Modern.az

Onlar xəbərləri hansı yerli TV-lərdən izləyirlər...

Onlar xəbərləri hansı yerli TV-lərdən izləyirlər...

5 İyun 2017, 11:27

Bu gün ölkəmizdə yüzlərlə yazılı və elektron Kütləvi İnformasiya Vasitəsi (KİV) cəmiyyətimizin informasiyaya ehtiyacının ödənilməsində, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. 

İnsan daim nəsə öyrənməyə, nədənsə xəbər tutmağa can atır. “İnformasiya aclığı”nı hərə bir yolla təmin etməyə çalışır. Bu zaman “informasiya aclığı” duyan şəxs həm də informasiya almağın mümkün qədər tez baş verməsini istəyir. Təbii ki, belə vaxtlarda telekanallar ən tez köməyə çatan vasitələrdir.
Azərbaycanın televiziya seyrçilərinin ixtiyarında xeyli yerli kanal var: AzTV, İTV, ATV, “Space”, “Xəzər”,  “Lider”, “İdman Azərbaycan”, “Mədəniyyət”, ARB, CBC və s.

Yerli telekanalların səviyyəsi, təqdim etdikləri verilişlər, xəbərlər barədə Azərbaycan tamaşaçısında birmənalı fikir yoxdur. Bir çoxları yerli deyil, xarici telekanallara baxdığını bildirir. Bununla yanaşı,  Azərbaycan telekanallarını seyr edənlər də az deyil.
Bir sözlə, ölkədə və dünyada baş verən hadisələrdən agah olmaq üçün TV-lər  işə az yaramır.

Modern.az saytının əməkdaşı bəzi şəxslərə belə bir sualla müraciət edib: xəbərləri hansı TV-lərdən izləyirsiniz? Bu, yerli, yoxsa xarici telekanallar olur?


Deputat Rasim Musabəyov adətən münasib vaxtlarda televiziya kanallarının xəbərlərini izləyə bilir:

“Elə olur ki, AzTV-nin, İctimai Televiziyanın xəbər blokuna baxıram. Lakin evdə olanda, yəni münasib vaxta düşdüyüm halda xəbərləri hansı kanaldan izlədiyimin fərqi yoxdur. Əsas məlumat blokları demək olar ki, bütün kanallarda təkrarlanır.  Hazırda internet vasitəsilə gözləmədən, hansısa yeni hadisəni izləmək iqtidarındayıq. Ancaq mən xəbərləri video sujet vasitəsilə müşahidə etməyə daha çox üstünlük verirəm”.

Teletənqidçi, tanınmış jurnalist Qulu Məhərrəmli yerli kanallarla yanaşı, xarici kanallardakı xəbərləri də izləyir:

“Davamlı deyil, nadir hallarda ATV telekanalının xəbərlər proqramını izləyirəm. Digər kanallara nisbətən burada xəbərlərin təqdimatı bir az fərqlidir. O cümlədən coğrafiyası geniş, aparıcıları peşəkar və xəbərləri xeyli rəngarəngdir.

Xarici telekanallardan isə Euronews-a baxıram. Onlar xəbərləri çox fərqli, dürüst təqdim etməyə çalışırlar.  Fürsət olanda və yanımda ingilis dilini bilən olduğu halda CNN və BBC telekanallarının xəbər blokuna baxıram. Ən azından görüntü baxımından bu kanalları izləyirəm”.

Qulu Məhərrəmli yerli kanallardakı xəbərlərin izlənməmə səbəbindən də söz açıb:

“Bizim xəbərlərdə gözlənilməzlik yoxdur. Baş verən hadisələri dürüst işıqlandırmırlar. Bəzi hadisələrdən isə agah olmurlar. Ümumilikdə Azərbaycanda xəbər işi xüsusilə ANS telekanalından sonra xeyli geridir. Hər halda ANS-də bir səviyyə var idi”.

“Şərq” qəzetinin baş redaktoru Akiş Aşırlı bildirib ki, telekanalları izləmə şansı olmur:

“Telekanallara baxmaq imkanım olmur.  Xəbərləri ancaq internet vasitəsilə öyrənirəm. Amma adətən İctimai Televiziyanın xəbərlərini izləməyə çalışıram.  Ümumiyyətlə, yerli xəbərləri saytlar və sosial şəbəkə vasitəsilə öyrənirəm.  Əvvəllər isə ANS telekanalının xəbərlərini izləyirdim.

İngilis dilində bilməsəm də, oğluma görə BBC kanalına baxıram.  Düzdür, müəyyən qədər anlaşılan olsa da, xəbərləri oğlum mənə izah edir. Eyni zamanda nadir hallarda Tükiyənin MTV kanalının xəbərlərinə baxıram.

Ümumiyyətlə isə Azərbaycan teleməkanında mütəmadi olaraq izlədiyim hər hansı kanal yoxdur”.

Aşıqlar Birliyini sədri Məhərrəm Qasımlı adətən yerli telekanalların xəbərlər proqramına baxır:

“AzTV, İctimai TV, “Lider” və “Xəzər” telekanallarının xəbərlərini izləyirəm. Bu telekanallardakı xəbərlər operativlik, obyektivlik və məlumatın genişliyi baxımından seçilir.

Bundan əlavə, Rusiyanın və Türkiyənin xəbərlər proqramına da baxıram. Lakin bunları çox vacib hallarda izləyirəm. Yerli və xarici kanalların xəbərlər proqramında çox böyük fərq yoxdur. Sadəcə, onlar öz informasiya siyasətini həyata keçirirlər, bizim telekanallar da dövlətimizin informasiya siyasətinə xidmət edir. Eyni zamanda, bu siyasətdə milli mənafe ön planda olmalıdır”.

Yazıçı,  kitabxana.net portalının rəhbəri Aydın xan Əbilov:

“Düzünü desəm, işlərimin çoxluğu üzündən telekanalların heç birini izləyə bilmirəm. Xəbərlərlə informasiyaları isə daha çox internet sayt və portallarından, eləcə də “Feysbuk”, “Tvitter”, Google+ kimi sosial şəbəkələr vasitəsi ilə izləyirəm”.


Tanınmış jurnalist  Etibar Cəbrayıloğlu 
ümumiyyətlə yerli telekanalları nadir hallarda izlədiyini bildirib:

“İş olmayan günlərdə, evdə olduğum halda daha çox rus telekanallarını izləyirəm. Yerli kanallara nadir hallarda baxıram.  Dünyada baş verən hadisələrdən xəbərdar olmaq üçün adətən saytları izləyirəm. Lakin  imkan olanda ATV telekanalının xəbərlərinə baxıram”.


“Azadinform” İnformasiya Agentliyinin redaktoru  Elçin Bayramlı  xəbərləri telekanallar vasitəsilə öyrənməyə üstünlük vermir:

“Mən xəbərləri televiziyadan izləmirəm, mətbuatdan, informasiya agentliklərindən, radiolardan və sosial şəbəkədən alıram. Telekanallar məncə, artıq ancaq elmi-mədəni proqramları izləmək üçün yaxşıdır. AzTV, Mədəniyyət, CBC, Rusiyanın ORT, Türkiyənin TRT kanalllarından elmi proqramları, debat və diskussiya xarakterli tok-şouları, intellektual yarışları, sənədli filmləri, kino, tamaşa, xalq mahnıları, muğam kimi verilişləri izləyirəm.

Qısası, prinsipial olaraq özəl kanalları izləmirəm, yalnız dövlət və ictimai kanalları”.

 

Günay RƏSULQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu