Modern.az

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ   

29 May 2017, 09:45

Modern.az saytı xaricdə təhsil alan azərbaycanlı tələbələrlə silsilə müsahibələrə davam edir. “Xaricdəki tələbəmiz” rubrikasının budəfəki müsahibi Almaniyanın “Dortmund Texniki Universitetinin” Fəlsəfə Siyasi Elmlər üzrə magistr təhsili alan Xanım Qədirovadır.

-Hansı səbələrdən Almaniyada təhsil almaq qərarına gəldiniz?

-Almaniyada təhsil almağıma səbəb həmin ölkədə keçdiyim dil kursu idi. Mən Bakı Dövlət Universitetinin “Alman dili və Ədəbiyyatı” fakültəsini bitirmişdim. Təhsilimi bitirdikdın sonra ailəmin və alman tanışlarımın vasitəsilə alman dili biliklərimi artırmağa qərar verdim. Və beləliklə Almaniyada 6 aylıq alman dili kursu keçib DSH-nı (alman dili sertifikatı) yaxşı nəticə ilə əldə elədim. Bu isə Almaniyada təhsil almağıma şərait yaratdı. Burada kurs keçdiyim dövrdə tələbə həyatı və onlara yaradılan şərait diqqətimi çox çəkmişdi.

-Almaniyada magistr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır?

-Əsas göstəricilər fakültəyə görə dəyişir. Qısaca olaraq: -Universitetdə ortalama bal minimum75-85; -Yaxşı nəticəsi olan dil sertifikatı. İstər ingiliscə olsun istərsə də almanca. Məndə DSH-nin iki sertifikatını almışdım, B2 və C1.

-Almaniyada təhsil üçün müsahibə necə olur? Tələbələr daha çox nələrə fikir verməli və hazırlaşmalıdırlar?

-Məndə müsahibə olmayıb. Bütün sənədlərimi oxumaq istədiyim universitetlərə göndərmişəm. Ondan başqa bəzi universitetin özünün saytından qeydiyyatdan keçmək zəruridir.

-Bəs alman təhsilində olan güclü tərəflər hansılardı..?

-Təhsil burada çox keyfiyyətli və üstündür. Həmçinin, professorların tələbələrə qarşı münasibəti olduqca yaxşıdır və onlara qarşı çox yardımsevərdirlər. Başqa da bu ölkədə təhsil haqqı olduqca münasib məbləğdədir və tələbələrə xüsusi imkanlar yaradırlar.

-Almaniya və Azərbaycandakı təhsil sistemi arasındakı ən əsas fərqlər nələrdir?

-Bu iki ölkənin təhsilində bir çox fərqlər var. Almaniyada əsasən kompüter sistemidir. Həftəlik dərs materiallarımızı professor və dossentlərimiz vasitəsilə hesabımıza yüklənilir və bizlər də rahatlıqla həftə ərzində bu materiallardan istifadə edə bilirik. Davamiyyət əslində çox vacib deyil. Ancaq bəzi professorlar dərslərində tam davamiyyət tələb edirlər. Buna baxmayaraq üç dəfə dərsdən qala bilərsən.


-Orada tələbə həyatı necədir?

-Təqaüd alan tələbələr üçün o qədər də çətinlik olmur. Öz təcrübəmə əsaslanaraq onu deyim ki, həm çalışıb, həm də oxuyan tələbələr üçün çətindir.

-Bizə bu ölkədəki xərclərdən danışın. Aylıq nə qədər xərciniz çıxır?

-Təhsil haqqım semestr üçün 282 avrodur. Bu məbləğin 180 avrosu nəqliyyatdan istifadə üçündür. Bu səbəbdən bir çox yerləri gəzib-görmək imkanım var. Amma ümumilikdə nəqliyyat çox bahadır. Tələbələrə isə böyük güzəştlər var. Aylıq xərcim islə 600-700 avro arası dəyişir. Məsələn ev pulum 280 avro, tibbi siğortam isə 80 avrodur. Qalanlarına isə gündəlik xərclərim daxildir.

-Tələbələrin işləmək imkanı varmı? Varsa harada və necə?

-Almaniyada tələbələrin həftədə 20 saat işləmək imkanı var. İş yerləri müxtəlif ola bilər. Məsələn, restoranlar, şirniyyat dükanları, digər mağazalar və s.

-Almaniya sizdə nələri dəyişdi? Bu ölkənin fərqliyi və qəribəlikləri haqqında nə deyə bilərsiniz?

-Almaniya mədəniyyəti və insanları çox fərqlidir. Almaniya həyatımı tam olaraq dəyişdi. Bu ölkə ən əsası mənə özgüvənli olmağı, bütün çətinliklərlə savaşmağı öyrətdi.


Ülviyyə Alıxanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi