Modern.az

Ticarət Evlərinin əhəmiyyəti

Ticarət Evlərinin əhəmiyyəti

1 İyun 2017, 13:56

Azər Qismət



Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bu gün qarşıda duran əsas məqsədlərdən biri “Made in Azerbaijan” brendini dünyada tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaqdır. Bu istiqamətdə atılan addımlardan biri də xaricdə Ticarət Evlərinin yaradılmasıdır. Xatırlayırsınızsa, dövlət başçısı bu ilin aprel ayında Yevlaxda qeyri – neft ixracatçıların respublika müşavirəsində də bu məsələyə xüsusilə toxunmuşdu və birinci Ticarət Evinin yaxın həftələrdə Belarusda yaradılacağını bildirmişdi. Lakin məqsəd yalnız Belarusda deyil, digər ölkələrdə də, o cümlədən Rusiya, Ukrayna və Qazaxıstanda analoji evlərin yaradılmasıdır. Bəs, bu cür mərkəzlər bizə nə verəcək, ixracı stimullaşdırmaq, xarici bazarlarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyini artırmaq üçün nə kimi imkanlar yaradacaq? Məhz, Prezident öz çıxışında bu suala da ətraflı aydınlıq gətirmişdi.
Sitat: “Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir”. Sitatın sonu.

 

Qeyd edək ki, son vaxtlar Azərbaycanın Körfəz ölkələri ilə əlaqələri nəticəsində çox işgüzar əməkdaşlıq qurulub. Nəticədə, Azərbaycan məhsulları Körfəz bazarına uğurla çıxarılmaqdadır. Nəzərə alaq ki, Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar Azərbaycanda istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər. Körfəz ölkələri siyasi baxımdan da bir sıra beynəlxalq qurumların toplantılarında Azərbaycana dəstək göstərir. Üstəlik, burada din qardaşlığı da ölkələr arasındakı ticari əlaqələri gücləndirir. Məsələn, son dövrlər azexport.az portalına daxil olan sifarişlər sırasında Körfəz ölkələri, xüsusilə Qətər xüsusi yer tutur. Ona görə də Azərbaycanın bu bazarlara fəal girişi başadüşüləndir. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır.

 

Ötən həftə Belarusda Azərbaycanın ilk Ticarət Evi açıldı. Mərkəz “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Belarusda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Əlavə edək ki, Ticarət Evində 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar, meyvə şirələri, mineral sular, tərəvəz, müxtəlif növ konservləşdirilmiş məhsullar, çay, xalça, tekstil, ipək və kosmetika, həmçinin tikintidə istifadə olunan sənaye məhsullarının nümayiş olunduğu sərgi də artıq fəaliyyət göstərir. Bəs, xarici ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?

 

Azərbaycan məhsullarının xaricə çıxışının asanlaşdırılması və təbliğ olunması baxımından mühüm önəm kəsb edir;

 

Məhsulun heç bir vasitəçi olmadan ixracına imkan yaradır ki, bu da onun maya dəyərinə, beynəlxalq bazarda rəqabətə davamlılığına bilavasitə təsir göstərir;

 

Ticarət Mərkəzinin uğurlu fəaliyyəti xarici iş adamlarını Azərbaycan məhsulları ilə yaxından tanış etməklə, ölkəmizə investisiyaların cəlb olunmasına şərait yaradır;

 

Ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə, əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunmasına stimul verir.

 

Konkret Azərbaycan və Belarusa gəlincə, xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması barədə tapşırıqlar verilmişdi. Məhz, həmin tapşırıqların icrası olaraq da Minskdə ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi inşa edildi.

Təbii ki, bu, başlanğıcdır və yaxın gələcəkdə digər ölkələrdə də analoji evlərin yaradılması nəzərdə tutulur. Həm də ona görə ki, bu, sahibkarlığın inkişafına təkan verən əsas amildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər