Modern.az

Trampın addımı Rusiya ilə İrana Azərbaycanda “yaşıl işıq” yandıra bilər

Trampın addımı Rusiya ilə İrana Azərbaycanda “yaşıl işıq” yandıra bilər

27 May 2017, 10:16

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədini həyata keçirməyə başlayıb.

 

Məlumata görə, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Amerikanın bu addımı Rusiyanın siyasi inistutları üçün fürsət yaradır:

 

“Amerikanın iki institutu var: Demokratların və respublikaçıların. USAİD xətti ilə həmin inistitutlar maliyyələşdirilir. Onlara 80-90 milyon dollar məbləğində pul ayrılırdı. İndi Amerika Trampın göstərişi ilə yardımları dayandırır. Azərbaycana hardasa bir milyon dollar məbləğində yardım ayrılacaq. Bu yardımla isə heç bir təşkilatı burada saxlamaq olmaz. Uzağı  hər partiyadan bir nəfər qalıb nəsə edə bilər. Yəni həmin partiyaların ofisləri bağlanacaq.

 

Əvəzində  Rusiyanın siyasi elitasına yaxın olan politoloq Aleksandr Duqin Bakıda ofis açmaq istəyir. O cümlədən başqa politoloqlar da Azəbaycanla ciddi maraqlanır, burada müxtəlif təşkilatların qərargahını yaratmaq istəyirlər. Yəni Amerika tədricən Azərbaycandan uzaqlaşır, bu yaranan boşluğu isə Rusiya doldurmağa cəhd edir”.

Ekspertin sözlərinə görə Rusiyanın Azərbaycanda mövqelərini gücləndirmək cəhdi  xüsusilə seçki ərəfəsində intensivləşəcək:

 

“Bunu Azərbaycan üçün xeyirli gediş hesab etmirəm. Bildiyiniz kimi 2018-ci ildə Azərbaycanda prezident seçkiləri olacaq. Xüsusilə də bu ərəfədə  ictimai rəyi yönləndirmək, sosioloji sorğular keçirmək baxımından Rusiya üstün mövqelər əldə edəcək. Bu isə həmin dövlətin maraqlarını Azərbaycanda yaymaq deməkdir”.

 

Q.Hüseynli həmçinin qeyd edib ki, Amerikanın Azərbaycana yardımı azaltması İran üçün də şərait yaradır:

 

“İran Amerikanın getməsini gözləmədən Azərbaycanda fəallığını nümayiş etdirir, müəyyən təşkilatlar yaradırdı. Düzdür, bu təşkilatların çoxu dini yönümlüdür. Ölkəyə dini  inhisarların axını güclənib. Məsələn, elə Ramazan ayında, xüsusilə də Məhərrəmlikdə Azərbaycana İrandan molla axını başlayır. Hökumət müəyyən qədər bu prosesi tənzimləyir. Amma hər halda vəziyyət bizim istədiyimiz kimi deyil”.

 

Günay RƏSULQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır