Modern.az

“Qazaxıstanın  Beynəlxalq Bankla bağlı narahatlığı üçün heç bir əsas yoxdur”

“Qazaxıstanın  Beynəlxalq Bankla bağlı narahatlığı üçün heç bir əsas yoxdur”

Aktual

25 May 2017, 17:19

Qazaxıstanda pensiya fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 220 milyon dollar vəsaitinin taleyi ilə bağlı narahatlıqları və müzakirələri davam edir. Xarici borclarının restrukturizasiyasını elan edən bankın bütün borclarının ödəniləcəyinə dair bəyanatlarına baxmayaraq Astanada hesab edirlər ki, pensiyaçıların pullarının batması riski var.

 

İlkin olaraq Qazaxıstan xarici işlər naziri bu ölkənin Vahid Pensiya Yığım Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılan vəsaitə görə narahat olduğunu açıqlayıb.

 

Daha sonra Qazaxıstan parlamentinin “Nur Otan” partiyasının deputatı, büdcə və maliyyə məsələləri komitəsinin üzvü Omarxan Oksikbayev “əgər pullar qaytarılmasa biz Azərbaycan Respublikasını məhkəməyə verə bilərik və məhkəmə orqanlarının köməyi ilə yəqin  ki, bu pulları qaytarmaq olar” deyib.

Oksikbayev fondun pullarını Azərbaycanın riskli bankına yatırdığı üçün menecmenti günahlandırıb.

 

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Mahir Abbaszadə məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

 

İşçi qrupunun üzvü deyib ki, Azərbaycan təkcə Qazaxıstana deyil, Beynəlxalq Bankın digər investorlara olan borcları ilə də bağlı hökumət səviyyəsində danışıqlar aparır:

 

“Danışıqlar Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Təklif olunan variant ondan ibarətdir ki, verilmiş vəsaitlərin təxminən 20 faizi güzəşt edilsin, yerdə qalan faizi isə restrukturizasiya olunsun. Restrukturizasiyadan sonra Azərbaycan tərəfindən qiymətli kağızlar alınsın. Bu zaman alınacaq qiymətli kağızlar hesabına həmin borc 5 il müddətinə Azərbaycandan istənilə bilməyəcək. Hökumət bu istiqamətdə təkliflər hazırlayıb və danışıqlar gedir. Amma hələlik nəticə yoxdur, danışıqlar təxminən avqust ayının sonuna qədər davam etdiriləcək”.

 

Qarşı tərəfin məhkəməyə müraciətinə gəlincə, M.Abbaszadə bunun Qazaxıstanın müstəsna hüququ olduğunu vurğulayıb:

 

“Amma mütləq surətdə o depozitlərin Beynəlxalq Bankda yerləşdirildiyi müddətə baxmaq lazımdır. Bəlkə o depozitələrin qaytarılması müddətinə hələ var, onlar sadəcə fors-major olaraq vəsaitləri geri istəyir? Bu baxımdan Qazaxıstan tərəfinin məhkəməyə vermək hüququnun olub-olmadığı araşdırılmalıdır. Məsələn, bəlkə depoztilər 10 il müddətinə qoyulub və həmin müddətdən 3 il keçib. Qarşıda hələ 7 il var. Beynəlxalq Bank depozitləri geri ödəməkdən imtina etmir. Həm də Bankın lisenziyası geri alınmayıb ki, Qazaxıstan tərəfi belə bir ajiotaj, narahatlıq içərisindədir. Qeyd edim ki, o narahatlıq üçün heç bir əsas yoxdur”.

 

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırdığını elan edib və aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırıb. Bu həftə bank Londonda kreditorlarla danışıqlar aparacaq və razılaşma əldə olunsa həmin borclar Azərbaycan dövlətinə transfer ediləcək. Bankın xarici borclarının restrukturizasiyasını elan etməsi həm özünün, həm Azərbaycan dövlətinin suveren kredit reytinqlərinə ciddi zərbə vurub.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi