Modern.az

“Mixaylo” şəhərdədi

“Mixaylo” şəhərdədi

3 İyun 2017, 10:55

Etibar Cəbrayıloğlu


““Baksovet xatirələri” silsiləsinin müəllifi Məzahir Əhmədzadəyə 

 

Şair demişkən, dön bir bizim Bakıya bax. Bunu elə-belə, qafiyənin ucundan tutub ucuzluğa gedən, ildə üç-dörd kitab istehsal edən şair deməyib e. Səməd Vurğun yazıb, heykəlləşən Vurğun. Şairin vəsf etdiyi Bakımızın küçə və meydanlarında, parklarında dahi şairlərimizin, mütəfəkkirlərimizin, qəhrəmanlarımızın şərəfinə ucaldılan abidələr göz oxşayır. Paytaxtımızdakı heykəllərin bolluğu bizi qürurlandırır, yaxın-uzaq məmləkətlərdən axışıb gələn turistlərin isə marağına səbəb olur.

Hər gün işə tələsərkən, evə dönərkən bu heykəllərin yanından ötür, çox vaxt dost-tanışla görüşlərimizi də məşhur abidələrin qarşısına təyin edirik. Səhər-axşam minlərlə insan abidlərin önündən aşağı-yuxarı addımlayaraq keçir. Görən onlardan neçəsinin gələcəkdə heykəli ucalacaq? Çox qəliz suallara cavab tapan əlahəzrət zaman bu sualın da qarşısında aciz qalmaz yəqin...

Bəzən bizə elə gəlir ki, ortaya atdığımız sualla zamanı çətin vəziyyətdə qoyuruq. Amma zamanın bizə verdiyi ən asan sualı belə çox vaxt tapmağa çətinlik çəkirik. Zamanın qəlizdən də qəliz suallarını cavablandırmaq gücündə olanlar isə heykəlləşiblər. Bizə də bu dahilərin daş abidələrinin yanından ötərək baxmaq qalır. Bəzən bu heykəllərin ürəyindən nələr keçdiyinin fərqində belə olmuruq...

Götürək elə Nizamini, böyük avtomobil dayanacağının yanında duran Nizamini. Şair dayanacaqdakı çox bahalı, son dəbli xarici markalı maşınlara baxıb üzünü tutur qonşuluqdakı həmkarı Sabirə:

- Mirzə, bu millətin ki, kitab oxumaqla heç arası yox idi, bəs bu qədər pul qazanmağın yolunu hansı əsərdən öyrəniblər?

Hələ heç Füzulini demirəm. Yazıq dərd əlindən “Beşmərtəbə”nin yanına çıxdı, dedilər bəxtəvər “Azdrama”ya tamaşaya baxmağa gedir. İndi də düz böyür-başından təzə yol çəkirlər. Şüşə kimi yol hazır olandan sonra siqnal verib yanından şütüyən  sürücülər şairi heç vecinə almayacaqlar.

Füzuli onlara çox lazımdı?

Nəriman Nərimanov da yolçəkənlərin əlindən baş götürüb getmək istəyir, neçə vaxtdı toz-duman içindədi. Bir vaxtlar göy pulu çox olanlar böyür-başında göydələnlər tikib doktoru Xəzərə baxmağa qoymadılar, təmiz dəniz havasından məhrum elədilər. Təzə yol hazır olandan sonra da “avtoşlar” ona rahatlıq verməyəcək. Başın sağ olsun, Doktor Nəriman... 

Şah İsmayıl Xətai. Can ay Şah və şair babam! Sağından-solundan elə sürətli bir yol çəkiblər ki, indi sənin heykəlinin yanına gəlib qayıtmaq üçün gərək 40 manat cərimə ödəyəm...

Şair Nəsiminin də qanı qaradı son vaxtlar. Yəqin bəxtindən, taleyindən gileylənir özü üçün. Ərəblər onu Hələbə aparıb dərisini soydular, indi də Bakıya axışan ərəb turistləri şairin heykəli önündə dollar sayırlar.

Xan qızı Natəvan da gileylənməsin neyləsin? Yeni açılan kafe, restoranlar şairəni mühasirəyə alıb. Səhərdən axşama, axşamdan səhərə qədər yeyib-içməkdi. Şairənin zamanında hər kəsin qarşısında qalın-qalın kitablar olardı, amma indi hamı restoran menyuları oxumaqdadı. 

Çənlibeli Bakıya dəyişməyə məcbur olan Koroğlunun işi lap çətindi. Paytaxta gələndən sonra dastan qəhrəmanımıza Qıratın əvəzinə elə bir at sırıyıblar ki, nərəsindən yer-göy titrəyən o boyda Koroğlu şəhərin ortasında azıb qalıb, heç öz adına olan metrostansiyasını da tapa bilmir.

“Mixaylo” da neçə vaxtdı şəhərdədi, lakin ağ günə həsrətdi. İndiki cavanların yadına gəlməz, faşistlərə qan udduran Mehdi Hüseynzadəyə əvvəl avtovağzalın yanında yer vermişdilər, “Mixaylo” rayonlara gedən köhnə avtobusların tüstüsündən boğulurdu. Avtovağzal köçürüləndən sonra da əfsanəvi partizanın üzü gülmədi, ətrafda otellər, biznes mərkəzləri tikdilər. Əsəbdən qaşlarını düyünləyən Mehdi Hüseynzadə əlindəki qumbaranı bilmir hara qoysun ki, sabah söz-söhbət yaranmasın...  

Üzeyir Hacıbəyli də sanki narahatdı. Yaratdığı Konservatoriyanın iki yerə bölünməsi ilə bir təhər barışsa da, Səməd Səmədovun, Ədalət Şükürovun, Rəqsanənin, Telli Borçalının, Üzeyir Mehdizadənin musiqi aləmində meydan sulamaları ilə heç cür barışa bilmir. Bir yandan da Şuşa həstəri Üzeyir bəyi lap üzür, hər gün Bülbül, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov və Niyazi ilə dərdləşib fikrini birtəhər saxlayır.       

Əliağa Vahid də Filarmoniyanın həyətindən küsüb gedib gizlənib İçərişəhərdə. Deyir bundan sonra nə qəzəl yazıram, nə də meyxana. Onsuz da indi maşın açarı atırsan ya qəzəlxana dəyir, ya meyxanaçıya. Vahid deyir, bu soxa-soxda möcüzə yaratmaq mənlik deyil, vəssalam...

Öz aramızdı, bircə Azad Qadının dərdi-səri yoxdu. Bir-iki ay qalıb, çadrası tam düşəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun pensiya problemini həll edəcək.

Bəhram Gur da diribaş tərpənib, Əjdahanı başa salıb ki, qiymətlər qalxıb, suya qənaət etmək lazımdı. Əjdahanın da ürəyi yumuşalıb, istəmir Bəhram Gurun yaxası “Azərsu” əməkdaşlarının əlində qalsın. Ona görə qarşılıqlı razılıq əsasında həftədə bir dəfə ağzından su fışqırdır...

Bakımızı bəzəyən bu heykəllərin yanından ötüb səhər iş yerinə, axşam evə tələsirik. Belə baxanda heç kimi qınamalı deyil, hərənin öz dərdi-səri var. Dünyanın dördbir yanından yığışıb paytaxtımıza gələn əcnəbi turistlər onsuz da heykəllərin nə dediyini anlamırlar. Özümüz heç olmasa aradabir onların ürəyindən keçənləri başa düşək...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı