Modern.az

Miqrasiya qanunvericiliyinin qeydiyyat problemi...

Miqrasiya qanunvericiliyinin qeydiyyat problemi...

Ölkə

26 May 2017, 22:04

Ölkəyə turist cəlb edilməsini prioritet elan edən ölkə qeydiyyatla bağlı problemlərin həllində maraqlı olmalıdır

 

Əslən Kəlbəcər rayonundan olan Cəlal Həsənov 1994-cü ildən Rusiyada yaşayır. Rusiya Federasiyası vətəndaşlığını daşıyan Cəlalın qardaş, bacı və digər qohumlarının əksəriyyəti Azərbaycanda yaşadığından tez-tez vətəninə gəlməli olur. Amma hər dəfə vətəninə gələndə Cəlal ciddi problemlərlə qarşılaşır. Xarici ölkə vətəndaşı olduğundan və Azərbaycan ikili vətəbdaşlığı qəbul etmədiyindən Cəlal da digər əcnəbilər kimi 10 gün müddətində Dövlət Miqrasiya Xidmətinə müraciət edərək qeydiyyata durmalıdır. Amma bu qeydiyyat da elə də asan olmur. Ölkəsinə daha çox qohumlarının xeyir-şər mərasimlərində iştirak etmək üçün gəldiyindən vaxt məhdudiyyətinin olması bir tərəfə, üstəlik müvəqqəti yaşayacağı ünvanı tapmaq üçün də problemlər yaşayır.

"Mən daha çox Bərdə rayonunda yaşayan qardaş-bacımın yanına gəlirəm. Vətənimə gələndə müvəqqəti qeydiyyata düşmək üçün ən azından Yevlax rayonuna getməyə bir gün vaxt itirməliyəm. Üstəlik, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Azərbaycanda yaşayacağım ünvan isə qardaş-bacımın mənzili olur. Onların şəxsiyyət vəsiqəsini təqdim etdikdə isə bizi qeydiyyata almırlar. Əsas isə onu gətirirlər ki, həmin ərazi işğal altındadır və dövlət qurumu işğal altında olan ünvanı müəyyən edə bilmir. Bu halda məcburuq ki, işğal altında olmayan ərazilərdə yaşayan başqa bir adam tapaq ki, həmin ünvana qeydiyyata düşək. Həmin insanı tapmaq isə o qədər də asan məsələ deyil. Demək, bütün problemlərimiz bir tərəfə, həm də günlərlə vaxt sərf edərək kimisə tapmalıyıq ki, onun yaşadığı ünvanda qeydiyyata duraq, ya da hansısa oteldə qeydiyyata durub əlavə pul xərcləməliyik. Axı torpaqlarımızın işğal altında olması vətəndaşdan çox, dövlətin məsuliyyətidir",- deyə Cəlal Həsənov problemini anlatmağa çalışır.

Amma Azərbaycanda eyni problemi yaşayan təkcə Cəlal Həsənov və ailə üzvləri deyil. Hazırda 2 milyona yaxın soydaşımızın Rusiyada işləyib-yaşadığını, onlardan əksəriyyətinin Rusiya vətəndaşlığını qəbul etdiyini nəzərə aldıqda, eyni zamanda ölkəmizlə sıx bağlı olan 300 mindən artıq azərbaycanlının Gürcüstan vətəndaşlığını daşıdığını nəzərə aldıqda problemin aktuallaığı aydın görünür.

 

Bildiriş sərhəd-buraxılış məntəqələrində verilsə də, qeydiyyat regional miqrasiya idarələrində aparılır

 

 

Respublikamızda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları Miqrasiya Məcəlləsi müəyyənləşdirir. 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə, Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir. Belə ki, viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddətində, viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə 90 gün  müddətində ölkədə qala bilərlər. Azərbaycan ərazisində 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 10 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün müraciət edə bilərlər. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

 

Bir ayda 46574 müraciət

 

 

 

Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, 2016-cı ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması üçün 689118 müraciət daxil olub. Respublikamızda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı isə 26632 fakt qeydə alınıb.

2017-ci ilin aprelində isə əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatı ilə bağlı 46574 müraciət edilib.  Müvəqqəti və daimi yaşamaq üçün icazələrin  alınması (müddətlərinin uzadılması) ilə bağlı  isə 4248 müraciət edilib. Bu müddətdə Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1547 hal qeydə alınıb. Bunlardan 179-u Azərbaycan ərazisində yaşamanın leqallaşdırılması, 919-u inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 431-i inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 18-i isə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi halları ilə bağlıdır.

 

İşğal altında olan rayonlardan olan vətəndaşlara qarşı ayrı-seçkilik

 

 

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin direktoru Pərviz Əliyev deyir ki, miqrasiya qanunvericiliyində olan problemlər periodik olaraq aradan qaldırılır: "Qanunvericilikdə olan boşluqların aradan qaldırılması istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən də mütəmadi olaraq tədbirlər görülür. Ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müddət əvvəllər  3 gün nəzərdə tutulsa da, bu da real deyildi. Təkcə ölkəyə gələn şəxs  deyil, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da bu müddətdə əcnəbinin qeydiyyata alınmasını həll edə bilmirdi. Sonradan praktikada olan çətinliklər nəzərə alındı və qeydiyyata durmaq üçün müddət 10 günədək artırıldı. Amma bu müddət də problemin həlli üçün yetərli müddət deyil".

Ekspertin sözlərinə görə, hazırda qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı geniş olmasa da, problemlər mövcuddur: "Əcnəbi qeydiyyata düşmək üçün ərizə-anketi doldurur və qeydiyyata duracağı ünvanın mülkiyyətçisi olan Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarını təqdim edir. Əgər əcnəbinin yanında qalmaq istədiyi şəxs işğal altında olan rayonlarda qeydiyyatdadırsa,  ciddi problemlər yaşanır. Bu halda ölkəyə gələn şəxs məcburdur ki, işğal altında olmayan ərazilərdə yaşayan başqa bir vətəndaşı tapsın ki, o ünvana qeydiyyata düşsün. Bu halda isə dövlət qurumu əcnəbini həm də yalan məlumat verməyə sövq edir. Çünki əcnəbi qeydiyyat üçün başqa ünvan tapsa da, öz qohumunun yanında yaşayacaq".

 

Dövlət qurumunda qeydiyyat aparan şirkət: alınan xidmət haqları

 

 

P.Əliyevin sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına da rast gəlinir: "Hazırda Bakı şəhərinə gələn əcnəbilərin qeydiyyatı yalnız bir ünvanda aparılır. Bu həm növbə yaradır, həm də Bakının hansısa ərazisindən ora getmək vaxt itkisidir. Çünki hər kəsin onlayn qeydiyyat üçün müraciət etmək imkanı yoxdur. Eyni bir e-maildən mütəmadi olaraq 4-5 nəfərin qeydiyyatı üçün müraciət ediləndə isə həmin əcnəbi qeydiyyata alınmır.  Əsas da onu göstərirlər ki, yəqin e-mail sahibi əcnəbilərə xidmət göstərərək pul qazanır.

Digər tərəfdən hazırda qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin binasında fəaliyyət göstərən bir özəl hüqüqi şirkət aparır. Dövlət qurumunun içində qeydiyyatı həyata keçirən həmin hüquqi şirkət isə göstərdiyi  xidmətə görə, xidmət haqqı alır. Halbuki qanunvericiliyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilməsi tələb olunmur".

Qeydiyyatla bağlı daha bir problem Azərbaycan vətəndaşlarının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Belə ki, əcnəbi ölkəyə gəldikdə hansısa Azərbaycan vətəndaşının yaşadığı ünvana qeydiyyata düşür. Sonradan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları həmin ünvana baş çəkərək reyd keçirə bilər. Əgər əcnəbinin həmin ünvanda olduğu müəyyən edilməzsə, Azərbaycan vətəndaşı inzibati məsuliyyətə cəlb edilir. Halbuki, əcnəbi iş icazəsi alaraq başqa ünvanda ola, səhər işə gedib axşam qeydiyyatda olduğu evə dönə bilər. Amma bir dəfə reyd zamanı əcnəbi həmin ünvanda aşkarlanmırsa, vəzifəli şəxs həmin mülkiyyətin sahibi olan Azərbaycan vətəndaşının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul edə bilər.

 

Problemin həlli yolları: «Soydaşlar» haqqında qanun

 

Nəinki Avropa, hətta qonşu İran təcrübəsi də göstərir ki, əcnəbilərin qeydiyyatı Azərbaycana nisbətən xeyli sadədir. Belə ki, hazırda İrana gedən hansısa əcnəbi viza almaq üçün müraciət edəndə hansı ünvanda yaşayacağını və həmin şəxsin telefon nömrəsini və ya otelin adını bildirir. Viza verən şöbənin əməkdaşı əcnəbinin gedəcəyi  ünvanla əlaqə saxlayır. Ökəyə gələn əcnəbinin həmin vətəndaşın evində yaxud oteldə qalacağı təsdiqlənirsə, viza verən orqan əcnəbinin qeydiyyatını da həyata keçirir. Bununla ölkəyə gələn şəxsin əlavə vaxt itkisi ilə qarşılaşmaq və ya hansısa dövlət qurumuna getmək problemi həllini tapmış olur.

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə yeni bir qanun layihəsi təklif edir: "Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza münasibətdə müəyyən güzəştlər tətbiq edilməsi vacibdir. Bizim cəmiyyətin təklif etdiyi  «Soydaşlar» haqqında qanunda bu məqamlar nəzərə alınıb. Dünya təcrübəsində oxşar qanunlar var. Gürcüstanda da «Soydaşlar» haqqında qanun qəbul olunub. Həmin qanuna görə, dünyaya səpələnən gürcülərə ikili  vətəndaşlıq, ölkə vətəndaşları ilə bərabər şəkildə daşınmaz əmlak almaq, ölkəyə rahat gəlib-getməklə bağlı hüquqlar verilir. Həmin insanlar seçki hüququndan başqa Gürcüstan vətəndaşların malik olduqları bütün hüquqlardan yararlana bilərlər. Azərbaycan da belə bir qanun qəbul olunsa, digər ölkələrdə yaşayan azərbaycanlıların bir çox problemləri həllini tapar. Onların ölkəmizlə bağlılığını sübut edən bir sənədi varsa, onlar «soydaş» statusu ala bilərlər. Həmin şəxs bundan  sonra vizasız ölkəmizə gəliş-gediş hüququ əldə edər, miqrant kimi qeydiyyat prosedurundan azad olar, əmək bazarına girə bilər, əmlak əldə etmək hüququ qazanar. Bu qanun layihəsi parlamentə qədər daşınsa da, təəssüf ki, müsbət nəticə olmadı. Amma hazırda da öz aktuallığını saxlayır".

 

Azərbaycana gələn əcnəbilərin qeydiyyat məsələsini sadələşdirmək vacibdir

 

 

Pərviz Əliyev də o qənaətdədir ki, qeydiyyat məsələsini sadələşdirmək vacibdir: "Dünyanın bir çox ölkələrində əcnəbilərin qeydiyyatı hava limanlarında, sərhəd buraxılış məntəqələrində aparılır. Ölkəyə gələn əcnəbinin elə bir məsuliyyəti yoxdur ki, sonradan hansısa dövlət qurumuna baş çəkərək əlavə vaxt itirib qeydiyyata dursun. Əksər ölkələrində dövlət qurumları bu işi elə həyata keçirir ki, vətəndaş bunu hiss etmir. Bəzi ölkələrdə isə, ümumiyyətlə qeydiyyat məsələsi yoxdur. Əslində dövlət qurumuna qeydiyyat ona görə lazımdır ki, ölkəyə gələn əcnəbinin harada olduğunu dəqiqləşdirsin. Amma ölkəyə başqa niyyətlə gələn varsa, o öz istəyini elə 10 gün ərzində də edə bilər. Əcnəbinin Azərbaycana daxil olduqdan sonra 10 gün ərzində yaşaması inzibati məsuliyyət yaratmırsa, elə həmin müddətdə öz istəyini reallaşdıra bilər. Hazırki qaydalar bu problemin qarşısını ala bilmir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı problemlərin həlli üçün Miqrasiya Məcəlləsində dəyişiklik edilməlidir".

Ölkəyə turist cəlb edilməsini prioritet elan edən ölkə əcnəbilərin qeydiyyatla bağlı problemlərin həllində maraqlı olmalıdır. Çünki turistlər təkcə otellərdə deyil, hostellərdə və şəxsi evlərdə də qalır. Həmçinin, turist qəbul edən bəzi istirahət mərkəzlərinin bir çoxunun Dövlət Miqrasiya Xidmətinə onlayn  müraciət etməyə çıxışı yoxdur. Bu amil də nəzərə alınaraq qeydiyyat məsələsi maksimum sadələşdirilməlidir. Həm də nəzərə alınmaılıdır ki, Azərbaycana gələn insanların böyük bir hissəsi keçmiş sovet respublikaları və viza alınması tələb olunmayan qonşu ölkələrdən gələnlərdir. Onların da əksəriyyəti otellərdə deyil, öz qohumlarının yanlarında qalırlar. Xaricdən gəlib hansısa kənddəki qohumlarının yanında yaşayan əcnəbinin onlayn qeydiyyat üçün müraciət etmək imkanı olmur. Yaxud da insan 10 gün müddətində qeydiyyata düşməyin vacib olduğunu unudur. Əvvəllər qeydiyyatı poçt şöbələri də aparsa da, artıq iki ildir ki, poçt şöbələrində qeydiyyat  həyata keçirilmir. Bu səbəbdən qanunvericiliyə dəyişikliklər edilməsi, ən azı qeydiyyatın hava limanlarında və sərhəd buraxılış məntəqələrində aparılması zəruridir.

 

 

Xalid VAHİDOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi