Modern.az

AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz –V

AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz –V

Ədəbi̇yyat

26 May 2017, 11:25

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Dövlət dili milli-mənəvi sərvətimizdir

Heydər Əliyev heç kəsin fikrinə nüfuzundan istifadə edərək müdaxilə etməz, axıra qədər müxtəlif fikir sahiblərini dinləyər, bununla belə, öz sözünü, mövqeyini məqamında və yerində deyərdi. Bunu onun iştirakı ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci ilin noyabr ayının 2-də keçirilmiş iclası da təsdiq edir. Ümumiyyətlə, Heydər Əliyev müzakirə olunan məsələlərin müzakirəsini obyektiv aparmaq üçün həmişə mütəxəssisləri və ziyalıları bu prosesə cəlb etməyə çalışırdı. Ziyalılar, mütəxəssislər bunu çox məmnunluqla qəbul edir və müzakirə proseslərində fəal, sərbəst şəkildə mövqelərini bildirirdilər. Təsadüfi deyil ki, konstitusiya layihəsini hazırlayan komissiya dövlət dili məsələsinin müzakirəsinə bütün humanitar institutlarının əməkdaşlarını, respublika universitetlərinin dil, ədəbiyyat, hüquq, fəlsəfə, tarix, politologiya kafedralarının əməkdaşlarını, yazıçılar, jurnalistlər, başqa yaradıcılıq təşkilatlarının nümayəndələrini, tanınmış dil və ədəbiyyat müəllimlərini, ziyalıları dəvət etmişdi. Bu dəvət olunmuşların 51 nəfəri müzakirədə çıxış etməyə yazılmış, ancaq onların 27-si çıxış etmişdir. Çıxış edənlərin böyük əksəriyyəti yeni konstitusiya layihəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olmasını dəstəkləmişlər. Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyevin xarakter bütövlüyündən irəli gələn bir məsələ də o idi ki, istəyirdi ki, müzakirə olunan məsələlər barədə hər bir kəsin mövqeyi bilinsin. Ona görə də o, Azərbaycan Respublikasının dövlət dilinin adına münasibətdə də kimin mövqeyinin necə olmasını cəmiyyətə açıq şəkildə çatdırırdı: “Mən istərdim ki, konkret olaraq orada (müzakirə nəzərdə tutulur – B.X.) hansı mövqedən çıxış edənlərin siyahısını bugünkü iclasın iştirakçılarına çatdırasınız”. Bu baxımdan müzakirədə çıxış edənlərin hər birinin dövlət dilinin adının necə olmasına münasibəti  bir – bir nəzərə çatdırılırdı. Bununla da Heydər Əliyev ziyalıları, mütəxəssisləri və onların düşüncəsini, mövqeyini cəmiyyətə təqdim edirdi, həm də mövqelərin aydın, aşkar olmasına şərait yaradırdı. Beləliklə, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” təklifinin tərəfdarı 15 nəfər olmuşdur: Ağamusa Axundov (EA-nın Dilçilik İnstitutunun direktoru), Vaqif Aslanov (EA-nın Dilçilik İnstitutunun professoru), Nəbi Xəzri (xalq şairi), Çingiz Abdullayev (yazıçı), Fərəməz Maqsudov (akademik), Xeyrulla Əliyev (Milli Məclisin üzvü), Mübariz Əliyev (Sosial Demokrat Partiyasının büro üzvü), Musa Adilov (M.Ə.Rəsulzadə adına BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, professor), Qabil (Xalq şairi), Şamil Qurbanov (M.Rəsulzadə adına BDU-nun professoru), Fuad Qasımzadə (M.Rəsulzadə adına BDU-nun professoru, Fəlsəfə kafedrasının müdiri), Qənbər İsmayılov (Neft Kimya Texnikumunun müəllimi), Qəzənfər Kazımov ( N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru), Məsumə Məlikova (M.Rəsulzadə adına BDU-nun hüquq fakültəsinin professoru), Həsən Mirzəyev (N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor), “Azərbaycan Respublikasının dövlət dili türk dilidir” təklifinin tərəfdarı isə 3 nəfər olmuşdur: Kamil Vəliyev (M.Rəsulzadə adına BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor), Ruqiyyə Qəmbər qızı (Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi), Əlisa Şükürov (N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru), “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türkcəsidir” təklifinin tərəfdarı 3 nəfər: Kamil Vəliyev (M.Rəsulzadə adına BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor), İsa İsmayılzadə (şair), Nizami Xudiyev (N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru), “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir” təklifinin tərəfdarı 6 nəfər: Tofiq Hacıyev (M.Rəsulzadə adına BDU-nun Türkologiya kafedrasının müdiri, professor), Əkrəm Əylisli (yazıçı), Zöhrab Həsənoğlu (EA-nın baş elmi işçisi), Nizami Cəfərov (M.Rəsulzadə adına BDU-nun filologiya fakültəsinin dekanı, professor), Anar (Yazıçılar Birliyinin sədri), Yusif Seyidov (M.Rəsulzadə adına BDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor), “Azərbaycan Respublikasının dövlət dili türk dili yaxud Azərbaycan türkcəsidir” təklifinin tərəfdarı 1 nəfər: Kamil Vəliyev (M.Rəsulzadə adına BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor), “Azərbaycan Respublikasının dövlət dili türk dili, azəri türkcəsi və yaxud Azərbaycan türk dilidir” təklifinin tərəfdarı 1 nəfər: Tofiq Hacıyev (M.Rəsulzadə adına BDU-nun Türkologiya kafedrasının müdiri, professor), “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dili, Azərbaycan türkcəsi, Azərbaycan türk dili və “Azərbaycanın dövlət dili türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir” təklifinin tərəfdarı 1 nəfər: Nizami Xudiyev (N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru) olmuşdur.

Göründüyü kimi, müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər olmuşdur. Ancaq fikir söyləyən 27 nəfərdən 15 nəfəri “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” təklifinin tərəfdarı kimi çıxış etmişdir. Bununla belə, Azərbaycan Respublikasının dövlət dilinin adı barədə bir neçə variantda fikir irəli sürənlər də olmuşdur. Hər halda bunların hamısı obyektivliyin üzə çıxmasında, hansı fikrin daha düzgün olduğunu müəyyənləşdirməkdə heç də az rol oynamamışdır.

Heydər Əliyev dillə bağlı tarixi məqamları, mövcud sənədləri, arxiv materiallarını müzakirə zamanı nəzərə almağı olduqca vacib sayırdı. O deyirdi: “... çıxış edən alimlərimizin bəziləri tarixi məqamları düzgün bilmirlər, ona görə də düz fikirlər söyləmirlər. Yəni fikir deyəndə ki, tarixləri düzgün qeyd eləmirlər”. Ona görə də Heydər Əliyev Azərbaycan Respublikasının dövlət dilinin adının necə olması ilə bağlı müzakirədə Baş Arxiv İdarəsindəki sənədlərə də üstünlük verirdi. Və deyirdi: “Ona görə mən Baş Arxiv İdarəsindən xahiş etdim ki, bu mövzuda nə vaxt hansı qərarlar qəbul olunubdur, - bu barədə sadəcə arayış çıxarılsın”. Belə bir arayışı Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayev hazırlamışdır. O, ulu öndərin və müzakirə iştirakçılarının hüzurunda həmin arayışı oxumuşdur. Arayışın məzmununa görə, 1918-ci il iyul ayının 27-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən türk dili dövlət dili kimi qəbul olunmuşdur. Ancaq bu məsələ o vaxt parlamentdə müzakirə olunmayıb və qanun qəbul edilməyibdir. Odur ki, Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin ulu öndər Heydər Əliyevə və komissiya üzvlərinə müraciətlə oxuduğu arayış belədir: “Dövlət arxivlərində saxlanılan, dövlət dili haqqında məlumat olan ilk sənəddə - 1918-ci il iyul ayının 27-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmiş qərarda türk dili dövlət dili kimi elan edilmişdir. Sonra, parlamentin fəaliyyəti zamanı parlamentin iclaslarının bütün materiallarına biz baxdıq. Belə bir məsələ parlamentdə qaldırılmayıb. Demək istəyirəm ki, qanun səviyyəsində dil haqqında elə bir qərar qəbul edilməyib”. Heydər Əliyev bu arayışdan sonra soruşur: “O qərarı (türk dili dövlət dilidir qərarını – B.X.) kim qəbul edibdir?” Ataxan Paşayev cavab verir: “Bunu (türk dili dövlət dilidir qərarını – B.X.) Nazirlər Kabineti, məruzəçi bilavasitə Fətəlixan Xoyski olubdur”. Heydər Əliyev yenə də soruşur: “Onun (yəni Fətəlixan Xoyskinin – B.X.) imzası ilə qəbul olunubdur?” Ataxan Paşayev  cavab verir: “Onun (yəni Fətəlixan Xoyskinin – B.X.) imzası ilə qəbul olunubdur”. Tarixi həqiqətlər aşkar olunanda Heydər Əliyev xidməti olan insanları qiymətləndirməyi, onların qiymətini verməyi vacib sayırdı. O deyirdi: “Bəzi adamlar yenə də hissiyyata qapılaraq, subyektivliyə yol verərək ayrı – ayrı tarixi hadisələri təhrif ediblər. O cümlədən, məsələn, Fətəlixan Xoyskinin fəaliyyəti demək olar ki, Azərbaycanın bu dövrə aid ədəbiyyatında, 1918-20-ci illəri əks etdirən məqalələrdə və dərc olunan başqa materiallarda heç əks olunmayıbdır. Amma o, çox böyük işlər görübdür və xeyli müddət hökumətə rəhbərlik edibdir. Təklif var, mən ona baxacağam, onun 100 illik yubileyini də biz mütləq keçirməliyik”. Heydər Əliyev açıq şəkildə qeyd edirdi ki, bəzən bizim tarixçilər yox, jurnalistlər hissiyyata qapılaraq həqiqətləri təhrif edən məqalələr yazırlar, bununla da onlar tarixi həqiqətlərə riayət etmirlər. Bu mənada diqqət edək: “Ümumiyyətlə, bizim 1918-20-ci ildə olan ilk Azərbaycan Demokratik Respublikasının tarixi haqqında da mən hiss eləyirəm, - mən öz mülahizəmi deyirəm, - bizim ədəbiyyatda, mətbuatda yenə də subyektivliyə çox yol verilibdir. Bəzi adamlar yenə də hissiyyata qapılaraq, subyektivliyə yol verərək ayrı – ayrı tarixi hadisələri təhrif edirlər”. Yaxud başqa bir fikrə diqqət edək: “Mən sadəcə olaraq demək istəyirəm ki, bu işlərdə də bizim tarixçilər yox, bəzən bax, bu jurnalistlər hissiyyata qapılaraq məqalələr yazırlar, dərc eləyirlər, bununla yenə də qarışıqlıq yaradırlar. Xahiş edirəm tarixi həqiqətlərə riayət olunsun. Tarixi həqiqətləri təhrif etmək lazım deyil”. Bununla da Heydər Əliyev təkcə tarixi həqiqətlərin üzə çıxmasında deyil, həm də tarixi həqiqətlərin düzgün yazılmasında, cəmiyyətə çatdırılmasında öz mövqeyini açıq şəkildə bəyan edirdi.  Rəsmi sənədlərin, əmrlərin, dekretlərin mövcudluğunu üzə çıxarmaq və onların mahiyyətini təhlil etmək istəyi ilə tarixi həqiqətləri aşkarlamağa çalışırdı. Ona görə də Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin verdiyi arayışlara çox diqqətlə yanaşırdı. Və bu arayışlar bir çox tarixi həqiqətləri üzə çıxarırdı. Məsələn, Azərbaycan Demokratik Respublikasından sonra ikinci bir rəsmi sənəd 1921-ci il mart ayının 29-da olmuşdur. 1921-ci il mart ayının 29-da Azərbaycan İnqilab Komitəsi tərəfindən Nəriman Nərimanovun və Dadaş Bünyadzadənin imzası ilə əmr verilmişdir. Bu əmr ona görə verilmişdir ki, Azərbaycan SSR-in bütün idarələrində kargüzarlığın türk dilində aparılması təmin edilsin. Bunun üçün beş nəfərdən ibarət xüsusi komissiya yaradılmış və bu komissiyaya Dadaş Bünyadzadə sədr təyin edilmişdir. Bununla belə, ilk Azərbaycan Sovet Konstitusiyası 1921-ci il may ayının 19-da qəbul olunmuşdur. Bu konstitusiyada dövlət dili barədə Ataxan Paşayevin hazırladığı arayış belədir: “Birinci Azərbaycan Sovet Konstitusiyası 1921-ci il may ayının 19-da qəbul edilmişdir. Çıxışlarda, qəzet məqalələrində yazırlar ki, guya bu konstitusiyada dövlət dili kimi Azərbaycan dili göstərilib. Ancaq konstitusiyanın müxtəlif variantlarını da mən buraya gətirmişəm. Əslində o konstitusiyada dövlət dili haqqında heç bir maddə yoxdur”. Deməli, 1921-ci il may ayının 19-da qəbul olunmuş Azərbaycan Sovet Konstitusiyasında dövlət dili haqqında maddə olmamışdır. Ancaq 1924-cü il iyun ayının 27-də qəbul olunmuş dekretdə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili türk dili elan olunubdur. Bu barədə Ataxan Paşayevin hazırladığı arayışda belə qeyd olunurdu: “Yalnız 1924-cü il iyun ayının 27-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi dekret verdi. Bu dekretlə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət dili türk dili elan edilib”. Amma sonralar 5-ci, 6-cı, 7-ci, 8-ci Sovetlər qurultaylarında konstitusiyaya əlavələr edilsə də, dil haqqında heç bir maddə əlavə olunmamışdır. Arayışda bu barədə belə deyilirdi: “... 5-ci, 6-cı, 7-ci, 8-ci Sovetlər qurultaylarında konstitusiyaya heç bir maddə əlavə olunmur”.

Dilin dövlət dili elan edilməsi haqqında ilk rəsmi sənəd 1936-cı ildə olmuşdur. Ataxan Paşayevin hazırladığı arayışda oxuyuruq: “Dil haqqında dilin dövlət dili elan edilməsi haqqında ilk sənəd 1936-cı ildə 9-cu Sovetlər Qurultayına təqdim olunmuş konstitusiya layihəsidir. Maraqlıdır, bu konstitusiya layihəsinin 20-ci maddəsində Azərbaycan Sovet Sosialist Respublikasında dövlət dilinin Azərbaycan dili olduğu qeyd olunur”. Ataxan Paşayev dövlət dili ilə bağlı maddənin nə vaxt konstitusiyaya daxil olması ilə bağlı arayış hazırlayarkən çoxlu sayda şəxsi sənədlərə, arxivdə olan partiya üzvlərinin qeydiyyat vərəqələrinə, dövlət arxivində çalışan ayrı – ayrı adamların şəxsi vərəqələrinə baxmış 1937-ci ildə dil və milliyyət məsələsinə aydınlıq gətirməyə çalışmışdır. “Dil məfhumu və milliyyət məfhumu demək olar ki, bir – biri ilə bağlı olur. Məsələn, orada (şəxsi vərəqələrdə - B.X.) milliyyəti türk, ana dili türk yazılıbdır... Burada ikinci anket Mircəfər Bağırovun anketidir. Orada da milliyyəti yazılıb – tyurk...” SSRİ Konstitusiyası qəbul ediləndən sonra Azərbaycanda yenidən konstitusiya layihəsi üzərində işlənilmişdir.

Ataxan Paşayevin hazırladığı arayışda 1937-ci ildə qəbul olunmuş konstitusiyada dövlət dili barədə oxuyuruq: “1937-ci il mart ayının 14-də Azərbaycanın 9-cu Sovetlər qurultayı öz işini davam etdirib, konstitusiya layihəsi müzakirə olunub. Burada ən maraqlı bir məsələ odur ki, birinci dəfə olaraq mandat komissiyasının hesabatında qurultay nümayəndələrinin milliyyəti haqqında məlumat veriləndə yazılıb: deputatlar: azərbaycanlılar – 225 nəfər, ermənilər, ruslar və sairə və sairə. Birinci dəfə “Azərbaycan” sözü burada işlədilib... Demək istəyirəm ki, 1937-ci ilin konstitusiyası qəbul ediləndən sonra heç yerdə “türk dili” məfhumu işlənməyib. Ancaq çox maraqlıdır ki, layihədə olmasına baxmayaraq, 1937-ci il aprel ayının 14-də qəbul olunmuş konstitusiyada belə bir maddə yoxdur. Konstitusiyadan həmin maddə çıxarılıb”. Deməli, layihədə olmasına baxmayaraq, 1937-ci il konstitusiyasında dövlət dili barədə maddə olmamışdır.

Heydər Əliyev tarixin hər bir məqamında həqiqət üzə çıxan kimi fikri daha da dərinləşdirir, mövqelərə aydınlıq gətirməyə çalışırdı. O, 1937-ci ildə qəbul olunmuş konstitusiyada dövlət dili barədə maddənin olmaması fikrini dərinləşdirərək deyirdi ki, 1937-ci il konstitusiyasında dövlət dili haqqında maddə yoxdur. Heydər Əliyevə görə, bundan sonrakı tarix isə belədir ki, 1956-cı ildə Azərbaycan Konstitusiyasına əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”. Sonra isə 1978-ci ilin konstitusiyasında yazılıbdır: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Heydər Əliyev faktları güclü məntiqlə ümumiləşdirmək bacarığı və qabiliyyəti ilə də fərqlənirdi. O, Baş Arxiv İdarəsinin rəisinin verdiyi arayışdan çıxış edərək belə bir ümumiləşdirmə aparırdı: 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Fətəlixan Xoyskinin imzası ilə dövlət dili türk dili kimi qəbul olunub, ancaq bu məsələ parlamentdə qaldırılmayıb, qanun səviyyəsində qərar qəbul edilməyibdir. 1921-ci il birinci Azərbaycan Sovet Konstitusiyasında dövlət dili haqqında maddə olmamışdır. 1937-ci il konstitusiyasında da dövlət dili barədə maddə yoxdur. 1956-cı il konstitusiyasında dövlət dili maddəsi əlavə olunmuş, 1978-ci il konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması maddəsi öz əksini tapmışdır. O, faktlara çox dəqiqliklə yanaşırdı: “1936-cı ildə Azərbaycanın konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili yazılıb. Ancaq konstitusiya 1937-ci ilin aprel ayında qəbul olunubdur və o konstitusiyada dövlət dili haqqında heç bir maddə yoxdur. Və o vaxtdan 1936-cı ildən bütün sənədlərdə Azərbaycan dili gedib. Ancaq konstitusiyada bu olmayıbdır. 1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş konstitusiyasına maddə əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir...” Nəhayət, 1978-ci ildə qəbul olunmuş konstitusiyada yazılıb ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”. Tarix budur “Xahiş edirəm hamı bilsin”.

Heydər Əliyev arxiv sənədlərinə, materiallarına istinad etməklə müzakirələr aparırdı. Bununla da o, tarixin bir çox gizli məqamlarını aşkarlayır, tarixi həqiqətləri üzə çıxarırdı. Bu işdə Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin hazırladığı arayışın nə dərəcədə dolğun, məzmunlu olduğunu üzə çıxarmaq üçün imkan yaradırdı ki, müzakirə iştirakçıları sərbəst polemika apara bilsinlər. Belə sərbəst polemika da aparılırdı. Bununla da türk, tatar, Azərbaycan sözlərinin dilimizin adı kimi işlənməsi barədə maraqlı sual və cavablar olurdu. Məsələn, Azərbaycan Respublikasının xalq deputatı, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü Bəxtiyar Vahabzadənin sualı: “Mənim üçün çox maraqlıdır, 1918-ci ilə qədərki sənədlər bizim dövlət arxivimdə varmı? Xüsusən də 1914-1915-ci illər, ya ondan əvvəlki?” Bu suala Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin cavabı: “Bəxtiyar müəllim var, ancaq orada dil “tatar dili” yazılırdı. Ona görə qeyd elədim, birinci dəfə rəsmi dövlət dili kimi türk dili Demokratik Cümhuriyyətin bu qərarı ilə olub. Bu, Gəncədə olan vaxt, 1918-ci ildəki Demokratik Cümhuriyyətin ilk qərarlarındandır”. B.Vahabzadənin “Ondan əvvəl nə yazırdılar?” sualına Ataxan Paşayev belə cavab verir: “Tatar”. Və Ataxan Paşayev tatar dilinin haradan gəlməsi barədə öz fikirlərini belə söyləyirdi: “... tatar dili haradan gəlibdir? Tatar dili ruslar bura gələndən sonra, görünür, dil tatar dilinə oxşadığına görə elə, “tatarin, tatarin” deyiblər, ondan da elə belə gedib axıra qədər”. O, haqlı olaraq qeyd edirdi ki, sənədlərdə türk, tatar, azərbaycanlı yazılmaqla yanaşı, müsəlman da yazılırdı. Və sənədlərin əksəriyyəti rus dilində olduğu üçün “musulmanin” yazılırdı.

Ataxan Paşayev ona verilən sualların müqabilində deyilirdi: “... əgər elə baxsaq, sənədlərin hamısında yazılanlar əgər azərbaycanlıdırsa, tutaq, tatardırsa, bunlar yazırdı: musulmanin. Əksəriyyət sənədlərdə milliyyət məsələsi belə yazılırdı. Bunlar təsadüfi deyildi – “Kəşkül”də, filanda bu məsələlərin qaldırılması, milliyyəti nədir: müsəlman. Deyir, axı, müsəlman milliyyət deyil, dindir. Sənin milliyyətini soruşuram. Axırda buna deyəndə ki, bəs sizə biz nə deyək, deməli, siz bizi azərbaycanlı hesab eləyirsiniz. Demək istəyirəm ki, bəla burasındadır ki, bunların hamısı hər yerdə bu məfhum müsəlman məfhumu kimi yazılıb. Ona görə də bütün sənədlər rus dilində getdiyinə görə (demək, sənədlərin 90 faizi rus dilindədir) orada, bu sənədlərdə yazanda milliyyəti yazırdı ya tatar, ya müsəlman”. Yeri gəlmişkən qeyd edək ki, milliyyətin müsəlman yazılmasını, müsəlman sözünün həm dil, həm də dini mənsubiyyət kimi işlənməsini təsdiq edən faktlar kifayət qədərdir. Məsələn, Ömər Faiq Nemanzadənin (1872-1937) “Mən kiməm?!” felyetonunda yazılır: “Böyük “İslamiyyə” mehmanxanəsinə gedəlim. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:

-         Goy və millətiniz nədir?

-         Əlhəmdülillah müsəlmanız.

-         Şiəsiniz, yoxsa sünni?

-         Heç biri deyiliz, təkcə müsəlmanız.

-         Özgə, daha bir adınız – zadınız yoxmu?

-         Xeyr, xeyr, xeyr!”

Ömər Faiq Nemanzadə “Mən kiməm?! Felyetonunda qeyd edir ki, biz özümüzü tanımırıq, heç öz millətimizin adını da bilmirik. Ancaq başqaları öz dinini və millətini bir – birindən ayırır. Məsələn, gürcü bilir ki, məzhəbi pravoslav, milləti gürcüdür, yaxud rus bilir ki, məzhəbi pravoslav, milləti rusdur.

Bununla belə, Ömər Faiq Nemanzadə “Mən kiməm?!” felyetonunda türk sözünü də milliyyət adı kimi işlədir: “Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz”, “Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkəcək deyiləm”, “Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola” və s. Bundan başqa, Azərbaycan sözü də dil və vətən adı kimi işlənmişdir. Məsələn, Cəlil Məmmədquluzadənin (1869-1932) “Azərbaycan” felyetonunda oxuyuruq: “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

-         Mənim anam kimdir?

Öz – özümə də cavab verirəm ki:

-         Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

-         Dilim nə dildir?

-         Azərbaycan dilidir.

-         Yəni vətənim haradır?

-         Azərbaycan vilayətidir.

Demək, çünki dilimin adı türk – Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir”.

Yaxud Məhəmmədağa Şahtaxtlının (1846-1931) yaradıcılığında Azərbaycan türkcəsi, Azərbaycan dili ifadələri işlənir: “Qərbi türkcə Osmanlı ilə Azərbaycan türkcəsidir. Osmanlı türkcəsilə Azərbaycan türkcəsinin arasında demək olar ki, heç fərq yoxdur”, “Bizim Azərbaycan dilimizin eyni olan Osmanlı dili ədəbiyyatının sərvəti sayəsində Qazan və Çığatay türkcəsi ilə qonuşan həmlisanlarımız arasında da ədəbi dili, kitab dili maarif və diyanət dili olmuşdur” və s.

Dövlət dili məsələsi müzakirə olunan zaman Heydər Əliyev geniş imkan yaradırdı ki, rəsmi dövlət sənədləri, dekretlər, qərarlar, konstitusiyalar dəqiq yoxlanılsın, araşdırılsın və orada bu məsələlər bütün dəqiqliyi ilə izlənilsin. Rəsmi sənədlərdən kənarda Azərbaycan dili, türk dili, tatar dili, Azərbaycan türkcəsi, müsəlman dili ifadələri də işlənmişdir. Xüsusilə, Həsən bəy Zərdabinin, Məhəmmədağa Şahtaxtlının, Firidun bəy Köçərlinin, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün, Əliqulu Qəmküsarın, Məmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin və digərlərinin yaradıcılığında bu ifadələrdən biri və digəri dilimizin adı kimi işlənmişdir. Ona görə də Baş Arxiv İdarəsinin rəisi bu məsələni çox dəqiq bir şəkildə müzakirə iştirakçılarının verdiyi suallar əsasında onların nəzərinə çatdırırdı. O deyirdi: “... burada söhbət rəsmi dövlət sənədlərindən gedir: konstitusiyadır, dekretdir, qərardır. Yoxsa, elə - beləyə qalanda 1917-ci ildə Cəlil Məmmədquluzadə öz felyetonunda yazmışdı: “Mənim milliyyətim nədir? – Azərbaycanlı. Dilim nədir? – Azərbaycan dili”. Sonra da özü də yazır ki, “Azərbaycan türkcəsi”. Demək istəyirəm ki, bu çox deyilib. Hətta Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” haqqında verdiyi ərizədə yazıb ki, tatar. Mötərizədə “Azerbaydjanskoye nareçie” – bunu da əlavə eləyir. Mən yenə də deyirəm, burada rəsmi sənədlərdən söhbət gedir”. Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev rəsmi sənədlərə üstünlük verir, bir dövlət, siyasət adamı kimi hər bir şeyin hüquqi tərəfinə söykənirdi. Dillə yanaşı, millət məsələsinə də aydınlıq gətirməyə çalışırdı. İkinci bir vacib məsələ kimi milliyyət məsələsini də müzakirə iştirakçılarının diqqətinə çatdırırdı: “İkinci bir şeyi də mən istəyirəm müzakirə üçün nəzərinizə çatdırım. Dil ilə bərabər milliyyət haqqında da yazılar var. Bu gün həmin o tarixi sənədləri mənə gətirib göstərdilər. Bütün o sənədlərdə, anketlərdə milliyyət yazılır: türk”. Həqiqət də belə idi ki, 1936-cı ildə Sovetlər qurultayının nümayəndələrinin anketlərində onların milliyyəti türk rusca tyurok yazılıbdır. Həmin sənədlərlə şəxsən Heydər Əliyev tanış olmuş, onlara bir – bir baxmışdı. Ona görə də milliyyət məsələsinin də müzakirədə aydınlaşdırılmasını istəyirdi və deyirdi: “Orada Mircəfər Bağırovun da, Qəzənfər Musabəyovun da, Ayna Sultanovanın da, Həmid Sultanovun da, başqalarının da anketləri var. Anketlərdə onların milliyyəti yazılıb: türk. Rusca yazılıb: tyurok. Azərbaycanca yazılmayıbdır, amma rusca yazılıb: tyurok. Oxumuşam mən. Demək, bu məsələni də əgər dil haqqında müzakirə aparırıqsa, aydınlaşdırmalıyıq. Biz türkük, ya azərbaycanlıyıq, ya tatarıq, kimik – bunu da aydınlaşdırmalıyıq. Demək, o vaxta qədər (1936-cı ilə qədər – B.X.) milliyyət də yazılıbdır: tyurok”.

Heydər Əliyev milliyyət məsələsinin dəqiqləşməsi ilə bağlı elə məntiqli fikirlər irəli sürürdü ki, bu fikirlərin obyektivliyi və reallığı qarşısında fikirləşməli olurdun. Məsələn, “... 1918-ci ildən 1936-cı ilə qədər 18 il müddətində Azərbaycanda dövlət dili türk dili kimi qəbul olunub. Konstitusiyada yazılmasa da, türk dili kimi qəbul olunub. 1936-cı ildən sonra Azərbaycan dili yazılıb. Bu müddətdə də azərbaycanlılar öz milliyyətini “türk” yazıblar və özlərini türk hesab ediblər”. Bununla da, Heydər Əliyev həmin dövrdə milliyyətin türk yazılmasının konstitusiyada təsbit olunmadığını nəzərə çatdırırdı və belə bir məsələnin hüquqi əsasının olmadığını diqqət mərkəzində saxlayırdı. Açıq şəkildə qeyd edirdi ki, həmin dövrdə (1918-1936-cı illərdə) dövlət dilinin adı da, milliyyət adı da konstitusiyada öz əksini, təsbitini tapmamışdır.

Heydər Əliyev tarixi öyrənməyin tərəfdarı idi. Ona görə də o, tarixi öyrənmək işində arxiv materiallarına, mənbələrə üstünlük verirdi. Mənbələr və arxiv materialları o yerə aparıb çıxarırdı ki, tarixin müxtəlif mərhələlərində dilimiz türk, Azərbaycan, tatar, azəri, Azərbaycan türkcəsi adlanıbdır. Ancaq real vəziyyətdən çıxış etmək, türk dillərinə məxsus olan dilimizin öz adını dəqiq çağırmaq vacibdən vacib idi. Bu məsələ Milli Məclisin üzvü, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü Yusif Səmədoğlunun fikirlərində də çox real səslənirdi: “Mənim fikrim nə qədər paradoksal görünsə də, onu demək istəyirəm ki, totalitarizm adlandırdığımız, sovet imperiyası adlandırdığımız dövrdə, 60-70-ci ildə Azərbaycan dili formalaşdı, Azərbaycan dili yetkinləşdi və Azərbaycan dili sözün əsl mənasında Azərbaycan dili oldu”. Heç kəs onu da inkar edə bilməz ki, Azərbaycan dilinin özünəməxsus xüsusiyyətləri yoxdur. Eyni genin daşıyıcısı olan qardaşlar bir – birindən necə fərqlənirsə, Azərbaycan dili də digər qardaş türk dillərindən elə fərqlənir. Hələ onu da nəzərə alsaq ki, Azərbaycan sözünü məmləkət və dil adı kimi inkar etmək meyli tarix boyu olmuşdur. Görünür ki, bu meylin tərəfdarları məsələnin siyasi məqamlarını da nəzərə almışlar. Burada böyük dövlətlərin marağı olmuşdur. Belə ki, Azərbaycan sözünü dövlət adı kimi, dil adı kimi inkar etmək, bununla da Azərbaycan adlı məmləkətin, dilin adını tarix səhnəsindən çıxarmaq. Bu siyasi məqamları müzakirə iştirakçılarından Milli Məclisin üzvü, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü Yusif Səmədoğlu belə xarakterizə edirdi: “... uzun illər Azərbaycanı bir məmləkət kimi, bir dövlət kimi inkar meyli hökm sürmüşdür. Və indi də o meyl hökm sürür. Yəni guya Azərbaycan adlı məmləkət olmamışdır. Azərbaycan dili yoxdur, var türk dili, bir də var “tyurkskiy yazık...”. Bu da bir daha onu sübut eləyir ki, uzun illər boyu, yenə təkrar eləyirəm, Azərbaycanı məmləkət kimi, dövlət kimi inkar meyli bu böyük dövlətlər tərəfindən həyata keçirilir və bu gün də bunu həyata keçirmək istəyirlər”. Deməli, burada belə bir məqam da var ki, Azərbaycan sözünü dil adı kimi inkar etmək, bu milləti yaşadığı ərazidən ayırıb başqalaşdırmaqdır. Bunun isə hüquqi, əxlaqi, mənəvi tərəfləri vardır. Məhz Heydər Əliyev bu cəhətlərə də xüsusi önəm verirdi.

Təsadüfi deyil ki, müzakirələrdə heç kəs bizim dilimizin türk dillərinə daxil olması və mənşəyimizin türk olmasını inkar etməmişdir. Bunu inkar etmək ağılsızlıq, tarixi və dəyərləri bilməmək kimi qiymətləndirilməlidir. Azərbaycan dilinin böyüklüyünü qəbul etmək bu dilin böyüklüyünü başqa bir adın əvəz edə bilmədiyini əsaslandırmaq həm də şairlərimizi (ziyalılarımız, yazıçılarımız, filoloqlarımız, dilçi alimlərimiz olmaqla) çox narahat etmiş və düşündürmüşdür. Bu mənada şair Cabir Novruz deyirdi: “Biz də türk mənşəliyik. Amma bununla bərabər bizim də öz qədim torpağımız, məhz özümüzə mənsub adət - ənənələrimiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz, əvəzsiz, qədim Azərbaycan dilimiz var. O, bizim ana laylamızdır, qılıncımızdır, xilasımızdır, ən böyük mənəvi sərvətimizdir. Zaman – zaman onu bütün yasaqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla, qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq. Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz eləyə bilməz.

... mən belə hesab edirəm ki, yeni konstitusiya layihəsinin 23-cü bəndində yazılan “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” cümləsini saxlamaq daha düzgün və ədalətli olardı”.

Heydər Əliyev bilirdi ki, xalq öz problemini özü həll etməyi bacarır. Təbii ki, xalq sahib olduğu hər şeyin, o cümlədən dilin qədrini bilir, onu qoruyur və yaşadır. Doğrudan da, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş konstitusiyanın 23-cü maddəsini – “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsini təsbit etdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?