Modern.az

Mirzə Ələkbər Sabirin nəvəsi: “Babamla bağlı böyük layihələrimiz olacaq”

Mirzə Ələkbər Sabirin nəvəsi: “Babamla bağlı böyük layihələrimiz olacaq”

2 İyun 2017, 09:27

İki gün öncə  Azərbaycanın böyük şairi, poeziyamızda satirik məktəbin yaradıcısı Mirzə Ələkbər Sabirin 155 illik yubileyi keçirildi. 1862-ci ildə Şamaxıda anadan olan Sabir qısa ömür sürsə də, Azərbaycan poeziya və publisistikasında böyük imzaya çevrildi. Sərt insani münasibətlərə, tənələrə tuş gələn, həyatını xalqın yolunda qurban verən şairin bütün külliyyatı sonradan çapdan çıxan “Hophopnamə”də əks olundu. Amma bu gün də Sabir irsi araşdırılır. Sabirin istər satirik, istər publisistik yaradıcılığı, istərsə də müəllimlik dövrü, bütövlükdə həyatı tədqiqatçılar tərəfindən öyrənilir. Həmçinin, böyük şairin nəvəsi Sevda Tahirlinin rəhbərlik etdiyi Sabir Fondu onun irsini yaşatmaq üçün müxtəlif layihələr həyata keçirir.

Sevda Tahirli Modern.az-a açıqlamasında Sabirin yubiley ilində aşağıdakı işləri görəcəklərini bildirib:

“Hər hansı məşhurun yubileyi yalnız onun anadan olduğu konkret günlə yekunlaşmır. Yubiley il boyu davam edir və ilin sonuna kimi yubilyarla bağlı müəyyən işlər görülür. Sabir Fondunun əsas böyük layihəsi Mirzə Ələkbər Sabirin virtual muzeyinin yaradılmasıdır. Bu, çox böyük və xeyli əmək sərf edən layihədir. Təsəvvür edin ki, şair haqqında bütün kitablar, araşdırmalar, öz əsərləri, haqqında yazılan bədii nümunələr, həmçinin, Sabirə həs rolunan rəsm əsərləri-portretlər, heykəllərinin berelyefleri bir araya toplanır və onlar virtual muzeyə daxil olunmaq üçün rəqəmsallaşdırılır, virtuallaşdırılır. Bu, gördüyünüz kimi bir ay yox, bir ilin, bəlkə, ondan da çox bir zaman vahidinin işidir. Üstəlik, Sabirin Şamaxıdakı muzeyi də bizim hazırlayacağımız virtual muzeyə “köçürüləcək”. Bakıya gələn turistlərin, başqa yerlərdə yaşayanların Şamaxıdakı muzeyə getmək imkanları olmur. O səbəbdən, biz virtual muzeyə amaxıdakı Sabir muzeyini də əlavə etdik. Virtual muzey bələdçisi isə həmin elektron məkanda Şamaxıdakı muzeyi də “səyahət etmək” mümkün olacaq. Biz çalışırıq ki, məsələlərə daha geniş miqyasda baxaq. Virtual muzeyin varlığı dünyanın istənilən ölkəsində, qitəsində insanların yardımçısı olacaq.Bu, həm Azərbaycan, həm də başqa dillərdə hazırlanacaq. Öncə Azərbaycan dilində olan versiyanı istifadəçilərə təqdim edəcəyik. Bütün bu işlər barəsində mediaya da hesabat veriləcək”.

Böyük şairin irsini qoruyan nəvəsi bu il ərzində həyata keçirəcəkləri başqa böyük layihədən də söz açıb:

“Bu il üçün başqa böyük layihəmiz də var. Sabir Fondu Rəssamlıq Akademiyası ilə birgə gənc rəssamlar arasında müsabiqə elan edir. Burada Sabir irsinə, yaradıcılığına gənc rəssamların baxışı, fərqli yanaşması öz əksini tapacaq. Gənc rəssamlar Sabir düşüncəsini necə görür və onu necə təsvir edir, bu, bizim üçün çox maraqlıdır. Odur ki, ilin sonunda bu müsabiqəni də tamamlayacağıq. Qaliblər də mükafatlandırılacaq”.

Bildiyimiz kimi, M.Ə.Sabir haqqında bir neçə bədii əsərlər də yazılıb: Əzizə Cəfərzadə “Məşələ dönmüş ömür”, Bəxtiyar Vahabzadə “Ağlar-Güləyən”, Fikrət Sadıq “Sabir” poemaları və s. Bütün bu əsərlərin vahid toplu halında çapı barəsində Sabir Fondu düşünürmü? Sevda Tahirli sualı aşağıdakı kimi cavablandırıb:

“Konkret olaraq kitab kimi düşünməmişik. Amma yuxarıda dediyimiz virtual muzeydə təbii ki, o cür əsərlər də öz əksini tapacaq. Bu, insanlar üçün daha çatımlı olar. Əgər biz onları kitab, toplu halında çap etsək, həm tirajı məhdud olar, həm də hamı üçün əlçatar olmaz. Amma virtual dünya hər kəsin üzünə qapı açır”.


Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir