Modern.az

Səudiyyə Ərəbistanı Amerika silahlarını Azərbaycana satacaq?  

Səudiyyə Ərəbistanı Amerika silahlarını Azərbaycana satacaq?   

Ölkə

30 May 2017, 15:13

Bir müddət əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə İslam sammiti keçirilib. Eyni zamanda “İslam NATO-su” ideyası gündəmə gətirilib. O ideya ki, ilk növbədə İranın, ardınca isə Rusiyanın bölgədəki köklü maraqları üçün təhlükə vəd edir və Tehranla Moskvanın narahatlığına səbəb olub.

 

Bundan başqa, Trampın səfəri zamanı ABŞ-la onun ərəb dünyasında əsas müttəfiqi Səudiyyə Ərəbistanı arasında misli görünməmiş bir məbləğdə - 360 milyard dollar dəyərində silah anlaşması imzalanıb. Həmin anlaşmanın 110 milyard dollarlıq hissəsinin dərhal reallaşması nəzərdə tutulur.

 

Cərəyan edən bu proseslər fonunda isə yaxın zamanlarda Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn-Salmanın Moskvaya, oradan da Bakıya səfər edəcəyi gözlənilir.

 

Maraqlıdır, Səudiyyə Ərəbistanı silahların bir qismini Azərbaycana sata bilərmi?

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hərbi tərəfdaşlıq məsələsi gündəmə gələ bilərmi?

Milli Məclisin Təhlükəsiz, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Zahid Oruc Modern.az-a açıqlamasında mövzunu belə şərh edib.

“Öncə, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn-Salmanın yaxın vaxtlarda Azərbaycana ediləcək  səfərini dəyərləndirmək lazımdır. Lakin hazırkı dövrdə məsələyə  hansı silahlar üzərindən yanamağı müəyyən etmək çətindir. Bununla bağlı güman ki, mediaaya müəyyən məlumatlar veriləcək.

 

Səudiyyə Ərəbistanı  hazırkı dövrdə silahlanma ilə bağlı mühüm siyasət həyata keçirir. Ən önəmli məsələ Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdir ki, bu da 3-cü, 4-cü dövlətlərin əleyhinə yönəlməyib”.

Deputat deyin ki, Amerika silahlarının Səudiyyə Ərəbistanı vasitəsilə Azərbaycana satılması real deyil.

“Çünki Ağ Ev tərəfindən bununla bağlı xüsusi qadağalar var. Düzdür, erməni tərəfi  aprel döyüşlərindən sonra ön cəbhəyə Amerika silahlarını gətirmələri barədə yalan iddia irəli sürmüşdülər.

 

Halbuki, Qarabağ müharibəsində Amerika silahlarından istifadə haqqında iddiada bulunmaq da əsassızdır. Hətta bunun müxtəlif təlimlər vasitəsilə qazanılması məsələsi də asan deyil.

 

Ona görə də Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr məhz Amerika silahlarının satılması üzərindən qurulmayacaq. Dövlətlərarası müxtəlif müqavilələr var ki, dövlətlər buna əməl etməlidirlər”.

 

Zahid Oruc Azərbaycanın Səudiyyə Ərəbistanı ilə hərbi tərəfdaşlıq perspektivinə də toxunub.

 

“Azərbaycanın hansısa dövlətlə hərbi tərəfdaşlıq məsələsində  “ehtiyac yoxdur” sözünü söyləmək olmaz. Hər bir ərəb ölkəsi ilə münasibətlər çox əhəmiyyətlidir. Amma “hamısı ilə  silahlar üzərindən keçid qurmalıyıq” fikirlərini də söyləmək  yanlış olar. Qabaqcıl Avropa və İsrail silahlarının alınmasında Azərbaycanın problemləri yoxdur.

 

İsrail öz imkanlarına görə ərəb dünyasını qat-qat qabaqlayır. 23 ərəb dövlətinin çevrəsində mühüm ada kimi özünü qoruyub saxlaya bilir. Ər-Riyadla Bakı arasında həm siyasi, həm iqtisadi, həm də hərbi əlaqələr yüksək səviyyədədir.

İran tərəfdən Səudiyyə Ərəbistanının gündəmə gəlişi həssaslıqla izlənilir. Onlar da silahlarının satılmasında maraqlıdırlar. Təbii ki, Azərbaycan çoxşaxəli münasibətlərdə maraqlıdır”.

 

Namidə BİNGÖL 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı