Modern.az

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

Mədəni̇yyət

25 May 2017, 17:22

Hər kəsin həyatında unuda bilmədiyi günlər olur. Doğum günləri, toy günü, digər özəl günlər... Bu günlər siyahısına “Son zəng” tarixini də əlavə etmək olar. Düzdür, “Son zəng” müxtəlif dövrlərdə fərqli tarixlərə təsadüf edib. Hazırda “Son zəng” mərasimi 14 iyunda qeyd edilsə də, yaşlı və orta nəsil onun əvvəllər 25 mayda keçirildiyini yaxşı xatırlayırlar.


Modern.az
saytı “Son zəng”i 25 mayda çalınmış tanınmış şəxslərlə həmsöhbət olub.


Deputat Aqil Abbasın “Son zəng” xatirələri:

“Mən Ağdamda 2 nömrəli məktəbi bitirmişəm. “Son zəng”im 1970-ci ilə təsadüf edib. Məktəbimizdə həm rus, həm də iki Azərbaycan bölməsi var idi. Böyük məktəb idi. Təkcə bizim sinif yox, bütün məktəb “Son zəng” keçirmək istəyirdi. Lakin “Son zəng”imiz çox faciəli  şəkildə oldu. Həmən gün bizim Gülşən adlı sinif yoldaşımızın atası rəhmətə getdi. O, məktəb direktoru, gözəl müəllim idi. Hamımız, eləcə də rus bölməsinin uşaqları onun atasının xatirinə “Son zəng”i qeyd etmədik. Çünki o qız bizim sinifin əlaçısı idi. Həmin gün heç vaxt yadımdan çıxmayacaq”.

Aqil Abbas bildirib ki, o vaxt “Son zəng” Bakıda və Ağdamda fərqli keçirilirdi. O, daha bir xatirəsini danışıb:

“Yaşlı nəsil xatırlayar, Bakıda məzunlar “Son zəng”i bulvara çıxıb qeyd edirdilər. Onlar əl-ələ verib qarşıların çıxan adamı dövrəyə alırdılar. Yalnız oynayandan, oxuyandan sonra getməyə icazə verirdilər. Ona görə də Bakıda “Son zəng” günü camaat bulvara çıxmaq istəmirdi. Lakin heç kəs də onların xətrinə dəyməzdi.
Mən də universitetdə oxuyan zaman başıma belə bir hadisə gəlib. Bulvarda məzunlar məni dövrəyə aldılar və oynamağa məcbur etdilər.
Ancaq Ağdamda başqa cür idi. Uşaqlar şəhərə çıxır, kinoya gedir, şənliklər təşkil edirdilər. Ağdamın da öz bulvarı, parkları var idi. O vaxt rayonumuzda 11 məktəb fəaliyyət göstərirdi”.

Aqil Abbas  indi müzakirə olunan “Son zəng” tarixindın də söz açıb:

“Bu gün dərslər sentyabrın 15-dən başlayır və 14 iyunda bitir. Ancaq belə olmamalıdır. Dərslər sentyabrın 1-dən başlayıb, 25 mayda bitməlidir. Dərslərin 15 sentyabrda başlamasını kim və necə əsaslandırır, heç kim bilmir. O cümlədən niyə iyunun 14-nə qədər uzanır və niyə uşaqların istirahətindən kəsilir?. 

Mənə dərs ili 15 sentyabra keçəndən sonra Azərbaycan təhsil sisteminin yetişdirdiyi bir Xudu Məmmədov və ya Cəlal Allahverdiyev, Rafiq Əliyev göstərsinlər. Xudu Məmmədov sovet məktəbini qurtarandan 15 il sonra 34 yaşında elmlər doktoru idi. İndi elə biri varmı? Hazırda elə bil təhsil üçün eksperiment edirlər”.


Ümid Partiyasının sədri İqbal Ağazadə 25 may tarixini fərqli xatırlayır:

““Son zəng”i xatırlayıram. Amma 25 may həm də rus qoşunlarının Azərbaycandan çıxdığı gündür. SSRİ dağılandan sonra Azərbaycan 1993-cü ildə ilk olaraq rus qoşununu ölkədən çıxarıb. Bu hadisə mənim üçün daha önəmlidir. Bizdə “Son zəng”lə bağlı orta məktəbi bitirmək, o dövrün təbirincə desək, müstəqil həyata qədəm qoymaq kimi düşüncə var idi. Ona görə də bu baxımdan maraqlıdır. Amma yenə deyirəm, 25 may tarixi rus qoşunlarının Azərbaycandan çıxarılması kimi yaddaşımda qalıb, nəinki, “Son zəng” günü kimi.

Ümumiyyətlə, biz bu gün də sinif yoldaşlarımızla görüşürük. Bir-birimizi unutmamışıq. Həm adi gündə, həm də xeyir-şərdə bir yerdə oluruq. Bizim çox mehriban sinif kollektivimiz var idi. Görüşəndə “Son zəng”in xatirələrini yada salırıq.

Bizim vaxtımızda “Son zəng” günü şəhərə çıxmaq qadağan idi. 1985-ci ilin 25 mayından 26-na keçən gecəni Bakı məktəbləri arasında təkcə bizim sinif “Son zəng”i bulvarda qarşıladı. Həmin vaxt qadağaya görə heç kim bulvara çıxa bilmirdi. O dövrün sovet milisləri də bizi ora-bura  qovdu. Lakin nəticədə o vaxtkı Kirov parkında, yəni indiki Şəhidlər xiyabanında  heykəlin altında yığışdıq və sakitliyin yaranmasını gözlədik. Gecəni Kirov parkında  keçirdik, səhərə yaxın isə bulvara getdik”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi ictimai birliyinin sədri Azər Həsrət son zəngi nostalji hisslərlə xatırlayır:

“Təbii ki, içimizdə nostalji hisslər var. Çünki bizim uşaqlığımız, məktəbi bitirməyimiz məhz bu günlə bağlıdır. Amma təəssüflər olsun ki, ölkədə son illər bu tarixi dəyişib başqa günə salıblar. Bu da bir az bizi narahat edən məqamlardandır.

Mən məktəbi 1986-cı ildə bitirmişəm. Sovet dönəmi idi, şərait və şərtlər başqa idi.  Yadımdadır ki, biz iki ayrı 10-cu sinif idik. Hər iki sinifdəki uşaqlarla çox yaxın əlaqələrim var idi. Həm özüm oxuduğum, həm də digər 10-cu sinfin uşaqları ilə. Biz kənd uşaqları idik. “Son zəng”i yığışıb təbiət qoynunda  qeyd etdik. Özümüz üçün yemək-içmək təşkil etdik. Əlbəttə, şən və yadda qalan gün keçirdik. Lakin o gün-bu gün  hamını bir araya toplaya bilmirik. Çox az sayda  məktəb dostlarımız bir araya gələ bilir. Hətta 10 nəfər bir yerə yığışanda, az qala ağlaşırıq”.


Jurnalist Zamin Hacı sosial şəbəkədə yarızarafat-yarıgerçək “Son zəng”lə bağlı bir travma aldığını xatırladıb:

“1989-cu ilin 25 mayında kənd məktəbində “Son zəng”i guya əlaçı şagird olaraq mən vurmalıydım. Daha doğrusu, payızda 1-ci sinifə gedəcək bir uşaq vardı, onu qucağıma alıb zəngin yanına getməliydim, o da zəngi dınqıldatmalı idi.
Hər şey təntənəli şəkildə cərəyan edirdi, camaat bizə baxır, biz də zəngə doğru irəliləyirdik. Elə zəngə az qalmışdı ki, hardansa bir avara uşaq çıxdı, zəngi çalıb qaçdı.:) Mən də "birinci"ni qoydum yerə, dilxor olduğumdan daha zəngi çalmadıq.

Ancaq zədələrdən də müsbət nəticə çıxartmaq tərəfdarı olaraq deyim ki, mən hələ öz “Son zəngi”mi çalacağam!”.



Günay RƏSULQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu