Modern.az

Azərbaycanlı bacılar Türkiyə universtetində birinci oldular - FOTO

Azərbaycanlı bacılar Türkiyə universtetində birinci oldular - FOTO

6 İyun 2017, 11:47

Əcnəbi tələbə sayı yüksək olan Türkiyənin Baxçeşəhir Universitetində bir neçə gün bundan əvvəl məzun günü keçirilib. Məzun gününə 3min 100 tələbə qatılıb. 57 ölkədən 288 əcnəbi tələbə məzun olub. Məzun törəninə azərbaycanlı tələbələr də qatılıb.

Modern.az-ın məlumatına görə, Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə  təmsilçisi içərisində universitet birincisi olub. O, özünü çox xoşbəxt hiss etdiyini deyib.

“Universiteti yüksək nəticə ilə bitirdiyimə görə çox xoşbəxtəm. Baxçeşəhir Universitetində oxuyan hər kəs çox fərqli düşüncəyə sahibdir. Hər bir insan  uğura nail olursa, bu təsadüf deyil. Uğurun əldə edilməsində yüzdə  əlli faiz bizim əməyimiz varsa, 100-də əlli faizində təhsilin və müəllimlərin əməyi var”.

Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacısıdır.

O, Universitetə daxil olduğu gündən yüksək göstərici ilə bitirəcəyini hiss etdiyini deyir.

“Bu gün 5 il bundan öncəki arzularımı gerçəkləşdirə bildiyim üçün çox xoşbəxtəm. Universitet mənə təkcə təhsil və bu sahədə uğurlar vermədi, həm də yaxşı dostlar 106 fərqli ölkədən olan insanlarla birgə olmaq şansını verdi”.
 

Günel və Xeyransa Musayeva bacılarının təhsil aldığı Xalid Quliyev adına 62 saylı məktəbin direktoru Mətanət Cabbarlı Modern.az-a açıqlamasında Musayeva bacılarından söhbət açıb. Onların məktəb vaxtı da çox çalışqan şagird olduqlarını söyləyib.

“Günel və Xeyransa Musayeva bacıları eyni sinifdə oxuyublar. 5 il bundan qabaq məktəbi bitiriblər. Həmin il 3 qızıl medalın ikisinə bu bacılar sahiblənmişdi. 11-ci sinfin ortalarında təsadüfən Baxçeşəhir Universitetinin təhsil işçisi Ənvər Yücel məktəbimizin qonağı olmuşdu. Bu qızlar orda Zəlimxan Yaqubdan 2 şeir dedilər. Bundan əlavə, bacılar respublika olimpiadalarında, Heydər Əliyev adına müsabiqələrdə hər zaman qalib olublar. 1-ci sinifdən 11-ci sinfə qədər bu qızların “4” qiyməti belə, olmayıb. Qızların istedad və savadına heyran qalan Ənvər Yücel onların Baxçeşəhir Universitetində oxuması ilə bağlı mənə müraciət etdi. Beləliklə, bu qızlar Baxçeşəhir Universitetinə daxil oldular və 5 il ərzində çox yüksək nəticə göstərdilər. Bu il onların məzuniyyət günü oldu. Hər iki bacı ən yüksək nəticə göstərdilər. Musayeva bacıları magistr təhsilini də orada davam etdirəcək. Təsisçi onları universitetdə saxlamaq qərarına gəlib. Bu qızlar haqqında ancaq xoş sözlər söyləmək olar”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?