Modern.az

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Təhsil

23 May 2017, 14:19

15 ildən çoxdur ki, Azərbaycanda özəl hazırlıq kursları fəaliyyət göstərir. Həmin kursları hər il xeyli sayda şagird başa vurur. Bir məqam var ki, son illərdə kursların sayının çoxalması  rəqabət məsələsini də sıfıra endirir. Yəni heç də bütün kursların keyfiyyətli təhsil verdiyini əminliklə söyləmək olmaz. Üstəlik bir çox kurslar idarəetmədə necə istəyirlərsə, elə də davranış nümayiş elətdirirlər. Bu da kurslarda özbaşınalıq ab-havasından xəbər verir.

 

Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında kursların son illərdəki fəaliyyətini tənqid edib.

 

“Kursların sayının çoxlamasının səbəbi orta məktəblərin proqramları uşaqlara tam mənimsədə bilməməsi ilə bağlıdır. Digər tərəfdən kurslar uşaqların test tapşırıqlarına aludəçiliyini gücləndirirlər. Kurslara cəlb olunan müəllimlər bundan sui-istifadə edir və bu istiqamətdə təbliğat aparırlar.

 

Kursların böyük əksəriyyətində çalışan  müəllim heyəti qeyri-peşəkarlardan ibarətdir. Orta məktəblərdə dərs deyən peşəkar müəllimlərin böyük kəsimi kurslarda fəaliyyət göstərmirlər. Fənin tədrisinin keyfiyyəti məktəblə bağlı olmalıdır, kursalarla bağlı yox...Kurslar televiziyalarda çox güclü reklam olunurlar. Təbliğat üçün bir nəfər 700, yaxud da, 600-dən yuxarı bal toplamış abituriyenti önə çəkməklə onlardan qalxan kimi istifadə edirlər. Bu da istər-istəməz insanları cəlb edir.

 Burda məqsəd daha çox müştəri toplamaqdır. Müşahidələrimiz göstərir ki, o kursları keçən, ali məktəblərə hazırlaşan abituriyentlər çox vaxt aşağı nəticələr göstərirlər. Təəssüflər olsun ki, onlar keyfiyyətsiz təhsilə görə cavabdehlik daşımırlar”.

 

Etibar Əliyev bəzi dünya ölkələrində mövcud olan təhsil yeniliklərindən də söz açıb.

 

“İnkişaf etmiş ölklərin əksəriyyətində   uşaqları daha çox məktəbdə saxlamağa çalışırlar. Ötən tədris ilində dərs ilinin 15 gün uzadılması böyük ajiotaja səbəb oldu. Düşünürəm ki, məktəblərdə həftəlik dərs yükünü artırmaqla uşaqların kurslarda dərslərinin davam etdirmələrinin qarşısını almaq olar. Valideynlər övladlarının məktəbdə olduqları vaxtı onların asudə vaxtlarının alınması kimi qiymətləndirməməlidirlər. Məsələn, Finlandiya və Çin məktəblərində həftəlik dərs yükünü artırmaqla ev tapşırıqlarını ləğv ediblər.

 

Hesab edirlər ki, ev tapşırıqları uşaqları daha çox yorur. Uşaqlar əsasən günün böyük hissəsini məktəbdə keçirməklə tapşırıqları yerinə yetirirlər.

 

Uşaqlar evdə qaldıqları müddətdə yalnız dincəlirlər. Orta məktəblər keyfiyyətə cavabdehlik daşımalıdırlar Artıq  həftəlik dərs yükünün 32 saat müəyyənləşdirilməsi dünya təcrübəsində özünü doğrultmur. Hətta, Çində həftəlik dərs yükü 50-70 saat həcmində olur. Digər tərəfdən ev tapşırıqları valideynlər arasında yarış mühitini formalaşdırır. Valideynlər öyünürlər ki, uşağın tapşırıqlarını yerinə yetirməkdə onlara kömək edirlər. Halbuki, bu, uşağın sərbəst düşünmə qabiliyyətini azaldır. Mütərəqqi sistemlərə keçid yaratmağın vaxtı çatıb. Əks təqdirdə kurslar və repetitirlar məktəb təhsilini zəiflətməkdə davam edəcəklər.

 

Bu gün şagirdlərin kurslardan və evdə təhsildən asılılığı mövcuddur. Bu asılılığı orta məktəblərdə təhsilin  keyfiyyətində dönüş yaratmaqla zəiflətmək mümkündür. Uşaqlar daha çox məktəbə bağlanmalıdırlar. Təəssüf ki, heç bir məktəbin uğuru təbliğ olunmur, ancaq kursların nəticələri təbliğ olunur. Bu da onlara cəlbediciliyiartırır”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür