Modern.az

Şəki dulusçuları: “Alverçilər Gürcüstandan gətirdikləri malları "Şəki qabı" adıyla satırlar” - MÜSAHİBƏ

Şəki dulusçuları: “Alverçilər  Gürcüstandan gətirdikləri malları "Şəki qabı" adıyla satırlar” - MÜSAHİBƏ

Hadisə

24 May 2017, 09:22

Azərbaycanın qədim sənət növlərindən biri də dulusçuluqdur. Tarixçilər dulusçuluğun yaranmasını neolit dövrünə təsadüf etdiyini qeyd edirlər. Dulusçuluq sənəti nəsildən-nəsilə ötürülərək, bu günümüzə qədər gəlib çatıb. Bu sənəti qoruyub inkişaf etdirən sənətkarlardan biri də Əhəd Məmmədovdur. Sənətkar bu sənəti atasından öyrəndiyini və öz övladlarına da öyrətdiyini deyir.

Modern.az saytı sənətkarla söhbəti təqdim edir:

-Çoxdan bu sənətlə məşğul olursunuz?


-Gözümüzü açandan, yəni atamızdan öyrənmişik. Atamız Məmmədov Şöyüb sənətkar olub. Onlar işləyib, biz də ona kömək edə-edə öyrənmişik. Bu gün də  uşaqlarımıza öyrədirik. Biz işləyirik, onlar da bizə kömək edib, öyrənirlər. Əvvəl qardaşım Hümmətlə işləmişik. İndi Hümmət yaşlanıb deyə, oğlu Rəhmanla işləyirik.


-Bu sənəti peşəkarcasına bilmək üçün nə etmək lazımdır?

 
- Bu ağır işdi. Hər kəs bacara bilmir. Peşəkar olmaq üçün çoxlu işləyib öyrənmək lazımdır. Bu işin öyrənməyi kənardan çətindir. Yəni ki, kənardan tələbə kimi gəlib öyrənmək çətindir. Evdə ata-babadan, nəsildən-nəsilə keçib.


-Palçıq torpağı tapmaqla bağlı çətinlikləriniz yaranıb?


- Azərbaycanda palçıq var. Bəziləri var ki, Gürcüstandan qab gətirib satırlar. Adını da qoyurlar ki, guya Azərbaycanda torpaq yoxdu, sənətkarlar ölüb gedib, bunlar da ona görə Gürcüstandan gətirib satırlar. Bunların hamısı yalandır. Sənətkarlar da var, torpaq da...


-Gürcüstandan gətirilən dulus qablarla Şəki sənətkarlarının hazırladıqları qablar arasında hansı fərqlər var?


- Dünən, sırağagün 5 qəpiyə çay satanlar kanallara müsahibə verirlər ki, Azərbaycanda torpaq yoxdu. Niyə yoxdu ki?..  Gürcüstandan işlənib gətirilən qabların materialı bizim kirəmit torpağıdır. Yəni o boş və zəifdir. Ona əllə bir az bərk vuranda sınır. Heç xörəyə yaramır. Qaynadanda rəng çıxır, su qapqara qaralır. Azərbaycanın torpağıyla bizim sənətkarların əlindən çıxan iş tam saxsı və möhkəm olur.


-Qabların satılmasıyla bağlı problemləriniz olur?

           
-Gürcüstandan gətirib Şəki qabı adıyla satırlar. Şəki Yuxarı Karvansara kompleksinin altındakı dükanlar alverçilərin əlinə keçib. Gələnləri də aldadırlar ki, evdə atamız düzəldib. Bu böyük ədalətsizlikdir. Yeri gəldikdə biz malımızı dükanımız yoxdu deyə, sata bilmirik. Onlarsa, xalqı aldadır. Şəhərin ən yaxşı yerində olan dükanlardır. Yayda qonaqlar gəlir, aldanıb o qablardan alıb gedirlər. Yaxşı olardı ki, dükanlar Şəki sənətkarlarına verilsin. Tək mən yox. Şəkidə o qədər sənətkar var ki, dükanı yoxdur deyə, malını sata bilmir. Yuxarı Karvansarada olan sənətkarlar nağara, musiqi alətləri hazırlayan Ayaz, papaqçı Aqil, kəlağayı dükanındakı kəlağayı hazırlayandır. Qalan hamısı alverçidir.

Gürcüstandan gətirilib satılan piti qablarını ermənilər hazırlayır. Şəkidə və  Azərbaycanın digər yerlərində onları Şəki qabı adıyla satırlar.

Gürcüstandan gətirilən qabları bizimkilərdən baha satırlar. Alverçi olmaq pis iş deyil. Sadəcə, nə vergi verirlər, nə də icarəpulu. Dövlətimiz sənətkarlar üzərindən vergini götürüb, biz vergi vermirik. Alverçilər də bizim adımızdan istifadə edib, özlərini sənətkar olduqlarını deyərək, vergi vermirlər.



-Sifarişlə dulus qabları hazırladanlar olur?


-Restoranlar, kafelər üçün bir nəfərlik piti qabları, su qabları sifariş olunur. Biz də işləyib həmin kafelərin, restoranların adlarını həmin qabların üzərinə yazırıq. Əvvəl qatıq qabı, dolma bişirmək üçün qablar yox idi. İndi dəbdədir və sifariş edirlər, biz də hazırlayırıq.


-Bəs xarici ölkələrdən sifarişləriniz olub?


-Bir-iki il əvvəl Dubayda kafe açılmışdı. Oradan sifarişlərimiz olub. Qabların üstünə həmin kafenin adını da yazmışdıq. İsrailə gedənlər çoxalıb. Daha çox onlar gəlib 5, 10, 20 dənə alıb aparırlar. 


-Hansısa sərgilərdə iştirak etmisiz?


-Sərgilərə dəvət edirlər. İmkan daxilində hamısında da iştirak edirik. Lahıcda sərgilərdə olmuşuq. Bakıda Novruz bayramı ərəfəsində sərgilər keçirilir, keçən il keçirilən Formula 1 yarışları vaxtı sərgilər olub və həmin sərgilərdə iştirak etmişik.

Bizim də prinsipimiz var ki, bu işi övladlarımıza öyrədək. Bu bizim ata-baba sənətimizdir. 300 ildir, bu sənəti bizim nəslimiz işlədir. Məhəlləmiz Duluslar məhəlləsi adlanır. Burada 50-dən artıq dulusçu olub. Hamısı da xalaoğlu, dayoğlu, yəni qohum olublar.

Tərlan Yusif

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür