Modern.az

Ucqar kəndin gənc müəllimi:  “Hər gün 8 km tozlu-palçıqlı yolu dərsə piyada gedirəm” - LAYİHƏ

Ucqar kəndin gənc müəllimi:  “Hər gün 8 km tozlu-palçıqlı yolu dərsə piyada gedirəm” - LAYİHƏ

Reportaj

27 May 2017, 09:47

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

 

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

Bu dəfəki müsahibimiz Baləkən rayonu Aclıqbinə kənd orta məktəbinin tarix müəllimi Elvin Əliyevdi. O, müəllimlərin işə qəbul imtahanlarında yüksək bal (56 bal) toplayaraq, bu məktəbə təyinat alıb. İşə qəbul imtahanından sonra həmin məktəbdə çalışan ilk gəlmə müəllimdir. Yüksək bal toplamasında baxmayaraq,  ucaqr bir çöl kəndində çalışır. Amma seçimindən heç də narazı deyil:

 

- Mən Əliyev Elvin 1990-cı ildə anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişəm. 2016-cı ildə müəllimlərin  işə qəbulu imtahanlarında iştirak etdim və yüksək nəticə ilə - 56 balla Baləkən rayon Aclıqbinə kənd orta məktəbinə təyinat aldım. Təhsil Nazirliyinin keçirdiyi işə qəbul imtahanları çox şəffav təşkil olunmuşdu. Komissiyanın işi, imtahan prosesinin təşkili çox yüksək səviyyədə idi. Qeyd edim ki, çalışdığım məktəbə bu imtahanlardan keçərək təyinat alan ilk müəllim mən oldum. Ora ilk getdiyimdə artıq məktəbdə də hamı yeni müəllimlə maraqlanırdı. İlk dərs günümdə direktor məni məktəb və siniflərlə tanış etdi.
10, 11, bəzən də, 8-9 şagirddən ibarət siniflərlə dərsdən-dərsə çox doğmalaşdıq. Get-gedə şagirdlərlə çox yaxşı  ünsiyyətimiz alındı. Mən uşaqları, onlar da məni çox istəməyə başladı. Bu barədə çox danışmaq istəmirəm. Siz özünüz siniflərə girsəniz, “Elvin müəllim necə müəllimdir, sizə necə dərs keçir” deyə soruşsanız, əminəm ki, onlar gülərüzlə  müsbət cavab verəcəklər.  

 

Aclıqbinə rayon mərkəzindən uzaqda yerləşən çöl kəndidir. Təəssüflər ki, kəndin içərilərinə, həmçinin, məktəbin yerləşdiyi əraziyə asfalt yol çəkilməyib. İlk günlər müəllim kollektivi və şagirdlərdən nə qədər çox doğmalıq görsə də, yenə də bu yol problemi ilk günlərin əziyyəti kimi yadda qalıb. Elə bu gün də davam edir. Bu haqda az sonra danışacağıq:

 

- Kənd rayon mərkəzindən çox uzaq ərazidə yerləşir. Kəndin birbaşa özünə və məktəbinə asfalt yol yoxdu. Əsas  yoldan düşüb 4 km məsafəni piyada gəlirəm ki, məktəbə çatam. Məktəb əsas yoldan bu qədər  çox uzaqlıqdadı. Yol uzaq olsa da, kollektiv və  şagirdlərin istiliyi ilk günlərdəki bu əziyyəti qabaqlamışdı. Hər gün saat 9-un yarısında dərsə gedir, saat 3-ün yarısı qayıdırıq. Artıq kənd sakinlərinin hamısı məni yaxşı tanıyır. Daha bilirlər ki, orada təyinatla uzaq yerdən gələn müəllim var. Yoldakı problemimi onlar da anlayırlar. Doğrudur, çətindir. Amma inanaq ki, inşallah bu problem də düzələcək.

 

Gözdən-könüldən uzaq olan ucqar yerlərin insanları da nisbətən fərqli olur. Bu, təkcə bizdə yox, bütün dünyada belədir. Çünki şəhərlə, qaynar həyatla az təmasda olan insanlar get-gedə öz dünyalarına daha da pərçimlənirlər. Elə bir kəndin məktəbindəki şagirdlər və onların valideynləri ilə münasibətdə doğmalıqla yanaşı, hər hansı problem yaşanırmı? Dinləyək:

 

- Təbii ki, bura ucqar kənd məktəbləridir. Buradakı şagirdlərlə şəhər məktəblərində oxuyanlar  arasında fərqlər çoxdur. Analiz etmək qabiliyyətləri, məsələni dərk etmələri və s. məsələlərdə müəyyən fərqlər var. Çalışıram ki, hamısına dərsi eyni dərəcədə öyrədim. Onlarla dərs boyu bərabər işləyirik. Aramızda çox sadə, səmimi münasibət var. Ona görə də şagirdlər də məni çox istəyirlər. Dərs prosesi çox maraqlı keçir. Uşaqlar çalışıralar ki, öyrənsinlər, dərsə yaxşı cavab versinlər. Təzə-təzə valideynlər yeni müəllimin gəldiyini eşidib maraqlanmağa başladılar. Böyük kənddi, amma yenə də bu xəbər tez  yayıldı.

 

- Bəs, kənddə uşaqların təhsilinə mane olacaq nə kimi sosial problemlər, maneələr var?

- Kənddə uşaqların təhsilinə mənfi təsir edən məsələlərdən biri yenə yoldur. Çünki şagirdlərdən də elələri var ki, onlar çox uzaqdan gəlirlər. Məktəb binasının özü yeni təmir olunub. Ona görə də məktəbdəki problemlər barəsində söhbət gedə bilməz. Bizim bəzən, valideynlərlə kiçik problemimiz olub. Valideynlər uşaqlarla maraqlanmaq istəmirlər. Övladları necə oxuyur, məktəbdə hansı proseslər gedir- bu barədə maraqlanmaq istəmirlər. Bax, bunda narazılıqlarımız olur. Biz özümüz valideynlərlə əlaqə saxlamasaq, onlar uşaqlarla maraqlanmaz.

 

“Müəllim, kənd yeridir, özü də ucqar kənd... Ola bilməz ki, başqa problemlər də olmasın”, deyirik. Müsahib ucundan-qulağından başqa çatışmazlıqlara da toxunur:

- Kənddə külək güclənəndə işıqlar  sönür, elektrik kəsilir. Bundan narazıyıq. Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq.

Bunu da deyim: yaxşı olardı ki, məktəb internetlə təmin olunsun. Doğrudur, müəyyən texniki avadanlıqlar, kompütüer otağı var. Amma internet olmadığından özümüz gətirib slayd şou ilə uşaqlara dərsi göstəririk.

Bir də buraların qışından danışım. Qış bu tərəflərdə çox sərt keçir. Bura dağ yox, çöl kəndidir. Yəni, iqlimi fərqlidir. Qışı sərt olur ki, biz müəllimlər də bunu hiss edirik. Elə şagirdlərimiz  də... Amma məktəb mütəmadi olaraq yanacaqla təmin olunur. Daha yaxşı olardı ki, kənddə yol problemi aradan qalxsın. Biz məktəbə gələrkən, asfalt yol olmadığı üçün maşından düşüb 4 km-dən çox daşlıq ərazini piyada gəlirik. Kəndin də, elə biz müəllimlərin də ən böyük problemi budur. Hər gün məktəbə gələndə 4 km, məktəbdən qayıdanda da 4 km piyada hərəkət edirik. Hər gün 8 km gəzirik. Yerimək nə qədər xeyirli olsa da, qış aylarında işimiz çox çətinləşir. Yolda su, qar, palçıq, gölməçələr olur və onları adlayıb dərsə gəlmək çox çətindir. Elə yayda da çətindir. Çünki çöl iqlimi olduğu üçün tozanaq da çox olur. Yayda azacıq qalxan külək xeyli toz edir ki, daşlıq, qumsallıq yolla məktəbə gələndə bizə çox mane olur.

 

- Yaxşı ay müəllim, bu qədər əziyyətlə ki, məktəbə gəlirsiniz, aldığınız maaş sizi qane edirmi? Sosial təminatınızı ödəyirmi?

- Aldığımız maaşdan danışsaq, indilik tam olaraq normal təlabata çatmır. Amma mən müəllimlərin diaqnostik qiymətləndirməsində də iştirak edib yüksək bal topladım. Bu səbəbdən də yanvardan etibarən, maaşlarda artım gözlənilir. Maaşımızı vaxtlı-vaxtında alırıq. Maaşımız gələn ayın birinə heç zaman keçməyib.

 

- O cür yollarla dərsə gələn müəllimlərdən vahid forma tələb olunur?

- Müəllimlərdən vahid forma tələb olunmur. Amma vahid forma olmasa belə,  müəllimlər əsl müəllim geyimində geyinib gəlirlər. Şagirdlər də təbii ki, öz formalarında olurlar.

 

Deyəsən, çox pessimizmə qapıldıq. Nə zamansa düzələr, yəqin. Maraqlıdır, bu cür şərtlər altında dərsə gələn müəllim tarix kimi fənni şagirdlərə sevdirmək üçün nə edir? Cavabı çox maraqlıdır:

 

- Dərs zamanı, mövzunu uşaqlara daha dərindən anlatmaq üçün rollu oyunlardan istifadə edirik. Məsələn, hər hansı mövzunu keçdikdə bir şagirdi götürüb şah qoyuram. O birini ordu başçısı, digərini əmir və s. Bu zaman daha əyani iş ortaya çıxır. Deyək ki, Ağqoyunlu, Səfəvilər, hətta onlardan əvvəlki Manna dövlətini keçərkən uşaqlar bu rollu oyunların hesabına dərsi daha dərindən qavrayırlar. Məsələn, soruşuram ki, sən Manna hökmdarısan, hansı dövlətə hücum etmək istərdin, haranın işğalını düşünürsən? Bax, bu cür oyunlarla mövzu şagird üçün daha real, daha anlaşılan olur.

 

“Yaxşı üsuldu. Əyaniliyi çox güclüdür”, deyib  yenidən kəndə qayıdırıq. Görəsən, kənd camaatının özünün təhsilə, kitaba münasibəti necədir? Çünki bu böyük şərtdir. Bir ərazidə kitaba bağlılıq nə qədər olarsa, onun məktəbi də bir o qədər “əlaçı”lı olar....

 

- Kənddə insanların qəzet, jurnal, kitaba marağı çox aşağıdır. Kitaba meyl əfsuslar olsun ki,  azdı. Əgər qəzət, kitab oxumurlarsa təbii ki, intellektual göstərici də zəif olacaq. Kəndin yaşlı sakinlərindən bəzilərini intellektual səviyyələrinə görə fərqləndirmək olar. Amma təəssüf ki, gənclər arasında bu göstərici aşağıdır. Aclıqbinə çöl kəndidir. Əhali maddi təminatını ödəmək üçün daha çox kənd təsərrüftı, əkinçiliklə məşğul olurlar. Kitab isə....

 

- Aydındır, məktəbin öz kitabxanasının durumu nə yerdədir?


- Məktəb yeni təmir olunub. Yaxşı da kitabxanası var. Şagirdlər, əsasən, 7, 8 və 9-cu siniflərdə oxuyanlar kitabxanadan müntəzəm  yararlanırlar. Əsasən, şair-yazıçılarımıza aid bədii kitablar və tarixi  mövzuda olan kitabları soraqlayırlar. Əksər şairlərimizin seçilmiş əsərləri bu kitabxanada var və hamısı da yaxşı qorunur.

 

Ucqar kənd  müəllimin portreti... Yaxud, o yoldan reportaj...

Elvin müəllimə sonda da bir neçə sual verdim. Sağ olsun hamısını da cavablandırdı. Lakin quru sual-cavabın üstündən xətt çəkib, müəllimin cavablarını  “O yoldan reportaj”adı altında birləşdirdik:

“Əsas yolla maşından düşüb, 4 km yolu qət edirik ki, məktəbə çataq. Bu qış vaxtı daha çətin olur. Görürük ki, aşağı sinif şagirdləri də həmin yolu gəlir. Əllərindən tutub məktəbə qədər gətiririk. Məktəbə qədər onları gölməçələrdən, qardan keçiririk. Mən də, başqa müəllimlər də...

 

Bəzən, yol boyu, işləyən traktor, kombaynları görüb, seyr edirik. Şagirdlər də bizə yoldaşlıq edir. Zarafatyana deyirik ki, hansı müəllimləri çox sevirsiniz. Hansı cavabı vermələrinin fərqi olmayaraq gülürük. Bəzən isə heç “bəxtimizə” tarktor-kombayn da düşmür ki, tamaşa edək. Eləcə bozluq içində məktəb yolunu tutub gəlirik. Ara-sıra kəndə su aparan insanları görürük. Bir də özləri üçün otlayan mal-qaranı...Biz məktəbə belə yollanırıq və belə də qayıdırıq.

 

Bir dəfə dərs  izah edirdim. Gördüm ki, bir şagirdim nəsə yazır. Daha doğrusu, mən elə bildim ki, nəsə yazır. Sonda bildim ki, sən demə o, dərs danışdığım haldakı rəsmimi çəkir. Yaxşı şəkil idi. Onu çox əzizlədim. Ən əzından rəssamlığa meyli olduğuna görə... Bəlkə də, bir gün böyük rəssam olacaq və qışın ortasında 4 km yolu pay-piyada gələn müəllimin rəsmini çəkəcək deyə...”

 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?