Modern.az

“Bədbəxt taleli Azərbaycan filmləri”- VIII Yazı  

“Bədbəxt taleli Azərbaycan filmləri”- VIII Yazı  

3 İyun 2017, 15:01

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur. 


Çünki Modern.az-ın haqqında bəhs edəcəyi “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.

“Qətl günü”: “ Azərbaycan ədəbiyyatının şedevr romanlarından sayılan Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında çəkilən film həqiqətən, əzablı yollardan, acınacaqlı taledən keçib. 1984-cü il.... Hələ ki, hər  şey yaxşıdır, dünyanın da düz vaxtıdır. Belə zamanda “Azərbaycan” jurnalında romanı oxuyan rejissor Gülbəniz Əzimzadə özünü saxlaya bilmir, mütaliəni bitirər-bitirməz Yusif Səməfoğluna zəng vurur.  Moskvadan icazə alınandan sonra Mərkəz onların qarşısına bir şərt qoyur: yalnız orta əsrlərə aid olan dövr çəkilməlidir.  Razılaşmaya əsasən, ssenarini də yazıçının özü yazmalı olur. Rejissor maddi çətinlikləri gözə alaraq, 2 il həmin ssenarinin yazılmasını gözləyir. Y.Səmədoğlu ssenarini hazırlayandan sonra yenidən  onu Moskvaya göndərirlər. Bu dəfə isə vəziyyət tam fərqli idi. 1986-ci ilin məşhur hadisələri baş vermiş və bu bütün qurumlarla yanaşı, Moskva Dövlət Kino İdarəsinə də təsir etmişdi. Əvvəlcə rejissor və ssenariçidən üç dövrdən bəhs edən əsərdə yalnız orta əsrlərə aid hissənin ssenaridə saxlanmasını tələb edən idarə dəyişiklikdən sonra bunun əksini istəyir. Yusif Səmədoğlu məcburən, bir il də yeni ssenari üzərində çalışır. Hazır olandan sonra yenidən Mərkəzə göndərilən ssenaridə bu dəfə də dəyişikliklərin edilməsini istəyirlər.  Lakin Yusif Səmədoğlu artıq üzərində iki dəfə üst-üstə 3 il işlədiyi ssenariyə üçüncü dəfə baxmaq belə, istəmir. Çünki vaxtın yetməyəcəyini bilirdi. Adətən, çox ağır və ciddi işləyən yazıçı yeni versiyanın ən azı 1 il aparacağını bilirdi. Nəticədə, rejissor özü ssenarini hazırlayır və hər axşam telefonla etdiyi dəyişiklikləri yazıçıya oxuyur.

Bu fakt kifayətdir ki, möhtəşəm roman əsasında çəkilən “Qətl günü” filminə nə dərəcədə mənfi təsirlər olduğunu anlayaq. Lakin bu da hələ son deyildi. Bir ildən sonra başı-bəlalı ssenari Azərbaycanfilm Kinostudiyasının rəhbəri Ramiz Fətəliyevə təqdim edilir. Lakin direktor müəyyən səbəbdən filmin bir ildən sonra çəkiləcəyini bildirir. Beləcə, 1984-cü ildən başlanan işlər yalnız 1989-cu ildə praktiki olaraq həyata keçməyə başlayır. Həmin ildə də həm ölkədə, həm ittifaqda nə kimi dəyişiklərin olduğunu, həyatın necə dəyişdiyini deməyə bir o qədər də ehtiyac yoxdur. Ən mədəni tərzdə deyə bilərik ki, o zaman nə kəfənlənməkdə olan SSRİ-ni, nə də ağır durumda qalan Azərbaycanı kino maraqlandırmırdı. Amma yaradıcı heyət işindən qalmır. Başda əsas rolun ifaçısı Hamlet Xanızadə olmaqla hamı çəkilişlərdə canla-başla iştirak edir. Lakin yeni qədəm qoyan 1990-cı il bütün Azərbaycanla bərabər, filmin taleyinə də zərbə vurur.


“Qətl günü” 1990-cı ilin 20 yanvar hadisələri zamanı çəkilməkdə olan yeganə filmimiz olub. Lakin  regionda baş verən hadisələr, durumun ağırlığı yaradıcı kollektivi işdən soyudur. Baş rolun ifaçısı Hamlet Xanızadə nəsə hiss edibmiş kimi icazə alaraq çəkilişdən ayrılır və bağ evinə gedir.  2-3 gündən sonra baş verən qanlı yanvar hadisəsi isə bütün heyətə ağır zərbə vurur. Filmin isə yalnız səsləndirmə mərhələsi qalmasına baxmayaraq, heç kəs bu barədə düşünmür. Yalnız fevral ayının əvvəlində Hamlet Xanızadənin faciəli ölümü yaradıcı heyəti bir yerə yığır. Xanızadə sonuncu dəfə olaraq, hətta öz yasında belə kino üçün “çalışır”. Məhz onun hüzr mərasiminə toplaşan kollektiv yenidən bir araya gəlib filmi tamamlamağı düşünür. Amma əzablı yollarla çəkilən film indi də növbəti çətinliklə üzləşir- bəs, Hamlet Xanızadəni kim səsləndirəcək? Böyük aktyor kinoda son işini görmədən ölmüşdü. Səsləndirmə isə vacib idi. Nəhayət, rejissor Xanızadənin yaxın dostu Fuad Poladovu buna razı sala bilir. Fuad Poladov çətinliklə də olsa, dostunu səsləndirir. Amma deyilənlərə görə, səsləndirmə başlanan an yenicə dünyasını dəyişən Hamlet Xanızadəni ekranda görəndə bütün çəkiliş heyəti bir anlıq donur. Fuad Poladov isə mətni səsləndirə bilmir...

Sahilsiz gecə”-  Mərhum Şahmar Ələkbərovun son ekran işi olan film çəkildiyi  1989-cu ildə böyük səs-küyə səbəb oldu. “Sahilsiz gecə”nin baş qəhrəmanı Zibeydə (aktrisa Oğuldurdı Məmmədquliyeva və Mehriban Xanlarova) müharibə dövründə əxlaqsızlığa düçar olmuş qadındır. Onu bu yola çəkən adamlar arasında bir erməni qadını da var. Həyatının böyük hissəsini bu mühitdə keçirən Zibeydənin mənəvi oyanışı yalnız ahıl yaşında baş verir. Kənddə iki gəncin sevgisinə şahid olan qadın əvvəlcə bu sirri saxlamaq üçün ödənc istəyir, lakin sonra xatirələr burulğanında öz nakam məhəbbətini yada salır və fikrindən vaz keçir...

Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daş-qalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi. Ona münasibət bu gün də birmənalı deyil.  

Hətta aktrisaları hədələyənlər də az olmayıb. Baş rolun ifaçısı Mehriban Xanlarovanın vaxtilə bu sətirlərin müəllifinə verdiyi açıqlamada film haqqında maraqlı detalları bilmək mümkündür:

“Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, “Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.

  

Mərhum aktrisa Nuriyyə Əhmədova isə ömrünün sonunda verdiyi müsahibədə film haqqında daha açıq məqamlara toxunmuşdu:
“Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.

 

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub