Modern.az

Kamal Abdullanın təyinatına çox üzüldüm...

Kamal Abdullanın təyinatına çox üzüldüm...

Ədəbi̇yyat

2 İyun 2017, 09:49

Əzizə İsmayılova,
 
Jurnalist, Radio Antenn 101FM-də aparıcı

Bayaqdan Kamal Abdullanın Xarici Dillər Universitetinə rektor təyin olunması xəbərinin təsiri altındayam. Oxuyub çox sevindim, amma üzgünlüyümün təsirinə düşdüm, paxıllıq etdim doğrusu...

Sevindim ki, onun dövründə oxuyan tələbələr, sözün əsl mənasında gerçək tələbəliyin nə olduğunu biləcəklər. 9 il rektorum olub Bakı Slavyan Universitetində.

Orta məktəbi qurtarandan düz 10 il sonra, əyalətdən testlə qəbula düşən, rus dilində bir söz belə, bilmədiyi halda tədrisin rus dilində olduğu fakültəyə oxuyacağını bilib şok keçirən bir gəncin, yəni mənim, ən böyük dəstəkçim olmuşdu bu insan.

Bərkə-boşa düşməkdən mazol olan kəntöy kənd uşağına ancaq təhsil verməmişdi, həyatın daha fərqli yolunu öyrətmişdi.

"Bu dünyada asan olan hər şeydən qaç. Asan tapılan pendir tələdə olur. İstəsən öyrənəcəksən. Get, oxu!"-hökmlə demişdi mənə, "axı mən rus dilini bilmirəm" deyə şikayət etdiyim və başqa universitetə transfer olmaq istədiyimi bildirdiyim günlərin birində.

Özümə inamı elə artırmışdı ki, tədrisi rus dilində olan universitetimi 2 qirmızı diplomla başa vurdum... Aspiranturanı oxudum. Neçə il elə tələbə ola-ola işlədim BSU-da (rəsmi). Magistraturanın 1-ci kursunda, oxuduğum fakültəyə dekan müavini təyin etdi məni... Bu boyda inam, bu boyda etibar, bu boyda dəstək...

Və mən tək deyildim. Nə qədər belə tələbə vardı, bir bilsəz. Ən gözəl xüsusiyyəti-müəllimi tələbənin, tələbəni müəllimin ayağına verdiyini heç görmədik. "Rektor gəlir, dağılışın" əmrini heç eşitmədik. Hər yerdə yanımızda idi. Tədbirlərdə bizə qoşulub oynaması, mahnı oxuması da bir başqa aləm idi. Heç vaxt bizi özündən aşağıda görmədi bu insan. Daim tələbədən yana idi. Hamıya həmişə ayıracaq vaxtı vardı. 17 il keçir onu tanıdığımdan. Onun da 9 ilində həm rektorum, həm elmi rəhbərim, həm də müəllimim olub. Bu gün neçə pillə irəlidəyəmsə, bunu o insana borcluyam.

BSU tələbələri həmişə, hər yerdə seçiliblər və seçilirlər. Çünki rektorumuza güvənirdik. O, bizə inanırdı. BSU tələbəsi olmaq bir başqa özəllik idi..

Tələbələrin rektoru Kamal Abdullayevlə, işçilərin rektoru Kamal Abdullayev tam başqadı. Çətindi onunla işləmək, həm də çox çətin, əgər məsuliyyət hissin yoxdursa.

İnanmıram dəyişmiş olsun... Faydalanın ondan, tələbələr. Cod baxışından çəkinməyin. Baxmayın ki, birdən sərt cavab verər. Urəyi dilindən çox fərqlidir. Yetər ki, nəsə etməyə çalışın. Açacaq yolunuzu...

Üzüldüyüm tək şey odur ki, niyə axı BSU-ya yox Dillər Universitetinə? Axı BSU onun əsəri idi...

Şansınız gətirdi, Dillər kollektivi.. Gözünüz aydın. Hələ ki belə ziyalılar var, yararlanın...

Təbrik edirəm hamınızı... Sizə rektor gəlsə də, əslində bizim rektorumuzdur O!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?