Modern.az

“Qafqazinfo”nun “gözəgörünməz adamı”: “Diplomat olmaq istəyirdim, jurnalist oldum” - MÜSAHİBƏ

“Qafqazinfo”nun “gözəgörünməz adamı”: “Diplomat olmaq istəyirdim, jurnalist oldum” - MÜSAHİBƏ

23 May 2017, 13:11

Elnur Məmmədli: “Ən böyük rəqibimiz elə Modern.az-dır”

Azərbaycan mediasında bir sıra redaktorlar var ki, gördükləri çox işin müqabilində, daim kölgədə qalırlar. Yəni çox iş görürlər, amma az tanınırlar... Baxmayaraq ki, redaksiyada tutduqları posta görə ikinci adam sayılırlar. Onlar öz redaksiyalarının belə deyək ki, cəfakeşləridirlər. Çalışdıqları yerdə əsas iş icraçıları olan belə redaktorlardan biri də “Qafqazinfo.az” saytının baş redaktoru Elnur Məmmədlidir.

Modern.az saytı onunla həmsöhbət olub.

- Elnur bəy, öncə oxucularımıza özünüz haqda məlumat verə bilərsinizmi? 

- 1979-cu ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olmuşam. Elə həmin kənddə orta məktəbi  7-ci sinifə qədər oxudum. Müharibə olduğu üçün bir il Beyləqanda təhsilimi davam etdirdim. Daha sonra yenidən kəndimizə qayıtdıq. Bizim kənddə hərbçilər olduğu üçün  internat məktəbi qonşu kəndə köçmüşdü. 9, 10, 11-ci sinifləri həmin məktəbdə oxudum. Yəni mənim kifayət qədər çox sinif yoldaşlarım olub. Hər adamın 20-30 sinif yoldaşı olduğu halda, mənim 70-ə yaxın sinif yoldaşım var. 1997-ci ildə Ali Diplomatiya Kollecinin beynəlxalq münasibətlər fakültəsinə  daxil oldum və 2001-ci ildə bitirdim. Evliyəm, üç övladım var: iki qız, bir oğlan. Oğlum hələ balacadır, qızlarım məktəbə gedir.

- Həyat yoldaşınız Nigar xanım da media sahəsində çalşır, onunla tanışlığınız necə olub?

- Nigarla “Ekspress” qəzetində tanış olmuşuq. Mən “Ekspress”də işləyəndə əsgərliyə getdim, qayıdanda gördüm ki, redaksiyada Nigar adlı qız da çalışır. “Ekspress” qəzetində tanış olduq, APA-da evləndik, “Qafqazinfo”nu da dünyaya gətirdik...  “Qafqazinfo”nun ilk ülçlüyü elə Nigar, mən və Elbrus olub. Bu işə üçümüz bir yerdə başladıq. “Nizami” metrostansiyasının yanında köhnə, balaca yeri kirayə götürdük və həmin yerdən indiki vaxta qədər gəlib çıxdıq.

- Təhsiliniz beynəlxalq münasibətlər, lakin peşəniz jurnalistika... Maraqlıdır, niyə jurnalistika? Bu sahəni sizə sevdirən səbəb nə olub?

- Əslində hər ikisi də humanitar sahədir və bir-birinə yaxındır. Mən uşaqlıqdan şeir yazırdım, cızma-qaralar edirdim. Lakin artıq neçə ildir, yazmıram.  Həmin vaxtdan elə bədii ədəbiyyata marağım var idi. Həmçinin, universitetdə bizə jurnalistikanı da tədris edirdilər. Məşhur jurnalist Eyvaz Borçalı bu sahəni mənə o qədər sevdirdi ki, özümü sınamaq istədim. Diplomatiya sahəsində təhsil alırdım və ən böyük arzum diplomat olmaq idi. Sadəcə,  tale elə gətirdi ki, jurnalist oldum və 17 ildir bu sahədə çalışıram.
Digər tərəfdən, mənim tələbəlik illərim pis dövrə təsadüf edib. Həm qaçqınlıq-köçkünlük, həm də ailəm cəbhə bölgəsində idi və mənə maddi dəstək ola bilmirdilər. Səhv etmirəmsə, 2-ci kursdan etibarən iş axtarırdım və qəzet satışı ilə məşğul olmağa başladım.  Həmin dövr Azərbaycan yazılı mətbuatının ən parlaq dövrü idi. Hardasa 1998-2000- ci illərə təsadüf edirdi. 30-40 min tirajla çıxan qəzetlər var idi. Qəzet satışı ilə məşğul olduğum üçün hər gün demək olar ki, bütün qəzetləri oxuyurdum. 2000-ci ildə “Ekspress” qəzetinə getdim. Qəzetin redaktoru Qalib İbrahimoğlu mənə çox dəstək oldu. Elə həmin vaxtdan da jurnalistikadayam.


- “Ekspress” qəzetindən sonra fəaliyyətinizi harada davam etdirdiniz?

- Mən “Ekspress” qəzetində siyasət müxbiri işlədim. Sonra 2005-ci ildə APA İnformasiya Agentliyi yeni yaranan vaxt məni dəvət etdilər. Şərtlərin yaxşı olduğunu görüb orada siyasət müxbiri olaraq çalışmağa başladım.  Beş il “Ekspress” qəzetində, beş il də APA-da fəaliyyət göstərdim. 2010-cu ildən etibarən isə “Qafqazinfo”dayam.

- Elbrus Ərudla yollarınız necə birləşdi? Saytı yaratmağa necə qərar verdiniz?

- Elbrus da, mən də parlament müxbiri idik. Mən “Ekspress” qəzetindən,  o da APA İnformasiya Agentliyindən parlamentə gedirdik. Elə orada tanış olmuşduq. Sonra APA-da beş il bir yerdə işlədik. Saytın yaranma qərarının səbəbləri çoxdur. Beş il işlədik və artıq gördük ki, yeni iş görmək lazımdır. Hiss edirdik ki, APA-da bizim sözümüz qurtarıb və əvvəlki həvəslə çalışa bilmirik. Əslində Qafqazinfo yaranmazdan bir neçə ay öncə bununla bağlı kiçik müzakirələr aparmışdıq. Saytın yaranmağına ümid yox idi, amma yenə də arzulayırdıq. İndiki kimi yadımdadır, məzuniyyətə çıxmışdıq. Məzuniyyətimizin axırıncı günü dəniz qırağında idik. Orada APA-nın, jurnalistikanın vəziyyətindən danışdıq. Elə qərara gəldik ki, məzuniyyətdən qayıdan kimi işdən çıxaq və yeni  sayt açaq.  Qayıdan kimi fikrimizi rəhbərliyə bildirdik və normal qarşıladılar.
2010-cu il avqustun 16-dan rəsmi fəaliyyətə başladıq. Sayta “Qafqazinfo”nun ilk xəbərini yerləşdirdik. Elə ilk xəbərimizdən də biz gündəmdəyik.

- Saytı yaradan zaman hansı çətinliklərlə qarşılaşdınız?

- Maddi çətinliklərimiz həddindən artıq çox idi. İki il müddətində həm ailədə, həm də işdə müəyyən problemlər oldu. Bir neçə işçimiz bizimlə davam edə bilmədi. Sayımız çox az idi.  Amma yolumuzu dəyişmək fikrimiz yox idi. O vaxt fəaliyyətimizə çox radikal başlamışdıq. Bizimlə işləmək istəyənlər bu riski götürmürdülər. Ancaq sonradan hər şey yaxşı oldu.

- Demisiniz ki, “Qafqazinfo” digərlərindən fərqli olaraq, parlaq imzalara deyil, gənclərə, yeni başlayan tələbələrə üstünlük verir. Bunun səbəbi nədir? Ümumiyyətlə, gənclərlə çalışmaq sizə çətinlik yaratmırdı ki?

- Mən həmişə onu deyirəm ki, bizim elə uğur qazanmağımızın iki səbəbi varsa,biri yeni nəfəslərlə, mediaya yeni gələn gənclərlə işləməyimiz idi. Azərbaycan oxucusu azdır. Bu oxucular köhnə imzaların yazısını oxuyanda, elə başlıqdan sonun necə olacağını təxmin edə bilirlər. Həmin qələmlər o qədər oxunub ki, nəticə əvvəlcədən bəlli olur və oxucular da  yorulur. Mən də, Elbrus da bu düşüncədəyik ki, yeni nəfəs gələndə  özü ilə yeni ideyalar, yeni baxış gətirir. Mən heç vaxt bizə gələn gənclərə müsahibə və ya hadisə yerinə gedəndə filan sualları yaz get demirəm, istiqamət vermirəm. Xəbəri və ya müsahibəsi mənim dəst-xəttimə bənzəməsin deyə bunu edirəm.  Gənclərin öz üslubu olmalıdır. Bu da öz effektini verir və qəbul olunur.

- Sizin dövrün jurnalistikası ilə indiki jurnalistika arasında hansı fərqlər var? Jurnalistikamız müsbətə doğru dəyişir, yoxsa geriyə gedirik?

- Peşəkarlıq və aktivlik baxımından danışsaq, mən fikirləşirəm ki, jurnalistika irəli gedib. Bəlkə də indi xəbərləri əldə etmək asanlaşıb deyə, mənə belə gəlir. Əvvəl xəbəri əldə etmək üçün çox əziyyət çəkirdik. İndi hər hansı xəbəri əldə etmək üçün üç-beş dəqiqə kifayət edir. Düşünürəm ki, jurnalistika sahəsində xüsusilə də gənclərin hesabına çox irəliləyiş var. Çünki mən hələ də on il əvvəlki cümlələrimlə yazıram.


- Yaşlı jurnalistikanın nümayəndələri “Jurnalist yerində durmaz, ora-bura qaçar” deyirlər... İndi isə ofis jurnalistikası formalaşıb.  Buna münasibətiniz necədir?

- Jurnalistin ofisdən kənara çıxması üçün  hadisə lazımdır. Hadisə olmayandan sonra jurnalist küçəyə yalnız reportaj və ya müsahibə üçün çıxa bilər. Ölkədə hadisə o qədər çox olmur. Digər tərəfdən, ofis jurnalistikası təkcə Azərbaycanda deyil. Bu gün dünyanın hər yerində jurnalistlər məşhur adamların sosial şəbəkə paylaşımlarını  izləyir və bundan xəbər yaradıb geniş auditoriyaya təqdim edirlər. Bu baxımdan mən qəti şəkildə pis baxmıram. Daha çox yaşlılar bizi tənqid edir ki, otururlar kompüterin qabağında, istənilən statusu xəbər edirlər. Vaxt var idi, Azərbaycanda statusları xəbər edənlərdən biri də “Qafqazinfo” idi.  Yaşlıların fikrincə, məsələn,  siyasətçilərin, müğənnilərin öz profillərində paylaşdıqları şəxsi fikirləri və ya şəkilləri xəbər kimi təqdim etmək düzgün deyil. Lakin indi bizi tənqid edənlər də, etməyənlər də o işlə məşğuldur. Bütün dünyada xəbərlər sosial şəbəkə üzərindən alınır və bu normaldır.

- Sayta xəbər yerləşdirilir və müəyyən müddətdən sonra haralardansa zəng edirlər ki, filan xəbəri çıxarın. Sizcə hansı hallarda xəbər saytdan çıxarıla bilər? Yaxud  yerləşdirilən xəbəri çıxarmaq düzgündürmü?

- Sayta yerləşdirilən xəbər çıxarılmamalıdır. Maraqlıdır ki, indi mediaya hansısa xəbəri vermək və ya tərifləmək üçün deyil, xəbəri çıxarmaq üçün daha çox müraciət olunur. Hər gün bizə belə müraciətlər daxil olur. Biz əksər hallarda çıxarmırıq. Hansı halda çıxarırıq deyim. Məsələn, o gün bir xəbər çıxardıq. ANS TV-nin “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyeva ilə bağlı xəbər idi.  Ailə mövzusunda bir problemini işıqlandırmışdıq. Düzdür, öz xəbərimiz deyildi, başqa bir saytdan götürüb yerləşdirmişdik. İrəm xanım Mətbuat Şurasına müraciət etmişdi və Şura bununla bağlı iclas çağırıb, xəbərin çıxarılmasına qərar vermişdi. Səbəb olaraq da şəxsi həyatın toxunulmazlığını qeyd etmişdilər. Əslində tanınmış adamların şəxsi həyatı olmur. İstənilən halda elə bir qərar qəbul edilmişdi. Bütün saytlar xəbəri çıxardı, lakin bizdə qaldı. Biz saytlar xəbəri çıxarandan sonra haradasa, on gün müddətində onu saytımızda saxladıq. Həmin xanım bizə dəfələrlə müraciət etdi. Sonda Mətbuat Şurası müraciət etdi ki, bunu çıxarmağa ehtiyac var. Fikirlərini əsaslandırdılar, biz də istəməsək də, çıxarmalı olduq.
Xəbər o halda çıxarıla bilər ki, yalan, qərəzli olsun. Onu təqdim edən jurnalistin şəxsi mənafeyinə xidmət etsin. Amma normal xəbər verilibsə və bu xəbər obyektin imicinə zərbə vursa belə, onu çıxarmağın tərəfdarı deyiləm. Ümumiyyətlə, düşünürəm ki, saytlarda “delete” düyməsi ləğv edilsə, gözəl olar.

- Hazırda “Qafqazinfo” kifayət qədər oxucusu olan saytdır. Sizcə rəqibləriniz kimlərdir?

- Təbii ki, ad çəkməyəcəm. Amma media ilə məşğul olan A-dan Z-yə bütün hər kəs rəqib hesab edilməlidir. Özünü hamıdan üstün sayırsansa, heç kimi rəqib görmürsənsə, heç vaxt uğur qazana bilməzsən. Ona görə də ən böyük rəqibimiz elə Modern.az-dır (gülür).

- Elnur bəy, sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz” qalmaq yaxşıdır?

- Hansısa bir məşhur deyir ki, gözə çarpmadan yaşa. Bu prinsip mənim üçün qəbul ediləndir və hələki həyatımda tətbiq edirəm. Heç narazı da deyiləm. İşindən həvəs alırsansa, sənin görünüb-görünməməyin o qədər önəmli  deyil. Bu mənim üçün də belədir.

- Adətən indiki gənclərin jurnalistikanı seçmə səbəbi müəyyən qədər məşhurluq qazanmaqdır. Necə düşünürsünüz, jurnalistika məşhur olmaq üçün bir vasitədirmi?

-Ola bilər. İstənilən sahədə məşhur olmaq mümkündür. Jurnalistika da bunlardan biridir. Müğənnilik kimi jurnalistikada  da tanınmaq daha asandır.  Bir şəxs adətən görünüşü, paylaşımı ilə şəxs olaraq tanına bilər, amma jurnalist kimi tanınmaq üçün yalnız özəl xəbər lazımdır.

-Artıq uzun müddətdir ki, gənclərlə işləyirsiniz. Maraqlıdır, gənc jurnalistlərlə bağlı nə düşünürsünüz? Onlarda hansı problemləri müşahidə etmisiniz?

- Gənc deyəndə mənim 38 yaşım var, amma özümü 20 yaşındakı gənc kimi hiss edirəm. Səbəbini də izah edim. Uzun müddətdir, media sahəsindəyəm, lakin vaxt o qədər sürətli keçir ki, hələ də elə bilirəm 20 yaşlardayam. Mən ofisimizdə müşahidə etdiyim problemləri deyə bilərəm. Kifayət qədər məşğul olduğum üçün başqalarını müşahidə edə bilmirəm. Əvvəlcə, bizim gənclərdə hadisələri təqib etmək yoxdur. Məsələn, bir bina yandısa, daha sonra baş verən hadisələri də izləmək lazımdır. Gənclərin buna ya həvəsi yoxdur, ya da nə etməli olduqlarını bilmirlər. Lakin hər şeyə müsbət yanaşdığım üçün, hazırda gənclərdə böyük problemlər müşahidə etmirəm.


- Pozitiv insan olduğunuzu dediniz. Bəs buna rəğmən, indiyə kimi ofisdə işçilərlə hər hansı mübahisəniz olubmu?

- Qəti şəkildə, heç  vaxt olmayıb. Burada hamımız bərabər insanlarıq.

- “Qafqazinfo”da komanda ruhu necədir?

- Əladır. Tutaq ki, hər hansı hadisə baş verdi. Bütün uşaqlar o hadisəyə köklənirlər. Bunu jurnalist ruhu baxımından  deyirəm. Hamı bir-birinə dəstək olur. Məsələn, qəza baş verib. Biz işçilərə tapşırıq vermirik. Dərhal uşaqların biri hadisənin baş vermə səbəbi ilə, biri polislə, o biri qəzada ölənlər varsa, onun yaxınları ilə maraqlanır. Nəticədə ortaya gözəl bir material çıxır. Düzdür, qəzadan gözəl material bir az paradoksdur. Amma komanda ruhunu izah etməyə çalışdım. Yenə deyirəm, bu da gənclərin sayəsindədir.

- Hazırda saytların ən böyük problemi istinaddır. Əksər saytlar icazə almadan digər saytların xəbərlərindən istifadə edirlər. Bu məsələ “Qafqazinfo”da necədir? Buna qarşı hər hansı tədbir görürsünüzmü?


- Vaxtında bunun  çox mübahisəsini etmişik.  Elə indi də olur. İstinad əxlaqla bağlı olan  məsələdir. Əgər hər hansı saytın rəhbərliyində, xəbər qoyan şəxslərdə mən deyən əxlaq yoxdursa, o istənilən halda xəbərləri oğurlayacaq. Hər dəfə zəng edib eyni adama eyni sözü demək nəticə vermir. Xəbərə istinad etməyən biri nəticə çıxarmırsa, bu artıq onun şəxsi problemidir. Təəssüf ki, hazırda belə saytlar həddindən artıq çoxdur.

-Sizcə, “Qafqazinfo”nun indiyə kimi əldə etdiyi ən böyük nailiyyəti nə olub?

- Mühit... Pis çıxsa da deyəcəm, redaksiyamızdakı qarşılıqlı hörmət, həm peşəkarlıq, həm də humanistlik baxımdan heç bir ofisdə yoxdur. Bunu bizdə işləyib gedənlər də, başqa yerdən gəlib bizdə işləyənlər də deyirlər. Bizdə hər kəs bərabərdir. Mən bir xəbər qoya bilərəm, müxbir gəlib həmin xəbərin başlığını, şəklini dəyişə bilər və ya yazını sildirə bilər. Təbii ki, əsaslandırdığı halda. Yəni bizdə hər kəs fikrini ifadə edə bilir. Normal münasibətlər qurulub və bu,  ilk gündən belədir. Biz yalnız bu mühit pozulduğu vaxt  üzüaşağı gedəcəyik.

- 7 ilə yaxındır ki, “Qafqazinfo”nun yükünü daşıyırsınız. O cümlədən uzun müddətdir, jurnalist kimi fəaliyyət göstərirsiniz. Bu peşədən bezdiyiniz və ya yorulduğunuz vaxtlar olub?

- Bəlkə də çox olub. Amma mənim alternativim yoxdur axı. Mən gedib nə ilə məşğul olacam. İşim xəbər yazmaqdır, xəbər redaktə etməkdir. Hər adamın işdə stressli anı ola bilər. Tamamilə hər şeyi atmaq, hər şeyin üstündən xətt çəkmək istəyə bilər. Amma dediyim kimi, mən başqa iş bacarmıram.

- Bəs diplomat kimi?

- O elə arzu kimi qaldı. Azərbaycanda diplomat olmaq üçün 29 yaşa kimi şans var. Mən o arzunu dəfn etdim, amma çox istədiyim arzu idi. Bundan sonra inanmıram ki, diplomat kimi fəaliyyət göstərmək şansım olsun. Əgər olsa, günü bu gün qəbul edərəm.

- Sizin jurnalist kimi fəaliyyət göstərdiyiniz vaxtda bu sahənin hansı xüsusiyyətlər var idi ki, indi də olmasını istəyərdiniz?

- O vaxt sərbəstlik daha çox idi. Həmin dövrdə mətbuat klubları var idi. Mətbuat klublarında hər gün bir neçə tədbir olurdu. Jurnalistlər orada toplaşır və informasiya paylaşırdılar. Jurnalistlər arasında üzbəüz ünsiyyət var idi, oturub çay içirdilər. İndi bu şeylər yoxdur. İstəyərdim ki, həmin ənənə bərpa olunsun. Sosial şəbəkələr olandan bəri bütün çay qonaqlıqları da orada olur. Düzdür, indi də tədbirlər olur, amma əvvəlki kimi aktiv  deyil. Bəlkə də  mən getmirəm deyə, xəbərim yoxdur.

- Elnur bəy, üç-beş il sonrakı jurnalistikamızı necə təsəvvür edirsiniz?

- Hələ ki hər şey yaxşı gedir.  Mən həmişə jurnalistikamızı ölkədəki başqa sahələrlə müqayisə edəndə, bu sahənin bir addım öndə olduğunu görürəm. Elə belə də olmalıdır. Media cəmiyyətin digər sahələri ilə müqayisədə həmişə bir addım öndə olmalıdır. Tutaq ki, təhsilimiz, səhiyyəmiz hansı səviyyədədir, jurnalistikamız hansı səviyyədə... Bunu analiz edəndə görmək olur. Bu baxımdan hər şey çox yaxşıdır. Bədbin olmağa əsaslar yoxdur. Düşünürəm ki, bu gün Azərbaycanda mediadan öndə olan yalnız idman sahəsidir.

- “Qafqazinfo”nun gələcək planları ilə bağlı nə düşünürsünüz?

- Biz istəyirik ki, saytımızı daha da təkmilləşdirək. Bu gün yazılı xəbəri oxuyanlar azdır. Buna görə  görüntülü xəbərlərə keçmək lazımdır. Bunu bir anda etmək çətindir. Amma oxucuların rahatlığını təmin etmək lazımdır. Bir var insanlar on dəqiqəlik vaxtını ayırıb xəbər oxusunlar, bir də var hadisəni bir dəqiqəlik görüntü və səslə izləsinlər. Eyni zamanda, hazırda  iki gözəl layihəmiz var. Biri Günel Türksoyla Elvin Elxanındır. Tanınmış, amma üzdə olmayan şəxslərdən müsahibə alırlar. Digəri Günel Hacının bölgələrlə bağlı layihəsidir. Hər ikisi də maraqla qarşılanır. Hər dəfə yenilik etmək olmur. Hələ ki düşünürük.

-Son olaraq, gənc jurnalistlərə hansı tövsiyyələr verə bilərsiniz? Bu yolda yeni addımlamağa başlayan bir gənc kimi mənə də maraqlıdır.

- Öncə, özləri kimi olsunlar. Özündən əvvəl jurnalistikada olanların heç birinə bənzəməyə, onları təkrarlamağa çalışmasınlar. Öz xətləri olsun. Jurnalistikanı tanıdan özəl xəbərlərdir. Kiminsə yaydığı xəbəri təqib etmək, kimdənsə münasibət öyrənmək deyil. Gənc jurnalistlər xəbəri  özü tapsın, tapa bilmirsə, yaratsın. Əgər sən tanınmaq və peşəkar olmaq istəyirsənsə  özəl olmalısan. Özəl xəbərləri almaq üçün ətrafın olmalıdır. Müsahibə aldığın, xəbər hazırladığın bütün adamların əlaqə nömrələrini götürməlisən. Onlarla bayramlarda mesajlaşmalı, ağır günlərində dəstək olmalısan. Bu münasibətləri qurmasan, onlar sənə heç vaxt xəbər ötürməyəcəklər. Fərqi yoxdur bu, deputat, partiya sədri, müğənni və ya Neftçalada yaşayan adam ola bilər.


Günay RƏSULQIZI

FOTO: Nəcəf RUSLANOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir