Modern.az

“Atletlər kəndi”ndəki binalar satışa çıxarılır - RƏSMİ

“Atletlər kəndi”ndəki binalar satışa çıxarılır - RƏSMİ

6 İyun 2017, 08:14

Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan “Atletlər kəndi”ndəki binaların satışa çıxarılacağı gözlənilirdi.
Modern.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov hələ İslam Oyunlarından öncəki açıqlamalarının birində bunu istisna etməmişdi.


Maraqlıdır, “Atletlər kəndi”ndəki binalarla bağlı hansısa yeniliklər var?

Mövzuya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova aydınlıq gətirib.


O, Modern.az-a açıqlamasında deyib ki, “Atletlər kəndi”ndəki bir neçə binanın satışa çıxarılması məsələsi hazırda gündəmdədir.

“2015-ci il Avropa Oyunları ilə bağlı AZINCO şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin müddəti 2017-ci ilin iyun ayının sonlarına qədər idi. Müqavilədə “Atletlər kəndi”ndə nə qədər bina var idisə, onların icarəyə götürülməsi öz əksini tapmışdı. Artıq oyunlar bitib. Sadəcə, bu məsələlərlə bağlı təhvil-təşviq işləri qalır. Bundan sonra binaların hamısı AZİNCO şirkətinə geri qaytarılacaq.
Digər bir məqam da var. AZİNCO şirkəti “Atletlər kəndi”ndəki bir neçə binanın ehtiyat olaraq boş saxlanılması təklifini irəli sürüb. Nəzərə alsaq ki, qarşıda ölkəmiz bir sıra böyük tədbirlərə ev sahibliyi edəcək, bu səbəbdən də lazım olacağı təqdirdə həmin binalardan istifadə mümkündür. Çünki bu binalar böyük yarışlar zamanı təcrübədən keçmiş yaşayış yerlərdir”.


Nazirlik rəsmisinin sözlərinə görə, binaların içindəki avadanlıqların bir hissəsi artıq satışa çıxarılıb.

““Atletlər kəndi”ndə yerləşən binaların içindəki avadanlıqların bir hissəsi gəlirlərin büdcəyə qaytarılması şərtilə satışa çıxarılıb və satılır. Digər hissəsi isə müəyyən dövlət qurumları, idman obyektlərinə verilir. “Atletlər kəndi”ndəki binalarda bəzi texniki avadanlıqlar, İT qurğuları  var ki, onlara dəyilməyəcək. Yəni onlar satışa çıxarılmayacaq. Çünki hələ qarşıda böyük tədbirlər planı, yarışlar var. Həmin texnologiyalara toxunmamaqla bağlı təcrübə mövcuddur. Həmçinin, həmin texnikanı yenidən quraşdırmaq çətin məsələdir”.

 

Qafar AĞAYEV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu