Modern.az

Xan Sarayını bərpa etmiş şəbəkə ustası: “Bu elə sənətdir ki, 1 mm səhv hər şeyi məhv edər” - VİDEO

Xan Sarayını bərpa etmiş şəbəkə ustası: “Bu elə sənətdir ki, 1 mm səhv hər şeyi məhv edər” - VİDEO

3 İyun 2017, 12:58

Azərbaycanın tarixi bölgələrindən olan Şəki özü qədər qədim sənət növləri ilə seçilir. Burada yaşadılan qədim sənət növlərindən biri də şəbəkəçilikdir.

Şəbəkə – mismar və yapışqandan istifadə edilmədən hazırlanan rəngli şüşə və taxtaların birləşməsindən ibarət həndəsi naxışlı qədim sənət növüdür. Şəbəkə üsulu ilə hazırlanan qədim tikililərə Bakıda Təzəbəy hamamı, Şəkidə isə XVIII əsrə aid olan Şəki Xan Sarayını misal göstərmək olar.

35 ildir ki, bu işlə məşğul olan Tofiq Rəsulov şəbəkənin çətin, amma maraqlı sənət sahəsi olduğunu qeyd edir.

Modern.az sənətkarla söhbəti təqdim edir:

- Neçə ildir bu sənətlə məşğul olursunuz?

- Şəbəkə sənətinin kökləri çox qədim dövrlərə gedir. Hələ XVII əsrdə inkişaf etmiş, sonradan itib-batmışdır. Ustadımız Usta Əşrəf tərəfindən yenidən bu sənət 50-ci illərdən həyata qaytarılıb. Uşaqlıqdan bu sənətlə məşğul olmağa başlamaşam. Gözümü açıb bu sənəti gördüm. Bu sənəti atamdan öyrəndim. 35 idir bu sənətlə məşğulam.

- Şəbəkə sənətinin əsas xüsusiyyəti nədir?

- Bu çox çətin bir sənətdir. Amma maraqlıdır. Burada yapışqan və mismardan istifadə etmədən şüşə və taxta parçalar birləşdirilir. Bir millimetr səhv olanda düzəldilən şəbəkə alınmır. Yəni, burada riyaziyyat, həndəsə və rəsmxət elmlərini bilmək lazımdır ki, işi mükəmməl görəsən.


- Şəbəkənin hansı növləri var?

- Şəbəkənin növləri çoxdur. Əjdəri, Cəfəri, Nəbati naxışlı, 6, 8, 12 bucaqlı və s. növləri var. Şəbəkəyə yeni bir detal əlavə edəndə, təzə bir növ olur. Məsələn, biz bu yaxınlarda yeni bir şəbəkə növü yaratdıq və onun adına da ustadımız Usta Əşrəfin adını verdik, Əşrəfi şəbəkə adlandırdıq.

- Bu sənəti öyrətdiyiniz tələbələriniz varmı?

- İndi bizdə Usta Əşrəf məktəbi var. Uşaqlar bu işlə məşğul olurlar. Məktəbdə 8 şagird var. 2 oğlum da bu işlə məşğuldur.

 - Əl işləriniz hansısa sərgilərdə nümayiş olunurmu?

- Tez-tez xaricdə sərgilərimiz olur. Azərbaycanda da sərgilərimiz olur. 2015-ci ildə keçirilən I Avropa Oyunlarında nar formalı şəbəkəmiz, 42-ci Dünya Şahmat Olimpiadasında şahmat fiqurlarımız nümayiş etdirilib.  İşlam Oyunlarında da gənc ustalarımız şəbəkədən rəhil hazırlayıb aparıblar.



- Taxta və şüşələri haradan əldə edirsiz?

- Taxta yerli, dağlarımızda bitən ağaclardan hazırlanır. Biz o taxtanı 15-20 gün buxarda bişiririk. Ona görə ki, ağacın içində nə varsa çıxsın. Həm onda ömrü uzanır, həm də taxtada qurd qalmır. Daha sonra biz taxanı laklayıb bir də bişiririk.

Şüşə isə çox çətin məsələdir. Xaricdən gətirilir. Baha və çox çətin yollarla  Rusiyadan alırıq. Bizə gələn şüşələr böyük list şəklində olur. Onu da lazım olan ölçülərdə xırda-xırda doğrayırıq.

- Bir şəbəkədə nə qədər taxta və şüşədən istifadə edirsiniz?

- Elə şəbəkə var ki, 1 kvadrat metrdə 14 min dənə taxta və şüşə parçası var. İş nə qədər xırda olsa, bir o qədər çətin başa gəlir.


- Şəbəkələrin satış qiymətini necə müəyyənləşdirirsiz?


- Şəki turizmi ilə məşhurdur, həm də çoxlu qədim abidələr var. Buraya çoxlu turistlər gəlir. Onlar xırda işləri alıb aparırlar. Bizdə əsas iş sifarişlədir. Kimin xoşuna gəldi, sifariş verir. O sifariş verilən dizaynı işləyirik. Qiymətlərsə işdən asılıdır.

- Keçmişdəki şəbəkə nümunələriylə indikilər arasında hansı fərqlər var?

- Xan Sarayını 2002-2004-cü illərdə mən bərpa etmişəm. Oradakı şüşələr çox fərqlidir. XVII əsrdə şüşə İtaliyadan, Venesiyadan gətirilib. Onların qalınlığı 1 millimetrdir və çox incədir. İndikilərsə Rusiyadan gətirilir və 3 millimetrdir. Çox fərq var. Şüşə nə qədər nazik olsa, o qədər incə iş alınır.


- Bu sənəti öyrənmək istəyənlərə tövsiyələriniz nələrdir?


- Bizim müqəddəs borcumuzdur ki, gənc nəslə bu sənəti öyrədək və bu sənət inkişaf etsin. Birincisi, bu sənəti öyrənmək üçün həvəs lazımdır. İkincisi, istək daxildən gəlməlidir. Həvəs, səbr və savad lazımdır. Bunlar olsa, sənəti öyrənə biləcəklər.

 

Tərlan YUSİF

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı