Modern.az

Cəsur qəlblərin azadlıq paytaxtı  

Cəsur qəlblərin azadlıq paytaxtı  

28 May 2017, 10:02

Dünya Muradova


Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından bəhs edən kitabı oxuyarkən atasının böyük şairə dediyi bir nəsihət diqqətimi çəkmişdi: - Dövrə sığmayanlar bəzən bütöv bir xalq tarixinə işıq sala bilirlər...

Azərbaycan türklərinin XX yüzillikdə yetirdiyi ən böyük dövlət qurucusu, Milli Azadlıq Hərəkatının öncülü, milli ideologumuz Məhəmməd Əmin Rəsulzadə kimi... Özünü dərk edəndən son nəfəsinədək "Azərbaycan!" deyib çarpışan, milliliyimizi, hürriyyətimizi, ən əsası qürur mənbəyimiz üç rəngli bayrağımızı bizə bəxş edən insan...

9-cu sinifdə oxuyanda ədəbiyyat müəllimimiz "Mənim sönməyən günəşim" mövzusunda inşa tapşırığı vermişdi. Seçim sərbəst idi - istədiyimiz tarixi şəxsiyyəti seçib yaza bilərdik. Həmin vaxt tarixçi alim Nəsiman Yaqublunun "M.Ə.Rəsulzadə" kitabını oxuyurdum. Kitab məndə dərin izlər buraxmışdı və seçimim də məhz Rəsulzadə olmuşdu.

Yaxşı xatırlayıram, inşadan mövzu üzrə yüksək qiymət almışdım. Sonradan inşa dəftərimi qonşumuzun qızı buraxılış imtahanlarına hazırlaşarkən məndən almış və imtahan ərəfəsində də itirmişdi. Həmin inşam da o dəftərdə idi. Əslində bəsit bir inşa olsa da, çox ürəklə yazdığım əsərin - bəli əsər, ədəbiyyat müəllimimiz məhz belə deyərdi, inşalarınıza kiçik əsərləriniz kimi yanaşın- itkisindən o vaxt çox təsirlənmişdim. Çünki o zamanlar heç ağlıma gəlməzdi ki, nə vaxtsa Məhəmməd Əmin haqda daha geniş miqyasda yazmaq şansım olacaq. Bu gün yaşımın yetkin bir çağındayam, düşüncələrim daha dəqiq, hislərim daha dolğundur. Bəlkə bu səbəbdəndir ki, M.Ə.Rəsulzadəyə deyəcəklərim də daha çoxdur:

Əziz Öndər! Bu gün sənin min bir əziyyətlə qurduğun Cümhuriyyətimizin doğulmasından 99 il ötür. Səninlə eyni əsrdə yaşayıb azadlığımız yolunda çəkdiyin çarpıntıları, mücadiləni bölüşə bilməsək də, bizə əbədi miras qoyduğun hürriyyətimiz üçün sənə zamanında təşəkkür edə bilməsək də, amma sənə mənən nə qədər borclu olduğumuzu yaxşı dərk edirik. Hələ 1919-cu ildə təsis etdiyin ilk ali təhsil ocağımız, dünyaya vizit kartımız Bakı Dövlət Universiteti üçün sənə çox minnətdar olacığıq. Baxmayaraq ki, bir zamanlar adını daşıyan o boyda universitetdə bu gün bir portretin belə, yoxdur. Təkcə bu deyil, xəcalət hissi ilə qeyd edirəm ki, bu gün Bakının mərkəzində adını daşıyan bir küçədən başqa səni andıracaq heç nə yoxdur. Nə bir park, nə bir heykəl, nə muzey heç nə... Amma olsun, sənin kimi millətini təmənnasız sevənlər gözəl bilir ki, ürəklərdə qurulan sevgi maddi amillərlə ölçülmür. Xəlil Rza Ulutürk deyirdi ki - "Yalnız cəsur qəlblərin azadlıq paytaxtı var".  Nə xoş sənə ki, bu gün minlərlə, milyonlarla cümhuriyyətsevərin qəlbində taxt qurmuş azadlıq paytaxtısan.
"Bir kərə yüksələn bayraq, bir daha enməz!" - demişdin. Bəli o bayraq yenə dalğalanır, üstəlik 99 il öncəki qürurla, vüqarla.
Azərbaycanın Şərqindən Qərbinə, Şimalından Cənubunadək hansı guşəsindəki, üçrəngli bayrağımız dalğalanır, deməli orda sənin nəfəsin var. Nə qədər ki, bu bayraq mavi səmalarda dalğalanacaq (inşallah həmişəlik), demək sənin nəfəsin də o qədər üstümüzdə olacaq. Uzaq Ankara torpağında uyusan da, əminəm ki, hardasa bir yerlərdən bayrağımız kimi vüqarla boylanırsan. Səni sevənlərin qəlbində əbədi yurd saldığını görüb sevinirsən. 
Məzarında rahat uyu. Çünki 99 il öncə dediyin sözlər artıq təsdiqini tapıb - "Çünki artıq cəmiyyətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki  üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir".
Bizi bir eşq uğruna, bir bayraq altında birləşdirdiyin üçün təşəkkürlər Ulu Öndər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir