Modern.az

Gəncənin içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Gəncənin içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

24 May 2017, 15:59

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi üzrə işlərə başlanılmışdır. Bu münasibətlə Gəncə şəhərində keçirilmiş tədbirdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin  nümayəndələri iştirak etmişlər.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edərək bildirmişdir ki, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı sayəsində son illər şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. “Respublikanın ikinci böyük şəhəri sayılan Gəncənin  sosial-iqtisadi inkişafında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilərək şəhərin içməli su təchizatı yaxşılaşdırılmışdır. Ümidvarıq ki, layihənin növbəti mərhələsi üzrə işlər qısa müddətdə yekunlaşacaqdır”. 


“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Gəncə şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, artıq şəhərə müxtəlif mənbələrdən suyun verilməsi təmin edilib. Hazırda Gəncə şəhərində su və kanalizasiya şəbəkələrin tikintisi işləri davam etdirilir: Bu gün icrasına başlanılan 4-cü mərhələ çərçivəsində Gəncə şəhərində həcmi 5 min kubmetr olan su anbarının, 195 kilometr içməli su, 144 kilometr kanalizasiya şəbəkəsinin, 41 kilometr kollektorun və 2,3 kilometr mikrotunelin inşası nəzərdə tutulur. Bu mərhələ üzrə görüləcək işlər 80 min nəfər sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaqdır. Tikinti-quraşdırma işlərinin keyfiyyətlə icra olunması üçün  bütün zəruri tədbirlər görüləcəkdir”.

Layihənin podratçı şirkəti olan “Azəraqrartikinti” ASC-nin direktoru Bayram Heydərov Göygöl və Goranboy rayonlarında icra etdikləri layihələr haqqında məlumat vermişdir. B.Heydərov  4-cü mərhələdə 30 ay müddətində nəzərdə tutulan işlərin  24 aya tam keyfiyyətlə təhvil veriləcəyini bildirmişdir.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə görülən işlərə görə şəhər sakinləri adından dövlət başçısına minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilmişdir.

Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılmış, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılmış, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilmişdir. Bu mərhələ üzrə işlər 2014-cü ilin fevralında başa çatdırılmışdır. 

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, 4 km magistral su kəməri, ümumi tutumu 12000 kubmetr  olan 3 ədəd anbar və 6,9 km anbarlararası xətt inşa edilmişdir.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək. 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılmışdır.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir  və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 km içməli su, 70 km kanalizasiya şəbəkəsi çəkilmişdir. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulmuş, 7 minə yaxın sayğac quraşdırılmışdır.

Layihənin növbəti mərhələlərində Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatdırılacaq. 

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcəkdir.

Xatırladaq ki,Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ötən əsrin 30-cu illərindən başlanılmışdır. Müxtəlif illərdə yaradılmış 515 km içməli su şəbəkəsi mövcuddur. Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl su mənbələrindən və subartezianlardan verilir. Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alırlar.

Gəncə şəhərində 315 km uzunluğunda kanalizasiya şəbəkəsi mövcuddur və şəhərin təqribən 45 faizini əhatə edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?