli onu son mənzilə yola salmağa getmişdi (O zaman qanunverici orqanın üzvü Pənah Hüseyn də həmçinin). Demək ki, sabirabadlı Hikmət öz el-obası üçün fəxr mənbəyi olub. Yoxsa ki, "cinayət aləmi"nin tanınmış nümayəndəsinə bunca rəğbət hardan idi.

Eyni halla bu yaxınlarda dünyasını dəyişən "Masallı Mamed"in dəfnində də rastlaşdıq. Yenə də böyük izdiham "cinayət aləmi"nin bu məşhur ismini son mənzilə yola saldı.

Bu yaxınlarda ANS-də gedən bir verilişdə isə "Zerkalo Klara" sovet dövlətinə qarşı mübarizə aparmış əsl dissident kimi təqdim olunurdu.

Ümumiyyətlə, "avtoritet"lərə rəğbət bəsləyənlər hər zaman özlərinə bu cümlə ilə haqq qazandırıblar: "Onlar yaşadıqları mühitə etiraz edərək cinayətlərə imza atıblar!" Yəni, bununla onlar əməllərini və onlara olan sevgiləri siyasiləşdiriblər.

Adıçəkilən şəxslərə bu cür diqqət və ehtirama görə heç kimi qınamaq fikrim yoxdur (Ən azı ona görə ki, özümü həmin minlərlə insanın cəmindən ağıllı saya bilmərəm). Ancaq düşündürücü məqam bilirsiniz nədir? Axı, niyə dövlətin cinayətkar saydığı (həm də konkret əməlləri sübut olunmuş) insanlara cəmiyyət belə sayğı duyur? Bəlkə, bu hikmətin arxasında insan düşüncəsində baş vermiş hansısa fenomenal bir dəyişiklik dayanır? Ədalət axtarışını dövlətdə deyil, cinayətdə axtarmaq dəyişikliyi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir