Modern.az

Sumqayıtda dünyaya gəldi, Naxçıvanda həlak oldu... - Şəhid leytenantın DÖYÜŞ YOLU

Sumqayıtda dünyaya gəldi, Naxçıvanda həlak oldu... - Şəhid leytenantın DÖYÜŞ YOLU

26 May 2017, 10:30

21 il əvvəl - 1996-cı ilin 21 mayında kiçik leytenant Teymur Mirzəyev azğın düşmənlə vuruşda əsl igidlik, mərdlik nümunəsi göstərmişdi

 

...Uzun müddət idi ki, alçaq, xain niyyətli erməni işğalçıları ciddi-cəhdlə çalışırdılar ki, Naxşıvanın sərhəd mövqelərindəki yüksəklikləri ələ keçirib, Şərur rayonunun kəndlərini Qarabağda olduğu kimi daim atəşə tutaraq, yerli əhalini qorxu-təlaş içərisində  saxlayıb, onları dədə-baba yurdlarından köçməyə məcbur etsinlər. Naxçıvanın bu döyüş zonasına Sumqayıtdan könüllü olaraq gəlmiş kiçik leytenant Teymur Mirzəyev yaxşı bilirdi ki, ermənilər iki əsrdən də çoxdur ki, Qarabağa iddialı olduqları kimi gözlərini Naxçıvandan, Türkiyə ərazisində yerləşən, özlərinin "Ararat" adlandırdıqları, əslində hələ qədimlərdən Ağrı dağı kimi tanınan, türk igidlərinin oylağı olan, əzəmətlə ucalan o zirvəsi qarlı dağdan da çəkmirlər.

 

Modern.az saytı kiçik leytenant Teymur Mirzəyevin döyüş yolundan bəhs edir…

Teymurun ondan da xəbəri vardı ki, rus imperatoru I Pyotrdan sonra "ala itdən də məşhur" olan II Yekaterina da satqınlıqları, xainlikləri, murdarlıqları ilə tanınan ermənilərə qucaq açaraq, 1799-cu ildə onlara Don çayı sahilində xeyli torpaq sahəsi ayırmış və orada onlar şəhər salaraq, onu arzusunda olduqları Naxçıvanın adı ilə adlandırmışdılar (həyasızlığın dərəcəsinə bax!).

Teymur bütün bunları bilirdi və xeyli müddət idi ki, özünün döyüşçüləri ilə birgə sayıqlıqla Naxçıvanın keşiyində dayanmışdı. Erməni faşistlərinin dəfələrlə mövqelərimizi iri çaplı silahlardan atəşə tutmaqlarına baxmayaraq, kiçik leytenant Teymur Mirzəyevin və digər bölmələrimizin ayıq-sayıqlığı sayəsində düşmən layiqli cavabını alaraq, susmalı olur, murdar niyyətləri baş tutmurdu.


1996-cı ilin mayında Teymur doğma şəhəri Sumqayıta qısa müddətli məzuniyyətdən sonra özünün döyüş mövqeyinə təzəcə qayıtmışdı. Evdə ata-anası, qardaş-bacıları ilə bu dəfə daha çox  mehribanlıqla, həm də anlaşılmaz bir kövrək həsrətlə xudahafizləşmişdi. Sanki əzizləri-doğmaları ilə vidalaşarkən nədənsə bu görüşün bəlkə də sonuncu olduğunu, onları bir daha görə bilməyəcəyini duymuşdu. Adətən onu məzuniyyət vaxtı Sumqayıtda yubatmağa çalışan ailəsində hamı o gün onu yola salarkən gülərüzlə, üz-gözündən öpərək demişdilər ki, "get, yaxşı yol! Ləngimə, yoldaşların orda səni gözləyir. Bizdən nigaran qalma!".


Düzdür, özü də döyüş mövqeyinə, əsgərlərinin yanına çox tələsirdi, özünə yurd-yuva seçdiyi, torpağın ətri çox aydın duyulan səngərlərdən, kazarmadan, dağlardan-təpələrdən sonra doğma şəhəri Sumqayıtda artıq qərar tutmağa səbri çatmır, burdakı sakit həyata alışa bilmirdi. 28 il yaşadığı doğma şəhər indi cəbhə bölgəsi ilə müqayisədə ona nağıl kimi "mücərrəd" görünür, qəribə gəlirdi. 

 

"Bu dağlar, bu obalar bizimdir, qarı düşmən!"

 

...O gecə səhərə yaxın düşmən tərəfi Şərur istiqamətindəki cəbhəyanı mövqelərimizi aramsız atəşə tuturdular. Mərd, cəsur Azərbaycan döyüşçüləri onların layiqli cavablarını verir, düşməni itkilərə məruz qoyur, atəş nöqtələrini məhv edib sıradan çıxarırdılar. Ancaq azğın düşmən bu dəfə sanki susmaq, atəşi dayandırmaq fikrində deyildi. Kiçik leytenant Teymur Mirzəyevin komandiri olduğu bölüyün əsgərləri isə elə bil şirə-pələngə dönmüşdü, erməni dığalarına qarşı mərdliklə döyüşürdülər. Komandir onları həvəsləndirmək üçün arada "bax, belə! Afərin, uşaqlar!", "yandırın bu it küçüklərinin atalarını!" deyə fəxrlə ucadan qışqırır, özü də silahını susmağa qoymurdu.

Aramsız yağdırdıqları atəşlərin çızdığı "xəttlər"dən düşmənin onların mövqeyini dəqiq müəyyən edəcəyini bilərək, Teymur atəş yerini dəyişməyi, döyüşçüləri ilə birgə yaxınlıqdakı blindaja keçməyi qərara almışdı ki, birdən düşmən mərmisinin onlara tərəf şığıdığını görərək, "uşaqlar, uzanın!" əmrini verib, sol və sağ yanındakı əsgərləri qolları arasına alıb yerə yatmaq istəyərkən mərmi onları haqlamışdı...

Səngərdəki dostları bir az əvvəl düşmənə aman verməyərək, döyüşə rəhbərlik edən və son ana qədər mərdliklə vuruşan Teymurun... ölümünə inana bilmirdilər. Özü həlak olsa da, vaxtında verdiyi komanda ilə bir-neçə əsgərinin həyatını xilas edə bilmişdi...

O gün döyüş dostları düşmənlə səhərə kimi mərdliklə vuruşmuş, özlərinin cəsur komandirlərinin qisasını layiqincə ala bilmiş, ermənilərin ələ keçirmək istədikləri yüksəkliyə onları nəinki yaxın buraxmamış, hətta itki verərək, geri çəkilməyə məcbur etmişdilər.        

Teymur Mirzəyevin igidliyindən xəbər tutan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov onun nəşinin Sumqayıta təyyarə ilə gətirilməsinə  nail olmuş,  bu igid, cəsur gənc Azərbaycan zabitinin dəfnində özü də şəxsən iştirak etmiş, onun döyüşçü-komandir kimi hünərini yüksək qiymətləndirmişdi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov isə Teymura "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi üçün Müdafiə Nazirliyinə təklif də göndərmişdi. Lakin o vaxt Teymurun böyük qardaşı - Hərbi Dənizçilik Akademiyasının rəisi, polkovnik Canmirzə Mirzəyevlə kəskin münaqişədə olan sabiq Müdafiə naziri Səfər Əbiyev müxtəlif bəhanələrlə buna razılıq verməmişdi. Yalnız nazirliyə yeni rəhbər təyin edildikdən sonra - ötən il Teymur Mirzəyev çoxdan layiq olduğu "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdi. Ancaq Teymurun özünü bir daha görmək, boynunu qucaqlamaq nəsib olmadığı kimi, onun layiq olduğu medalı da görmək nə atası İsmayıl kişiyə, nə də anası Arifə xanıma qismət olmadı - onlar igid oğullarının ölümünə dözməyərək, artıq həyatdan köçmüşdülər...   


Qəribə görünsə də, hərbi işdən, hərbçilərdən heç xoşu gəlmirdi


Sovet dövründə - 1985-86-cı illərdə hərbi xidmətdə olmuşdu. Sovet ordusunda hökm sürən "dedovşina" və digər qanunsuzluqlar Teymurda hərbçilərə qarşı bir soyuqqanlılıq, etinasız münasibət yaratmışdı. Həm də ki zəhmətkeş ailənin - Sumqayıtda tanınmış metallurqlar dinastiyasının yetirməsi olduğundan hərbi işə deyil, daha çox mülki, sülhsevər işə meylli idi. Odur ki, ordudan tərxis edildikdən sonra Mirzəyevlərin fəhlə ailəsinin üzvü kimi Azərbaycan Boru-prokat zavodunda işə düzəldi. Hər gün onların evindən atası İsmayıl kişi və anası Arifə xanım başda olmaqla 8 nəfər respublikanın ən iri müəssisəsi olan həmin zavoda işə yollanırdı.

...1988-ci ildə ermənilər Qarabağ iddiası qaldırdıqdan sonra Teymurun onsuz da zəhləsi gedən ermənilərə nifrəti daha da artdı. Bədnam Sovet ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qırğınlardan, vəhşiliklərdən sonra Teymurun hərbçilərə olan qəzəbi yenidən gücləndi. Evdə heç kəsə deməsə də, bir yerdə qərar tuta bilmirdi. Şuşa və Laçının işğalından sonra isə səbri daha da tükəndi və cəbhəyə yollanmağı qərara aldı. Lakin o zaman Ali Hərbi Dənizçilik Məktəbinin rəisi olan böyük qardaşı, polkovnik Canmirzə Mirzəyevlə məsləhətləşdikdə o, əvvəlcə Teymura hərbçi sənətini dərindən öyrənməyi, döyüşlərdə peşəkar hərbçi kimi iştirak etməyi məsləhət görmüşdü. O isə adi döyüşçü olmaq, təxirə salmadan cəbhəyə yollanmaq istəyirdi. Lakin ailədə böyüklərə hörmət ənənəsinə sadiq qalaraq, böyük qardaşın sözündən çıxa bilməmişdi. Axı, həm də Canmirzə vaxtilə C.Naxçıvanski adına hərbi məktəbi fərqlənmə ilə bitirərkən ona diplomu və qızıl medalı şəxsən respublika rəhbəri Heydər Əliyev özü təqdim etmişdi. Çox sonralar - Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, Canmirzə Mirzəyev polkovnik rütbəsinə yüksəldiyi dövrdə onu Ali Hərbi Dənizçilik Məktəbinin rəisi vəzifəsinə də məhz Ulu öndər təyin etmişdi. Belə bir hörmətli qardaşla razılaşmamaq olmazdı. Bu səbəbdən də Teymur hərbçi qardaşının məsləhətinə əməl edərək, beş il hərbi bilik və sirrlərə səylə yiyələnmişdi.

1995-ci ildə ali hərbi məktəbi kiçik leytenant rütbəsində başa vurduqdan sonra  könüllü olaraq döyüş zonasında xidmət etmək istədiyini bildirmişdi. Bu dəfə isə böyük qardaş Teymurun istəyinin əleyhinə getmək istəməmiş, əksinə - onunla öyünərək, Vətənin müdafiəçisi kimi məsul və şərəfli "kişi peşəsində" ona uğurlar arzulamışdı.  və Çox keçmədən gənc zabit Naxçıvanın dağlıq bir ərazisində yerləşən hərbi hissəyə təyinat almışdı.

İlk gündən vətənpərvərliyi, cəsurluğu və hərbi işə ciddi münasibətilə seçilən Teymur Mirzəyev az bir zamanda xidmət etdiyi hərbi hissə komandanlığının diqqətini cəlb etmiş, gənc əsgərlərin rəğbətini qazana bilmişdi. O vaxtlar, təəssüf ki, belə  də olurdu ki, bəzi kiçik komandirlər əsgəri evə qısamüddətli məzuniyyətə buraxarkən, onun geri dönərkən evdən müəyyən qədər pul və yemək-içmək gətirməsini tapşırırdılar. Teymur bu cür hallara qarşı barışmaz idi. Döyüş dostları böyük ehtiramla xatırlayırlar  ki, Teymur öz əsgərlərinə bu cür "tapşırıqlar" verməzdi. "Sağ-salamat qayıdın, bəsimdir" deyərdi. Bu cür sadəliyinə və səmimiliyinə görə gənc əsgərlər onun xətrini çox istəyirdilər.



"Məhlə uşağı"nın əziz xatirəsi


Təsadüfi deyil ki, bir-neçə gün əvvəl Sumqayıtda Teymur Mirzəyevin adını daşıyan bulağın, üzərində də qeyd olunduğu kimi "Məhlə uşaqlarından xatirə" olaraq ona ucaldılmış abidənin yanındaca keçirilən xatirə tədbirində onun doğmaları ilə yanaşı keçmiş döyüşçülər, "məhlə uşaqları" olan dostları da iştirak edirdilər. 

Və mən burda bildim ki, Azərbaycanımızın igid, mərd oğullarından biri olan Teymur Mirzəyev vaxtilə mənim də çalışdığım müəssisədə - Azərbaycan Boru-prokat zavodunda işləmiş Esmira və Aida Mirzəyeva bacılarının kiçik qardaşı, sədaqətli dost, qardaş kimi tanıdığım, hazırda Sumqayıt müəssisələrindən birinin baş energetiki olan Söhrab Hüseynovun qaynı imiş.

Teymuru ehtiramla yada salan Söhrab elə bir əhvalat danışdı ki, insanla bağlı nə baş verirsə, hər bir şeyin qabaqcadan "proqramlaşdırılmış" olduğuna, "alın yazısına" inanmaya bilmirsən. O söylədi ki, məhz mayın 21-də maşınla Saray körpüsündən keçərkən həyat yoldaşı Esmira xanıma, Teymurun böyük bacısına ötən gecə gördüyü yuxunu söyləmişdi. Yuxuda ona demişdilər ki, "Söhrab, sənin doğmalarından biri həlak olub, niyə onun gətirməyə getmirsən?". O, yuxusunu danışdıqdan 5-3 dəqiqə sonra maşındakı radioda xəbər verildi ki, "bu gecə Naxçıvanın Ermənistanla sərhəd zonasında düşmənlə şiddətli döyüşlər zamanı Azərbaycan Milli Ordusunun bir zabiti və iki əsgəri qəhrəmanlıqla həlak olmuşdur".

Bu acı xəbəri eşidib, hər ikisi - Esmira xanım və Söhrab eyni zamanda "Allah rəhmət eləsin!" desələr də, ağıllarına belə gətirməyiblər ki, igidliklə həlak olan həmin zabit məhz onların əzizi, Mirzəyevlər ailəsinin sonbeşiyi Teymurdur.

Teymurun o biri bacısı - Aida xanım xatirə tədbirinə gələnlərə, qardaşını ehtiramla yad edənlərə dərindən təşəkkür edərək, onu da bildirməyi vacib hesab etdi ki, Vətən Teymur kimi mərd oğullarını heç vaxt unutmur, çox əziz tutur. Teymurun ölümündən ötən 21 il ərzində onun hər il xatirə tədbirinin keçirilməsinə şəxsən general-leytenat Rövşən Əkbərov və iş adamı Elşən Həsənov (indi həyatda yoxdur, Allah rəhmət eləsin!), son illərdə isə keçmiş hərbi həkim Zaur Rəsulov və digər vətənpərvər adamlar köməklik göstərirlər. Mirzəyevlər ailəsi adından onların hər birinə dərin minnətdarlıq ifadə edildi.

Tədbir zamanı o da xüsusi iftixarla bildirildi ki, Teymurun bacısı Aida xanım öz oğluna igid qardaşının adını verib və o, bugünlərdə Azərbaycan Milli Ordusunda nümunəvi hərbi xidməti ilə dayısının adını ləyaqətlə doğruldur. Bacıların digər övladları - Esmira xanımın qızları Natəvan, Samirə və Aida xanımın qızı Fəridə də artıq neçə illərdir ki Milli Orduda xidmət edirlər.

...Xatirə tədbiri gecənin yarısınadək davam etdi. Hamı Teymur haqqında, Vətən yolunda hələ çox gənc ikən - 29 yaşında şəhid olmuş bu igid oğul haqqında danışmaq, onunla bağlı xatirələrini söyləmək istəyirdi. Və təbii ki, bütün söylənilənlər, xatirələr bu sözlərlə bitirdi: "Qeyrətli, vətənpərvər oğul idi, Allah rəhmət eləsin!"

 

***


Vaxtilə Sovet ordusuna görə hərbçilərə nifrət eləyən Teymur son illər Vətənə zabit kimi xidmət etməkdən o qədər qürur duyurdu ki, hərbçi peşəsinə elə möhkəm bağlanmışdı ki, heç ailə qurmaq barədə düşünməmiş, buna sadəcə olaraq, vaxtı olmamışdı.

...Yaşasaydı, bu il iyulun 22-də 50 yaşı tamam olacaqdı.



Rəhman ORXAN,
Əməkdar jurnalist,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir