Modern.az

Onlara agent, düşmən damğası vurulurdu

Onlara agent, düşmən damğası vurulurdu

31 May 2017, 13:44

Repressiya qurbanlarının xatirə günüdür

Bu gün Qazaxıstanda Milli hüzn günüdür. Mavi türk bayrağı altında yaşayan insanlar siyasi repressiya qurbanlarının xatirəsini hörmətlə yad edirlər. Modern.az-ın məlumatına görə, o repressiya qurbanları arasında azərbaycanlılar da var.
Azərbaycanda Stalinin repressiyaları əslində 1918-ci ildən başlamışdı. Məhəmməd Əmin Rəsulzadənin  rəhbərliyi ilə qurulan Azərbaycan Demokratik Respublikasını bolşeviklər süquta uğratdıqdan sonra, müsəlman Şərqində ilk müstəqil dövlət quran aydınlarımız repressiyaya məruz qaldılar.  Bu qanlı və qara repressiya ötən əsrin 1950-ci illərinə qədər davam etdi. Təkcə Azərbaycanda deyil, SSRİ-nin bütün regionlarında yaşayan insanlar dinindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq repressiyaya uğradılar. Zaman elə zaman idi ki, hər kəsdən şübhələnir, hər kəsi düşmən sayırdılar. Xalq düşməni elan edilmək an məsələsi idi. 

Repressiyaların ən yüksək həddi isə 1937-1938-ci illəri əhatə etdi. SSRİ  NKVD-si (Daxili İşlərin Xalq Komissarlığı) ağına-bozuna baxmadan hamını qılıncdan keçirirdi. Həmin dövrdə Azərbaycana Mircəfər Bağırov rəhbərlik edirdi.  Mərkəz Moskvada isə repressiyaların əsas  təlimatlarını göndərən Lavrenti Beriya, Leonid Melnikov, Levon Mirzoyan idi.

1936-ci ilin yazında repressiya dalğası   türkçüləri vurdu. Həmin ilin noyabrında növbə müsavatçılara yetişdi.1937-ci ildən etibarən isə artıq partiya və sovet işçilərinin də üzərinə qara yellər əsməyə başladı.  23 fevral -3 mart tarixində  Moskvada   Sovet İttifaqı Mərkəzi Komitəsi Kommunist Partiyasının Plenumunda  İ.Stalininn  yeni sərəncamı ilə  repressiyalar daha da kütləvi şəkil almağa başladı.

Ziyalılar təfəkkürünə görə repressiyaya məruz qalırdılarsa, sərhədyanı region və zonalarda yaşayan insanlar çuğulçuluqda, Arazın o biri üzünə keçmək istəməkdə   təqsirli bilimnərək, həbs edilir, nəsilliklə, ailəliklə, bütün kənd, mahal olaraq sürgünə göndərilirdilər. Onlara agent, xalq düşməni damğası vurulurdu. İnsanların edam edilməsi, güllələnməsi, sürgünə göndərilməsi artıq  dövlətin proqram tipli  planı şəklinə salınmışdı.  Ölkənin müxtəlif regionlarından yeni sürgün siyahılarını tamamlamaq  üçün sifarişlər gəlir, plan yerinə yetirilirdi. Moskvadan gələn şifrəli teleqramın birində belə yazılmışdı: “ Güllələnmək üçün 500 adamı QULAQ,  500 nəfər cinayətkar, sürgünə göndərilmək üçün 1300 nəfər QULAQ ailəsi, 1700 nəfər cinayətkar lazımdır. Beləliklə, 1937-ci ildə siyasi baxışlarına görə  Azərbaycandan olan 2792 insan güllələnmişdi, 4425 şəxs isə  uzun müddətli həbs düşərgəsinə göndərilmişdi.

Bakı 1920-1930-cu illərdə türkdilli xalqların  mədəniyyət beşiyi idi. Türk dünyasının bütün aydınları bu şəhərdə toplaşar, mühüm qərarları Bakıda qəbul edərdilər. Tatarıstan, Özbəkistan, Krım, Türkiyə, Qazaxıstan, Başqırdıstan, Qaqauz  türkləri buraya gəlirdilər. Repressiya tarixini araşdıran amerikalı alim Tadeuş Sventoxovskiy  yazırdı:


“ Həmin Bakıya yığılan, Bakını türkçülüyün mərkəzi elan edən türk dünyasının 29 mindən artıq aydınının əksəriyyətinə ölüm hökmü oxunmuşdu. Həmin ziyalılar repressiyanın əsas qurbanları oldular”.


Amerikalı tarixçi tədqiqatçı  yazırdı ki, təkcə 1940-cı ildə Azərbaycandan 70 min insan güllələnmiş,  1937-1938-ci illərdə isə 120  minə yaxın insan kütləvi repressiyaya məruz qalaraq, ölkədən sürgün edilmişdi.  Nəzərə alanda ki,  1939-cu ilin əhalinin qeydə alınması siyahısında Azərbaycan əhalisinin sayı 3,2 mln  nəfər göstərilirdi.


1939-cu ilin 17 yanvarında  İ.V.Stalin  SSRİ-nin Xalq Komissarları Sovetinin rəhbəri  N.İ. Yejova belə bir məktub yazır: “İranla həmsərhəd olan sovet vətəndaşlarını 10 gün müddətində yığışdırılıb Qazaxıstana göndərilməsi təmin edilsin”.

Sonralar tədqiqatçı və tarixçilərin hesablamalarından məlum oldu ki,  əhalisi həmin dövrlərdə 3,2 milyon nəfər olan Azərbaycandan  332.828 nəfər repressiyaya məruz qalmış,  onlardan 20 min 186 nəfəri  güllələnmiş,  , 111min 504 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, , 200 mindən artıq insanın 150.648 nəfəri ancaq Qazaxıstana sürgün olunmuşdu.

... Həmin illərdə insan dolu yük qatarları Orta Asiya səhralarına,  şaxtalı Sibirə yol gedirdilər... Beləcə  Sovet İttifaqından 1,5 milyondan artıq insan o qara qatarlara doldurularaq,  yolların qarasına düşdülər. Həmin illərdə qazaxların da övkəsi kəsilmişdi.  4 milyondan artıq qazax aclığa məruz qalaraq  həlak olmuşdu.


Baxmayaraq ki, ötən əsrin  20-30-cu illərinin siyahıyaalınmasında ən böyük say—7 milyin nəfər əhali qazax millətinə məxsus idi. İndi yaşasaydılar qazaxların sayı 50 milyonu ötüb keçəcəkdi.  Qazaxların əllərində olan mal-heyvan əllərindən alınmışdı. Aclığa tab gətirməyən insanlar məhv olub getmişdilər. Qalanlar isə yenidən bu torpaqlara göndərilən insanlara qucaq açdılar. İçərilərində bütün millətlərin nümayəndələri var idi. Sürgün olunmalarına səbəb isə siyasi hakimiyyətin xoşlarına gəlməyən sözləri, gülüşləri, baxışları , zarafatları, və yaxud da ki, həyətində olan artıq sayılan bir baş qoyun quzuusu olmuşdu.

Lakin  həmin  dövrün aclıq illərinin məhrumiyyətlərinə baxmayaraq qazax qardaş-bacılarının isti münasibətləri sayəsində  kütləvi sürgün olunanlar Qazaxıstanda  bitdilər, göyərdilər, yaşadılar. Ev qurdular, cəmiyyətə inteqrasiya etdilər. Bu gün Qazaxıstanda 130-dan artıq millətin nümayəndəsi sülh və həmrəylik şəraitində yaşayır.  


1997-ci ilin aprel ayının 5-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev  “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında” fərman imzaladı.  Həmin fərmana əsasən, siyasi repressiyaya məruz qalan insanlar dövlətdən  təzminat da aldılar.  Bu məsələnin bir tərəfi. Ən əsası isə  o idi ki, sürgün olunan insanları  qəbul etmiş şəhərlərinin hər birində repressiya qurbanlarıının xatirəsini əbədiləşdirən memorial abidələr ucalmağa başaldı. Bu gün Karaqanda şəhərindəki  memorial abidələr  kompleksində  buraya sürgün olunan digər xalqlarla bərabər, azərbaycanlıların da adına ucalan xatirə kompleksi var. Astana şəhərinin 60 kilometirliyində isə “ALJİR” deyilən  Muzey kompleksində Azərbaycandan olan  qadınların da əşyaları o illərin acı xatirəsi kimi  qorunub saxlanır.

Türk dünyasının lideri Nursultan Nazarbayev  Müstəqillik illərində qurub yaratdığı Qazaxıstandakı bütün insanlara öz övladı kimi münasibət bəsləyir. Bu ölkədə heç bir milli, irqi və yaxud da regionçuluq  ayrı-seçkiliyi yoxdur. Hər il olduğu kimi, bu il də ölkə prezidenti repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edir. Bu gün isə o, ALJİR- kompleksində  (“Vətən xainlərinin qadınları üçün Akmola düşərgəsi”) ziyarətdə olarkən , vətəndaşlarına müraciət edərək deyib:



“Siyasi repressiyaya məruz qalan insanların  arvad və uşaqlarını da sürgün etdilər. ALJİR-ə onlar qucaqlarındakı uşaqları ilə gəldilər, bu düşərgədə doğulan uşaqlar da oldu.  Qazaxıstanda isə 103 min insan repressiyaya məruz qaldı, onların 25 mini güllələndi. Qazaxıstanın bütün  ziyalıları, aydınları məhv oldu. Qazaxlar və  Sovet İttifaqının digər  regionlarından buraya sürgünə göndərilən günahsız insanlar 11 həbs düşərgəsində məhrumiyyətlərə məruz qaldılar. Bu gün isə Qazaxıstan hüquqi dövlətdir, burada siyasi təqiblər, dustaqlar  yoxdur. Biz bu dəyəri qorumalıyıq. Tarixin  “Böyük inqilab” dediyi  o dəyişiklik  və siyasi repressiyalar insanlara bədbəxtlik və faciə yaşatdı.  Heç bir inqilab insanlara, dövlətə xeyir gətirməyib. Siz özünüz də görürsünüz ki, harada inqilablar və dəyişikliklər baş verirsə,  xalq əziyyət çəkir, 10-15 il geriyə düşür,  həmin ölkələrdə terrorizm və banditizim baş alıb gedir.Gələcəkdə belə səhvlərə yol verməmək üçün biz gərək tarixdən dərs çıxaraq.  Bütün sürgün olunanlar üçün Qazaxıstan doğma yurd oldu. O vaxtdan bu günə kimi biz bir xalq kimi sülh şəraitində yaşayırıq”.

O qanlı tarixi unutmamaq hər bir kəsin vətəndaşlıq borcudur. Əslində repressiyaya məruz qalan  insanların hər birinin ana Vətənində abidələr ucalmalıdır ki, övladlarımız Vətənin dəyərini daha gözəl anlasınlar.  Bu gün mayın 31-də Qazaxıstanın  National Digital History  veb portalı fəaliyyətə başlayıb. Bu portalda  repressiyaya məruz qalan 200 mindən artıq insanın adı əks olunub. İçərinizdə repressiyaya məruz qalan əzizi, doğması, qohumu olan varsa,  [email protected]   bu ünvana müraciət edib, saytdan öyrənə bilərsiniz. Və yaxud da öz doğmalarınız haqqında səənəd və xatirələri həmin portalda yerləşdirə bilərsiniz.

Əqidə, amal, saf ideallar uğrunda həlak olan insanları tarix unutmur! Hər kəs tarixin yaddaşında öz əməlləri ilə yaşayır. Göydə Tanrını, Yerdə tarixi aldatmaq olmur.


Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır