Modern.az

“Ölülərdən ordenləri geri almırlar” - İntihar edən nazirin son yazısı - MARAQLI

“Ölülərdən ordenləri geri almırlar” - İntihar edən nazirin son yazısı - MARAQLI

23 May 2017, 00:33

Mövcud olduğu illərdə ŞŞRİ tarixinə qalmaqallı, səsli-küylü, müəmmalı hadisələr çox yazılıb. Bu olaylardan biri də ŞŞRİ daxili işlər naziri Nikolay Şelokovun intihar hadisəsidir.

 

Modern.az saytı sovetlər dönəmi ilə bağlı növbəti yazını təqdim edir.

 

Keçmiş SSRİ-də Kremldaxili çəkişmələrdə “Milis qiyamı”na cəhd göstərən SSRİ daxili işlər naziri Nikolay Şelokov siyasi məğlubiyyətə uğrayanda son qərarı intihar olub. Yəqin ki, o, sərt xarakterli çekist Yuri Andropovun Baş katib olduğu dövrdə ordu generalı libasında ömrünün son illərini həbsxanalarda keçirməmək üçün bu addımı atıb. 

Nikolay Şelokov uzun illər sovet partiya sistemində çalışıb. Aralarında isti münasibət olan Leonid İliç Brejnev Baş katib postuna keçəndə köhnə dostunu unutmayıb. Brejnev Nikolay Şelokova nazir vəzifəsini təklif edib. O, bu təklifi böyük məmnunniyyətlə qəbul etsə də, həyat yoldaşı Svetlana narazılığını bildirib:

- Bu vəzifədə ya səni öldürəcəklər, ya da sən özün özünü öldürəcəksən - deyib. Ancaq bu narazılıq heç nəyi dəyişməyib.

 

Beləliklə Şelokov 1966-cı ildə SSRİ İctimai Asayişin Mühafizəsi naziri, 1968-ildə isə SSRİ daxili işlər naziri vəzifəsinə təyin olunub. Şelokovun Daxili İşlər Nazirliyinə rəhbərliyi dövrü yeniliklərlə yadda qalıb. O, xüsusilə şəxsi heyətin sosial rifahının daha yaxşı olması üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Nazir kürsüsündə əyləşəndə ziyalılarla yaxın münasibətlər qurub, onların problemlərinin həllində yardımçı olub. Brejnevdən daim dəstək alan Nikolay Şelokov ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəal məmurlardan sayılıb.

 

Nikolay Şelokovun və onun rəhbərlik etdiyi qurumun nəzərəçarpacaq problemi yalnız digər güc strukturu olan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi ilə olub. Xidməti məsələlərdə tez-tez baş-başa gələn iki yüksək çinli məmurların arasında soyuq münasibət hökm sürüb. Bunun səbəblərindən biri də o olub ki, bir çox hallarda Brejnev Dövlət Təhlükəsizlik Komitəsinə aid olan məsələləri Daxili İşlər Nazirliyinə həvalə edib, yaxud da əksinə, daxili işlər orqanlarının səlahiyyətinə aid bəzi tapşırıqlar Dövlət Təhlükəsizlik Komitəsinin icraatına verilib. Xüsusilə ölkədə böyük səs-küyə səbəb olan korrupsiya hadisələri ilə araşdırmalarda güc strukturlarının başçıları bir-birlərinin ayaqlarını tapdalayıblar. 


26 dekabr 1980-ci ildə Dövlət Təhlükəsizlik Komitəsi katibliyinin rəis müavini Vyaçeslav Afanasyevin “Jdanovsk” metrostansiyasında xətt milis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilməsi isə Şelokovla Andropov arasında olan gərginliyi bir az da artırıb. Onu da qeyd edək ki, bu qətl hadisəsi siyasi motiv daşımayıb, sadəcə tamah məqsədilə törədilmiş cinayət olub.

 

Təbii ki, iki məmur arasında yaranmış gərgin münasibət və konfliktdən Brejnevin də xəbəri olub. Ancaq Baş katib bu gərginliyi aradan qaldırmağa cəhd göstərməyib. Çünki iki güc strukturunun rəhbərlərinin soyuq münasibəti Brejnev üçün sərfəli olub. O yaxşı dərk edib ki, yüksək çinli məmurların yaxınlığı, birliyi qruplaşmaya səbəb olar və son nəticədə “taxt-tac” üçün problem yarada bilər.

Bütün reallıqları son detallarına qədər görməyi bacaran Andropov Şelokovu yolunun üstündən götürməyə, onunla açıq mübarizəyə başlamağa tələsməyib. Şelokov isə bu mübarizədə tələskənliyə yol verib.

 

10 sentyabr 1982-ci ildə Şelokovun Brejnevlə dörd saata yaxın məxfi görüşü keçirilib. Həmin vaxt Andropov Mərkəzi Komitənin katibi vəzifəsində çalışıb. Şelokov Brejnevdən Andropovun partiyaya qarşı çıxması ilə bağlı həbsinin “xeyir-dua”sını alıb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Andropovun yaşadığı Kutuzov prospektindəki mənzilini mühasirəyə alıblar. Əməliyyatın keçirilməsi üçün xüsusi plan hazırlanıb, yollar nəzarətə götürülüb. Andropovun ayıqlığı və çekistlərin çevikliyi nəticəsində Şelokovun “Milis qiyamı” 11 nəfərin yaralanması, 1 nəfərin ölümü ilə ustalıqla yatırılıb, milis işçiləri həbs olunub. Münaqişə müstəvisində müvəqqəti sakitlik bərqərar olsa da, Andropov baş verən hadisələri yaddaşına həkk edib.

|

Brejnevin ölümündən sonra hakimiyyətə gələn Andropov bir aydan sonra Şelokovu nazir vəzifəsindən azad edib. 1983-cü ildə Mərkəzi Komitənin üzvlüyündən xaric olunub, ordu generalı hərbi rütbəsi alınıb, 1984-cü ildə Sosialist Əməyi Qəhrəmanı və Böyük Vətən müharibəsi illərindəki təltiflərindən başqa bütün dövlət təltiflərindən məhrum edilib. O vəzifədən sui-istifadədə, korrupsiyada ittiham olunub. Şelokov haqqında qaldırılan cinayət işi 21 cilddən ibarət olub. Bu cinayət işində onun vəzifədən sui-istifadə edərək qanunsuz əldə etdiyi bağ evləri, mənzillər, xaraci aparaturalar öz əksini tapıb. Ümumilikdə Şelokovun dövlətə vurduğu ziyanın məbləği yarım milyon rubldan artıq olub.

 

Məlum olub ki, nazir qayınanasından da səxavətini əsirgəməyib. O, 64 yaşlı qayınanasını daxili işlər orqanlarında xidmətə götürüb, ona mayor rütbəsi verib. Vəfat etdikdən sonra isə nazir qayınanası SSRİ Daxili İşlər Nazirliyinin vəsaiti hesabına dəfn edilib.

 

Şelokovdan dövlət təltifləri olan ordenləri təhvil vermək tələb olunanda cavab verib ki, gəlin özünüz aparın. Qərara gəlinib ki, dekabrın 13-də rəsmi şəxslər opdenləri onun mənzilindən aparacaqlar. Dekabrın 13-nə qədər ayın 10-da sabiq nazir Çernenkoya günahsız olması ilə bağlı məktub yazıb. Ancaq bu da mənasız olub.

 

Nikolay Şelokov dekabrın 13-də general libasını geyinib. Bir fincan kofe, bir neçə qədəh konyak içib. 420 rubl pulu stolun üstünə qoyub və yazıb: “Kommunal xərcləri və xidmətçinin pulunu ödəyərsiniz”. Stolun üstündən onun yazdığı ikinci kağız da tarılıb: “Ölülərdən ordenləri geri almırlar”. 
Bu, sabiq daxili işlər nazirinin sonuncu yazısı olub. Nikolay Şelokov tüfənglə özünü öldürüb.

 

Vaxtilə həyat yoldaşının nazir olmasına narazılıq edən Svetlana Şelokova əri yüksək kürsüdə əyləşəndə çox zəngin həyat tərzi sürüb. Qalina Brejneva ilə rəfiqəlik edən Svetlananın adı qızıl və brilliyant maxinasiyalarında hallanıb. Hadisələrin bu cür cərəyan edəcəyinə, nazir həyat yoldaşının acınacaqlı vəziyyətə düşəcəyinə tab gətirə bilməyən Svetlana Şelokova da bir il əvvəl, 1983-cü ildə intihar edib.

 

İlham Cəmiloğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir