Modern.az

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29 May 2017, 16:02

Azərbaycan-Ermənistan təmas xəttində beynəlxalq müşahidəçilərinin sayının 7-yə çatdırılması ilə bağlı  razılıq əldə olunub.

 

Bu haqda ATƏT Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bəyan edib.

 

“Beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bununla hər iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur”-deyə rusiyalı diplomat APA-ya müsahibəsində bildirib.

 

Onun bu açıqlaması ekspert çevrələrində əsas müzakirə mövzularından birinə çevrilib.

 

“Müşahidəçilərin sayının artırılması şərti irəliləyişdir. Bu, ötən il Vyana və Sanakt-Peterburqda əldə edilmiş razılaşmanın bəndlərindən birinin həyata keçirilməyə başlanmasıdır”.

 

Modern.az saytının xəbərinə görə, bunu Ermənistanın 1in.am analitik portalına müsahibəsində Rusiyanın beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti Qriqori Trofimçuk İqor Popovun açıqlamasına şərh verərkən bildirib.

Politoloqun sözlərinə görə, sözügedən razılıq müsbətə doğru addım hesab oluna bilər.

“Yaxşı ki, cəbhə xəttindəki gərginlikdən sonra pozitivliyə doğru nəsə bir tərpəniş oldu”-deyə bildirib.

 

Ekspert bununla belə deyib ki, razılaşma hərbi sabitlik üçün qarantiya rolunu oynamır, amma bənd, diplomatlar üçün əhəmiyyətlidir.

 

“Təmas xəttində müşahidəçilərin sayı artırılacaqsa, deməli, diplomatlar məlumatlı olacaq ki, atəşkəsin pozulmasında kim təqsirkardır. Bu müşahidəçələrin isə kimlikləri geniş şəkildə elan olunmalıdır ki, onları tanıyaq. Və bu məsələlərə görə məsuliyyəti onların boynuna qoyaq ki, düzgün məlumat versinlər. Və ya gələcəkdə nə olacağını desinlər. Onlar bütünlüklə bu prosesə nəzarət etməlidir”.

 

Trofimçuk əlavə edib ki, müşahidəçilərin sayının 7-yə çatdırılması tamamilə simvolik mənaya malikdir. Onun fikrincə, müşahidələri aparmaq üçün hansı avadanlıq və texnologiyadan istifadə olunacağı, onlara kimin nəzarət edəcəyi də məlum deyil.

Onu da söyləyib ki, müşahidəçilərin sayının çox olması insidentlərin qarşısını ala bilməyəcək.

 

“Bunlar hələ dəqiq bilinmir. Üstəgəl, Moskva bu münaqişədən kənar deyil, o Qarabağ münaqişəsinin nizama salınması prosesində fəal iştirak edir. Lakin təəssüf ki, müşahidəçilərin sayının artırılması insidentlərin qarşısının alınmasına gətirib çıxarmır. Ancaq yenə deyirəm ki, bu razılaşmanın özü də bir addımdır”.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi