Modern.az

Putin, Makron və Qarabağ…

Putin, Makron və Qarabağ…

Qarabağ

30 May 2017, 12:28

Ötən gün Parisdə Versal sarayında Fransa və Rusiya prezidentlərinin görüşü olub. 

Görüş zamanı Fransa prezidenti Emmanuel Makron və Vladimir  Putin Suriya münaqişəsini, Ukrayna problemini və Çeçenistanda cinsi azlıqlarla bağlı vəziyyəti müzakirə ediblər. Amma Dağlıq Qarabağ münaqişəsi görüşün mövzusu olmayıb.

 

Maraqlıdır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri niyə Qarabağ münaqişəsini müzakirə mövzusuna çevirmirlər?

Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a danışıb.

Ekspert  Qarabağ məsələsinə həmsədr dövlətlərin toxunmamasını belə izah edib.

 

“Həmsədrlər Qarabağ münaqişəsinə maraq göstərmir”

 

“Dünənki Paris görüşü mənasız bir görüş idi. Həmsədr dövlətlər belə, məsuliyyət daşıdıqları məsələlər barədə fikir mübadiləsi aparmadılar. Bu o deməkdir ki, Qarabağ məsələsinə maraqları yoxdur. Hətta, Amerika prezidentinin Makronla görüşündə  də Qarabağ məsələsi müzakirə mövzusu olmadı. Həm Ukrayna, həm də Suriya məsələsində hərə öz mövqeyində qalır. Hətta Makron bu məsələlər ətrafında sərt ifadələr işlədib. Ona görə də Rusiyanın siyasəti ilə bağlı dünənki görüşün sərt alındığını demək olar.

 

Bu baxımdan da, ayrıca Qarabağ məsələsi ilə bağlı görüş aparacaqlarını gözləmirəm. Bütün olanlar onu deməyə əsas verir ki, həmsədr dövlətlər Qarabağ münaqişəsinə maraq göstərmirlər.

2016-cı ilin  aprel döyüşlərindən sonra cəmiyyətin bir hissəsində Qarabağ məsələsinə optimist yanaşma var idi. Düşünürdülər ki, böyük və həmsədr dövlətlər qısa zamanda Qarabağ məsələsinin həllinə həvəslənəcək. Təəssüf ki, hadisənin üstündən bir ildən də çox keçməsinə baxmayaraq, nəinki həmsədr dövlətlər həvəslənməyib, heç  Qarabağ məsələsini müzakirə etməyə  maraq da göstərmirlər”.

 

Makronun Qarabağ münaqişəsi ilə bağlı planları

 

Politoloq deyir ki, Fransada seçki kampaniyası zamanı bəzi namizədlərin fikirlərinin böyük əksəriyyəti Azərbaycanın əleyhinə olub.

“Namizədlərin biri deyirdi ki, Qarabağı Ermənistana vermək lazımdır. Digəri də Qarabağ məsələsinin Azərbaycanın haqlı tərəfi olmadığını  deyirdi.

Makron isə bu məsələlərlə bağlı  bitərəf mövqe sərgiləyirdi. Ermənipərəst mövqe ortaya qoymamışdı. Makron sadəcə olaraq prezident olduqdan sonra həmsədr dövlətin başçısı kimi bu məsələnin həllində müəyyən rol oynayacağını demişdi. Düzdür, bu illər ərzində Fransanın  Qarabağ məsələsinin həllində müəyyən rolunu görmüşük. Müəyyən təşəbbüslər olub. Amma bunların hamısı nəticəsiz qalıb.

Makronun özündən əvvəlki Fransa prezidentlərindən fərqli olaraq Qarabağ məsələsində nəsə edəcəyini gözləmirəm”.

 

Namçidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar