Modern.az

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

28 May 2017, 23:18

MAHİR QABİLOĞLU


Bu cür başlıqlı yazılar yazmaq artıq mənim yaradıcılığımda ənənə halını alıb. Özü də qəhrəmanlarımın hamısı məşhur, tanınmış adamlardır. Zeynəb Xanlarova, Əhliman Əmiraslanov, Sabir Rüstəmxanlı... Sərlövhəyə baxanda yazılarım maraqsız və əhəmiyyətsiz görünə bilər. Əgər “görünən dağa nə bələdçi?” el məsəlini əsas götürsək. Amma bu tanınmışlara mənim baxış bucağımdan baxsanız...

Növbəti qəhrəmanım da çox tanınmış bir şəxsdir, daha doğrusu şəxsiyyətdir. (Sovet dövründə “şəxsiyyət” sözünü işlətməyə qorxurdular. Çünki, Stalin öləndən sonra bu sözü yalnız pisliyə, yanına da iki söz artırmaqla çəkirdilər – “Şəxsiyyətə pərəstişin qurbanları”).
Uzun müddət Sərhəd Qoşunlarının komandanı olmuş, mayın 25-də 80 illik yubileyini qeyd edən, əsl general Abbasəli Novruzov. İndi deyəcəksiniz ki, heç “əsl” sözünün yeridir? Generalın da quraması olar? Amma Müstəqillik qazandığımız gündən illər ötdükcə, bu söz daha çox dəbə minir. Əsl şair, əsl sənətkar, əsl rəssam, əsl mühəndis, əsl jurnalist... Əlbəttə ki, nisbətdə götürəndə. Bir azdan nisbət də olmayacaq. Nəsillər təzələnir. Maddi vəziyyət, kapitalizmə keçidimiz köhnə meyarların məhvinə aparır bizi. Təkcə bizdə yox, bütün dünyada belədir.

 

Sualıma ilk cavab

 

Bunu birinci qeyd edim ki, general Abbasəli Novruzov mənim xalam Raisənin əridir. Mən onu ilk dəfə belə tanımışam. O vaxt Lənkəran sərhəd dəstəsində işləyirdi. Kapitan idi. Onlara qonaq gedirdik. Zabitlər üçün nəzərdə tutulmuş 2-3 mərtəbəli binada 2 otaqlı müvəqqəti mənzildə yaşayırdılar. Niyə müvəqqəti dedim? Çünki hərbçilərin daimi evi olmurdu. Tez-tez xidmət məkanları dəyişirdirildiyinə görə.

O vaxt Abbasəlinin “Vilis” (sonralar QAZ-69)  markalı xidməti maşını vardı. Arxası kuza tipli, brezentli – atamın “Jiquli” maşınının arxa oturacaqları kimi olmadığından ora hoppanıb əyləşməkdən ləzzət alırdım. O vaxtın oğlan uşaqları üçün hərbi sahə çox maraqlı idi. Mən də sərhədçilərə, xidməti ovçarka itlərinə, tikanlı sərhəd tellərinə maraqla baxırdım. Yollarda qoyulan nəzarət-buraxılış məntəqələrindən Abbasəliyə “çest” verib, maşınını sorğu-sualsız,  sənədlərimizi yoxlamadan buraxanda, bu mənə xüsusi ləzzət verirdi. Amma Şorsulu KPP-sindən başqa. Hər dəfə ordan keçəndə qanım qaralırdı. Ağlayırdım. Anlamırdım ki, axı niyə sərhədçilər atamın, anamın, dayılarımın pasportunu yoxlayırlar, amma 4-5 yaşlı mənə heç əhəmiyyət də vermirlər. Heç adımı da soruşmurlar. Bir gün Abbasəli bunu bildi. Balaca qırmızı bloknot aldı. Böyük fotomu ora yapışdırdı. Altından adımı, atamın adını, familiyamı, təvəllüdümü yazdı. Və sərhəd zonasına buraxılmağıma icazə verdiyini qeyd etdi. Sonda öz rütbəsini və familiyasını qeyd etdi. Bu “pasport”umun bircə möhürü çatışmırdı. Ondan sonra hər dəfə “KPP”yə – nəzarət-buraxılış məntəqəsinə çatanda hamıdan tez sənədimi mən uzadırdım. Rus sərhədçilər də gülə-gülə lap birinci mənim “pasport”umu yoxlayırdılar.

O vaxt heç ağlıma da gəlməzdi ki, 13 ildən sonra özüm də bu sərhədçilərdən biri olacağam, özüm sənəd tələb edib yoxlayacağam, “srabotka”, “trevoqa”, “sirena” səslərindən bezib, sutkalarla yuxusuz qalacağam. Düz iki il.

 

Abbasəlinin ad günü və bayram

 

“Xalq qəzeti”nin baş redaktoru, dostum Həsən Həsənov soruşdu ki, Abbasəli müəllimin 80 yaşı nə vaxtdı? Cavab verdim ki, mayın 25-i. Hardan yadımda qalıb bu tarix?

 

HAŞİYƏ: SSRİ dönəmində 28 may sərhədçilərin bayramı idi. 25 may isə Abbasəlinin ad günü. Abbasəli Novruzov Lənkəranda xidmət eləyəndə hər mayın 25-i atam səhər tezdən maşını qarajdan çıxarırdı. Məni də yanında otuzdurub yol alırdıq Lənkərana. Onda Abbasəli Lənkəran sərhəd dəstəsində Kəşfiyyat şöbəsinin rəisi idi. Podpolkovnik rütbəsi almışdı. Zabitlər üçün yeni tikilmiş  beşmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdı. Xülasə gəlib çatırdıq Port-İliç qəsəbəsinə (indiki Liman şəhəri). Dayım Fikrətin bacanağı Tehran orda anbardar işləyirdi. O vaxtlar piştaxtalarda layiqli bir şey tapmaq olmurdu. Tehranın anbarında isə importnı mallar vardı. Ordan bir bahalı köynəyi öz qiymətinə alıb, çatırdıq Lənkərana. Həm Abbasəlinin ad gününü, həm də Sərhədçilər bayramını təbrik edib, ertəsi gün qayıdırdıq şəhərə. (SON)

 

Ona görə də bu tarix yadımdan çıxmır. Həsən müəllim də soruşan kimi həmən cavab verdim. “Onda qəşəng bir yubiley məqaləsi yaz. Həmin gün qəzetdə verək. Abbasəli müəllim yaxşı kişidir” – deyə Həsən müəllim ərkyana tapşırıq verdi. Bu vaxtacan Abbasəli...

 

HAŞİYƏ: İndi deyəcəksiniz ki, bu nədir e... ay Mahir, mədəniyyətin, qanacağın olsun da. Xalan əri səndən 29 yaş böyükdür. Atan yaşındadır. Bu nədir e səhərdən Abbasəli, Abbasəli salmısan. Heç olmasa əmi, dayı sözünü də artır axırına. Düz alınmır axı? Haqlısız. Amma təqsir özlərindədir. O vaxt təzə-təzə dil açanda özləri məni belə öyrədiblər. Dayım deyib ki, “Mahir, denən Fikrət”. Cavab vermişəm Fittət – gülüşüblər. Denən Abbasəli. Təkrar etmişəm ki, Abaşəli. Rayişə, Fiyuz, Vaqqili (Vaqif)... Beləcə məni “tərbiyəsiz” uşaq kimi tərbiyə ediblər. Hətta o qədər “qudurmuşam” ki,  qonşularımız, yazıçı Salam Qədirzadə və şair Əliağa Kürçaylını da adıyla çağırırmışam.  Düzü özləri də çox müasir adamdırlar. Sonralar heç irad da bildirməyiblər. Ancaq jurnalist etikası deyilən bir anlayış da var axı...(SON)

 

...Novruzov haqqında iki məqalə yazmışdım. Birini “Xalq qəzeti”nə, o birini də “Dərələyəz” qəzetinin general haqda Xüsusi Buraxılışına. Sözüm bitmişdi. Təkrara da yol verənlərdən deyiləm. İmtina elədim. “Yeni deyəcək sözüm yoxdur, Həsən müəllim, başqasına tapşır” – deyə cavab verdim. Evdə bu söhbətimizi həyat yoldaşım Sevincə də danışdım. Çox sərt reaksiya verdi: “Sən yazmayacaqsansa, onda kim yazmalıdır bəs? Abbasəli müəllimi səndən başqa hansı jurnalist daha yaxşı tanıyır ki? Özü də sənin ustadın sayılır. İki il sərhəddə qulluq eləmisən”. Fikrə getdim. Doğrudanmı ki, Abbasəli Novruzov haqqında yazmağa sözüm yoxdur? 80 yaşlı generalın 80 illik həyat və 62 illik hərbçi yolu haqqında hər şeyi demişəmmi? Yaxud da ki, hər şey yazılıbmı? Görəsən iki məqalədə onu tam təsvir edə bilmişəmmi? Hamıya tanıtdırmışammı?


Beynimdə bu suallar, diktafonu götürüb getdim evlərinə. Ömrümdə diktafondan istifadə edib müsahibə almamışdım. Düşünürdüm ki, imtina edəcək. Köhnə “KQB”eşnikdi axı? Ya da razılıq versə, çox şeyi dilinə gətirməyəcək. Eləcə quru-quru danışacaq. “Yadımda deyil” bəhanəsiylə. Amma mənim bəh-bəhlə etdiyim giriş çıxışıma qulaq asıb, Həsən müəllimin tapşırığına əsasən bura gəldiyimi eşidib, razı oldu. Artıq hər şey mənim jurnalist bacarığımdan, təcrübəmdən asılı idi. 2 saat 11 dəqiqə çəkdi müsahibə. Və sonuncu cümləsini bitirəndə anladım ki, demə onu tanımamışam buvaxtacan. Anladım ki, danışsa müsahibə 2 saat yox, 20-30 saatdan da artıq çəkə bilər. Onun haqqında bir JZL – Görkəmli Adamların Həyatı silsiləsindən kitab da yaza bilərəm. Özü də necə kitab. Qalıb öz “insafına”. Çünki danışan tərəf odur – Sirr dağarçığı olan mənim xalam əri, general-mayor Abbasəli Novruzov. Düzünü desəm, verdiyi bu müsahibəyə də şükür eləməliydim. Elə isə başladıq.

 

Uşaqlığı

 

Mən bilirdim ki, general Novruzov Ermənistan SSR Dərələyəz mahalının Zeytə kəndində anadan olub.  Amma bilmirdim ki, atası Cəfərov Ramazan Novruz oğlu (o dövrün qanunlarına görə soyadı babanın adı olurdu) 1945-ci ildə müharibədən qayıtdıqdan 15 gün sonra rəhmətə gedib. Opendisitdən. O vaxt da nəinki Zeytədə, heç qonşu kəndlərdə də həkim-feldşer yox imiş. 8 yaşlı Abbasəli bacıları Binyaz, Gülnaz və qardaşı Ağəliylə atadan yetim qalıb. Anası Leyla onlara həm ata olub, həm ana. Kolxozda çalışan ailəni növbəti bədbəxtçilik 1949-cu ildə haqlayıb. Stalinin mənfur fərmanı – azərbaycanlıların doğma el-obalarından deportasiya qərarının icrası ailənin başının üstünü alıb. Abbasəli müəllim özü o günləri belə xatırlayır: 

 

– “Biz uşaq idik. Heç fərman haqqında eşitməmişdik də...  deyirdilər ki, sizi köçürdəcəklər Azərbaycana. Nə üçün köçürürlər, niyə köçürürlər – biz uşaq idik, bunun mahiyyətinə də varmırdıq. Amma o yadımdadır ki, biz uşaqlar sevinirdik ki, köçürük. Yük maşınları gəldi ki, yükləri vurmağa – uşaqlar sevinirdi ki, biz maşına minəcəyik, harasa gedəcəyik. Amma valideynlərimiz ağlayırdı. Biz də başa düşmürdük ki, onlar niyə ağlayırlar. Yük maşınlarıyla gətirdilər bizi Noraşen dəmir yolu stansiyasına -indiki Şərur dəmir yolu stansiyasına. İki-üç gün orda qalandan sonra mindirdilər yük vaqonlarına. Eləsi var idi ki, üç ailə bir vaqona yerləşdi. Şəxsən biz və başqa bir ailə bir vaqona yerləşmişdik.  Uşaq idik, amma heç böyüklərimiz də bilmirdilər ki, Azərbaycanın harasına gedirik. Amma bir dəfə gördüm ki, anam ağlayır vaqonda. Gözümüzü açıb baxanda gördük ki, sağ da, sol da, hər tərəf sudur. Sonradan bildik ki, qatar gəlib Əli Bayramlıda Kür çayının üzərindəki körpüdə dayanıb, stansiya qəbul eləmir qatarı. Bizimkilər də ayılanda görüblər ki, sağ-sol sudur – Kür çayı. Qorxublar. Ki, nə ola bilər.  Bir azdan qatar tərpəndi, gəldik düşdük Əli Bayramlıda. Ordan da bizi mindirdilər maşınlara, apardılar indiki Sabirabad rayonunun Şıx Salahlı kəndinə. Orda bölüşdürdülər boş olan evlərə. Biz gələnə qədər boşaltmışdılar evləri. Məsələn, kimin  iki otağı varsa birini boşaltmışdılar gələnlər üçün. Biz də düşdük bir ailəyə. Beş baş ailə – anam, mən, qardaşım və 2 bacım bir otağa yerləşdik. O evin yiyəsinin adı yadımda deyil. Amma onun oğlu Vaqif indi həmin kənddə el ağsaqqalıdır. Yadımda qalan odur ki, çox diqqətli idilər bizə qarşı. Çörəyimizi, suyumuzu da verirdilər.

 

1950-ci ildə – deportasiyadan bir il sonra anam da xəstələndi, dünyasını dəyişdi.  Bir müddətdən sonra məndən yaşca böyük olan o biri bacım Gülnaz həlak oldu. Traktorla pambıq əkəndə, qoşqu olur – seylka. Bir sahədə işi bitirib o biri sahəyə kanalın üstündəki körpüylə keçməliymişlər. Təbii ki, körpünü keçəndə bacım düşməliydi seylkanın üstündən. Amma düşməmişdi. Körpünün ortasında traktor aşmışdı kanala və bacım qalmışdı seylkanın altında, çıxa bilməmişdi, boğulmuşdu”. 

 

Müasir dövrümüzdə məişət problemləri, ağır iqtisadi vəziyyət fonunda intihar xəbərləri çoxalıb. Nədənsə müsahibənin bu hissəsində o xəbərlər yadıma düşdü. İlahi, o vaxt insanlar necə də dözümlü imişlər. Sabaha ümidlə baxırlarmış. Mövzudan yayınmayım. 13 yaşında üç yaxın adamını itirən Abbasəli və qardaşı  ərdə olan böyük bacısı Binyazın, yeznəsi Cəfərin himayəsində qalır. Qaragünə kəndindəki yeddiillik məktəbi bitirir. Özü də “beş” qiymətlərlə.

Yazımın əvvəlində qeyd edim ki, Abbasəli Novruzov həm də xoşbəxt adamdır. Niyə? Çünki həmişə yaxşı insanlara rast gəlib. Və bu insanlar onun “qara qaşına, qara gözünə aşiq olmayıblar”. Ondakı nizam-intizamı, daim oxumaq, bilik almaq, liderlik xüsusiyyətlərini yüksək qiymətləndiriblər. Belə yaxşı adamlandan birincisi qonşuları Xasa arvad olub:

 

–  “Axmazbaşında Xasa adlı bir qadının evinin yanında qalırdıq. Çox yaxşı adam idi. Bir oğlu vardı. Mən yeddiilliyi bitirəndə bilmirdim ki, hara gedim orta təhsilimi davam etdirməyə. Bu həmin Xasa qadın tutdu mənim qolumdan gətirdi Əli Bayramlıya. İndiki kimi yadımdadır. Gəldik Əli Bayramlı İcraiyyə Komitəsinin sədrinin müavininin qəbuluna düşdük. Həmən dəqiqə də onu qəbul elədilər. Arvad danışdı sədrin müavininə ki, bu yetim uşaqdır,  yeddinci sinfi qurtarıb “əla” qiymətlərlə. Göndərək məktəblərdən birinə təhsil alsın. O dövrdə orta-hərbi məktəblər vardı – Suvorov, Naximov məktəbləri. İndi bizim Naxçıvanski hərbi məktəbi kimi. Qadın o məktəbləri nəzərdə tuturdu. Amma “ispolkom”un müavini – familiyası məncə Musayev idi – dedi ki, birincisi gecdi, ikincisi də bu adam rus dilini bilmir. O vaxtı Əli Bayramlıda cəmi bir dənə orta məktəb vardı – Voroşilov adına orta məktəb. Dedi ki, “həmin məktəbin nəzdində biz on nəfər uşaq üçün internat düzəldirik. Gecə-gündüz orda olacaqlar, yeməkləri də veriləcək”. Məsləhət gördü ki, bəs məni ora göndərsin. Mən də razı oldum. Gəldik məktəbin direktorunun yanına. Dedi ki, “oğul, get bir dənə krovat tap gətir”.  Mən də fikirləşdim ki, krovatı hardan tapım? O vaxt biz yerdə yatırdıq. Bacımın yoldaşı, eyni zamanda xalamın oğlu Cəfər hardansa tapdı krovatı. Mən üç il orda yaşadım. Yeməyimizi də verirdilər, geyimimizi də verirdilər. Orda orta məktəbi qurtardım. Demək olar ki, “əla” qiymətlərlə – iki “dörd”üm vardı.      

 Qayıtdım yenidən kəndə. Bacımgilin evinə – Qaragünəyə. “Kommunizm” kolxozu adlanırdı o vaxt. Qəbul imtahanları başlayanda sənədlərimi aparıb verdim Azərbaycan Neft-Sənaye İnstitutuna (red.- indiki Neft və Sənaye Universiteti). El dilində desək AZİ-yə (Азербайджанский Индустриальный институт). Üç “beş” aldım, iki “dörd” və qəbul olundum. Amma həmin vaxt institutda 1-ci kurs tələbələrinə yataqxana vermirdilər. Ona görə məcbur qalıb mənzil kirayələdim. Füzuli küçəsi 35-də. İndiki Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu yerləşən həndəvərdə. Aldığım stipendiyanın da yarısını verirdim kirayə haqqına. Evdən də heç bir yardım yox idi. Müharibədən sonrakı illər idi. Ağır vaxtlar idi. 3-4 ay oxumuşdum. Yaxşı da oxuyurdum. Gördüm ki, maliyyə cəhətdən çox çətinlik çəkirəm. Və belə qərara gəldim ki, bu cür əziyyət çəkməkdənsə, qayıdım Əli Bayramlıya, işləyim, pul toplayım və gələn il gəlib yenidən girərəm instituta. Uşaq idim də, uşaq ağlı idi. İnstituta girmək mənə asan gəlirdi”.

 


Bu əsnada dilimə belə bir sual gəlir. Niyə axı məhz neft institutu? Sadəcə maraqlıdır mənə. Bugünkü günümüzlə müqayisə etmək baxımından.

 

–  “O vaxt AZİ Azərbaycanda ən hörmətli ali məktəb sayılırdı. Mən də neftçi olmaq istəyirdim. İslam Abdullayev adlı məktəb yoldaşım, həmkəndlim də neftçi olmaq istəyirdi. Elə ikimiz də birlikdə gəlib daxil olmuşduq. O vaxtı heç ağlımıza da gəlməzdi ki, tələbələr arasında söhbət olsun ki, pul verəsən, tapşırılasan. İkimiz də kəndçi balası imtahan verib girdik neft texnologiyası sahəsinə. Biz institutda oxuyandan üç ay sonra bildik ki, ovaxtkı Nazirlər Sovetinin sədri Sadıq Rəhimovun qızı bizimlə bir qrupda oxuyur. İndiki dildə desək, Baş nazirin qızı. O qız nə xüsusi maşında gəlirdi, nə müəllimlər ona fərqli münasibət göstərirdilər. Onu da deyim ki,  indiki gənclər və idman naziri Azad Rəhimov həmin Sadıq Rəhimovun nəvəsidir. Öz hərəkətiylə, davranışıyla da heç kimdən seçilmirdi. Lovğalanmaq nədir, heç dilinə də gətirmirdi ki, o, Nazirlər Sovetinin sədrinin, SSRİ Ali Sovetinin deputatının qızıdır.


Xülasə, ali təhsildən uzaqlaşıb qayıtdım kəndə. Əli Bayramlı o vaxt sənaye şəhəri deyildi. Kənd təsərrüfatında çalışdım. İkinci il yenidən gəldim qəbul imtahanına. Yenə də həmin institut, həmin fakültəyə daxil olmaq ümidiylə. İmtahan verdim. Düzdü “kəsilmədim”, amma lazımi balı da toplaya bilmədim. Və əsgəri xidmətə çağırdılar”.

 

HAŞİYƏ: “Ay uşaq, oxu. Yaxşı hazırlaş. Hökmən instituta gir. Sonra magistraturaya. Sonra aspiranturaya. Yoxsa əsgər apararlar səni. Həm də evləndirərik səni. Üç uşağın olar, voobşe aparmazlar əsgərliyə səni”. “Gözəl tərbiyə”dir oğlan uşaqları üçün, eləmi? Bugünkü reallığımız. Çox maraqlı  gəlir müsahibənin bu yeri mənə. Yəni insanlar bu qədər saf, təmiz, avam idilər o vaxt?  (SON)

 

 – “Uşaq ağlı idi də. İndiki ağlım olsaydı fikirləşərdim ki, birdən gəlib daxil ola bilmədim. İndiki uşaqların dünyagörüşü böyükdür. O vaxt televizor yox, radio yox. Kənddə bir dənə radio vardı. Gündə bir dəfə gedirdik konsertə qulaq asmağa. Kino ayda bir dəfə gəlirdi orta məktəbə. Yalnız kitab vardı. 17 yaşına qədər Bakını görməmişdim. Ermənistanda yaşayanda da Zeytə kəndindən başqa heç yeri görməmişdim. Bir dəfə yadımdadır ki, Zeytədə oxuyanda müəllim ev tapşırığı vermişdi ki, qatar şəkli çəkib gətirin. İndi fikirləşirəm ki, “ay müəllim, biz uşaqlar qatar görməmişik, televizor yox ki, heç olmasa orda görək, biz axı hardan qatar şəkli çəkək?”. Qəribə-qəribə işlər olurdu”.

 

Fikirləşirəm. Amma yenə də ağlıma batmır. Necə ola bilər ki, kənddə böyüyən, orda orta təhsil alan, heç bir dünyagörüşü olmayan uşaqlar gələcəyin aviakonstruktorlarına, fizikinə, atomşiklərinə çevrilirdilər. Kosmik gəmi düzəldib kosmosa uçdular, müasir silahlar icad edib dünyaya meydan oxudular. Adi seminariya bitirib Azərbaycan operasının əsasını qoydular. Və nəhayət mənim qəhrəmanım kimi kəşfiyyatçı, ali təhsilli hüquqşünas, hərbi tərcüməçi və ən nəhayət komandan, general oldular.  Nəvəm Qabilin 5 yaşı var. İndidən müəllim yanına hazırlığa gedir. O vaxtla müqayisə etsək, indiki hazırlıqla nəvələrim Polad və Qabil gələcəyin Nobel mükafatçıları olmalıdırlar.


Abbasəli müəllimsə danışır, bədii dildə desək, ömür kitabını, xatirələr dəftərini vərəqləyir. Müsahibənin sonunu sizə çatdırmamış deyim ki, bu insan həmişə seçilmişlərdən olub. Birincisi onu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin nəzdində olan Sərhəd Qoşunlarına çağırırlar. (O vaxtlar üç yerə – xarici ölkə ərazisində, sualtı qayıqda və sərhəddə xidmət keçməyə xüsusi seçim olurdu.) Novorossiysk Sərhəd Dəstəsinə düşür. Üç ay təlim dərslərindən sonra yenidən onu seçirlər. Və Ukraynanın Velikie Luki şəhərində yerləşən 11 aylıq serjant məktəbinə göndərirlər. Oranı müvəffəqiyyətlə bitirir, kiçik serjant rütbəsi alır. Məktəbin kadrlar şöbəsində saxlanılır. Amma rus dilinin yazısını şifahi nitq qədər gözəl bilmədiyinə görə, Xosta dəniz zastavasına göndərilir. Baş serjant rütbəsinə qədər qalxır. Hətta zastavanın starşinası da təyin olunur. Niyə “təyin olunur” dedim. Çünki o vaxt bu vəzifəyə yalnız “sverxuroçnik”ləri, yəni müddətdən artıq xidmət keçənləri qoyurdular. Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə namizəd olur.  Üçillik bir xidmət dövrü başa çatmamış...

 

– “Mən hələ onda kadr aparatında xidmət keçəndə komandirlərimə arzumu bildirdim ki, zabit məktəbinə getmək istəyirəm. Özü də ki,  Leninqrad Hərbi-tibb zabit  məktəbinə. Zastavada qulluq eləyəndə mənə zəng elədilər ki, bəs sən “uçilişə” getmək istəyirdin. Leninqrada yer yoxdur, var Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Hərbi  məktəbinin hüquq fakültəsi. Mən də razılıq verdim. Göndərişlə getdim Moskvada imtahan verdim və daxil oldum. Bizim fakültə də verirdi orta hüquq təhsili və bir də hazırlayırdılar əməliyyat işçiləri. Oranı bitirəndən sonra gəlib sərhəddə əməliyyat işiylə məşğul olurdun. Xülasə, imtahanları verdim. Hamısından qiymət aldım. Amma rus dilində yazdığım inşada çoxlu səhvlərim olmuşdu. Lap dəqiq desəm “iki” almışdım. Amma qəti qərar vermədilər. İmtahan komissiyası yığışdı.  Baxdılar gördülər ki, üç il yaxşı xidmət eləmişəm, partiya üzvüyəm, baş serjantam, sərhədçilər üçün nəzərdə tutulan bütün döş nişanlarına layiq görülmüşəm və ən əsası qeyri-rus millətinin nümayəndəsi – azərbaycanlıyam. Çünki lazım idi onlara digər millətlərdən hərbi mütəxəssislər. Bəzən deyirlər ki, sovet vaxtı digər millətlərə vəzifə vermirdilər, şərait yaratmırdılar. Mən o fikirlərin tərəfdarı deyiləm. Elə olsaydı mənə deyərdilər ki, “2” almısan, çıx get. Beləliklə mən müdavim oldum. Sonralar bu əhvalatı bir polkovnikə danışanda, belə dedi: “Vzyali, i ne proiqrali” – “Götürdülər, uduzmadılar”.

Üç il oxudum. Oranı bitirdim və mənə leytenant rütbəsi verdilər. Göndərişlə gəldim Azərbaycan Sərhəd dairəsinə.

Yardımlı rayonu ərazisində Çayüzü kommendaturasında əməliyyat üzrə rəis müavini oldum. Komendantın müavini olandan bir il sonra məni yenidən göndərdilər Moskvaya – DTK Akademiyasınının nəzdində bir illik xarici dilləri öyrənmə kurslarına – fars dilini öyrənməyə. Fars dili əməliyyat işində, sərhəd komissarlarının görüşündə lazım idi. O vaxta qədər nəinki fars dili, heç bir xarici dil keçməmişdim. Çayüzüdə bir orta məktəb müəllimi vardı Kirmanşah rəhmətlik. Sadəcə, o öyrədirdi mənə bəzi şeyləri. Radioya qulaq asırdım.  Kursu əla qiymətlərlə bitirdim və yenidən qayıtdım Yardımlıdakı Çayüzü komendaturasına”.

 


Bu yerdə belə bir sual yaranır məndə. Çünki xarici dil öyrənə bilməmək qabiliyyətim yaralı yerimdir. Həm orta, həm də ali məktəbdə ingilis dili keçmişəm. Amma bu dilə yiyələnməmişəm. Bir il də Universitetdə fars dili kursu keçmişəm. Bu dil üzrə də müvəffəqiyyətim olmayıb. Yəni o vaxt təhsil o qədər güclü idi ki, fars dilini bir ilə öyrənmək – yazmaq, oxumaq və sərbəst danışmaq mümkün oldu?

 

 –  “Karl Marksın sözü var da... Farsın yazısı olmasa, üç aya öyrənərəm bu dili. Fars dili çətin dil deyil, onun yazısı çətindir. Yazıda nöqtələr ki, var... Hətta bir dəfə rəsmi iclas olub, protokol yazılıb. İndi mən gərək götürüb oxuyam ki, düz tərcümə olunub ya yox?! İran tərəfdən tərcüməçi görürdü ki, çətin oxuyuram.  Soruşdu ki, ağayi-Novruzov nə axtarırsan? Cavab verdim ki, nöqtələri axtarıram, sözün üstündəki nöqtələri. Zarafatla dedi ki, bəs nöqtələr kağızın o biri üzündədir. Onlar tez-tez yazırlar, hara da gəldi nöqtəni atırlar. Sən sözü bilsən heç nöqtə sənə lazım deyil. Tanış olmayan söz olanda axtarırsan ki, nöqtə hardadır. Nöqtənin yeri dəyişiləndə söz də dəyişilir. Qurtarıb fars dili kursunu qayıtdım Yardımlıya – Çayüzü komendaturasına. 3-4 ay orda işlədim.  Sonra məni göndərdilər  Lənkəran Sərhəd dəstəsində Əməliyyat şöbəsinə. Orda fars dilini bilən yox idi. Sonralar adı dəyişdirildi o şöbənin. Oldu Kəşfiyyat şöbəsi.


İşlədim əməliyyat işində. Həm də Azərbaycan SSR-nin Lənkəran zonası üzrə Sərhəd Komissarının tərcüməçisi. Sərhəd Komissarı, müavini, tərcüməçisi və katibi – bu dörd nəfər hər iki dövlətin – SSRİ və İranın Xarici İşlər nazirlikləri tərəfindən təsdiq olunmuş adamlar idi. Lənkəran Sərhəd otraydında iki il işlədim. Artıq kapitan rütbəsi almışdım”.

 

General danışır. Mən isə dinləyirəm. Xırdalıqlara varmaq üçün köməkçi suallar verirəm. Cavab vermək istəmir. “Mahir, axı kimə lazımdır, axı kimə maraqlıdır bu şeylər?” deyə “üsyan” edir. “Mənə lazımdır” söyləyirəm. Heç nə demir. Amma yenə də ağ səhifələr ağ səhifə olaraq da qalır. Xüsusilə də “niyə axı o?” sualım. Qısa müddət ərzində hansı xidmətləri olmuşdu ki, məhz onu seçirdilər. Məhz onu irəli çəkirdilər. Məhz ona inanırdılar. Axı bugünümüz üçün əsas şərtlərdən olan –  nə arxası, nə daydayısı, nə də pulu vardı?! Çox keçib o zamandan. Mən onu kapitan rütbəsində görəndə 5 yaşım vardı, indi isə 51. Görəsən “Soverşenno sekretno” qrifi nəvaxtadək Vətənə sədaqət andı içmiş azərbaycanlıları daha yaxından tanımağa bizə imkan verməyəcək?  Kapitan, gənc Novruzovun növbəti fəth etdiyi hərbi zirvə hansı oldu, bilirsinizmi?

 

– “Azərbaycan Sərhəd dairəsi bir qurum kimi ləğv olunmuşdu. Yaradılmışdı Tbilisidə Zaqafqaziya Sərhəd dairəsi.  Bu dairə SSRİ-nin ən operativ sərhəd dairəsi idi. Türkiyə NATO-nun, İran isə ASAN deyilən bir qurumun üzvü idi və SSRİ-yə qarşı ciddi mövqe tutan dövlətlər idilər. Mən orda ilk azərbaycanlı zabit idim ki, okruq – dairə səviyyəsində bir vəzifə verilmişdi. Sovet vaxtı SSRİ miqyasında azərbaycanlı kadrlar vardı. Amma Sərhəd Qoşunlarında – “okruq” səviyyəsində azərbaycanlı olmamışdı.  Azərbaycan istiqaməti üzrə kurator idim. Yəni Azərbaycan ərazisində olan beş sərhəd dəstəsinin əməliyyat – kəşfiyyat üzrə kuratoru idim. İki il orda qulluq edəndən sonra KQB-nin – Dövlət Təhlükəsizlik Komitəsinin Akademiyasında oxumaq istəyimi bildirdim. Arzu edənlər çox idi. Amma məni seçdilər.  5 il burda qiyabi oxudum. Mən bitirdim Hüquq fakültəsini və hüquqşünas diplomu aldım. Onun əvvəlki adı “VŞK” – “Vısşaya Şkola KQB” idi. Yəni DTK-nın Ali Məktəbi.  Oxuya-oxuya iki il Tiflisdə dairədə qulluq elədim. Artıq rütbəm mayor idi. Sonra məni keçirtdilər Lənkəran Sərhəd dəstəsinə Kəşfiyyat şöbəsinin rəisi. Podpolkovnik rütbəsi aldım.


Sonra mənə təklif olundu ki, gedim Orta Asiya Sərhəd dairəsi Kəşfiyyat idarəsinin rəis müavini. Mən getmədim. Səbəbini soruşanda izah etdim ki, bacımın o vaxt əri rəhmətə getmişdi. Beş uşaqla qalmışdı. Bir sözlə ailə vəziyyətimlə bağlı izah verdim və məni düzgün anladılar. Çünki məni vəzifədə böyüdürdülər. Naz eləməməliydim əslində. Əksinə sevinməliydim. Polkovnik rütbəli bir vəzifə idi. Özü də 42 yaşında. Dörd ay sonra mənə başqa təklif gəldi – Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat idarəsinin rəis müavini. Bura razı oldum. Yaxın olduğu üçün. Həm də ezamiyyətə tez-tez gələcəkdim Azərbaycana. Bunları da nəzərə almışdım”.

 

Yazımın əvvəlində qeyd etdim ki, mən əsgəri xidmətimi SSRİ DTK-sının Sərhəd Qoşunlarında çəkmişəm (1985-1987). Sərhədlə bağlı müəyyən təsəvvürlərim var.  O vaxt biz böyük komandirimiz kimi general-mayor Mustafa Nəsirovu tanıyırdıq. Ona görə də sualım özünü çox da gözlətmədi: Cənab general , dedininz ki, Azərbaycan Sərhəd Dairəsi ləğv edilmişdi. Amma mən bildiyim qədər Azərbaycanda general-mayor Nəsirov adlı yüksək rütbəli azərbaycanlı sərhədçi zabitimiz vardı.

 

– “Zaqafqaziya üzrə sərhəd dairəsi yaradılanda Mustafa Nəsirov yeganə azərbaycanlı idi ki, sərhəd dəstəsinə rəhbərlik edirdi. Naxçıvan Sərhəd dəstəsinin komandiri, polkovnik rütbəsində idi. Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra Azərbaycanın zabitlərini axtarıb tapırdı və irəli çəkirdi onları. O vaxt da Azərbaycan sərhədində ən yüksək vəzifədə olan azərbaycanlı Nəsirov idi. Mən də o səviyyədə idim. Özü də dairədə işləyirdim. Amma mən mütəxəssis idim – kəşfiyyat üzrə. Amma Nəsirov sərhəd yaradıcılığı, təşkilat məsələləri üzrə vəzifə daşıyırdı. Azərbaycanda ki, dairəni ləğv etdilər, onun yerində qaldı “operativno-voyskovoy otdel” – hərbi-əməliyyat şöbəsi. Bu şöbə Azərbaycan üzrə 4-5 otryada rəhbərlik etməliydi. Heydər Əliyev Nəsirovu irəli çəkmək üçün Zaqafqaziya üzrə dairə rəisinin müavini vəzifəsinin yaradılmasına nail oldu və onu irəli çəkdi. Daha sonra general-mayor rütbəsi verildi ona.

Azərbaycan SSR Mərkəzi Komitəsinin 1-ci katibi olanda Heydər Əliyevin qərarı ilə, 1979-cu ildə mənə “Azərbaycan SSR-in Əməkdar Hüquqşünası” fəxri adı verildi. O vaxtadək ulu öndərimiz iki dəfə Lənkəran sərhəd dəstəsinə gəlmişdi. Onunla Dəstə rəisinin müavini – hərbiçi kimi görüşmüşdüm. Ünsiyyətimiz olmamışdı.


1979-cu ildə İran hadisələri ki, oldu... SSRİ Dövlət Təhlükəsizlik orqanlarının “Fəxri əməkdaş”ı adına layiq görüldüm. “Fəxri əməkdaş” KQB orqanında ən yüksək ad sayılırdı. 40-cı illərə qədər bu mükafat “Fəxri çekist” adlanırdı deyən öz aramızda belə deyirdik. Bunun üstün cəhətləri çox idi. Birini deyim. Ordudan tərxis olunanda soruşurdular ki, sən SSRİ-nin hansı şəhərində yaşamaq istəyirsən. Sənin şəxsi işini göndərirdilər ora, dururdun ev növbəsinə, növbən çatanda sənə mənzil verirdilər. Amma SSRİ-nin üç şəhərinə getmək olmazdı. Buna deyirdilər “bağlı şəhərlər”: Moskva, Leninqrad, Kiyev. “Fəxri əməkdaş” olanda bu üç şəhərin hansına istəsən gedə bilərdin. Və səni növbədənkənar mənzillə təmin etməliydilər. Ən böyük cəhəti bu idi. Hadisələri qabaqlayaraq onu deyim ki, ehtiyata buraxılanda Mən Bakını seçdim. Tiflisdə adım qulluqda gedə-gedə artıq Bakıda mənə mənzil ayırmışdılar. İndi müsahibə aldığınız bu üçotaqlı evi”.

 

Cənab general, sovet dövründə mənim yadıma gələni belə bir ifadə vardı: Beynəlmiləl borc. O da Əfqanıstanda xidmət keçmək idi. Bir sərhədçi kimi sizdən də yan keçməmişdi bu müharibə ocağı.

 

– “Mən dairədə işlədiyim dövr SSRİ qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlar apardığı dövrə təsadüf edirdi. Bu dövrdə SSRİ Sərhəd Qoşunlarının komandanı, Ordu generalı Matrosov belə təklif vermişdi ki, Sovet sərhədində Əfqanıstan ərazisindəki 100 km-i sovet sərhədçiləri götürürlər öz boyunlarına.  Orduya çox da inam yox idi. Sərhəddə vəziyyət sabit olsun deyə Dövlət Təhlükəsizlik Komitəsi bu addımı atmağa məcbur idi. Sonralar bu təklifinə görə Matrosov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O vaxt Əfqanıstan-SSRİ sərhədində xüsusi dairə yaratdılar. Bu “okruq” yalnız Əfqanıstanla məşğul olmalıydı. Məni Tiflisdən göndərdilər ora Kəşfiyyat işləri üzrə müavin vəzifəsində “stajirovka” – təcrübə keçməyə. Bu o demək idi ki, rəsmi oturduğun yer Aşqabaddır, amma bütün ezamiyyətlər Əfqanıstanadır. Bizim zastavalar vardı Əfqanıstan ərazisində – Anxoy, Daşdı Kurqan, Məzari-Şərif, çox zastavalar vardı. O yerlərə ezamiyyətə gedirdim. 9 ay oldum orda. Sonra mənə dedilər ki, bəs gedirsən Əfqanıstanın paytaxtı Kabula – Əfqan Sərhəd Qoşunlarında SSRİ-nin baş təlimatçısı. Ora da ailəylə getmək lazım idi. Orda  ailəlilərçün məktəb də vardı, uşaq bağçası da – hər cür şərait yaratmışdılar. Ailə də mənimlə bərabər tibbi komissiyanı keçməliydi. Həyat yoldaşım tibbi komissiyanı keçə bilmədi. Dəfələrlə əməliyyat olunmuşdu. Ürəyində problemi vardı. Xalandı, sən hər şeyi yaxşı bilirsən. Ona görə də qayıtdım yenidən Tiflisə. Ordan da ehtiyata buraxıldım. Səhhətimə görə.

İş çox ağır idi. Sərhəddə elə gün olmurdu ki, 5-6 maraqlı əhvalat olmasın. Bunların hamısına birinci göndərirlər əməliyyatçını – kəşfiyyatçını. O, getməlidir, vəziyyəti öyrənməlidir, nəticə çıxartmalıdır, təklif verməlidir, bunun sabahısı nə ola bilər, burda xarici kəşfiyyatın barmağı var, ya yoxdur. Dairədə işləyəndə ayın 20 gününü ezamiyyətdə olurdum. Mənim rəisim, ufalı general-mayor Subayev həm yoğun, həm də xəstə adam idi. Onun imkanı yox idi getsin ezamiyyətlərə. Ona görə həmişə mən gedirdim. Onun da yükünü mən daşıyırdım. Evdə də ailə, həyat yoldaşım ürək xəstəsi. Və narahat olurdum. Düzdür 25 il xidmət keçmişdim. Amma 46 yaşındaydım, rütbəm də polkovnik. Polkovnikləri 55 yaşına qədər saxlayırdılar ki, mütləq qulluq eləməlisən. Mən 10 il də qalmalıydım. Amma səhhətim yol vermədi. Əfqanıstanda olanda da belimdən zədə almışdım. Bakıda hospitalda yatdım bir müddət. Xülasə,  səhhətimə görə çıxdım ehtiyata”.  


Çox yordum Sizi suallarımla. Bəlkə sərhədçi həyatında sovet vaxtı başınıza gələn, şahidi olduğunuz və indi açıqlaya biləcəyiniz maraqlı hadisələrdən bir-ikisini danışasınız.

 

– “Sərhəd komissarlarının növbəti görüşüydü. Biz tərəfdən müavin kimi mən getmişdim başçı. İşimizi gördük. Qayıdıb gələndə İran komissarı polkovnik Məhəmmədyan mənə dedi ki, “ağayi-Novruzov, bu gün naharımızı restoranda eləyəcəyik”.


İran Astarasında İran komissarının özünün qonaq evi var.  Həmişə çörəyi biz orda yeyirdik. Bizim Astarada da özümüzün Qonaq evimiz vardı.  Bizdə görüş olanda  çörəyimizi orda yeyirdik. Artıq İranda hakimiyyət təzəcə dəyişmişdi. Mollalar gəlmişdi. Mən də cavab verdim ki, bizdə deyirlər qonaq evin süpürgəsidir... Hara deyirsən gedək. Gəldik İran Astarasına. Dənizin sahilində bir kafeyə. Girdik oturduq. Camaat da oturub, biz də oturmuşuq. Ümumi zaldır. Mən hiss elədim ki, ora əvvəlcədən heç bir sifariş verilməyib. İranlılar xörəyi yaxşı hazırlayırlar, xüsusi sifariş verməyə heç ehtiyac da duymurlar. Oturduq süfrə arxasına. Çörəyimizi yedik. Sonra durduq çıxdıq. Çıxanda soruşdum ki, “ağayi-Məhəmmədyan, axı bu nə məsələdir? Əvvəllər heç bizi restorana aparmazdınız”. Dedi ki, “baba, hakimiyyət dəyişiləndən sonra,  bu mollalar deyir ki, siz gedib orda ruslarla görüşdə araq içirsiniz. Mən də sizi bura gətirdim ki, görsünlər ki, araq-zad içmirik. Sadəcə nahar edirik”. Onda mən sual verdim ki, “bəs qapının üstündə o nə idi yazmısınız ki, “İslam libasında olmayan qadınların girişi qadaqandır!””. Dedi ki, “orda gördün qadınlar oturmuşdu, ya yox?”. Dedim ki, hə oturmuşdular. Soruşdu ki, “qabaqkıyla indikində nə fərq var?”. Dedim ki, vallah qabaqkı kimi geyiniblər, amma başlarına yaylıq bağlayıblar. Dedi ki, “baba, “islam libası” deyəndə, mollalar onu nəzərdə tuturlar”.


Bir hadisə əhvalat da danışım. Mincivan tərəfdən bir nəfər sərhədi pozub keçmişdi İrana. Kim olduğu bilinmirdi. Amma İrana keçməyi dəqiq idi. O vaxt, özün bilirsən də... çoban da keçsəydi sərhədi, neçə məsul adamın rütbəsini alırdılar, həbs edirdilər, partiyadan çıxarırdılar. Bizə də göstəriş gəldi ki, tapın görək kimdir sərhədi keçən – alimdir, çobandır, kimdir axı bu? İran tərəfindən soruşurduq, boyunlarına almırdılar ki, bəs sərhədpozucusunu tutublar. Onlar araşdırandan sonra bir qayda olaraq qaytarırdılar. Açığını deyim ki, o vaxtlar bizdən ora sanballı adamlar da getmirdi axı. Gedənlər əsasən araq içib keflənən, narkotik aludəçiləri, ya da çoban olurdu. Onda Zaqafqaziya kəşfiyyat idarəsinin rəisi mənə zəng elədi ki, sənin necə imkanın var öyrənəsən keçənin kimliyini? Dedim ki, bir imkanım var. Onların komissarlarının biriylə şəxsi münasibətim var. Bir insan kimi münasibətimiz var. İnanıram ki, o mənə yalan deməz. Ancaq bir şərtlə ki, mən tək olum. Bizim də komissar getsə, o iranlı mənə heç nə deməyəcək. Çünki müavin idim. İranlı da inanıb mənə söz deyəcəksə, onu görüb çəkinəcək. İcazə verdilər ki, tək gedim. Gəldim Astara körpüsünün üstündə görüşdük. Dedim ki, bizim komissar xəstələnibdir, iştirak edə bilməyəcək. Mənimlə görüşmək istəyirsənsə gedək. Əgər ki, yox, qalsın. Razılaşdı. Keçdik biz tərəfə, mən söhbəti gətirdim o məsələnin üstünə – çox çətinliklə. Etiraf etdi ki, sərhədi keçən var. Amma mən bilmirdim ki, sən soruşacaqsan bu barədə. Ona görə də yanımda heç bir məlumat götürməmişəm. Soruşdum ki, heç olmasa milliyyəti nədir, ya hansı sənətin sahibidir? Dedi ki, “baba, sərhədyanı kəndlərin birindəndir, dəmiryolçudur”. Bu kifayət idi bizə. Axtarıb tapdıq. Mincivanda Əliyev familiyalı biri vardı. Onun icazəsi vardı sərhəd çəpərinin o tərəfinə keçib işləməyə. İçib “piyan” olub sərhədi keçmişdi.


Sərhəd Komissarlarının işini elə qurmalısan ki, belə hallarda əlindən tutsun. İran tərəfi mənə deyirdi ki, ağayi-Novruzov, sən İranla SSRİ arasında körpüsən. Həqiqətən də, çox vaxt yoluna qoyurdum məsələləri, yumşaldırdım, narahatçılıqlar olmurdu”.

 


İran sərhədində uzun müddət qulluq keçmisiniz. O vaxt qonşu dövlətdə hakimiyyət dəyişikliyi oldu. İran şahının zamanında qismən rahat keçirdi qulluq, yoxsa inqilabdan sonra – mollaların dövründə? 

 

– “Şahın zamanında.  Şahın zamanı dedim... bir məzəli əhvalat  olmuşdu o vaxt. Bir dəfə İranlılardan rəsmi məktub gəldi ki, bəs ev donuzu keçib sərhədi. Zastavalarda donuz saxlayırdılar. Bəzən zastava rəisləri onun uçotunu gizləyirdilər.  Göstəriş verildi və məntəqələr yoxlanıldı. Hamısından da cavab gəldi ki, bizim ev heyvanları hamısı yerindədir. Amma iranlılar donuzu tutublar. Donuz da sərhəddən keçib ora. Getdik görüşə. Mən o vaxt tərcüməçi idim. Baş leytenant olan vaxtlarım idi”.

 

Abbasəli müəllim, indi donuz keçib keçib də... Gülləylə vurub öldürsünlər də... Axı donuz nə əhəmiyyətli bir şey idi ki, buna görə İran tərəfi hələ bir rəsmi məktub da yazırdı.

 

– “İran tərəfdən mal-qara tez-tez keçirdi sərhədi biz tərəfə. Çünki onlarda sərhəd çəpəri yox idi.  İranın sərhədyanı əhalisi sərhəddəki çaydan da istifadə edirdi, sərhədə yaxın sahələrdə mal-qara da otarırdılar. Onların mal-qarası tez-tez keçirdi biz tərəfə. Biz də mal-qaranı tutub, sonradan rəsmən təhvil verirdik İran tərəfə və protokol yazırdıq. Onlar da qol çəkib təhvil alırdılar. Belə hallar çox olurdu.  Amma bizdən o tərəfə mal-qara keçmirdi deyə, iranlılar özlərini pis hiss eləyirdilər. İndi əllərinə bəhanə düşmüşdü desinlər ki, bir dəfə də sizin ev heyvanı biz tərəfə keçib. Getdik görüşə Yardımlı ərazisində – Avaş deyilən ərazi, hündür dağ var orda. O tərəfdə də bir kənd vardı Tülün. Dərənin dibində idi. Donuzu o dərədə tutublar. Jandarmlar donuzun başına ip bağlayıblar. Donuzu dartırlar ki, dərədən yuxarı qaldırıb təhvil versinlər, o da yerindən tərpənmir. İki nəfər də daldan itələməlidir ki, dağı qaldıra bilsinlər. Amma əl də vura bilmirlər. İyrənirlər, haram heyvan sayılır axı. İki jandarm heyvanı dartır, yerindən tərpənmir. Çığırtısı götürüb aləmi. Xülasə bir təhər gətirdilər. Orda qayda beləydi. Əgər onlar bizi görüşə çağırıblarsa, yemək-içməyi onlar verməliydi. Yeməyi onlar hazırlayırdı, arağı biz aparırdıq. Özləri xahiş eləmişdilər bizdən. Şahın vaxtıydı. Nə qədər elədik ki, protokolsuz təhvil verin. Dedilər ki, yox, hökmən protokolla təhvil verməlidirlər. Onda bizdə bir azərbaycanlı zabit vardı – Kazım Tahirov. Gəlib donuzun qulağını burdu, o da çığırdı. Döndü iranlılara ki, bu amerikan donuzudur, bizim donuzlar belə çığırmır. İranlılar da gülüşdülər və razı oldular ki, götürün protokolsuz”.

 

46 yaşında ehtiyata buraxılan polkovnik, Azərbaycan SSR-nin Əməkdar hüquqşünası,  SSRİ Dövlət Təhlükəsizlik orqanlarının “Fəxri əməkdaş”ı. Və yüksək vəzifələr tutan azərbaycanlı sərhədçi-zabit. SSRİ dönəmindəki zabit fəaliyyətinizə qısaca necə yekun vurardınız.

 

 – “ Mən sərhədçi olanda üç funksiyam vardı:

Birincisi: Sərhəd dəstəsinə mən hüquqşünas kimi gəlmişdim ilk gündən. Sərhəd pozucularının – o tərəfə, bu tərəfə keçən adamların hüquqi məsələlərini mən həll edirdim. Sonralar kəşfiyyat şöbəsinin rəisi kimi rəhbərlik etdim bu işə. Sonra Zaqqafqaziya dairəsində kəşfiyyat idarəsinin rəis müavini olanda bütün dairə – Azərbaycan, Gürcüstan, Ermənistan sərhəd dəstələri üzrə bu hüquq məsələlərinə rəhbərlik eləyirdim. Bu mənim 1-ci – sərhədçi kimi funksiyam oldu. 


İkincisi: Sərhəd məsələləri üzrə diplomatik danışıqların aparılması.  Dil bildiyimə görə, vəzifəmə görə bu məsələlərlə məşğul olurdum.


Üçüncü də ki, kəşfiyyat. Və bunların hamısının öhdəsindən yüksək səviyyədə gəldim”.

 


Bacanağınız Qabil sizə həsr etdiyi şeirdə də üç məqama toxunub. Əlbəttə ki, şairanə tərzdə:

 

Kişinin zinəti qeyrət və təvazö və həyat –
Sənə bəxş etmiş üçün də Yaradan... Abbasəli.

 

Söhbətimizi davam etdirək.  28 il əvvəl vida etdiyiniz mülki həyatınıza qayıtdınız. Baxmayaraq ki, təqaüdçü idiniz. Amma 46 yaşında işləməmək də olmazdı. Özünüz də yüksək ali təhsilli hüquqşünas. Yəqin ki, iş axtardınız.


– “Təbii ki, mülki həyatda işləməliydim. Mərkəzi Komitənin katibi vardı İsa Məmmədov – Lənkəranın keçmiş 1-ci katibi olmuşdu. Ordan məni tanıyırdı. Getdim onun qəbuluna. Həmin gün də məni qəbul elədi. Özü də ki, hələ onda tam ehtiyata çıxmamışdım. Sənədlərim hazırlanırdı. İsa müəllimlə söhbət elədim, gələcəkdə işləmək istədiyimi dedim ona. O mənə təklif etdi ki, gəl səni Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə işə götürək. Mən də cavab verdim ki, əgər “KQB”də işləsəm, 50 yaşım da yaxınlaşır, 3-4 ildən sonra yenidən mülki iş axtarmalıyam. Elə bu başdan işimi ehtiyatlı görüm də... Onda mənə dedi ki, get işini həll elə, tam tərxis ol, sonra gəl yanıma iş məsələsini həll edərəm.


Mən elə də etdim. Mülki şəxs kimi gəldim yanına. O da Mərkəzi Komitənin İnzibati şöbəsinin müdiri Sabir Hüseynovu çağırdı kabinetinə. Onun qardaşı o dövrdə Azərbaycan DTK-sında sədr müavini idi – general-mayor Bahadur Hüseynov. Ordan məni göndərdilər Ədliyyə Nazirliyinə, hüquqşünas olduğuma görə”.

 

Hiss edirəm ki, general Novruzov yenə tələsir. Mülki həyatının ilk günlərində qarşılaşdığı süni maneələrinin üstündən sükutla keçmək istəyir. Ona görə də sözünü kəsirəm. Yox, bu dəfə dövlət sirri deyil demək istəmədikləri. Sadəcə, köhnə kişilərdəndir Abbasəli müəllim. “Mahir, həmin adamlar rəhmətə gedib. Bu barədə danışmaq istəmirəm. Pislik ediblər mənə” söyləyir. “Bəs nə vaxt danışacaqsan. Özü də bilirsən də... mən “Sandıq ədəbiyyatı” həvəskarıyam. Yəqin oxumusan mənim yazdıqlarımı. Həm də danışdıqların həmin dövrün təsviridir. Çox maraqlıdır mənimçün. Yəqin oxucular üçün də maraqlı olar”deyirəm. Razılaşır danışmağa. Əlavə suallar verib sözünü kəsmirəm. Çünki bir qohum kimi bunların heç birini bilmirdim. Sadəcə, kirimişcə oturub qulaq asıram.

 

– “İsa Əliyeviç Mərkəzi Komitənin İnzibati şəbəsinin müdirini çağırdı kabinetinə. Məni təqdim edib, dedi ki, bu adam filankəsdi-filankəsdi. Amma, demə mən əvvəlcə getməliymişəm Sabir Hüseynovun yanına, sonra İsa Məmmədovun. Subordinasiya qaydaları.

Amma İsa Məmmədov onu kabinetinə çağıranda, gördü ki, orda oturmuşam, formadayam, məni tanımırdı da... Bir az sifətində dəyişiklik oldu. Sonralar Sabiri yaxşı tanıyanlar mənə dedilər ki, Sabirin xoşu gəlməyib ki, İsa onu çağırıb sənin ayağına. Sabir Hüseynov da başladı ki, görürəm bu cavan adamdı, niyə belə tez çıxıb ordudan?  Cavab verdim ki, səhhətimə görə. “Nə olub səhhətinə?” Cavab verdim ki, bəs belə, belə... O da cavab verdi ki, İsa Əliyeviç mən kömək eləyərəm. Telefon nömrəsi verdi, dedi ki, mənə zəng eləyərsən.


Sonra zəng elədim onun katibəsinə, məni calaşdırdı. Dedi ki, narahat olma, iş axtarırıq. Sonra bir dəfə də zəng elədim. Yenə də həmin sözü dedi. Üçüncü dəfə zəng edəndə katibəsi əvvəl dedi ki, kabinetindədir. Sonra isə dedi ki, kabinetindən çıxıb.


Danışdım bu əhvalatı onun qardaşı, KQB-də işləyən general-mayor Bahadur Hüseynova. O məni şəxsən tanıyırdı, mən də onu. Amma Sabirlə tanışlığımız olmamışdı o dövrədək.  Dedim ki, bəs Sabirə deyiblər, o isə məni qəbul eləmir. O da qayıtdı ki, Sabir səni niyə qəbul eləməlidir? Mən də telefonla dedim ki, polkovnik adamam, vicdanla xidmətimi edib gəlmişəm. Sabir məni qəbul eləməyəndə, bəs kimi qəbul edir? O da pərt oldu. Gördü ki, sözümü dedim də... Dedi ki, yaxşı, mən danışaram. Sabah mənə zəng elə. Səhəri gün zəng elədim. Dedi ki, gedirsən Bakı şəhəri “Noçnoy oxrana”nın rəisinin yanına. Yəni ki, Bakıda nə qədər nazirlik, idarə, obyektlər var – onları qoruyan idarə. İndiki dildə desək Mühafizə İdarəsi.  Gedirsən onun rəisinin yanına, sənə iş təklif edəcək. Milis sistemi idi. Mən də gəldim onun rəisi Fətulla Hüseynovun yanına. “Qara polkovnik” deyil, bu futbolçu  olmuşdu. Məni yaxşı qəbul elədi.  Oturduq söhbət elədik. Dedi ki, Abbasəli müəllim, get Keşlə ət kombinatı oxranasının rəisi. Demə o vaxt da o kombinatın rəisi mənim yerlimmiş – Baba Mamedov. Dedim ki, Fətulla müəllim, mən o yerə getməyəcəyəm. (Vakant yer idi.) Dedi ki, niyə? Cavab verdim ki, “yüz dənə iş görəcəklər” orda. Mən bu işlərə “nəzarət” edə bilməyəcəyəm. Dedi ki, bəs sənə nə iş verim? Dedim elə burda yazı-pozu işi, katiblikdə. Dedi ki, polkovnik adamsan, nə yazı-pozu?.. Yenə də təkrar etdim ki, yox ora getmirəm. Mənə dedi ki, Bahadur zəng etməsəydi, sən milyon dəfə də gəlsəydin, mən heç sənə o vəzifəni verərdim? Belə dedi ha... Dedi ki, orda sənin icazən olmasa 1 qram kolbasa da çıxara bilməzlər. Dedim ki, elə ona görə getmirəm. Xülasə, bu zəng elədi Bahadura ki, “getmir”. Ondan sonra Bahadur dedi ki, Sabirə zəng elə.  Sabirə zəng elədim. Dedi ki, bir dəqiqə gözlə. Gördüm ki, daxili telefonla danışır – ədliyyə naziri Yusifovla.  “Yusifov, yanına bir adam gələcək, ona iş ver. Sonra mən sənə danışaram”. Yəni, deyərəm ki, kim tapşırıb. Sonra mənə dedi ki, get ədliyyə nazirinin yanına.  Gəldim nazirliyə. Gördüm nazir oturub, bir də nazirin 1-ci müavini, vaxtilə milis orqanlarında işləmiş, “uqolovnı rozıskın” rəisi Ərzuman Zülfüqarov. Başladılar mənimlə söhbət eləməyə ki, harda qulluq eləmisən və sairə. Soruşurlar ki, filankəsi tanıyırsan? Deyirəm ki, yox. Bəsmənkəsi tanıyırsan? Yox. Zülfüqarov soruşdu ki, polkovnik Rəhman Zülfüqarovu tanıyırsan? Dedim ki, yox. Dedi, bəs sənin yerlindir, necə yəni tanımırsan? Nazir müavini olub. Lenin rayonunun milis rəisi olub. Necə yəni tanımırsan?! Cavab verdim ki, bəs sərhəddə olmuşam. Onlarla heç vaxt əlaqəm olmayıb, tanımıram. Sonra nazir soruşdu ki, sən Cənub zonasında qulluq eləmisən sərhəddə – Cəlilabadın 1-ci katibi İbrahim Qurbanovu tanıyırsan? Dedim ki, “hə, tanıyıram.   Bax ondan soruşsanız, o mənə xarakteristika verər”. Mən elə bilmişdim ki, bunlar belə soruşurlarsa, deməli kimdən soruşsunlar ki, mən necə adamam? Onda Nəriman Yusifov dedi ki, onun xarakteristikası bizə lazım deyil.  Sənin xarakteristikan çiynindəki üç dənə ulduzdur. Amma bu saat sənə layiq bir dənə boş yer var bizdə. Notariat və “ZAQS” (nikakəsmə) idarəsində rəis müavini. Mənim üçün fərqi yox idi. Bir iş versinlər gedim başımı qarışdırım. Oranın rəisi xalq yazıçısı İlyas Əfəndiyevin qardaşı Arif Əfəndiyev idi.

 

Orda bir keçmiş milis polkovniki vardı. Həm nazir Nəriman Yusifovun yerlisi idi, həm də onunla və Arif Əfəndiyevlə bir yerdə oxumuşdular – Rzaqulu. Rəhmətə gedib. Məndən əvvəl rəis müavini vəzifəsini o icra edirmiş. Əslinə qalsa, o, kabinetdən çıxmalıydı, mən tək oturmalıydım orda.  Bu mənə dedi ki, sən polkovnik, mən polkovnik, gedib o biri otaqda cavan uşaqlarla birlikdə oturmayaq. Elə biryerdə oturaq. Söhbət eləyirdik, dərdimizi danışırdıq bir-birimizə. Mən də söhbət əsnasında deyirdim ki, bu nə vəzifədir e... kəşfiyyatçıyam, gətirib mənə veriblər notariatla ZAQS-ı. O da bu gileyimi gedib deyibmiş dostu nazir Nəriman Yusifova. Nazir də Sabir Hüseynova şikayət edib ki, bəs Novruzova iş vermişik, narazılıq edir. O da öz növbəsində bunu İsa Məmmədova demişdi. Bir də gördüm ki, İsa müəllim zəng edib mənə kabinetə – şəhər telefonuyla. Mərkəzi Komitənin katibi axtarıb bir idarə rəisinin müavinini tapıb. Mənə dedi ki, Abbasəli müəllim, axı sən nizam-intizamlı adam idin, sənə iş veriblər, sən isə narazılıq edirsən. Dedim ki, İsa Əliyeviç, mən narazılıq eləmirəm. Amma burda bir yoldaş var, oturub onunla söhbət edəndə, dedim ki, bəs əvvəllər kəşfiyyatda işləyirdim, amma indi ZAQS idarəsində işləyirəm. Dedi, sənə hara veriblər? Cavab verdim ki, Notariat və ZAQS idarəsinə.  Dedi “Olmaz belə! Bir həftədən sonra mənə zəng eləyərsən!”. Yaman hirsli danışdı İsa müəllim. Amma uşaq deyiləm ki, zəng edəm. Artıq ora öyrəşmişdim. Sakit iş idi. Amma mən o vaxt ilk qəbulda nazirə də demişdim ki, mən istəyirəm məhkəmə sistemində işləyim. Artıq Nəriman Yusifov perevod almışdı Moskvaya. Gedəndə istəyirdi ki, mənimlə bir yerdə oturan yerlisi, polkovnik Rzaqulunu mənim yerimə təyin etsin. Məni çağırdı yanına. Dedi ki, gəl səni özümə götürüm köməkçi. Ovaxtkı pomoşniklərdən biri Fuad Ələsgərov idi. Yəqin tanıyırsınız.  O vaxt köməkçilərə əhəmiyyət vermirdilər. Pomoşnik ancaq kartoçkalara nəzarət edirdi

Nazir köməkçisi əslində böyük vəzifə idi. Amma imkan vermirdilər. Bir sözlə imtina etdim nazir köməkçisi vəzifəsindən və məhkəmə sistemində işləmək istədiyimi bildirdim. Onda  məni keçirtdilər Məhkəmə orqanları idarəsinə baş inspektor. Beş dənə rayon verdilər mənə – kurator kimi.


Sonra nazir dəyişildi. Əlisaab Orucov nazir təyin olundu.  O çox yaxşı nazir idi. Həm nazir kimi, həm insan kimi, həm hüquqşünas kimi... Onun da mənimlə iş əsnasında ünsiyyəti olmuşdu. Bir dəfə məni çağırdı yanına. Dedi ki, sən qabaqlar partiya işində işləmisən? Cavab verdim ki, bəli. Zaqafqaziya Sərhəd dairəsində partkomun müavini olmuşam. Sonra bildim ki,  26-lar rayonunun katibiylə danışıb ki, mən olum Ədliyyə Nazirliyi partiya təşkilatının katibi. Məni seçdilər partkom. Müavinlərim də oldu Fuad Ələsgərov, o birisi Sabir, Sabir... partiya da yaratmışdılar e... Ayaz Mütəllibovla, hə... Sabir Hacıyev. Onlar ikisi də müavin seçildilər.

 

Sonra nazir məni təyin etdi Kadrlar şöbəsinə müdir müavini. Məni hazırlayırdı həmin şöbəyə rəis. Rəis yox idi deyə, bir il rəis vəzifəsini icra elədim. Nazirlikdə bir-iki nəfər var idi ki, mənə deyirdi ki, nazir səni rəis təyin etmək istəyir. Gəlib məni təbrik edirdilər ki, filan yerdən keçdin, filan yerdən keçdin... Moskva da səni təsdiq elədi guya... Qalıb bir dənə mərkəzi komitə. Amma Sabir Hüseynov razılıq vermədi. Bəhanə də nə gətirdi. Bu gün-sabah rayonlarda seçkilər keçiriləcək, katiblərin çoxu işdən çıxacaq, onları yerləşdirməyə yer tapılmayacaq. Sonra gətirdilər bir nəfər qadını, vaxtilə hakim işləyib, işə  pis yanaşdığına görə məhkəmə sistemindən qovulan birini gətirib qoydular şöbə müdiri. Həmən o Zülfüqarov dedim e rəhmətlik, nazir müavini... o qadın ora gələndə mənə dedi ki, qadının şəxsi işini gətir bura. Mən də apardım ona. Mənim gözümün qabağında “delo”nu açdı. Mənə də inanırıdlar artıq. Vaxtilə nazirliyin yazdığı təqdimat ki, bu adam məhkəmə işini bacarmır, geri çağırmaq lazımdır. Həmən təqdimatı götürdü cırdı. Təqdimatı demə Zülfüqarov özü yazıbmış. Mənim gözüm kəlləmə çıxdı...

Sabir Hüseynov onda da mənə pislik elədi. 1987-ci ildə məhkəmə seçkiləri gələndə nazir Əlisaab Orucov məni çağırıb dedi ki, Bakını demirəm, şəhərə yaxın rayonlardan birinə barmağını qoy, səni göndərim hakim.  Bildim ki, Sabir qoymayacaq yenə. Dedim ki, Əlisaab müəllim, getmirəm. Soruşdu niyə? Dedim ki, burda işləyəndən məhkəmə işiylə tanışam.  Məhkəmə qərar qəbul eləyəndə – iki tərəf var da orda – birinin xeyrinə qərar verəndə  o biri tərəf hakimi söyür, o birinin xeyrinə qərar verəndə isə bu biri tərəf. Gedib bundan sonra ata-anamı söydürməyə halım yoxdur. Güldü.

İşlədim. Bir il oldum partkom. Mən belə görmüşdüm ki, partiya təşkilatı kommunistlərin hesabatını qoyur iclasa.  Məsəlçün, bir kommunisti çağırıb deyirsən ki, gələn iclasda sənin hesabatın olacaq. O da danışmalıydı ki, bir kommunist kimi öz üzərində necə işləyir, nə oxuyur, işə münasibəti necədir? Amma işi barədə hesabat vermirdi ha... Nazirlikdə də heç vaxt belə şey olmamışdı. İlk dəfə iclasda rəisim Arif Əfəndiyevin hesabatını qoydum. O da çox atıldı-düşdü ki, bizdə belə şey olmayıb. Mən də cavab verdim ki, bundan sonra olacaq. Sonra başqa bir idarə rəisinin hesabatını qoydum. Bax, İlham Rəhimovun, indi deyirlər ki, Prezident Putinin dostudur a... O vaxt idarə rəisi idi. Gəlib çatanda kadrlar şöbəsinin müdirinə nazir Əlisaab Orucov mənə dedi ki, Abbasəli müəllim, çox dərinə getmə də... Sonradan dedilər ki, bu hesabatlara “krest” qoy. 


Bir ildən sonra artıq məni partkom seçmədilər. Çünki, 26 rayon partiya komitəsindən iki dəfə məni çağırdılar, tapşırıq verdilər ki, filan texnikumdan şikayət var. Gedirsən oranı yoxlayırsan. Bakı Mühasibatlıq Texnikumu vardı. Bir lənkəranlı idi orada rəis. Getdim yoxladım və gördüm ki, şikayət ərizəsində nə yazılıbsa düzdür. Bütün nöqsanları mən də yazdım, gətirdim qoydum 26-lar rayonunda təşkilat şöbəsinin müdirinin qabağına. Oxudular və dedilər ki, yox, belə olmaz. Texnikumun müdiri yaxşı adamdır, yaxşı direktordur, filan, filan. Mənə dedilər ki, bunu dəyiş. Mən də dəyişmədim. Dedim ki, gələn dəfə məni belə yerlərə göndərməyin. Olanı yazacağam. Bir də təkid elədilər ki, dəyiş. Cavab verdim ki, bəs onda gedəcəyəm 1-ci katibin qəbuluna. Katib də onda “KQB”dən gəlmişdi. Heydər Əliyev onu təyin etmişdi ora. “KQB”də partiya komitəsinin sədri idi. Bunu demişdim ki, day söz demədilər. Kağızı aldılar məndən. Növbəti seçki gələndə raykom artıq razılığımı verməmişdi.

Sonradan nazir Əlisaab Orucov yenidən qaytardı məni Notariat və ZAQS idarəsinə rəis müavini. Dedi get ora, sənin haqqında fikirləşəcəyəm. Sonra da elə oldu ki, Əlisaabın özü haqqında “fikirləşdilər”... Amma yaxşı nazir idi. Orda 10 il işlədim”.

 

Və 1994-cü ildə birdən-birə Prezident Heydər Əliyevin sərəncamı ilə təyin olundunuz Milli Təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı. Mən “birdən-birə” dedim. Amma inanmıram ki, belə asan olub. O günləri də xatırlayaq. 

 

– “Hələ Prezident Elçibəyin vaxtında Azərbaycanın Sərhəd Qoşunları Komandanı vəzifəsi təsis edilirmiş. Onda hələ MTN-də nazir müavini olan Namiq Abbasov məni dəvət elədi. Ədliyyə Nazirliyi sistemində işləyirdim. Mən o vaxtadək Namiq Abbasovu bir dəfə görmüşdüm – Lənkəranda çay içmişdik. Məni çağırdı. Xidmət həyatımla maraqlandı. Mən də tərcümeyi-halımı danışdım. Ayrılanda dedi ki, bir də çağıracağam səni. Bir müddətdən sonra bir də çağırdı məni.  Bir az söhbətdən sonra mənə dedi ki, elə bil müstəqil Azərbaycanın sərhədlərinin qorunmasını sənə tapşırıblar, get bir plan yaz gətir – necə qoruyacaqsan onu? Bir də onu dedi ki, köhnə kadrlardan – kim ki, qulluq edib sərhəd qoşunlarında çıxıblar ehtiyata – kimi tanıyırsan, kimi qaytarmaq olar? Onların da siyahısını yaz gətir. Mən də gəldim, bildiyim kimi yazdım. Azərbaycanın cənubunda sərhəd qurulub, hazırdır. Zatavalar var. Amma şimalda, Gürcüstanla sərhəddə heç bir şey yoxdur. Bunların hamısını necə düzəltmək, necə quraşdırmaq olar – öz mülahizələrimi yazdım verdim ona. Zabitlərdən də kimi qaytarmaq olar, onların da siyahısını yazıb verdim. Sonra da yazdım ki, polkovnik İnayət Xəlilov əvvəlcə sərhədçi olub, sonra Ləkəranda, daha sonra Naxçıvanda DTK-nın sədri olub. Onu da qaytaraq.  Demə Namiq Abbasov məndən qabaq İnayəti yaxşı tanıyırmış və görüb ki, mən verdiyim siyahıda hamısı müsbət tipli kadrlardır. Üçüncü dəfə də məni çağırdı, dedi ki, mənə tapşırıq verilib ki, Sərhəd Qoşunlarına bir komandan tapım. Mən sənin təklifini verəcəm. Amma bilmirəm keçəcəksən, ya yox. Mən də cavab verdim ki, Namiq müəllim, mən keçməyəcəyəm. Namizədliyimi vermə.  Soruşdu ki, niyə? Çünki, mən gəlirəm ora  general-mayor İskəndər Allahverdiyevin yerinə. Sərhəd Qoşunları komandanı İskəndər Allahverdiyev idi. Onun da Milli Məclisin sədri İsa Qəmbərlə qohumluqları var. Nə qohumluq? – deyə soruşdu. Mən də dedim ki, İskədərin bacısı İsa Qəmbərin əmisi oğlunda ərdədir. Xülasə, nəticə bu oldu ki, mən keçmədim. Səbəbini bilmirəm.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra general-mayor Mustafa Nəsirov  gəldi mənim iş yerimə – Ədliyyə Nazirliyinə. Dedi ki, Heydər Əliyev tapşırıq verib ki, Sərhəd Qoşunlarına komandan tapın. Mənə də bu vəzifəni həvalə ediblər, ona görə ki, mən sərhədçiləri yaxşı tanıyıram. Mən də MTN nazirinə dedim ki, Novruzovdan başqasının namizədliyini təklif edə bilmərəm. 
Mustafa müəllim mənim razılığımı istədi. “Razısan bu vəzifəyə getməyə, ya yox? Mən nazir Nəriman İmranova deyim, o da prezidentə məruzə etsin səni namizədliyinini?”. Mən də zarafatla cavab verdim ki, Mustafa Cabbaroviç, kömək eləyəcəksən? O da dedi ki, hə, eləyəcəm. Mən də razılıq verdim. Amma ondan sonra mən düz doqquz ay gözlədim ki, sərəncamım verilsin. Mən uşaq deyildim. Başa düşürdüm ki, Prezident Heydər Əliyev məni yaxşı tanımır, mənim də namizədliyimi verir MTN naziri Nəriman İmranov. Nazirin də sonrakı aqibətini indi hamı yaxşı bilir. Məni çağırırdılar MTN-əki, bəs prezident bu gün səni qəbul edəcək. Amma qəbul eləmirdi. Sonra məni dövlət katibi Lalə Şövkət-Hacıyeva qəbul etdi.  Təbrik elədi məni kabinetində. Yenə də elan eləmədilər sərəncamı.  Ondan üç ay sonra təyinatım barədə prezident sərəncamım elan olundu. Namiq Abbasovdan soruşmuşdu ki, bəs axı bu Novruzov kimdir? Namiq müəllim də demişdi ki, bəs Elçibəy də o vaxt məndən namizəd istəmişdi, mən Novruzovun adını vermişdim. Bax ondan sonra mənim təyinatım oldu. 1 ay 15 gündən sonra isə mənə general-mayor rütbəsi verildi.  Mənə, nazirə və Namiq Abbasova. Təqribən 8 il komandan oldum”.

 


Komandanlıq dövrüylə bağlı daha sual vermirəm. Çox yaxın keçmişimizdir. Yəqin ki, “sekretno” ştampının mürəkkəbi hələ qurumayıb. Yəqin ki, çoxlu sirlər var. Saxlayıram suallarımı Abbasəlinin 85, 90 yaşına. O vaxta da sözüm qalsın da... Amma bircə sual verirəm: Öz fəaliyyətinizdən razısınızmı?

 

– “Harda işləmişəmsə öz fəaliyyətimdən tam razı olmamışam.

Sovet dövründə işləyəndə gəlirdim zastavalara görürdüm ki, yaxşı qayda-qanun var, nizam-intizam var. Düşünürdüm ki, görəsən azərbaycanlılar burda zabit vəzifəsində olsalar, yenədəmi belə qayda-qanun olar. Artıq mən komandan vəzifəsindən gedəndə deyirdim ki, ovaxtkından da gözəl qayda-qanun var”.

 

Yetirmələrini xəbər alıram. Özünü qiymətləndirib irəli çəkən dövr və insanlar olub. Bəs o? O vaxt ona edilən yaxşılıqlardan özü kimə edib? Özü kimləri qiymətləndirib? Məmnuniyyətlə cavab verir sualıma. Əsasən o hərbçilərin adını çəkir ki, biz də onları lap yaxşı tanıyaq. Yalnız birinin adından başqa. Çünki yaxşılıqların sayı keçmiş SSRİ miqyasındadır. Özümün də yadına bəzi şeylər düşür. Hadrut otryadında qulluq keçəndə Kəşfiyyat şöbəsinin rəisi, podpolkovnik Yerijoqov və Xüsusi idarənin rəisi, podpolkovnik Qey “Abbasali Ramazanoviç naş axsakkal” deyə fəxrlə adını qeyd edirdilər. O otryadda kəşfiyyat şöbəsində kapitan olan Firuz Şirinzadə isə bu gün general-mayor rütbəsindədir. 

 

- “Müdafiə naziri, general-polkovnik Zakir Həsənov. Mən  komandan təyin olunanda kadr məsələsi çox aşağı səviyyədə idi. Bizim azərbaycanlılar orduda az qulluq edirdilər, ruslar da çıxıb getmişdilər. Zabitləri də getmişdi, ikisi qalmışdı. Bizdə kadr çatışmazlığı vardı. Xüsusilə də rəhbər vəzifələrə. Onda mən diqqət yetirdim indiki müdafiə naziri Zakir Həsənova. O vaxt Sərhəd Qoşunlarında çağırışla məşğul olurdu. Zakirdə hərbi jilka, hərbi bacarıq gördüm mən. Götürüb şəxsi işini oxudum. Gördüm Naxçıvanski adına məktəbi qurtarıb. Sonra Bakı Ali Hərbi məktəbini. Almaniyada sovet qoşunlarında xidmət edib. Və qısa müddətdə də böyük vəzifəyə təyin olunub. Sonra bunu birdən göndəriblər Rusiyanın Altay diyarına – diyarın Hərbi Komissarı. Fikirləşdim ki, yaxşı işləyəndi ki, ruslar onu irəli çəkiblər. Heç fikir də vermədim ki, haralıdır. Atası hərbçi olub. Astarada  hərbi komissar olanda Zakir dünyaya gəlib. Ona görə də şəxsi işində yazılıb ki, Astarada doğulub. Amma əsilləri İrəvandandır. Onu çağırdım. Dedim ki, Zakir, çağırış şöbəsi sənin yerin deyil. Gedirsən Sərhəd Qoşunları Qərargah rəisinin müavini. Bir şərtlə ki, Azərbaycan dilini yaxşı öyrənirsən. Çünki hərbçi ailəsindən olduğuna görə rusdilli olub. Danışır, amma yazı-pozusu lazımi səviyyədə deyil. Yazını da öyrəndi, Qərargah rəisinin müavini kimi gözəl də işlədi. Onu sonra göndərdik Göytəpə Sərhəd dəstəsinə komandir. Sərhəd Qoşunlarının ən ağır dəstəsi. Gedəndə dedim ki, otryad ağır otryaddır, mühəndis-texniki qurğuları sıradan çıxıb. Dağlı-dərəli sahələr çoxdur. Orda qaçaqmalçılıq da olacaq, sərhəd pozucusu da olacaq. Bir-iki nəfərə görə səni danlayaram, amma işdən çıxarmaram. Amma, bilsəm ki, belə hallara göz yumursan, yaxud da İrandan silah gəlir, sənin bundan xəbərin yoxdur, qulluq eləməyəcəksən. O da getdi, kişi kimi də işlədi. Yaxşı da işlədi. Bir müddətdən sonra düşdülər mənim üstümə ki, onu ordan götür. Niyə? Mən bilirdim niyəsini. Amma açıqlaya bilmərəm. Bir müddətdən sonra onu gətirdim Sərhəd Qoşunları komandanının köməkçisi vəzifəsinə. Ondan sonra ki, mən ərizə yazdım, səhhətimə görə işdən azad edildim. Məndən sonra Elçin Quliyev gəldi o vəzifəyə. Onda Elçin Quliyevin köməkçisi idi. Elə o vaxtlar Azərbaycanda Daxili Qoşunlara komandan lazım oldu. Prezident Heydər Əliyev demişdi ki, mənə iki nəfərin təklifini verin – ikisi də olsun Sərhəd Qoşunlarından. Mən onda Elçinin baş müşaviriydim. Onunla söhbətimiz oldu. Zakir Həsənovun və  İlham Mehdiyevin – indi  generaldır – namizədliyini verdik. Zakirin namizədliyi keçdi və Daxili Qoşunlara komandan təyin olundu.

 

Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev. Mən komandan təyin olunanda xırda KPP-nin – nəzarət-buraxılış məntəqəsinin rəisi idi. Sonra biz şimal üzrə sərhəd dəstəsi yaradanda dəstə rəisi vəzifəsinə Elçin Quliyevin namizədliyini təklif elədim. Çünki işgüzar idi, o birilərindən seçilirdi nizam-intizamıyla, sonra da ezamiyyətlərə gedəndə nümayəndə heyətinin tərkibində onu da aparırdım. Amma nəsə gələcək bir fikrim yox idi. Özü deyir ki, Rusiyaya getdin məni apardın, ABŞ-a getdin məni apardın... yəqin məni hazırlayırmışsan. Amma ki, qarşıma məqsəd qoymamışdım ki, gələcəkdə mənim yerimə o olsun. Amma sonradan söhbət düşəndə ki, mən ərizə yazıb gedirəm, təklifin nədir? Birinci təklifim Elçin Quliyev oldu. Başqalarının da təklifləri vardı. Amma sonra yenə mənimlə məsləhət edəndə, dedim ki, yalnız o.

 

General-mayor Arzu Rəhimov. Səfərbərlik və Hərbi Xidmətə Çağırıç üzrə Dövlət Xidmətinin rəisi, Dövlət Miqrasiya Xidmətinin ilk rəhbəri. Mənim komandanlığım dövründə çox kiçik bir vəzifədəydi Naxçıvanda. Hərbi məktəbi bitirmişdi. Bir dəfə Naxçıvan sərhəd dəstəsində olanda o da diqqətimi çəkdi. Onu otryadda əvvəlcə qərargah rəisinin müavini təyin elədim, sonra qərargah rəisi, ordan da gətirdim Horadiz sərhəd dəstəsinə rəis təyin elədim.

 

General-mayor İskəndər Allahverdiyev və polkovnik Rasim Canməmmədov – Mən hələ Lənkəranda kəşfiyyat şöbəsində kiçik zabit vəzifəsində olanda mənə tapşırıq vermişdilər ki, yerli uşaqlardan tap götürək sərhədə – əməliyyat işinə. Lerikdən olan Rasim Canməmmədovun üstündə dayandım. Gördüm ki, ədəbiyyatı gözəl bilir, farsca da bir az bilir. Götürdüm onu işə. Bacanağı İskəndər Allahverdiyevlə, indi general-mayordur, birlikdə işlədi. İki bacanaq idilər. Məndən soruşurdular ki,  necə olur ki, iki qohumu əməliyyat işində istifadə edirsən. Mən də cavab verirdim ki, onlara inanıram. Sonra Rasim Canməmmədov oldu Sərhəd dəstəsinin rəisi, polkovnik. İskəndər Allahverdiyev Sərhəd Qoşunlarının komandanı, general-mayor oldu.

 

Elçin İbrahimov – Hazırda kadrlar idarəsinin rəisi, general-mayor. Məktəbi qızıl medalla, BDU-nun hüquq fakültəsini fərqlənməylə bitirmişdi. Onu xidmətə götürdüm. Elçin Quliyevin dövründə də inkişaf yolunu davam etdirdi.


Çoxdu qiymətləndirib, irəli çəkdiyim bu cür qiymətli kadrlar. Və onların hamısıyla fəxr edirəm.


Bir nəfər o gün mənimlə görüşdü və dedi ki, ölmədim, nəhayət ki sizinlə görüşdüm. Vaxtilə sərhədçi olub, mən ona köməklik etmişəm rəhbər vəzifəyə gedib. Mənim yadımda deyil”.

 


Bir komandan kimi  xələfiniz Elçin Quliyevin işindən razısınızmı?

 

– “Elçin Quliyevin işindən çox razıyam. Sərhəddə komandan olasan və deyəsən ki, məndə hər şey əladır, mümkün deyil. Elçin Quliyev yaxşı işləyir. Mən işlədiyim dövrlə indiki dövr arasında da yerlə-göy qədər fərq var. Mənim dövrümdə Şimal və Gürcüstan sərhədlərini qəbul elədik. Amma dövlətin imkanı yox idi ki, gedim orda zastava, otryad, komendatura tikim. Gedirdik icra başçılarıyla gəzirdik, harda yaşayış olmayan bina-zad var idi, oranı götürürdük, təmir edib zastava yaradırdıq. Bu gün isə Şimal sərhədində bütün zastavalar təzə tikilib. Nizam-intizam, qayda-qanun var. Yüksək səviyyədə”. 

 

Bu an Fikrət yadıma düşür. Üçüncü Ordu Korpusunun komandiri, general-mayor, “Qırmızı Ulduz”, “Azərbaycan Bayrağı” ordenləri və müxtəlif döyüş medalları ilə təltif edilən və 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında faciəli şəkildə həlak olan Fikrət Məmmədov. O da hərbi xidmətini Sərhəd Qoşunlarında – Lənkəran otryadında çəkib. Yefreytor idi. Beş yaş fərqimiz vardı. Xalamgilə tətilə gələndə sürücüsü olduğu QAZ-69 markalı avtomobillə tez-tez məni çimərliyə aparırdı. O da Abbasəli Novruzovun yetirmələrindən biri idi. Baxmayaraq ki, Müdafiə Nazirliyi sistemində general rütbəsi aldı. 

Beləcə bütün suallarıma cavab alıram. Amma suallarım tükənməyib. Bayaq dedim axı... növbəti yubileylərə də bir şey saxlamalıyam. Sovet dövründəki, fəaliyyətinə özünün yekun vurmasını istəmişdim. İstədim ki, müsahibənin sonunda bir Komandan kimi də 8 illik fəaliyyətinə də özü yekun vursun.

 

– “Mən Sərhəd Qoşunlarına komandan təyin olunanda vəziyyət çox ağır idi. İlk növbədə sərhəddə ciddi surətdə qaçaqmalçılığı gedirdi. Şəxsi heyətdə belə bir fikir yaranmışdı ki, biz bu gün əlimizdə olan vəsaitlə sərhədi lazımi səviyyədə qoruya bilmərik. Qaçaqmalçılıqla məşğul olanlarda, yerli əhalidə, həm bizdə, həm də İranda,  belə fikir yaranıb ki, Azərbaycan-İran sərhədini harda istəsən, nə vaxt istəsən poza bilərsən. Bax bu psixologiyanı həm əsgərlər arasında, həmi yerli camaatda qırmaq lazım idi. Yəni, göstərməliydik ki, biz buz gün əlimizdə olan vəsaitlə sərhədi yaxşı qoruya bilərik. Və yerli camaata inandırmalıydıq ki, onlar istədikləri kimi sərhədi hardan oldu, nə vaxt oldu poza bilməyəcəklər. Biz buna qısa surətdə nail olduq. Artıq sərhədi yük maşınları ilə keçmirdilər. Artıq sərhəddən mal-qaranı, qoyun-quzunu sürüylə keçirmirdilər.

 

Azərbaycanda Sərhəd Qoşunları yaranan dövrdə  kadrlar olmadığına görə yerli əhalinin bir qismi Sərhəd Qoşunlarına  işə düzəlmişdi. Çoxları da can atırdı. Bunların iki məqsədi vardı: Birincisi, Dağlıq Qarabağda gedən müharibədən yayınmaq. İkincisi, dövlət sərhədində qulluq eləyərkən qaçaqmalçılıqla məşğul olub  müəyyən qədər qazanmaq. Ən ağır məsələ bu idi, bunun qabağını almaq lazım idi. Mənim dövrümdə mənim üçün ən vacibi bu idi ki, onlardan təmizlənmək. Sərhəddə dövlətə layiq adamlar qulluq eləməliydilər. Buna da qısa müddətdən sonra tam olmasaq da nail olduq.
 


İkinci məsələ: Kadr məsələlərinin həlli. Kadr çatışmırdı. Hamımız bilirik ki, sovet dönəmində azərbaycanlıların orduya getmək fikirləri çox aşağı səviyyədə idi. Azərbaycan müstəqillik qazananda Azərbaycan Sərhəd Qoşunlarında əksəriyyət ruslar qulluq edirdilər. Onlar Azərbaycanı tərk elədilər. Amma sərhədi qorumaq lazım idi axı. Zabit kadrları kəskin çatışmırdı. Nə elədik biz? Tusi adına Azərbaycan Pedaqoji Universitetdə orta məktəblər üçün hərbi müəllim hazırlayan fakültə vardı. Heç olmasa, onların hərbidən bilikləri vardı. Getdik həmin fakültənin tələbələriylə söhbət apardıq. Onlara başa saldıq vəziyyəti. Onlara aydınlaşdırdıq ki, əgər Sərhəd Qoşunlarına gəlsələr nə qazanacaqlar, nə itirəcəklər. Heç olmasa aylıq maaşlarını vaxtında alacaqlar. O vaxt iqtisadi vəziyyət çətin idi. Camaatın maaşı aylarla gecikdirilirdi. Perspektivlər izah elədik. Dedik ki, müəllim yox, zabit olacaqsınız. Bizə inanlar çox oldu. Bir müddətdən sonra 15-20 nəfər onlardan gəldilər sərhəd məntəqələrində işə başladılar.


İkincisi, Bakı Ali Hərbi məktəbində sərhədçilərin fakültəsi vardı. 20-30 nəfər zabit hazırlayırdılar. Uçilişin rəhbəri vardı – Kovalyov. Onun iştirakıyla 3-cü kurs müdavimlərinin qarşısında çıxış etdim. Dedim ki,  sizə böyük ehtiyacımız var. İndi 3-cü kursdasız. Gedirsiz bir il sərhəd məntəqələrində zabit vəzifəsində qulluq edirsiz,  sərhədi qoruyursuz, bir ildən sonra gəlirsiniz eksternı imtahan verirsiniz. Leytenant rütbəsi alırsınız, ali məktəbi qurtarmış olursunuz. Kovalyov dedi ki, mən buna razıyam. Amma Prezident Aparatından razılıq almalısınız.  Bir 25-30 nəfər də ordan götürdük. Bax həmin uçilişdən götürdüyümüz kursantların içərisindən bu gün general-mayor, Sərhəd Qoşunları Akademiyasının rəhbəri Elşən Verdiyev də var idi.

 

Üçüncü əsas vəzifə, rusları inandırmaq lazım idi ki, Azərbaycan Sərhəd Qoşunları öz sərhədlərini lazımi səviyyədə qorumağa qadirdir. Bunun üçün bizə bir az kömək lazımdır. Texnikayla, hərbi sursatla. O zaman Azərbaycan yeganə dövlət idi ki, öz sərhədlərini özü qoruyurdu. Ermənistan, Gürcüstanın, Özbəkistanın, Türkmənistanın sərhədlərini rus sərhədçiləri qoruyurdular. Ruslar bu amildən istifadə edib bizə sübut etmək istəyirdilər ki, biz sərhədlərimizi qorumağa qadir deyilik. Rusların bu psixologiyasını pozmaq lazım idi. Bu tapşırıqları bizim qarşımızda qoymuşdu Prezident Heydər Əliyev. Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycanı hər cəhətdən yüksəklərə qaldıran o dahi insan. Onun bir sözü mənə bəs idi: “Öz sərhədlərimizi özümüz qorumalıyıq. Çətin olacaq. Amma bacarmalıyıq bunu”.


Bilirsinizmi, ruslar nə qədər təzyiq elədilər ki, biz gələk sizinlə birlikdə qoruyaq. Mən də cavab verirdim ki, yox, özümüz. Onda deyirdilər ki, axı imkanlarınız yoxdur. Mən də cavab verirdim ki, çünki siz gedəndə sərhədi dağıdıb aparmısınız hamısını. Texnika məsələsində köməklik edin, biz daha yaxşı qoruyaq.

 

Dördüncü məsələ: Axı sovet dövründə sərhədimiz yalnız İran və Türkiyəylə idi. Amma müstəqillik qazanandan sonra Azərbaycanın sərhədləri Rusiyayla vardı, Gürcüstanla vardı, Ermənistanla vardı. Bu sərhədləri mühafizəyə götürmək lazım idi. İqtisadi vəziyyət də çox ağır idi. Bu işə isə külli-miqdarda pul lazım idi. Biz daxili imkanlar hesabına bu Rusiya və Gürcüstanla olan sərhədləri götürdük mühafizəyə. Bəlkə də bugünkü kimi mühafizə edə bilmirdik. Otryad, komendatura, zastavalar tikmək lazım idi. Xudat, Zaqatala sərhəd dəstəsini, Şəki kommendaturasını götürdük. Şəmkirdə sərhəd dəstəsi yaratdıq. Və sərhədləri qoruyurduq. Deyə bilmərəm ki, lazımi səviyyədə, çünki imkan yox idi.   Amma bu günləri bütün bu ərazilərdə sərhəd zastavaları tikilib. Dövlətimiz iqtisadi cəhətdən gücləndiyinə görə lazımi qədər pul ayırır bu işlərə. Bu yaxında Sərhəd Qoşunları komandanı Elçin Quliyev dedi ki, bizim bu gün dövlətdən aldığımız pul, o dövrlərə nisbətən 134 dəfə çoxdur. “134 faiz” yox a... “dəfə”. Bu nə deməkdir? Bu bizim dövlətimizin iqtisadi cəhətdən möhkəmlənməsinin göstəricisidir.

 

Beşinci məsələ: Sərhər Qoşunlarında Sərhəd Komissarı deyilən belə bir bənd var: “Dövlət sərhədlərinin qorunmasında qonşu dövlətlərlə bütün sərhəd problemlərinin danışıq yoluyla həll edilməsi”. Bu da olurdu Sərhəd Komissarlarının görüşündə, danışıqlarında. Biz həm Türkiyəni inandırmalıydıq, həm İranı inandırmalıydıq ki, dövlətimizi qorumağa qadirik. Ən əsası rusları inandırmalıydıq. Və buna da nail olduq. Çox məsələlər var. Çoxunu açıqlamaq olmur. Amma mən bu gün çox şadam ki, o vaxt qarşıya qoyulan məsələlərin bir hissəsini həll eləmişdik, bu gün isə onlar hamısı həll olunub. Və Azərbaycan dövlətinin sərhədləri güclü qorunur. Əsas bu idi. Mənim arzum bu idi. Bu gün də həmin arzum yerinə yetib”.

 

Müsahibəyə görə minnətdarlığımı bildirib, diktafonu söndürmək istəyirəm. Amma əlimi tutur – “Axı, əsas sual qaldı” – deyərək. “Hansı sual?” deyə soruşuram. “Bəs mənim əsas köməkçim kim olub, bilirsən?” Kim? – deyə xəbər alıram. Cavab verir:


- “Həyat yoldaşım Raisə”. 


Müsahibə başa çatır. Tez süfrə açırlar. Yaxşı, müsahibə aldım. Bəs bir qohum kimi 80 yaşında Abbasəliyə nə arzulayım? Bu dəm atam Qabilin Abbasəlinin 50 yaşı münasibətilə yazdığı şeirdən daha bir beyt yadıma düşür:

 

Əlli il də, qadası, ən azı ömr et, hələlik,
Can sağ olsun, düzələr yerdə qalan, Abbasəli.

 

21 may, 2017-ci il

 

PS: Material gedəndə eşitdim ki, Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Abbasəliyə ŞÖHRƏT ordeni veriblər. 80 və orden – bunların isə heç birini hələ ki “Yumayıb”. Bəlkə də biz qohumlara növbə çatmayıb. 


Hörmətlə: Mahir şair Qabil oğlu İmamvediyev. Tarix: 28.05.2017. saat 21.20

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi