Modern.az

“İftardan öncə ehsan vermək, yemək-içmək məclislərində iştirak etmək günahdır”

“İftardan öncə ehsan vermək, yemək-içmək məclislərində iştirak etmək günahdır”

Hadisə

30 May 2017, 09:42

“Müsəlmanların iftardan öncə mərasimlərdə, ehsan süfrələrində iştirakı dini nöqteyi-nəzərdən düz deyil”.

Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi  Hacı Şahin Həsənli deyib.

İlahiyyatçı istənilən halda buna qadağa qoyula bilməyəcəyini bildirib:

“Biz bunu hamıya şamil edə və qadağa qoya bilmərik. Bu hər bir insanın inancından, düşüncəsindən asılı məsələdir. Amma din xadimlərinin belə məclislərdə iştirakı dinin tələblərinin pozulmasıdır. QMİ dini idarə olaraq dini qaydaları tənzimləyir və öz nümayəndələrindən də buna riayət etmələrini tələb edir.

 

Bu, birbaşa Qafqaz Müsəlmanları İdarəsinin hüququdur. Ona görə də düşünürəm ki, şeyxülislam bu tələbləri qoymaqda şübhəsiz olaraq haqlıdır. Bunun əksi İslam qaydalarının kobud şəkildə pozulmasıdır və dini qaydaları təbliğ edən bir şəxsin bu qaydaları aşkarcasına pozması qətiyyən yolverilməzdir. Ona görə də bu tam normal qaydadır”.

 

Konkret nəzərdə tutulan qaydalara gəlincə, Hacı Şahin bunları söyləyib:

“Ramazan ayında iftardan öncə ehsan vermək, yemək-içmək məclislərində iştirak etmək günahdır. O məclisdə yemək-içmək yoxdursa, iştiraka heç bir qadağa yoxdur”.

 

Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadə Ramazan ayının gəlişilə axundları və imamları diqqətli olmağa çağırıb.O deyib ki, müsəlman din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməli, iştirakçısı və təşkilatçısı olmamalıdır: “Belə məsələdə diqqətli olun”.

A.Paşazadə deyib ki, bu cür hallara yol verən axund və imamlar vəzifələrindən uzaqlaşdırıla bilər.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar