Modern.az

Həmid Herisçi: “Nə iqtidar, nə də müxalifət məni öz sıralarında görmək istəyib” (MÜSAHİBƏ)

Həmid Herisçi: “Nə iqtidar, nə də müxalifət məni öz sıralarında görmək istəyib” (MÜSAHİBƏ)

30 Aprel 2011, 16:13

“Bakı qeyri-ciddi insanların yığıldığı əyləncə mərkəzidir…”

“Uşağıma hədiyyə , yaxşı yeməklər ala bilmirəm”


Həmid Herisçi Azərbaycan ictimai-siyasi-ədəbi mühitində özünəməxsus imzası ilə tanınan simalardandır. Yazıları, televerilişləri ilə həmişə diqqət mərkəzində olmağı bacaran Həmid həmçinin Azərbaycanda postmodernizmin banisi sayılır.
Bu gün Həmid Herisçinuin 50 yaşı tamam olur. Onunla müsahibədə daha çox özü haqqında danışdıq... Çox maraqlı və bir sıra gizlinlərə işıq salan müsahibə alındı… Modern.az Həmid Herisçi ilə müsahibəni oxuculara təqdim edir. 

- Azərbaycan ictimai-mədəni mühitində kifayət qədər tanınmış adamsınız. Hətta  80-90-cu illərdəki Azərbaycanın daşlaşmış ədəbi stereotipləri dağıdanladan biri kimi adınız çəkilir. Amma haqqınızda məlumatlar olduqca azdır. “Vikipediya”da Həmid Herisçi barədə bir neçə cümləlik qeyd var. Heç şəkliniz də yoxdu….

- Siz mənim miqyasımı sonra başa düşəcəksiniz. Mən, umumiyyətlə çox tanınmağı heç vaxt sevməmişəm. Məmin poetik və fəlsəfi təfəkkürüm gizlində qalmağı sevən təfəkkürdür. Çox sevinirəm ki, haqqımda mətbuatda çox az məlumat var. Ümumiyyətlə, çox istəyirəm ki, haqqımda çox az bilgi olsun. Həyatımı heç kim də bilmir. Bir söz deyə bilərəm ki, mən çox ciddi siyasi xadim ailəsində doğulmuşam. Bu çox şeyi həll edib. Mən ciddi inqilabçıların arasında böyümüşəm, onların sevimlisi olmuşam. İran Kommunist Partiyasının rəhbəri rəhmətlik İrəc İskəndəri bizim ailəvi dostumuz olub. O mənim təfəkkürümü qiymətləndirib. Mən Allah yolunda olmuşam. Çox sevinirəm ki, məni yaxşı tanımırsınız. Mən bunu istəmirəm.

- Bu nəsə bir prinsip məsələsidir? Nə üçün qapalı qalmağa can atırsınız?

- Mən istəmirəm tanınım. Əvvəla siz məni tanıyan deyilsiniz.  Siz əksinə tanıdığınız halda məni təhrif edə bilərsiniz. Ümumiyyətlə, mənə elə gəlir ki, ciddi adamlar çox tanınmaq istəmirlər.

- Sizin Azərbaycanın ictimai mühitində çox qəribə bir imiciniz var. Siyasətdən kənar dursanız da ədəbi yaradıcılığınız daxil olmaqla bütün yazılarınızda, fikirlərinizdə siyasi çalarlar əskik olmur…

- Mən siyasəti ümumi ədəbi mətnin içində vacib bir şərt bilirəm. Mən siyasətçi deyiləm. Lakin müəyyən siyasi xadimlər haqqında fikirlərim olub. Onların portretini çəkmişəm. Onlar indi də çap olunur…
Amma siyasətə balaca bir iş kimi baxıram. Mənim gözümdə ən ciddi iş ədəbi təfəkkürdür.  Siyasi təfəkkürü ciddi məsələ saymıram.

- Hər halda siyasi təfəkkür elmi təfəkkürün bazasında qurulmalıdır…

- Siyasi təfəkkürdə çox vaxt nə bədii, nə də fəlsəfi təfəkkür olur. Ən çox aldadıcı ximeralar olur.

- Həmid bəy, uşaqlığınız necə keçib?

- Bakı, Moskva və Almaniya... Mənim atam həm Azərbaycan demokrat firqəsinin, həm də Kommunist Partiyasının rəhbərlərindən biri idi. O günlər heç vaxt mənim yadımdan çıxmaz. Uşaqlıqda əlimdən tutub hara gedərdisə, həmişə özü ilə aparardı. Uşaqlıqda mənimlə məshələtləşirdi. Çox ciddi suallar verirdi mənə… Bunun nə olduğunu başa düşmək üçün mənim “Konspiriloq” kitabımdakı  “Kudəkiyyə” essesini oxuyun.

- Sovet uşaqları kimi pioner, komsomolçu olmusunuz yəqin?

- Hə… İran Kommunist Partiyasının tərkibində… Mən adi məktəbdə oxumamışam. 7 yaşımdan Bakıdan getmişəm. Moskvaya… Orada xüsusi məktəbdə oxumuşam. Mən uşaqlıqda çox xəstə olmuşam… Böyrəklərim xəstə idi… SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutunda müalicə keçmişəm, məktəbi də onun nəzdində qutarmışam. Bakıda oxumamışam. Mənim üçün ali təhsildən əhəmiyyətli məhz SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutunda oxuduğum o orta məktəbdir.

- Bu məktəbin sizin formalaşmanızda əhəmiyyətli olub?

- Çox. Xəstə uşaqlar üçün dərs tam fərqli idi. O təhsil sistemi çox maraqlı idi. Məktəb doktor Piajı adlı alimin sistemi üzərində qurulmuşdu. Əlbəttə rus alimlərinin də öz bilgiləri var idi. Bu istedadlı uşaqlar üçün olan xüsusi məktəb idi.

- Bakıda haranı bitirmisiniz?

- Bakıda heç haranı bitirməmişəm.

- Ali təhsil almısınız?

- Bəli

-Haranı bitirmisiniz?

- Unversitetin  filologiya fakültəsinin qiyabi şöbəsini. Oxumuşam, amma qiyabi oxumuşam. Yəni onu təhsil saymaq olar? Özüm öyrənmişəm, atamdan öyrənmişəm. Həmişə öyrənirəm, indi də oxuyuram. Əslində indi də tələbəyəm.

- Sizin yazılarınızda həmişə Təbrizə xüsusi sevginiz və qəribə bir bağlılığınız duyulur. Amma Bakı ilə bağlı xatirələrinizdə də şəhər mühitini yaxşı tanıdığınız hiss olunur…

- Mən həm Bakılıyam, həm Təbrizliyəm, həm Moskvalıyam, həm də dünya vətəndaşıyam. Sadəliyə, azadlığa çox üstünlük verən insanam. Məndə xüsusi təfəkkür var. Onu saxlamaq üçün mən sadə insan olmalıyam. Yəni təfəkkürümü saxlamaq üçün sıradan bir insan olmalıyam.

- Bəs deyirlər çox sadə olmaq da bir şey deyil…

- Mənim üçün yaxşı şeydir.

- Siz siyasi xadim ailəsində böyümüsünüz. İrandan Azərbaycana gələn mücahidlərə xüsusi qayğı olub. Onlar bura gəldikdən sonra kommunizm və Sovet İttifaqı barədə təsəvvürləri dəyişmişdi? Sizin evdə bu barədə hər hansı söhbətlər olurdumu?

- Əvvəla SSRİ gözəl məmləkət idi. Mühacirlər İranı da, Türkiyəni də, dünyanı da görmüş adamlar idi. Amma qüsurları da bilirdik. SSRİ yaxşı idi. Xüsusən də Azərbaycanda kənd təsərrüfatı, təhsil çox yaxşı inkişaf edirdi. İranda, Türkiyədə bu yox idi. Biz səfeh deyildik. Başa düşürdük ki, SSRİ bir layihə olaraq gələcəyə meyilli, yeni insan yetirşdirən bir layihədir. Yuri Qaqarinin kosmosa uçuşu onun ən uğurlu nümunəsidir. Mən SSRİ-nin əleyhinə deyildim. Əbəttə, bir çox məsələlərdə onu tənqid edirdim. Mənə elə gəlirdi, bir az onu dəyişmək lazım idi. Amma mahiyyətin ləğvinin tərəfdarı deyildim.

- Evdə həyat tərzinizdə İrandakı yaşam tərzi saxlanılmışdı, yoxsa siz sovet yaşam tərzinə uyğunlaşmışdınız?

- Uşaqlıqdan rus dilini gözəl bilirdim. Sovet təfəkkürünü qiymətli sayırdım. Eyni zamanda əlbəttə İranın, Güneyin mədəniyyətini də saxlamışdıq. Biz Təbriz Fədai məktəbinin xəzinəsini özündə gəzdirən adam idik. Düzün deyim ki, mənim atam və yoldaşları fədai idilər. Fədai bir Səttarxan məktəbi idi. Mən də fədai ailəsində doğulmuşam. Fədai xüsusi bir silkdir. Hər halda bu Təbrizdə də belə olub. Mənim ən böyük arzum sadə bir fədai olmaqdır.
Bu haqda çox yazmışam. Fədailiklə bağlı dünya mətbuatında mənim fikirlərimi əsas götürürlər. Təkcə Bakıda deyil, Rusiya və xarici ölkələrdə də fədailik üzrə ən yaxşı mütəxəssis mən sayılıran.

- Ətrafınız üçün anlaşılmaz adam təsiri bağışlamırsınız?

- Bu məni maraqlandırmır. Bəlkə bunu demək bir az yaxşı çıxmır… Amma deyəcəyəm. Mən həmişə ətrafıma hörmətlə yanaşsam da, özümü onlardan çox ayırmışam. Mən özümü fədai saymışam. Fədailər isə özlərini kütlədən ayırırlar. Onlar xüsusi missiyada olduqlarına inanırlar. Biz fədaiyik. Birinci fədai, sonra azərbaycanlı, sonra alimik….

- Fədailərin söykəndiyi baza olmalıdır. Bunlar hansı ənənələrdir?

- Babək, Şah İsmayıl, Xiyabani, Səttarxan ənənələri… Onların sirrləri… Siz nə bilirsiniz onların sirlərini? Siz onlar haqqında ümumiləşdirilmiş yuvarlaq fikirlər bilirsiniz. Amma biz onların xırdalıqlarını bilirik. Biz fədai məktəbini sirrini gəzdirən adamlarıq.

- Bu sizə nə verir? Özünüz üçün nəyi əxz edirsiniz?

- Hər şey verir. Bilirsiniz, mən insanın üzünə baxan kimi onun üzünü oxuyuram. Hadisələrə baxan kimi düzgün rəy verirəm. Özümü sərrast atıcı kimi hiss edirəm. Bunu mənə fədailik öyrədir. Mən hara getsəm oranın ortaq nöqtəsini tapıram. Fədailikdən çox şey öyrənmişəm. Fədailik üzrə ən yaxşı mütəxəssis mənim atam idi. Mən fədai komandirinin ailəsində böyümüşəm.

- Bəs gəncliyiniz necə keçib?

- Atamın yanında. Mənim üçün atam hər şeyi əvəz edirdi. Sənə deyim ki, ciddi dostum-zadım  olmayıb. Dədəmlə oturub danışmaq xoşuma gəlirdi. Biz atamla bərk dost idik… Çox vaxt bir yerdə olurduq. Ölənə qədər bir yerdə olmuşuq. Bizim ikimiz də fədai idik.

- Uşaqlığınız və ilk gəncliyiniz  indi bir qədər nostalji ilə xatırlanan o zamankı Bakıda keçib. Siz də o nostaljini keçirirsinizmi?

- Mən həmişə Bakıya balaca qardaşım kimi baxmışam. Belə də. Hörmətlə, amma balaca qardaşım kimi…

- Sovet Azərbaycanında doğulan Həmidin cənubla bağlı, ordakı həyatla bağlı məlumatları var idimi?

- Əlbəttə, biz gündə məktublaşırdıq. Mənim 7 əmim dünyanın dörd bir qitəsinə səpələnib. Facebook səhifəmə girsəniz onları görərsiniz. Mən dünya vətəndaşı idim. Mənim bir əmim fılan yerdə idi, o birisi başqa bir yerdə idi. Mən tək bir məkana bağlı adam deyildim.

- Yəqin ki, sizin sovet həyat tərzini müqayisə imkanlarınız olub. Mücahid ailəsinin kommunistlərə, pionerlərə, sovet uşaqlarına münasibəti necə idi?

- Biz hesab edirdik ki,fədailik bir sol təfəkkürdür və kommunizm onun müttəfiqidir. Çox ciddi yox, ancaq müttəfiqidir. Biz kommunizmi qəbul edirdik. Yəni biz onları qəbul edirdik, amma onların  bizi qəbul edib-etməmələri bizi o qədər də maraqlandırmırdı..

- İdeyalarınızı, fikirlərinizi bölüşən tay-tuşlarınız olubmu?

- Olub. Çoxlu güneyli yoldaşım olub. Onların çoxu 1978-83-cü və sonrakı İran hadisələrində həlak oldular... Mənim özümə seçdiyim yar- yoldaşlarım da fədai idi…

- Onlar İranda həlak oldular?

- Bəli. qayıtdılar İrana… Orada da həlak oldular. Mən mühacir ailəsində doğulmuşam. Siz mənə sırf azərbaycanlı sualları versəniz məni tanımarsınız. Mənim həyatım Təbrizlə, Güneylə bağlı olub. Bütövlükdə İranla bağlı olmuşam. Mənim atam da bu inqilabı məsələlərə rəhbərlik edənlərdən biri idi. Qərib adamlar qürbətdə neçə yaşında olmasından aslı olmayaraq bir-birlərindən bərk yapışırlar.

- Maraqlıdı, siz özünüzü Azərbaycanda qərib hiss edirdiniz?

-Bəli… Biz vətənə, öz evimizə qayıtmaq istəyirdik. Amma eyni zamanda bizim fədai kimi dünyada missiyamız var idi.

- Onda belə çıxır ki, siz özünüzü cəmiyyətdən könüllü şəkildə ayırmısınız..

- Əvvəla bizi elə sovet hökuməti özü ayırmışdı. Biz siyasi mühacir idik. Bizi o zamankı sovet cəmiyyətindən ayırmışdılar. Bizi çəkmişdilər bir kənara. Məsələn, deyirdilər ki, yalnız İran mühacirlərinin uşaqları üçün olan “İskra” klubuna gedin-gəlin. Adamlarla çox oturub durmayın…

- Sizə bu qəribə gəlmirdi? Yoxsa belə status sizə ləzzət edirdi?

- Yox niyə ki… Mənim xoşuma gəlirdi… Atamın statusu çox böyük idi. O zaman dövlət nümayəndələrinin müalicə olunduğu “leçkomissiya”nın üzvü idik. Ən yükəsk sovet məmurlarının dincəldiyi yerlərdə dincələ bilərdik. O imkanlardan biz istifadə edə bilərdik.

- İstifadə eləyirdiniz?            

- Yenə də deyim biz meşşan olmamışıq ee… Mən uşaqlıqda çox xəstə olmuşam. Müalicə məqsədləri ilə istifadə etmişik.

- Evdə neçə uşaqsınız?

- Üç: iki qardaş, bir bacı. Onların heç biri burada yaşamır…. Axı dedim…Bizdə uşaqlıqda belə bir təfəkkür var idi ki, biz buradan gedəcəyik. Onun üçün onlar getdilər… Mən yubandım…Burdan gedə bilmədim.

- Belə çıxır siz burda qalacaqsınız..

- Bilmirəm. Amma nə üçünsə qalmışam.

- Yəqin sizin üçün Bakıda doğma nəsə var?

- Deməzdim ki, Bakını özümə çox doğma hiss edirəm. Biz qayıtmağı çox gözlədik. Bakıdan özümüzü çox ayırdıq. Biz vətənə qalibiyyətlə qayıtmaq istəyirdik. Sonra  istər İranda, istər SSRİ-də 80-ci illərdəki xəyanətləri görəndən sonra, xüsusəndə bu xəyanətlərin içində atamın dostlarının olması, öz yaxınlarının olmasından sonra adam tək qalır. Mən tək qaldım.

- Fikir bölüşmək üçün ətrafınızda yaxın insan yox idi?

- Bilirsiniz, mənim Azərbaycan ədəbi mühütündə çoxlu sayda yazar yoldaşım vardı, amma mənim taleyimin yoldaşları qalmadı. Onlar itdilər, öldülər, öldürüldülər. Amma ədəbi dostlarım çoxdur.

- Sizin  “Nekroloq” əsərinizdə azərbaycanlıların kimliyi axtarılır. Burada özünüzü axtarmağınızın kodlarına işarə varmı?

- Mən sirləri tapmaq tərəfdarıyam. Bütün yaradıcılığımda da çalışmışam ki, kimisənin bilmədiyi, çox həlledici məsələləri tapım. Yaradıcılığımda göstərə bilim. “Damğa” romanında, “Dəli Kür” romanımda, çoxlu sayda yazdığm esselərimdə, şeirlərimdə həmişə ona doğru can atmışam.

- Siz nə üçün hər şeyi bilmək istəyirsiniz?

- Nizaminin ilk əsəri “Sirlər xəzinəsi” olub.. Uşaqlıqdan buna meylim olub.

- Siz hansı sirri axtarırsınız?

- Sirlər xəzinəsini axtarıram. Bəzən insanlar Stepan Razinin Pirallahı adasında gizlətdiyi xəzinəni, bəziləri Cavad xanın xəzinəsini axtarır. Mən də Nizaminin dediyi “Sirlər xəzinəsi”ni tapmaq üçün çalışıram. Mənim istər publisistikam, istərsə də şeirlərim həmişə diqqət marağında olub. Hətta Facebook-da da ətrafımda diqqətçəkici adamlar çoxdur. Hesab edirəm ki, Facebook yeni bir inqilabdır. Mən modernizmi sevirəm. Postmodern daha acı bir məsələ idi. Konsperologiyanı Azərbaycan təfəkkürünə mən gətirmişəm. Bunu hamı bilir. İndi Azərbaycanda aparıcı ədəbi-fəlsəfi cərəyanları həmişə təqdim eləməyi bacarmışam.

- Özünüz necə, 60-cı-70-ci illər Azərbaycan ədəbiyyatını oxumusunuzmu?

- Sabir Əhmədlini, İsa Hüseynovu çox istəyirdim. Xoşuma gəlirdi.

- O dövr üçün populyar olan əsərləri oxumamısınız?

- Oxumuşam, amma marağımı özünə çəkməyib. “Yaşıl teatr” daha çox xoşuma gəlirdi. “Məşhər” romanını da xoşlayırdım. Mənim üçün “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən çox Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı, daha maraqlı idi. Məni o çəkirdi.

- Ədəbi mühitin içində olmusunuz.. Tanıyırdılar sizi?

- Əlbəttə. Mənim atam məşhur ədəbiyyatşünas olub, həm də professor idi. Təbii ki, tanıyırdılar. Həm atamı, həm də məni tanıyırdılar. Mən orijinal adam olmuşam. Həmişə orijinal fikirlərlə yaşamışam. Mənim acığım gəlir başqa adamın dilindən fikir deməyə. Sevmirəm bunu..  

- Dinə münasibətiniz necədir? Allaha inanırsınız?

- Bəli. Ciddi olaraq... Mən müsəlmanam.

- Sizin üçün Allah nəyi ifadə eləyir?

- Mən Şah İsmayıl xəttinin müsəlmanıyam. Özümü Şah İsmayıl misteriyasının nəvəsi sayıram Mən ona meyilli adam olmuşam.. Həm də o, uşaqlıqdan padşah olub. Onun uşaq təfəkkürü mənə çox maraqlı olub. Mən uşaq təfəkkürünü yaşlı təfəkküründən mənalı bilirəm. Mənim üçün bunun ilk modeli İsmayılın 13 yaşında taxt-taca sahib olmasıdır. Azərbaycanda uşaq təfəkkürü XVI əsrdə hakimiyyətə gəlib. Uşağın müdrikliyində şüuraltı olaraq o biri dünyanın təcrübəsi var,  ixtiyar adamların müdrikliyində yalnız bu dünyanın təcrübəsi var. Emprik təfəkkür. Mən intuiktiv təfəkkürü seçirəm.

- Azərbaycanın ədəbi mühitində də siz birmənalı qarşılanmırsınız. Sizi istəyənlər də var, istehza ilə yanaşanlar da…  

- Başqalarının fikri məni heç vaxt maraqlandırmır. Öz fikirlərim mənim üşün daha önəmlidir.  Başqalarının fikrinə həmişə hörmət eləmişəm. Amma mənim üçün həlledici olmayıb bu fikirlər… Qərarı özüm vermişəm. Heç vaxt başqa fikirləri özümün alın yazım hesab etməmişəm.
Mənim nəsrim öz nəsrimdir, mənim şeirim öz şeirimdir. Bu mənim öz publisistikamdır. Televiziya layihələrim də özümə məxsusdur. Nə var özümünküdür. Mənim nəsrim, şeirim orijinaldır. Bununla da mən hamıdan seçilirəm. Mən həmişə yeni  söz demişəm. Son layihəm mətbuatda portret yazılarıdır.
“Yeni Müsavat” qəzetində belə yazılarım gedir. Elə olur ki, 7-8 min oxucum olur. Son diqqətçəkən yazılarımdan “Bizim Ştirlis” və yaxud  Anar Məmmədxanov haqqında yazımı göstərə bilərəm.

- Yazılarınızda oxucuların diqqətini çəkən nədir?

- Mən nəsr qanunlarına uyğun yazıram.. Jurnalist qanunlarına uyğun yazmıram. Bu mənə danışdığım insanları daha yaxşı təsvir etməyə imkan verir

- Oxucu sizi sevir?

- Bəli, oxucu məni sevir. Məni çox adam oxuyur.

- Siz yazılarınızı öz istəyinizlə yazırsınız?

- Mən həmişə öz istəyimlə yazmışam.

- Oxucunun təlabatını nəzərə almırsınız?

- Oxucunu mən tanıyıram da.. Onu mən yetişdirmişəm. Mənim oxucum mənim çocuğumdur.

- Sizi küçədə görəndə tanıyırlar?

- Məncə daha çox mənim televiziyadakı fəaliyyətimlə tanıyırlar. Haqqımda çox maraqlanıblar, başlayıblar piblisistikamı oxumağa. Mən cəmiyyətdə tanınmış adamam. İqtidarda da məni yaxşı tanıyırlar, müxalifətdə də. Məndən həmişə çəkinirlər, amma hörmət də edirlər. Ən çox elə hakimiyyətdə olanlar oxuyurlar məni. Deyirlər ki, sənin yazılarını oxuyuruq.

- Qonşularınızla münasibətlərinin necədir? Qonşuluq edə bilirsiniz?

- Mən çox sadə və kasıb adamam. Dərviş kimi mən xalqın içindəyəm.  Mən adi bir evdə camaatın içində yaşayıram. Heç vaxt özümlə kiminsə arasında fərq qoymamışam. Amma məişətdə çox da maraqlı adam deyiləm. Çünki məişəti sevmirəm… Məhəllə adamı deyiləm. Düzdü, mənim Bakı cayılları arasında çox böyük hörmətim var… Mənim uşaqlıqdan belə insanlarla dostluğum olub, onlar məni sınayıblar. Onlarla mənim yaxşı münasibətlərim olub. Bakıda seçdiyim, özümə doğma bildiyim təbəqə Bakı cayıllarıdı. Onlar məni sevib, mən də onları sevmişəm. Həmin insanlar məni qəbul ediblər, öz qardaşları biliblər. Ancaq nə iqtidar, nə də müxalifət heç vaxt məni öz sıralarında görmək istəməyib, mənə qardaş kimi baxmayıblar.

- Partiyaya üzv olmaqla bağlı təkiflər olub sizə?

- Bəli.

- Hansı partiyadan, müxalifət partiyasından, yoxsa iqtidardan?

- Məm Azərbaycan Demokratik firqəsinin, güllələnmiş İran Kommunist partiyasının sonucu əsgəriyəm. Mənim partiyam var. Partiyam güllələnib, satılıb. Mən bu ideyaya sadiq qalmaq istəyirəm. Onlar öldürülüb getsələr də, böyük bir bədii təfəkkürü geridə qoyublar.

- Nədənsə daima bütün diqqətiniz, fikriniz o tayda, Güneydədir. Sanki Azərbaycandakı həyatınıza bir keçici period kimi baxırsınız…

- Mənim ən ciddi fikirlərim Təbrizlə bağlıdır. Təbrizi çox sevirəm.. Oranı daha əhəmiyyətli yer sayıram, nəinki Bakını… Mən Bakıya əyləncə mərkəzi kimi baxıram. Qeyri-ciddi insanların yığıldığı əyləncə mərkəzi… Ciddi adamlar Təbrizdədir. Bakıda insanlar həmişə məişətə meyilli olublar. Bakı adamı məişət adamıdır.

- Deyirsiniz  elita Təbrizdədir?

- Əlbəttə, Azərbayacanın elitası Təbrizdədir. Bakı elita yetişdirə bilmədi, amma Təbriz yetişdirdi. Bakıdakı elita psevdoelitadır.. Elita ciddi söhbətdir.. Ənənələr olmalıdır.. Fədailər elə elitadır da... Mən hesab edirəm ki, Təbrizdə daha yaxşı Azərbaycan dilində danışırlar. Burada Azərbaycan dili son zamanlar xarab olub. Qəzetlərin dili bəyəm Azərbaycan dilidir? Azərbaycan dili şirin olub həmişə. Kobud olmayıb…Qədim Azərbaycan dili Təbrizdədir. Mən Təbrizə gedəndə saatlarla Azərbaycan dilində danışırlar. Çox şirin danışıq dilləri var. Təbriz bir dənədir, onu nəyəsə dəyişmək olar?

- Sizin Təbrizdə eviniz durur?

- Bəli bizim evimiz var orda. Kimsəsizdir bizim evimiz… Hamımız çıxmışıq.Yeddi əmim çıxıb ordan. Hərəmiz dünyanın müxtəlif yerlərinə səpələnmişik. Ev boş qalıb deyə, İran hökuməti indi oranı müsadirə eləmək istəyir.

- Bununla bağlı iddia qaldırmaq istəyirsiniz?

- Mal-mülk davası həvəskarı deyiləm. Mən İrana gedəndə o evə gedirəm. Şüşəsi-zadı qırılıb.

- Tanıyırlar sizi orda?

- Qonşular bilirlər ki, bizim evimizdir. Deyirlər ki, qayıdın gəlin bura. Ora bizim dədə-baba yurdumuzdur.

- İrana getməyinizdə problem yaratmırlar?

- Mənim müasir İran hökuməti ilə davam yoxdur.. Mənim davam şah rejimi ilədir. Bizi bədbəxt onlar elədi. Bizim davamız Məhəmməd Rza şahla idi. Biz onu məhv elədik.

- İrandakı hazırki hakimiyyətə münasibətiniz necədir?

- Məncə, hazırki sistem şah rejimindən yaxşıdır. Məni yaxşı başa düşün. Mən düşünmürəm ki, bütövlüklə bütün məsələləri həll edək… Addım-addım… Hesab edirəm ki, əgər bu gün İranın başında azərbaycanlı durursa, bu böyük qələbədir. Fərq eləməz dini xadimdir, dünyəvi hakimdir. Ola bilər millətçilik təfəkküründən uzaq adamdır.

- Şah rejiminə nifrətiniz böyükdür. Sözlərinizdə intiqam hissinin güclü olması sezilir.

- İntiqam çox səmimi hissdir. Nəsə olub ki, intiqam var da... 1946-cı ildə Təbrizdə 22 min adam öldürdü şah... Ailəmiz əziyyət çəkib. Pəhləvi ailəsi azərbaycanlıların düşməni olub. Şahın bir nömrəli düşməni azərbaycanlılar idi.

- Son zamanlar İran şahının ailəsi barədə yazılar gedir. Oxuyursunuz?

- Sevmirəm, nifrət edirəm şah ailəsinə…Onun adını çəkəndə çox əsəbləşirəm. Kimsə başlayıb son dövlər şah dövrü haqqında mədhiyyə oxumağa…Məhəmməd Rza şahın dövründə 380 min insan güllələnib. Onun 90 %-i azərbaycanlılardır… Çox murdar bir hakimiyyət idi. İndikiyə min şükür…İndi də totalitar rejimdir İranda. Amma indi şah dövründə olduğu kimi Azərbaycan dilinə toxunulmur. Bu özü böyük bir qələbədir. Amma şah Azərbaycan dilini yasaqlamışdı. Bizim çox böyük insanlarımız öldürülüb. 60-70-ci illərdə Təbrizdə elə ev qalmadı ki, orda qan axmasın. Özü də Təbriz ənənvəi olaraq solçu şəhərdi.. Ona millətçi adı qoymayın.

- Sizin özünüzün oxşamaq istədiyiniz ədəbi qəhrəmanınız olubmu?

- Mən elə hesab edirəm ki, insan özünə aid məlumatları açıb deməməlidir. Mənə elə gəlir ki, kinoqəhrəman da insanın bir sirridir. Məncə demədiyinin ciddi əhəmiyyəti var..

- Azərbaycan kinolarında, yazılarınzıda daima mistika axtarırsınız.. Varmı belə mistika? İnanırsınız mistikaya?

- Bəli. Mən hesab edirəm ki, dünya məntiqlə idarə olunur. Məntiq paradosku izah edir. Paradoks da mistik mahiyyət daşıyır. Sirlər o zaman əhəmiyyətsizdir ki, onlar açılmır. Mənim demədiyim daha çox şey var. İnsan sirri qəbul edir, amma açılmış sirri qəbul eləmir. İnsan bilmədiyini qəbul edir, hansı ki dərk edə bilmir.

- Sizin siyasi baxışlarınız solçudur.  Sizin üçün solçu olmaq nədir?

- Mübarizə. Solçu dünyanı dəyişmək istəyir. İdeyalar nədir, Əflatunun dövründən yazılıb. Kütlələrin hərəkatı həmişə solçu hərəkatıdır.

- Hansı musiqiləri xoşlayırsınız?

- Vaqnerin musiqilərini. Ağır klassik mahnılar xoşuma gəlir. Şopen mənim üçün o qədər də doğma deyil. Mən nəğmə sevmirəm. Ola bilər ki, xoşum gəlsin. Amma belə tutarlı yanaşmam simfonik musiqiyədir. Musiqini simfonik ifada eşitməyi xoşlayıram. Mahnı məni əsəbləşdirir. Eşitmə qabliyyətim çox güclüdür.

- Bəs sizdə şən musiqi dinləmək istəyi olmur?

- Yox. Qulaq asmıram. Ümumiyyətlə, müasir dövrün musiqisinə qulaq asmıram. Məsələn, “Bitlz” qrupu bir brend idi. Indi bir çox yazıçılar, bəstəkarlar özləri yazmırlar. Bizdə də belə brendlər yaranır ki, bu mahnıları heç də özləri yazmırlar. Dünyada şou-biznesin qanunu var. Orda müəllif yoxdur. Bir çox müəllif birləşib yalandan brend yaradırlar.

- Qarşınızdakını necə, dinləməyi bacarırsınızmı? Deyirlər ki, televiziyadakı verilişlərdə daha çox özünüz danışırdınız…

- Mən çalışırdım onların stereotiplərini dağıdam. Bu da alnırdı. Bundan sonra televiziyaya qayıtmaram.. Heç vaxt... Mən televiziyaya nöqtə qoymuşam. Televiziya mənim üçün artıq mənasız bir sahədir.

- Niyə belə qənaətə gəlmisiniz?

- Aydındır ki, televiziyada mən istədiyimi edə bilməyəcəm. Televiziyaya baxmırlar. Baxanlar da səviyyəsiz adamlardır. Azərbaycan televiziyası əhəmiyyətini itirmiş bir şeyə çevrilib. Televiziyada əndirabadi adamlar oturublar. Onlara elə gəlir televiziya var… Artıq Azərbaycanda televiziya yoxdur. Sovet dövründən sonra televiziya mədəniyyəti də getdi.

- Almaniyada, Moskvada, Bakıda  olmusunuz. Dövrü müqayisə eləmək imkanlarınız böyük olub…

- Bakıda çox yaxşı fikirləşirəm, darıxmıram. Mən Bakını zəngin şəhər hesab edirəm. Avropada da olmuşam, amma Bakı maraqlı şəhərdir. Burda külək əsir, mən küləyi çox sevirəm. Külək həm də nəyi isə gətirir. Amma Azərbaycan bir ölkə olaraq sovet layihəsidir. Kapitalizm bu layihəni qəbul eləməyəcək. Gərək onu demontaj eləsin.

- Ailədə necə yaşayırsınız?

- Mən yoldaşımı və uşağımı çox istəyirəm. Çox qapalı və çox kasıb bir ailədə böyümüşəm. Aza qane olan adamam. Ümumiyyətlə, mən maliyyəni və pulu sevən adam deyiləm. Təbii ki, ailəmə, uşağıma baxmaq üçün pul lazımdır. Mən pulsuzluqdan çox əziyyət çəkmişəm. Uşağıma hədiyyə, yaxşı yeməklər ala bilmirəm. Həm də başa düşürəm ki, pul əsas deyil. Mən övladımı maddiyyatç kimi böyütmürəm.

- Uşağınızın neçə yaşı var.

- 5 yaşı var.

- Atanızın sizə olan münasibətini onunla saxlaya bilirsinizmi?

- Təxminən. Mənim leksiyalarımı dinləsəniz görərsiniz ki, mən bədahətən çox ciddi işlər görürəm. Mən qeyri-adi işlər eləməyi bacaran adamam. Yəni, həmişə özüm-özümü təəccübləndirmişəm.

- Toylara gedirsiniz?

- Yox. Əvvəla mənim maddi imkanın yoxdur. Gördülər ki, çağırırlar gəlmirəm, gələndə də görürlər ki, pul atmamışam. Buna görə də çox vaxt çağırmırlar. Ümumiyyətlə, Arazın bu tayının camaatı bizi sevmir. Mən burda qəribəm. Mən buralı deyiləm. Buranın insanları məni də sevə bilməzlər.

- Burda qohumlarınız olubmu?

- Çox az olub. İndi burda çox az qohumlarım var.

- Belə çıxır ki, tək yaşayırsınız?

- Bu mənə ləzzət verir. Tək olmaq həqiqətləri anlaşdırır. Nə üçün təkəm? Sevdiyim ağaclar var, sevdiyim küçələr var. Onlar mənim dostlarımdı.

- Hansı Bakını sevirsiniz, indiki, yoxsa 80-ci illərdəki Bakını?

- Mən mikrorayonları sevirəm. Məsələn İçərişəhərə getmirəm. Amma sosializm  dövründə tikilmiş parkları, küçələri sevirəm. Montini daha çox sevirəm. Fəhlə kvartallarını sevirəm. Kasıbların yaşadıqları məhəllələri sevirəm. Oralarda insan gücü var. Bakının burjua məhəllələrini heç xoşlamıram.. Əhmədlini daha çox sevirəm. Mən orda özümü yaxşı hiss edirəm. Bu yalançı, aldadıcı Bakıdır.
Azərbaycan qəşəng abad bir məmləkətdir. Xüsusən də kəndləri çox maraqlıdır. Yaxın Şərqə baxanda Azərbaycanın bölgələri çox abaddır. Məsələn, Gəncə Bakıdan təmizdir. Ən çox sevdiyim şəhər Sumqayıtdır. Amma adamlarımız çox köhnədir. Elə bil biz problemi, qaramatı sevirik. Şükür eləmək lazımdır. Şükransız yaşamaq olar?

- 50 yaşınızı necə qeyd edəcəksiniz?

- Tək qalacam. Çıxacam sevdiyim küçələrə, bağda gəzəcəm. Mənim belə bir dostum yoxdur. Ad günümdə heç kimdən heç nə gözləmirəm. Hesab edirəm ki, 50 yaş çox böyük bir nemətdir. Ən böyük hədiyyə Allahın 50 yaş verməyidir. Yazıçı üçün bu yaş çox böyük imkanlar açır. 50 yaş tam peşəkarlıq dövrüdür. Mənim qarşımda heç bir sədd yoxdur. Mənim üçün bir çox məsələlər 50 yaşımda aydın olub.

- Nəsə yığırsınız?

- Kitab yığıram. Şeirlər yığmışam.

- Hobbiniz varmı?

- Mənim işim elə hobbimdir. İnsanların elə olur həm hobbisi olur, həm də işi. Mənim hobbim yoxdur. Heç bir işimi sifarişlə görməmişəm. Mənə deyiblər yaz. O yazını peşəkarcasına işləmişəm... Azərbaycanda ən peşəkar işləri mən eləmişəm. Eqoizmi qəbul eləmirəm. Mənim üçün ən ciddi iş sirləri, xatirələri qorumaq, insanların gizlinlərini açmaqdan ibarətdir.







Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir