Modern.az

Bir şəklin tarixçəsi: Rəsulzadənin raportu və Osmanlı sultanının sözündə durmağı...

Bir şəklin tarixçəsi: Rəsulzadənin raportu və Osmanlı sultanının sözündə durmağı...

28 May 2017, 09:28

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Fotoşəkil bu günlə - 28 may tarixi ilə bağlıdır. O tarix ki, 99 il öncə bütün həyatını Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr edən, hətta bu yolda ailəsini, canından çox sevdiyi övladlarını da qurban verən nəhəng insanlar tərəfindən yazılıb – onların yoxdan yaratdığı bir dövlət - Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

Zaman 1918-ci ilin iyunu… Məkan Türkiyə - İstanbul şəhəri. Bu, Türkiyə-Azərbaycan dostluğunun fotosu - simvoludur.

Bu nadir fotoşəkil Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı araşdırmalar aparan gənc tədqiqatçı Dilqəm Əhmədin kolleksiyasındandır…

Azərbaycan Heyəti - mürəxxəsəsi İstanbulda Osmanlı nümayəndələri ilə birgə lentə alınıb.

Soldan sağa. Ön cərgə: polkovnik Əbdülhəmid Qaytabaşı, Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Heyəti-mürəxxəsəsi rəisi), Osmanlı səfiri Muxtar bəy (Heyətin mehmandarı), Xəlil bəy Xasməhəmmədov (mürəxxəs), Aslan bəy Səfikürdski (mürəxxəs).

Arxa cərgə: Miryusif Mirbabayev (müşavir), (?), Əhmədcövdət Pepinov (müşavir) və Osmanlı təmsilçiləri.

Tədqiatçı Dilqəm Əhməd şəkillə bağlı şərhində qeyd edir:

“Rəsulzadə Osmanlı sultanı ilə görüşü barədə Bakıya raportunda sultanın nümayəndə heyətinə belə dediyini yazır:

"Əsarətdən xilas olmuş bu yeni türk və müsəlman hökumətinin təmini-hürriyyət və istiqlalı hökumətimin ən müqəddəs vəzifəsini təşkil edər. Azərbaycanın kəsbi-həyat və qüvvət edərək bərabərlikdə ümumi düşmənlərimizə qalib gələcəyimizi ümid elərəm. Salamımın azərbaycanlı qardaşlarımıza təbliğini arzu edərəm".

Sultan sözündə durdu, Ənvər Paşanın planı ilə Bakı işğaldan azad edildi...”.

 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi