Modern.az

Nuru Paşa anıldı, deputat məsələ qaldırdı

Nuru Paşa anıldı, deputat məsələ qaldırdı

Aktual

25 May 2017, 14:17

Bu gün Nuru Paşanın Azərbaycana olan əvəzsiz xidmətlərindən 99 il ötür. 1918-ci il 25 may-17 noyabr tarixlərində cərəyan edən “Qafqaz İslam Hərəkatı”nda Nuri Paşanın rəhbərliyi altında olan ordu Gəncə, Göyçay, Ağsu, Kürdəmir və Şamaxı istiqamətlərində olan hücumların müdafiəsində fəal iştirak edib.

15 sentyabr 1918 -ci ildə Nuru Paşanın ordusu Bakıya daxil olub. Aramsız davam edən müharibələr nəticəsində Qarabağ və Dağıstan xilas olunub.

 

Məhz bu xidmətlərə görə hər il olduğu kimi, bu il də Şəhidlər Xiyabanında baş tutan tədbirdə bir sıra dövlət adamları və media nümayəndələri iştirak edib.

 

Modern.az xəbər verir ki, deputat Fazil Mustafa tədbiri açıq elan edib. Parlament deyib:

“Məlumdur ki, artıq biz, Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etməyə gəldiyi günü ənənəyə çevirmişik. Hər il, bir tarix olaraq bu hadisənin qeyd olunmasını vacib sayırıq. Hazırda yüzlərlə xalq var ki, dağlarda, çöllərdə illərlə mübarizə aparırlar. Lakin yenə də müstəqillik qazana bilmirlər. Dünya xəritəsində öz rəngləri ilə, öz adları ilə daxil olan imzanı əldə edə bilmirlər. Azərbaycan  bu müstəqilliyi əldə edib. Bu uğurda canını, qanını vermiş insanların xatirəsini əziz tutmaq lazımdır. Bizim şərəf borcumuz, bu şanlı müstəqilliyi qoruyub saxlamaqdır”.

 

F. Mustafa bildirib ki, 99 il öncə Nuru Paşanın komandanlığı  ilə Qafqaz İslam Ordusu erməni -rus qətliamına məruz qalmış Azərbaycan xalqını xilas etmək üçün Bakıya gəlib:

 

“Burada şəhid olma bahasına Bakı şəhərini düşmən qüvvələrindən azad edərək Azərbaycan hökümətinə təhvil verib. Və bundan sonra Azərbaycan höküməti Gəncədən Bakıya köçürülüb. Nuru Paşanın əsgərləri, ayrı-ayrı bölgələrdə azərbaycanlılara qarşı qətliam törətmiş insanlara, xüsusən də, erməni daşnakçılara qarşı ən sərt tədbirləri görüblər. Buna görə də biz, hər ilin may ayının 25-də onların xatirəsini unutmadığımızı göstərmək üçün, türk əsgərinin məzarını ziyarət edirik”.

Deputat gələcək illərdə bu günü daha geniş qeyd etməyin vacibliyini vurğulayıb:

 

“Düşünürəm ki, bu gün və gələcək illərdə də xalqımız, müstəqilliyimizə, azadlığımıza və sağ qaldığımıza görə borclu olduğumuz bu insanlara olan vəfa borcunu layiqincə yerinə yetirəcək. Və inşallah, bu tədbiri sonrakı illərdə geniş xalq törəni kimi qeyd olunduğunu görmək bizə nəsib olacaq”.

 

Məcid Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi