Modern.az

Əmək bazarının tələbləri və diplomlu işsizlər ordusu - İxtisas seçimindəki YANLIŞLIQLAR

Əmək bazarının tələbləri və diplomlu işsizlər ordusu - İxtisas seçimindəki YANLIŞLIQLAR

25 May 2017, 11:21

Yaşadığımız dövrün - kompüter, internet əsrinin adamlarının öz istək və arzuları var. Həm də daha real düşünə bilirlər. Bununla yanaşı, bəzi sahələr var ki, orada köhnə dövrə xas elementləri görmək olur. Məsələn, götürək ali məktəblərimizi. Hələ də bir çox ali məktəblərimizdə günümüzün reallıqlarına cavab verməyən ixtisaslar var. Onlar təhsilimizə heç nə vermir. Bəs gələcəyimiz bu cür ixtisaslardan necə faydalanır?

Təhsil eksperti Kamran Əsədov Modern.az-la söhbətdə deyib ki, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır.

Valideynlərin ixtisas seçimindəki rolu

 “Artıq 2016-2017-ci tədris ili başa çatır, şagirdlər ali məktəblərə qəbul üçün aprel və may aylarında birinci imtahanları veriblər. İndi on minlərlə abituriyentin topladığı bal məlumdur və valideynləri ilə birlikdə əvvəlki illərin qəbul ballarına uyğun ixtisas seçimi proqnozlaşmasını edirlər. Valideynlər yenə də övladlarını iş tapmağın çətin olduğu dəbli ixtisaslara - hüquq, tibb, gömrük kimi ixtisaslara yerləşdirməyə çalışırlar. Nəticədə bu ixtisaslara düşmək üçün keçid balları həddindən yüksək olur. Məsələn, hüquqa ödənişsiz təhsil imkanı qazanmaq üçün tələbə ən azı 600 bal toplamalıdır. Amma hazırda geniş iş imkanları olan informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, geoloji kəşfiyyat, ekologiya ixtisaslarına ödənişsiz daxil olmaq üçünsə 300 bal da yetərlidir. Göründüyü kimi, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir”.

Gələcəkdə populyar olacaq peşələr

Kamran Əsədovun sözlərinə görə, gələcəkdə ehtiyac olacaq ixtisaslar var ki, bu gün Azərbaycanda onlara həvəs azdır.

“Halbuki, Qərbdə artıq gələcəyin peşələrini müəyyənləşdirirlər və bu istiqamətdə kadrların hazırlanması üzrə hazırlıqlara başlayırlar. Məsələn, gələcəyin proqramlaşdırılması ilə məşğul olan Amerikanın “Sparks&Honey” şirkəti indi olmayan bəzi peşələrin önümüzdəki illərdə həddindən artıq populyarlıq azanacağını bildirir. Məsələn, belə peşələrdən birinin mikroflora üzrə mütəxəssisin olacağı vurğulanır. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkibləri müəyyən edəcəklər, həmçinin, dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər. Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn, evlərin damında, qazonlarda və s. əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikro-ferma mütəxəssisləri peyda olacaq. Azərbaycanda isə bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikro-ferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan təbili çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır”.

“Ali məktəblər günün tələbinə uyğunlaşa bilmir”

Təhsil eksperti deyir ki, indiki abituriyentlərin çoxu neft ixtisaslarını seçir.

“Problemin kökündə dayanan ikinci əsas səbəb isə Azərbaycan ali məktəblərinin, xüsusilə də yeni açılmış özəl ali məktəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi. Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır. Amma son illərdə Azərbaycan toplumunda ixtisas seçimi ilə bağlı dəyişikliklər baş verib. Qeyd edim ki, bir vaxt dəbdə olmayan bəzi ixtisaslara girmək üçün indi çox yüksək nəticə göstərmək lazımdır. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar”.

Regionlarda ixtisas bölgüsü

Ekspert bildirib ki, regionlar üzrə ixtisaslaşma böyük töhfələr verə bilər.

“Bununla belə, Azərbaycanda ixtisas seçimi məsələsində ölkə səviyyəsində araşdırma aparmalı və regionlara uyğun olan lazımlı ixtisaslar müəyyən edilməlidir. Məsələn, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəsisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər, nəinki digər ixtisaslar. Bilirsiniz, zaman keçdikcə, ali təhsil müəssisələri də dövrün trendinə uyğun olaraq islahatlar aparacaq. Artıq bu müşahidə olunur. Əhali seçimini dəqiqləşdirdikcə, bu kimi ixtisaslara gedən olmayacaq. Gedən olmadıqda isə həmin ali məktəblər bağlanacaq.
Bəzi ali məktəblər isə dövrün tələbinə uyğun ixtisaslara uyğunlaşmaqla ciddi islahatlar aparacaqlar. Artıq bəzi ali məktəblərdə ixtisas dəyişiklikləri aparılır. Ölkəmizdə ali məktəblərə qəbul zamanı hər bir qrup üzrə ən nüfuzlu ixtisaslar müəyyən edilib. Abituriyentlərin istəyinə ən çox uyğun olan və ərizələrdə daha çox birinci yerdə göstərilən ixtisaslara nəzər salaq:
I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə, III qrupda Bakı Dövlət Universitetinin hüquq və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, IV qrupda Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisaslarına üstünlük verirlər.
Bu seçimlərə təsir edən başlıca amil əlbəttə ki, həmin ixtisasların işlə təmin olunma faizinin digərlərindən üstün olmasıdır. Lakin bu gün ali məktəblərdə onlarla ixtisas var ki, abituriyentlər onları sadəcə tələbə olmaq, hərbi xidmətdən müəyyən müddət yayınmaq və əsas da qohum-qonşunun yanında “biabır olmamaq” xətrinə seçirlər. Məsələn, I qrupda elektrik mühəndisliyi, gəmiqayırma, maşınqayırma, meteorologiya mühəndisliyi, geodeziya və xəritəçilik kimi xeyli ixtisas var ki, onlar artıq müasir dövrün tələblərinə uyğun deyil. Yəni texnoloji yeniliklər bu ixtisasların əhəmiyyətini azaldıb. IV qrupdakı baytarlıq, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq təsərrüfatı işi kimi ixtisaslara da hazırda əmək bazarında demək olar ki, ehtiyac yoxdur”.



“Əmək bazarının tələbləri nəzərə alınmalıdır”

Kamran Əsədov ali məktəblərdə müasir dövrün tələblərinə cavab verən məsələləri də şərh edib.

“Üstəlik aktuallığını itirmiş bir çox ixtisaslar üzrə həm peşə məktəblərində, həm kolleclərdə, həm də ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçrilir. İnsanlar da həmin ixtisas üzrə aşağı pillədə təhsil almağa qane olmayıb, yüksək təhsil formasını seçirlər. Müasir dövrün tələblərinə get-gedə daha az uyğun olan ixtisaslar üzrə kadr hazırlığının 4 il müddətində ali məktəblərdə həyata keçirilməsinə artıq ehtiyac yoxdur. Həmin ixtisaslar yalnız peşə məktəbi və kolleclər səviyyəsində verilsə, daha yaxşı olar. Bu həm də peşə məktəblərində, kolleclərdə canlanma yaradar. Ali məktəblərə qəbul zamanı isə əmək bazarının tələbləri nəzərə alınmalıdır. Əks halda, ali məktəblərimiz xidmətinə ehtiyac olmayan işsizlər ordusu yetişdirməyə davam edəcək”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?