Modern.az

Külə dönmüş Çörək Muzeyi...

Külə dönmüş Çörək Muzeyi...

28 Aprel 2011, 19:43

Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

Maraqlıdır ki,  hafizəmizdə hər bir şəhər, qəsəbə və ya kənd daha çox hansısa əlamətdar hadisə və ya məhsulu  ilə yadda qalır. Lənkəran çayı ilə, Astara lumusu ilə, Cəlilabad üzümü ilə, Gədəbəy kartofu ilə, Sabirabad qarpızı ilə, İsmayıllı “Qızıl Əhməd”alması ilə, Quba alması ilə, Göyçay narı ilə, Şəki halvası və pitisi ilə, Zakatala fındığı ilə, Xaçmaz pomidoru ilə,  Agdam isə şərabı ilə. Həmin illərdə “Ağdam” çaxırı Rusiyada ən ucuz və “bərkgedən”  şərab sayılırdı.

Ötən illərdə Rusiyanın ikinci preizdenti Bladimir Putinin “Ağdam” çaxırının erməni vətəndaşlarımızla  birgə istehsalı barədə  dedikləri siyasi məna daşısada, diqqətimizi çəkən xeyli müddət keçməsinə baxmayaraq Rusiya liderinin xatirində məhz “Ağdam” çaxırının qalması oldu. Fransa və Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış konyak və çaxır brendləri dünyada indi də məşhurdur.

Unutmaq olmaz ki, Ağdamda üzümçülüyün qədim tarixi var. Hətta həmin dövrlərdə  Agdamda üzümçülük kompleksləri yaradılmış və Şərab zavodları istismara verilmişdi.  Həqiqətən Ağdam elə bir səviyyəyə gəlib çatmışdı ki, onun istehsal etdiyi çaxırın hesabına “Ağdam” sözü  qonşu ölkənin dilinin az qala leksik bazasına daxil olmuşdu. Və bu əlamət sanki“Ağdam” çaxırını şəhərin atrubutuna çevirmişdi. Ancaq Ağdamın məhz çaxırla geniş şəkildə tanınmasında  heç bir qəbahət olmasada, hər halda yaxşı hal da deyildi. 1979-cu ildə Agdam Rayon Partiya Komitəsinin birinci katibi seçilən Sadıq Murtuzayevin atacağı addımlar sonradan bu əlaməti tam alt-üst etdi. Məhz onun təşəbbüsü ilə yaradılan  və “Kommunist” küçəsində  yerləşən Ağdam  “Çörək Muzeyi”nin səs-sorağı bütün SSRİ-yə və dünyaya yayıldı, sonradanAğdamın simvoluna çevrildi. Bu gün həqiqətən Agdam Çörək Muzeyi keçmiş SSRİ-i ərazisində yaradılan ilk muzey olmaqla yanaşı, Şərq dünyasında hələ ki yeganə muzey olaraq qalmaqdadır.


Muzeyin fəaliyyət göstərdiyi dəyirman vaxtılə “Od dəyirmanı” olmuş və XİX əsrin sonlarında istifadəyə verilmişdi. “Od dəyirmanı” mazutla işləyirdi. Çox sonralar dəyirman şəhəri nəinki unla, hətta enerji ilə təmin edirdi. Yəni gündüzlər dəyirman kimi işləsədə, axşamlar “Dəyirman həyəti”ni və bir çox əraziləri işıqla təmin edirdi. Ikinci Dünya müharibəsi illərində “Od” Dəyirmanı şəhər sakinlərinin ümid yerinə çevrilmişdi. Kompleksə karvansarayda daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansaray uyğunlaşdırılaraq yaşayış üçün yerli sakinlərə verildi. Dəyirman həyətində Ağdam Dövlət Dram Teatrının direktoru, xalq artisti, “Qacar” rolunun mahir ifaçısı Məmməd Əmirov, Mədəniyyət Şöbəsinin kassiri Kamal kişi, Məhkəmə işçisi Əşrəf kişi,  Həsi kişi və onlarca ağdamlı yaşayırdı. Bu gün dəyirman həyətində böyüyüb boya başa çatmış Agdamın çox tanınmış onlarca simaları vardır.

Deyilənlərə görə, Məhəmməd kişi dəyirmanı ilk işlədənlərdən olub. Sonralar bu ənənəni Astan kişi davam etdirmişdi. O da dəyirman həyətinin sakini idi. Və sonralar muzeydə dəyirmançı işini davam etdirmişdi. Muzeydəki dəyirman isə 1987-ci ildə tam işlək vəziyyətə gətirildi. Dəyirmanın bərpasında həmin dövrdə Ağdam Dəzgahqayırma zavodunda işləmiş onlarca  rayon sakininin böyük rolu olmuşdu. Elə bir səmimi abu-hava yaranmışdı ki, hamı muzeyə öz töhvəsini vermək arzusunda idi və buna can atırdı.  İstər onun təmiri zamanı, istərsə də eksponat yığımı zamanı. 

Muzeyə Faytonçu Bəhmən kişinin də faytonu eksponat kimi təhvil verilmişdi. Bu həmin fayton idi ki, o illərdə şəhərdə keçirilən rayon səviyyəli  bütün şənliklərdə öndə gedərdi.

Muzeyin ideyası 1982-ci ildə  yaranmışdi. Elə həmin ildən də başlanan təmir bərpa işləri1983-cü ildə başa çatmış və muzey ilk ziyarətçilərini 1983-cü ilin ortalarından qəbul etməyə başlamışdı. Bərpa işləri yerli mütəxəssislər tərəfindən icra olunmuş, habelə dəyirman binasının həndəvəri təmir edilmiş, fasadında məşhur daş mozaika yaradılmışdı.Agdam rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevin müraciətindən sonra muzeyin yaradılmasına dəstək vermək, habelə muzeyin bütün tərtibat işlərini mədəniyyət naziri olan Zakir Bağırovun əmri ilə yaradılan altı nəfərlik bədii tərtibat qrupu tərəfindən həyata keçirilmişdi. Nazirliyin nümayəndə heyətinə  muzeylər idarəsinin rəisi Səriyyə İsmayılova başçılıq edirdi.

Bədii  tərtibat işlərinin bilacasitə nazirliyin bədii tərtibat idarəsinin əməkdaşı, yəhidi əsilli E.G.Krupkin həyata keçirəsi oldu. Nümayəndə heyəti iki ay ərzində işini təhvil verərək, muzyin ekspozisiya zalının bütün tərtibat işləri yekunlaşdıra bildi. Muzey 3 əsas bölmədən ibarət idi. Giriş birbaşa sərgi zalına açılırdı. Sərgi zalından sol tərəfdə 20 kv.m-lik inzibati otaq,  sag tərəfdən isə “Sünbül” kafesininin muzeydən olan girişi idi. Birici sərgi zalı 80 kv/m., ikinci sərgi zalı 30 kv/m. həcmində idi.Birinci zalda  mexaniki dəyirmanın yerləşirdi. Bundan əlavə zalda qədim küpələr və ərazidən tapılmış  digər  qədim əşyalar nümayiş olunurdu. Ondan sonrakı zal sırf taxılçılıq və əkinçiliklə baglı məsələlərə həsr olumuşdu. Burada  müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, həmçinin həmin dövrdə geniş maraq döğuran və buğdadan düzəldilmiş  Azərbaycan xəritəsi də nümayiş olunurdu.

Xatırladaq ki, həmin xəritəni muzeyə Zakatalada hazırlayıb gətirmişdirlər. Muzeyin ekponat fondunun  yaradılması və onun SSRİ məkanında əlaqələrinin qurulması isə muzeyin birinci direktoru Allahverdi Əsədovun rəhbərliyi ilə həyata keçirilmişdi. Muzeydə təmir işləri bir ilə yaxın davam etmiş, bütün vəsait yerli imkanlar hesabına və Mədəniyyət şöbəsinin maliyyə vəsaiti ilə həyata keçirilmişdi. Bu dövrdə muzeydə aparılan təmir bərpa işlərinə Ağdamın tanınmış təşkilatları və tikinti müəssisələri cəlb olunmuşdu: Agdam İstehlak Cəmiyyəti, Şəhər İstehlak Cəmiyyəti, Agdam Taxıl Məhsulları Kombinatı. Mozaikanın ideya müəllifi Sadıq Murtuzayevə aid idi. Muzeydə aparılan təmir işləri çox diqqətlə aparılır və bütün məqamlar çoxsaylı müzakirələrdən sonra həyata keçirilirdi. Bir faktı qeyd edək ki, muzeydəki çıl-çıraqlar beş dəfə dəyişdiriləndən sonra, muzeyin abu havasına uyğun olduqdan sonra asılmasına icazə verilmişdi.

Eksponat fondunda onlarca ölkənin və regionların cörək növləri yığılmışdı. Hətta Əbülfəz Bərəkətlə Nadir İsmayılovun (“Obpit”in müdiri) Səmərqənd Çörək  bazarına, Tiflis şəhərinə səfəri də olmuşdu. Amma yığılan çörəklərin özləri, yəni hazır məhsul olduğundan tez sıradan çıxmış və sonralar nümayiş edilməkdən yığışdırılmışdı. Qeyd edək ki, həmin dövrdə yığılan çörək nümunələrinin  heç birinin mulyajı olmamışdı. Muzeyin rəsmi status alması xeyli müddət çəkmiş və demək olar ki, həmin dövrdə rəsmi status alana kimi muzeyin əməkdaşları Mədəniyyət Şöbəsinin işçiləri hesab olunurdular.Muzey rəsmi statusu Zakir Bağırov mədəniyyət naziri olarkən almışdı. Perspektivdə isə muzeyin elmi mərkəz olması nəzərdə tutulmuşdu. Bundan əlavə muzeyin həyətində təndirlər düzəldilmişdi. 1982-1987-ci illəri muzeyin fəaliyyətində ən məhsuldar dövrü hesab etmək olar. Həmin illərdə  Ağdamda keçirilən “Natəvan” Qızlar Bayramı, “Xarı Bülbül” Beynəlxalq Festivalı məhz muzeyə baxışla başlamışdı. Ağdam sanki ikinci nəfəs almışdı. Məhz həmin illərdə “İmarət” də Xan qızı Natəvanın və Qarabağ Xanlarının məzarlarıda əsaslı şəkildə bərpa olunmuşdu. Şəhərin ticarət sıraları abadlaşdırırlır, yeni görkəm verilirdi.  Məşhur Agdam bazarında isə hər nə desən tapmaq mümkün idi...

Həmin illərdə həyata keçirilən layihələrin müəllifi, haqqında söhbət açdığımız muzeyin yaradıcısı və ideya müəllifi Sadıq Murtuzayev belə xatırlayır:Ağdam bir çox birinciləri ilə şöhrətlənmişdi. O cümlədən SSRİ məkanında ilk Çörək muzeyini yaradılması ilə də yaddaşlarda qaldı. Çörək Muzeyinin  tarixi maraqlı idi. Küçələrin birindən maşınla keçərkən böyük bir xaraba binaya rast gəlib dayandım. Məlum oldu ki, bu, köhnə mexaniki dəyirmandır. İkinci Dünya Müharibəsi illərində bütün rayona xidmət edib. Sonralar istifadə olunmadığından dağılmış, lakin bir zamanlar əhalini yedizdirən bir obyekt olduğunu nəzərə alıb, müqəddəs bilərək ona toxunmamışlar. Bəs nə etmək lazım gəldiyi barədə düşünərkən çörək muzeyi yaratmaq ideyası fıkrimizə gəldi. Onu bərpa edib abadlaşdırdıq və işə saldıq. Yanında da bir neçə təndir quraşdıraraq xüsusi kafe açıldı. Burada üyüdülmüş Ağdam buğdasının unundan təndir çörəyi bişirilib əhaliyə satılır, həm də kafedə motal pendiri ilə şirin çay, kofe verilməsi ilə ağdamlıların çox sevdiyi bir obyektə çevrildi...”

Muzeyin ilk direktoru, telejurnalist Allahverdi Əsədov: “Beş il idi ki, Rüstəm Səlimovun rəhbəri olduğu Xındırıstan kənd orta məktəbində  rus dili müəllimi  kimi çalışırdım. Orta məktəbi və bitirdiyim iki Ali məktəbi  rus dilində oxuduğumdan rayon partiya komitəsinin birinci katibi Sadıq müəllimə məhz rus dilində məzmunlu bir məktub yazdım. İş elə gətirdi ki, az müddət ərzində yazdığım məktubun məzmunu birinci katibin diqqətinin çəkdiyindən məni görüşə dəvət etdi və ilkin olaraq muzey direktoru kimi fəaliyyət göstərməyi məsləhət gördü. Beləcə Mədəniyyət Şöbəsində ştata götürüldüm. Muzeyin ştat cədvəli təsdiq edildikdən sonra isə direktor vəzifəsinə təyin edildim. İlkin olaraq oturacaq yerimiz olmadığı üçün  Agdam Tarix-Diyarşünaslıq muzeyinin  binasında fəaliyyətə başladıq. Muzeyin direktoru isə Yusif Əhmədov idi. Muzey isə Agdam Müəllimlər Evinin yanında köhnə bir binada yerləşirdi. Agdam rayon prokurorluğu və Agdam mətbəəsi də həmin küçədə idi. İlkin dövrdə Çörək Muzeyi üçün geniş fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Ayrıca əkin sahəsinin ayrılması planlaşdırılmışdı. Bu sahədə məhz yerli bugda növləri əkilməli və məhsullar muzeydə bişirilərək, həm nümayiş etdirilməli, həm də satışa çıxarılmalı idi...

Yazışmalar başlandı. Bir tərəfdən muzeydə təmir bərpa işləri həyata keçirilir. Digər tərəfdən eksponat fondu formalaşdırılırdı. Həmin vaxt “Sünbül” kafesi muzeyin balansında olsada, sonralar “Obpit”in balansına verilmişdi. Etiraf etməliyəm ki, bu mənim sahəm olmasada işin öncüllərindən olmağımla fəxr edirəm. 1984-cü il sentyabrın 1-ə kimi muzeydə çalışdım. Sonra isə əvvəllər AZTV-də şöbə redaktoru işləmiş Niyazi Quliyev bu vəzifəyə təyin edildi. Mənim hazırda AZTV-də ki fəaliyyətim də məhz həmin ildən başlayır...”

Niyazi Quliyev muzeyə az müddət ərzində  rəhbərlik etmişdi. Səhhəti ilə əlaqədar o vəzifəsini  tərk etrməli oldu. “Bilik” Cəmiyyətinin rayon şöbəsinin müdiri işlmiş Ofelya Zeynalova muzeyə rəhbər təyin edildi. Muzeyə rəhbərlik O. Zeynalova  üçün bir növ tramplin rolunu oynadı. Bundan sonra 1987-ci ildə irəli çəkilərək Agdam Rayon Təhsil şöbəsinin Müdir Muavini vəzifəsinə təyin edildi. O.Zeynalovadan sonra isə muzeyə Hafiz Əliyev təsdiq olundu.

Ağdam Çörək muzeyi fəaliyyətə başladığı andan etibarən yerli sakinlərlə yanaşı keçmiş SSRİ məkanına daxil olan respublikaların vətəndaşlarınında diqqətini çəkdi. Həmin dövr muzeydə nümayiş olunan eksponatların 300-dək hissəsi muzeyi ziyarətə gələn əcnəbi qonaqlar tərəfindən hədiyyə edilmişdi.  Ən yadda qalanını isə Qalina Andreyena Konayeva təqdim etmişdi.  Mərkəzi televiziyada muzeylə baglı süjet verildikdən az sonra o saxladığı “blokada çörəyini” Agdama gələrək muzeyə təqdim etmişdi.Qeyd edək həmin süjeti efirə telejurnalist, Mərkəzi televiziyanın Azərbaycan üzrə müxbiri işləmiş  Mais Məmmədov hazırlamışdı.Tübikdə olan kosmonavt çörəyi isə Allahverdi Əsədovun yazımalarının nəticəsi idi.

Həmin illəri Agdam Mədəniyyət şöbəsinin müdiri işləmiş, əməkdar mədəniyyəıt işçisi,birinci çağırış   Milli Məclisin  üzvü seçilmiş Çimnaz xanım  Əliyeva belə xatırlayır: “Sadıq müəllim (Sadıq Murtuzayev nəzərdə tutulur) o vaxt  “İzestiya” qəzetində gedən bir məlumatı oxuduqdan sonra mədəniyyət sahəsində çalışan şəxsləri yığıb muzeylə baglı fikirlərini bölüşdü. Məlumatda Almaniyanın Ulm şəhərindəki Çörək muzeyi barəsində yazılmışdı. Hamı tərəfindən deyilən fikir təsdiqlənəndən sonra işə başlamaq üçün hazırlıq görüldü. Həmin vaxt “Dəyirman”da aparılan işlərin hamısı yerli imkanlar hesabına həyata keçirilirdi. Maliyyə ilə baglı mərkəzə müraciət edilmədi. Həmin dövrdə Agdamda ittifaq səviyyəli (Heyvandarlıq müşavirəsi) tədbir keçiriləcəkdi. Heyvandarlığın inkişafına yönələn tədbirdə 9 respublikadan 100-dək qonaq gəlməli idi. Xatırladaq ki, həmin illərdə Agdam “Kökəltmə” Birliyi yaradılmış, Qaradağlı və Güllücə kəndlərində geniş heyvandarlıq kompleksləri inşa edilmişdi.

Eksponat fondunun yaradılmasında Akademik İmam Mustafayevin böyük xidməti oldu...

O vaxt muzeyin ştat cədvəlinə   dəyirmançı ştatı da  salınmışdı. Bunun əsas səbəbi məhz dəyirmanın işlək vəziyyətdə saxlamaq və hazır məhsulları qonaqlara təqdim etmək idi. Bədii tərtibat işlərininn həyata keçirilməsində bizə Mədəniyyət nazirinin əmri ilə Agdama ezam olumuş Nazirliyin Muzeylər idarəsinin rəisi Səyyarə xanım İsmayılovanın rəhbərlik etdiyi işçi qrupunun da danılmaz xidməti olmuşdu...”

Hazırda Azərbaycan Gənc Tamaşıçılar Teatrında çalışan, əməkdar mədəniyyə işçisi Səriyyə  İsmayılova: “Muzeylərdədə bədii tərtibat işlərinin həyata keçirilməsiən məsuliyyətli bir işdir. O ki qaldı Agdamda yaradılmış Çörək muzeyi olsun. Yəni o dövrdə tək respublikamızda deyil, həm də ittifaqda yeganə olan muzeyin hər bir ekspoziosiyası, divarda olan ornamentlər, şüşədən və daşdan hazırlanmış mozaikalar diqqət tələb edirdi. Muzeyin tərtibatı iki aya yaxın çəkdi. Havaların soyuq keçməsinə baxmayaraq bizim hər birimiz var qüvvəmizlə çalışırdıq. Muzeydə aparılan işlərdə isə E. G. Krupkinin daha çox zəhməti oldu. Xatırladım ki,bu mənim Agdama ikinci səfərim idi. Birinci səfərim 1980-ci ilə təsadüf edirdi. Gəlişimizin əsas səbəbi rayon tarix diyarşünaslıq muzeyinə rəsmi status verilməsi idi. Həm də müzeydə çalışacaq insanlara təlimlərin keçirməli idik. Sevda Dadaşova ilə birgə etdiyim səfərdə tarix diyarşünsalıq muzeyinə baxış kerib, muzeyin fəaliyyəti üçün tələb olunan sənədləri hazırladıq. Həmin dövrdə fəaliyyət göstərən diyarşünsalıq muzeylərinin, demək olar ki hamısı ictimai əsaslarla fəaliyyət göstərir və yerlərdə tarix müəllimlərinə həvalə edilirdi. Agdamda da bu işi Yusif Əfmədova həvalə etmişdilər. Öz işinin bilicisi olan Yusif müəllimin muzey işinin təşkilində təcrübəsi olmadığından  hətta eksponatlar belə inventarlaşdırılmamışdı. Təxminən bir həftə ərzində apardığımız gərgin iş nəticəsində qarşımıza qoyulan məqsədə nail olduq. İkinci səfər isə mənim üçün daha əziz idi. Çünki analoqu olmayan muzeyin yaratmaq üçün gedirdim....Biz buna nail olduq... ”

Bəli, ildən ilə muzeyin eksponat fondu zənginləşir, zənginləşdikcədə öz əhatə dairəsini genişləndirirdi. 1987-ci ildə muzeyin inkişafı elə bir səviyyəyə  çatmışdı ki, Güllücə Kənd Orta Məktəbində  muzeyin  ictimai əsaslarla filialı da  fəaliyyət göstərməyə başladı.

Muzey ekponatları içərisində ən qədimi eramızdan əvvəl 7-ci minniliyə aid olan daşlaşmış buğda dənələri idi. Buğdanı muzeyə Akademik İmam Mustafayev təqdim etsədə, onu Ağdamın Əfətli kəndi ərazisində olan Çalağan təpədə arxeoloji qazıntı aparan  tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının Müxbir üzvü İdeal Nərimanovun səyi  nəticəsində tapılmışdı. Sonradan yalnız daşlaşmış buğda dənələri xilas edilərək Mədəniyyət Şöbəsinin  müdiri Çimnaz Əliyeva tərəfindən Azərbaycan Tarix muzeyinə təqdim  edildi.

Muzeyin dördüncü (hələlik sonuncu) direktoru Hafiz Əliyev: “1987-ci il ildə  ölkədə başlayan “perestroyka”nın ilk acıları hiss edilməkdə idi. İlin sonunda  çörək qıtlığı hiss edilirdi. Məhz bu çətinlyin aradan qaldırılmasına öz töhvəsini vermək məqsədi ilə Mədəniyyət şöbəsinin müdiri Çimnaz Əliyevaya Un dəyirmanının istismara vermək üçün icazə istədikdə  heç bir problemin olmadığı bildirdi. “RTS”-ə yaxın olan “Dəzgahqayırma zavodu”nda çalışan dostlara müraciət etməli oldum. Dostlar təmənnasız olaraq mühərrikin işə salınması üçün lazım olan bütün avadanlığı dəzgahlarda yonub hazır vəziyytə gətirdilər. İki ay ərzində dəyirmanın işlək vəziyyətə gətirildi.  Dəyirman daşını isə Astan kişi  dişədi. Düzdür,  muzeyin  əməkdaşı olan Astan kişi ilə  Cinli və bir neçə Agdama bitişik kəndlərdəki dəyirmanlarda olan daşlara baxsaqda, onların vəziyyəti qənaətbəxş olmadığından elə öz  daşından istfadə edəsi olduq.  İlyarimadək müddətdə dəyirman həm rayon sakinlərinin, həm də qonşu rayonların sakinlərinə xidmət göstərdi. Özüdə təmənnasız olaraq.”

Bəli, 1992-ci il avqust ayının 12-də saat 16:40 radələrində ermənilərin atdığı “Qrad” mərmisi  Agdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu. Həmin vaxt yanğını söndürməyə cəhd göstərilsədə  bu mümkün olmamışdı. Ekponatların xeyli hissəsi, tavan taxta materialından hazırlandığından tez alışmış və bir saat ərzində muzey külə dönmüş, dəyirmanın yalnız divarları qalmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir