Modern.az

Mənim kəndim - “Anam bərk qorxmuşdu, dedi ki, fikirləşdim erməni səni əsir aparacaq”

Mənim kəndim - “Anam bərk qorxmuşdu, dedi ki, fikirləşdim erməni səni əsir aparacaq”

Reportaj

6 İyun 2017, 16:50

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Bu dəfə tanınmış jurnalist İmdad Əlizadə özünün anadan olduğu, uşaqlığının keçdiyi Laçın rayonunun Oğuldərə kəndi və ora ilə ayrılığın kövrək məqamlarından danışıb.
Qeyd edək ki, jurnalistin hazırda komada olan atası yazıçı-publisist Əli Əliyev Oğuldərəni ən gec tərk edən, buna görə də gün düşmən mühasirəsində qalan şəxslərdəndir. Söhbətimizdə buna da toxunduq: 
 

Bizim Oğuldərə

“Laçının Oğuldərə kəndində anadan olmuşam. Oğuldərə Kəlbəcərlə sərhəddə Laçının ən sonuncu, ən ucqar kəndidir. Dağlar arasında, çay kənarında yerləşən füsunkar təbiətli kənd idi, Oğuldərə... Qışı həddən artıq sərt keçərdi. Dağların döş hissəsindəki kiçik güney yerləri çıxmaqla bütün kənd payızdan yaza qədər tamamilə qarla örtülü olardı. Təbiətin bu çətinlikləri dolanışıqda da müəyyən problemlər yaradırdı. Amma artıq uzun illər orada məskunlaşan insanların qışın sərtində necə yaşamaqla bağlı təcrübələri olurdu. Sonralar kəndə elektrikin verilməsi məişətdə əvvəlkinə nisbətdə  rahatlıq yaratmışdı. Qışa xüsusi hazırlıq görərdik. Bu, bir neçə hissədən ibarət idi; insanlar əvvəlcə özləri üçün hazırlıq görər, un, yağ, digər ərzaq məhsulları toplayırdılar. Ən vacib məsələlərdən biri də təsərrüfat üçün olan hazırlıq idi. O yerlərdə hamı təsərrüfatla, maldarlıqla məşğul idi. İnsanlar özləri ilə yanaşı, heyvanlar üçün də qış tədarükü görərdilər”.

 Oğullar dərəsi

“Oğuldərəni xeyli ziyalılar yetişdirən kənd saya bilərik. Kəndimizin ilk ziyalılarından biri vaxtilə Qori Müəllimlər Seminariyasında oxumuş Museyib İlyasov babamın əmisi idi. Şuşa Realni Məktəbinin yaradıcılarından biri  Müseyib İlyasov 1937-ci ilin repressiya qurbanlarından olub. Sovet dövründə Maarif  Nazirliyində çalışıb, türkoloq alim olub.
Kəndimizin yetirmələrindən əmim, mərhum şair Ağa Laçınlını, hazırda Pedaqoji Universitetdə dərs deysən Museyib İlyasovu, eyni zamanda əmim oğlanları yazıçı Fəxri Uğurlu, yazıçı-publisist Azər Qaraçənli və başqlarını da göstərə bilərik.

Əmim də, atam da Moskvada təhsil alıb. Atam həm Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu, həm də  Bakı Dövlət Universitetini bitirib. Universiteti tamamladıqdan  sonra Bakıda qalıb işləmək imkanı olsa da, kəndimizə qayıtmağı üstün tutumuşdu.

Kəndimizdə insanların hər zaman elmə, təhsilə böyük marağı olub. Çətin vaxtlarda belə, uşaqlara dərs deyəcək müəllimlər bizim kənddə yetişib”.

Yarımçıq qalmış xatirələr...

 

“Fikirləşirəm ki, bugünkü taleyimin, həyatımın istiqaməti kənddə yaşadığımız dövrdən müəyyənləşib. Oxumağa, yazmağa həvəs öz ilkin rüşeymlərini oradaca göstərirdi. Kəndimizdə az yaşadım, amma ora ilə bağlı xatirələrim çoxdu. Hər kəndin öz adət-ənənələri, xüsusi önəm verdiyi günləri var. Bizdə Novruz çox təmtəraqla qeyd olunardı. Xüsusən, biz uşaqlar uzun müddət bu bayrama hazırlaşardıq. Hələ bir neçə ay qalmış, bayram və çərşənbələrdə yandırılacaq məşəlləri hazırlayardıq. Bayram günləri hamının qapısı açıq olardı. Qapılara atılan torbaya, papağa  qoyulacaq hədiyyələrə xüsusi önəm verirdilər. “Uşağı əliboş qayratmaq olmaz” düşüncəsi hamıya hakim idi.

Əmin Ağa Laçınlının ailəsi ilə birgə kəndə gəldiyi günləri çox yaxşı xatırlayıram. Uşaqlığım ən unudulmaz xatirələri o günlərlə bağlıdır.  Həmişə “əmimgil nə zaman gələcək” deyə onların növbəti güzarını səbirsizliklə arzulardıq. Əmimlə görüşə gələnlər də evimizdə xüsusi canlanma yaradardılar.

 

Qışda xizək sürmək adətimiz  də vardı. Biz uşaqlar buna elə  xüsusi hazırlaşardıq ki... Hələ yay aylarında qışda sürüşmək üçün xüsusi xizəklər düzəldərdik. Xizək gərək yaxşı quruya idi ki, buz üsündə də əməlli  sürüşə biləydi. Axşamlar vedrələrlə su daşıyıb qar üzərinə boşaldar,  yolu şüşə kimi buza çevirərdik ki, sabah orada xizək sürə bilək. Ən çox qorxduğumuz şeylərdən biri də böyüklərin bizdən xizəkləri alıb sındırmaları idi. Bu, tez-tez olurdu. Çünki biz xizəklə sürüşəndə böyüklərin  gəlib-getdiyi yolları şüşə buza çevirirdik. Orada insanlar sürüşür, yıxılırdı. Ona görə də kənddə olan böyüklərin hamısının bütün uşaqların xizəklərini alıb sındırmaq səlahiyyətləti var idi. Heç bir uşağın valideyni də  buna nəsə deməzdi. Ona görə də böyüklər nə zaman bizi haqladılarsa, xizəkləri alıb sındırırdılar”.

Duzlu yuxu, acı həyat

“Oğuldərədəki həyatım, uşaqlıq illərim nə qədər şirin dadsa da, oradan ayrıldığım günlərin acısı hələ də damağımdadı. O acı bu gün də məni tərk etmir. Oradakı yuxular isə bəzən, duzlu olardı: qışda Xıdır Nəbi mərasimini keçirərdik. Onun da öz adət-ənənəsi var idi. Bir yerə yığışıb duzlu kömbə yeyərdik. Üstündən su da içməzdik. İnanırdıq ki, yuxuda hansı xanım bizə su versə, onunla da həyatda qarşılaşacağıq. Amma o duzlu yuxularda mənə su verən olmadı.

Amma buna da razı idik. Təki, indi Oğuldərədə olaydıq. Danışa-danışa kəndin indiki halı gözümün qarşısına gəlir. Mayın sonu, iyunun əvvəlləri Oğuldərəni ən gözəl, mənəzərəli vaxtlarıdı, hər tərəf yamyaşıl...Amma o yaşıllıqdan, o gözəllikdən 1993-cü ilin  31 martında-13 yaşımda ayrıldım... Heç sağollaşmağa, vidalaşmağa macalım da olmadı...”.


“Duman salamat qal, dağ salamat qal”

“1993-cü il martın 31-i...  Səhərçağı idi. Hər zaman olduğu kimi mal-heyvanın otun-suyun verib, rahlayandan sonra səhər yeməyini yeyirdik. Anam masanın üstündəki samovardan hamımıza çay süzsə də, hələlik heç birimiz stəkanı qarşımıza çəkməmişdik. Oturduğumuz otağın pəncərəsi kəndin giriş yoluna baxırdı. Elə onda gördük ki, evimizə iki nəfər hərbi formalı adam gəlir. Tanış idilər, qonşu kənddə yaşayırdılar. Həyətə  gələnə qədər biz artıq eyvana çıxmışdıq. Çatan kimi atama dedilər ki, “Əli müəllim, vəziyyət çox ağırdı. Bütün ordu çıxıb, ermənilər yaxınlaşır, artıq qonşu kəndin ərazisindədirlər. Laçın cəbhəsində olan bütün ordu mövqeyini tərk edərək, Kəlbəcər istiqamətinə çəkilib. Təcili kənddən çıxın!”.


Artıq qonşu kəndləri ermənilər tutumuşdur və yandırdırdılar. Qalxan tüstünü gözlərimizlə görürdük. O zaman kənddə yalnız bir neçə ailə yaşayırdı. Çünki Laçın 1992-ci ildə işğal edilmişdi. Sonradan bizim kənd azad edildi və biz bir neçə ailə ilə bərabər kəndə geri qayıtmışdıq. O gün vəziyyət çox gərgin oldu. Xəstələri, qoca və uşaqları çıxarmaq üçün kənddə maşın yox idi. Yalnız bir nəfərdə köhnə “Qaz-53” maşını var idi ki,  o da dünən qonşu kəndə gedib oradaca xarab olub qalmışdı. Camaat kədin ortasına yığışıb neyləyəcəklərini müzakirə edirdi. Qadınlar, uşaqlar ağlaşırdılar. Səs-səsə qaırşmışdı. Qadınlar dizlərinə döyürdülər ki, daha çıxmağa yer yoxdu, ermənilər bizi əsir götürəcəklər. Ümidsiz qaldığımız məqamda  həmin maşın qonşu kənddən qayıdıb gəldi. Belə qərara alındı ki, qocalar və uşaqlar maşına minsinlər. Onda mənim 13, qardaşım Babəkin 11 yaşı var idi, biz minmədik. Amma   balaca qardaşlaşım və onlara nəzarət etmək üçün böyük bacım maşınla yola düşdülər. Mən və qardaşım Babək, ana-atamızla qaldıq. Sonra qərara alındı ki, anamla Babək də kəndi piyada tərk edənlərə qoşulub onlarla birlikdə buradan uzaqlaşsınlar.
Atam mənə dedi ki, sən qal, mal-heyvanı aparmağa kömək edərsən. Qaldım. Anamla qardaşım və onlarla birgə piyada gedən digər adamlar yarım saat idi ki, kənddən çıxmışdılar. Onda atam mənə dedi ki, “İmdad bilmək olmaz, vəziyyət necə olacaq. Sən də qaç, anangilə çat”. Dedim, səninlə qalım, qoymadı. Çünki bilinmirdi ki, bundan sonra vəziyyət necə olacaq. Çox  təkid etsəm də, atam qoymadı. Qaça-qaça gəlib, yarım saat əvvəl kənddən çıxan anamgilə çatdım.
Kənddən qaça-qaça çıxmışam. Çünki arxadan gedib onlara çatmalı idim. Qaça-qaça dağ yollarını aşıb onlara çatan vaxt  anam məni görəndə qucaqlayıb ağladı. Dedi, ürəyim sənin yanında qalmışdı. Dedim, erməni səni əsir aparacaq. Yaxşı ki, gəldin. Beləcə, kəndimizlə sonuncu görüşüm o gündə oldu”.

“Yaşlanmaq düsturu”

“Həmin gün mənim bütün həyatıma təsir etdi. O gün mən böyüdüm və uşaqlığımla birdəfəlik sağollaşdım. Uşaqlığımı Oğuldərədə qoyub gəldim.
Kəndimiz 1993-cü ildə işğal olunanda sinif uşaqlarımızın hərəsi bir tərəfə dağıldı. Hərəmiz sonradan ayrı-ayrı yerlərdə oxumalı olduq. Ondan sonra uzun illər mənim heç bir dostum olmadı. Bir də 1996-cı ildə yeni dostlarla ünsiyyət qurmağa başladım. Uzun müddət məndə o sahədə boşluq qalmışdı. Çünki bütün uşaqlıq xatirələrim əlimizdən alınmışdı. Müharibə bizi həddindən artıq tez böyütdü”.

Bir vidanın tarixçəsi

“Həmin 31 mart günündən sonra atam  çox keçmədi ki, mühasirəyə düşdü və bu 54 gün davam etdi. Mühasirədən əvvəl ailəmizdən atamla sonuncu görüşən də elə mən oldum;  elə həmin 31 mart günündə.... Atam hamını yola salandan sonra mənim də getməyimi istədi. Heç görüşüb sağollaşmadan, qaça-qaça atamdan uzaqlaşdım. Evdən xeyli aralanmışdım. Dayanıb geriyə baxanda gördüm ki, atam da arxamca baxır. Yenidən qaçmağa başladım. Az keçmiş geriyə boylananda artıq nə atam, nə də evimiz görünürdü.


Atamla o cür sağollaşdım. Bir neçə saniyəlik geriyə baxmaqla... Sonra yolda çox əziyyətlər çəkdik. Aprelin 3-də piyada gəlib Murov dəhlizini aşanda anam dedi ki, atan orada qaldı, bundan sonra kimsə oradan sağ çıxmaz. Beləliklə, 54 gün ərzində atamdan heç bir məlumat ala bilmədik. Hara gedirdiksə, haradan soraqlaşırdıqsa, bu müddət ərzində heç kim demədi ki, Əli müəllimi haradasa görüb”.


Sağ olasan, xınainəyi”

-Atamın mühasirədə olduğu müddət ərzində Tərtərdə dayımgildə məskunlaşmışdıq. Dayıma təsərrüfat işlərində kömək edirdim. Biz tərəflərdə adına xınainəyi deyilən, üstü xınalı böcək var.  Oraların uşaqlarında belə bir inanc var idi ki, onu uçuran zaman hansı tərəfə uçsa, gözlədiyin adam da oradan gələcək.  Mən də üzümü atamın təqribən, mühasirədə olduğu yerlərə-Kiçik Qafqaz dağlarına tərəf tutub böcəyi uçururdum. Amma xınainəyi tamamilə əks istiqamətə uçurdu. Əsəbiləşirdim. Axı, atam bu tərəfdə mühasirədədir, böcək  niyə o biri tərəfdən uçur?! Amma sonradan atam doğrudan da, xınainəyinin uçduğu yolla gəldi.

Atamın mühasirədən çıxmaq xəbərini, dayımgilin kəndində İmamverdi adlı biri bizə demişdi. Mayın 24-ü idi. Həyətdə oturmuşduq, rəhmətlik nənəm də orada idi. Dedi, “muştuluğumu verin, Əli müəllim mühasirədən çıxıb”. Biz əvvəllər də elə xəbərlər eşitmişdik, amma təsdiqini tapmamışdı. Nənəm bu səbəbdən çox soyuqqanlı reaksiya verdi. Dedi, “özü gəlməyənə qədər, gözümlə görməyənə qədər, inanmaram”. İmamverdi and-aman elədi, onunla birlikdə mühasirədə qalan və azad olan adamların da adlarını çəkdi. Biz inandıq, nənəm isə yox.
Mayın 24-ü idi. Yenə dayımın heyvanlarına baxmağa getmişdim. Xəbər gəldi ki, atam artıq gəlib, dayımın evindədir. Qaça-qaça gəldim. İndi də necə qaçdığımı sözlə təsvir edə bilmirəm. Elə bilirdim ki, heç torpaq üstündə qaçmıram. Bildiyim bir şey var idi - xınainəyinin uçduğu səmtə “uçurdum”. Gəlib çatanda  gördüm ki, atam  həqiqətən, gəlib. Martın 31-də hansı formada idisə, mühasirədən də elə sağ-salamat çıxıb gəlmişdi”.


“Sabahınız xeyir, ümidlər”


“Atam mühasirədə olduğu dövrdə bizim onun sağ olub-olmaması haqqında heç bir məlumatımız yox idi. Eynən, atam da bizim sağ qalıb-qalmamağımız  barəsində  dəqiq nəsə bilmirdi. Atam 54 gün müddətində bilməyib ki, bizi yola salandan sonra, kənddən sağmı çıxmışıq, yoxsa. erməni bizi girov aparıb. 54 gün ərzində  həm özü mühasirədə olub, həm də 6 körpə övladı, bir həyat yoldaşının başına nə gəldiyi haqda heç bir məlumatı olmayıb. Buna baxmayaraq, atam həmişə özünü elə aparıb ki, sanki bizim mühasirədən salamat çıxmağımızı dəqiq bilir. Atamın tez-tez danışdığı epizodlardan biri o idi ki, mühasirədə qaldığı yerin yaxınlığındakı çayın qırağına düşərək, orada hamımızın adını ayrı-ayrılıqda çəkib “sabahın xeyir” deyirmiş. “Sabahın xeyir, İmdad, “sabahın xeyir, Babək”...

Ad günü məclisi

“Anadan olduğum tarixdə -mayın 2-də atamgil mühasirədə olublar. Amma mənim ad günümü qeyd ediblər. Fevral ayında Tərtərə gələndə özü ilə iki araq alıb aparmışdı. Onlardan birini mənim ad günümə saxlamışdı. Atamla  bigə mühasirədə olanlar çətinliklə də olsa, məcburiyyətdən  kəndə azuqə dalınca gedirmişlər. Atam bir dəfə tapşırır ki, filan evin filan yerində bir litr araq olmalıdır, onu tapıb gətirin. Birinci dəfə gedəndə tapmayıblar. İşıq yox, bir şey yox. Fikirləşiblər ki, yəqin, erməni evə girəndə görüb aparıb. Atam dedi ki, bir dəfə də gedəndə baxarsız. İkinci dəfə  gedəndə tapmışdılar. Tapdıqlarından birtəhər yemək hazırlayıb,  süfrə açıblar. Atam deyib ki, “bu gün İmdadın ad günüdü”.
Elə qədəhə süzməyə başlayanda xəbər gəlib ki, artıq erməni o evə tərəf yaxınlaşır. Atam deyirdi ki, “ayaqüstü  sənə sağlıq dedik. Sonra qaçıb gizləndik. Erməni gəlib gedəndən sonra yenidən həmin yerə qayıdıb məclisi davam etdirdik””.

Əzabın növbəti stansiyası

“Tərtərdə dayımgildə qalırdıq. Amma orada da başqa yerlərdə olduğu kimi, çox dayana bilmədik. 1994-cü ilin yanvar ayının 3-də ermənilər dayımgilin kəndinə hücum etdilər. Biz  məcbur olub qatarla Bakıya gəldik. Təsəvvür edin, evimiz yox, malımız yox, problemli şəhər və 9 nəfərlik ailə....  İki aya yaxın əmimgillə bir mənzidə yaşadıq. Onlarla bir mənzildə yaşayan təkcə biz deyildik. Eyni zamanda başqa qohumlardan da əmimgilə sığınanlar var idi. Təsəvvür edin, 7 nəfər əmimin ailəsi, 9 nəfər biz, 4-5 nəfər də o biri ailə, əmimin mənzilinə yığışmışdı. Çox çətin dövr idi. Atamla əmim məskunlaşmağımız üçün Bakıda yer axtarırdılar. Amma bu asan məsələ deyildi. Bu arada əmimgilin qonşularından bir neçə adam bizə vaxtilə ermənilərin yaşadıqları, o zaman isə boşalan evləri göstərdilər. Dedilər ki, boşdu, gedin yaşayın. Amma atam heç vaxt buna razı olmadı. Ona deyirdilər ki, o evlər sənə düşür. Çünki sənin də mülkün qalıb erməniyə. Atam deyərdi ki, “bilmirəm ki, o mənzildə yaşayan erməni kim olub. Mən başqasının evində məskunlaşa bilmərəm!”.

Biz təxmimən iki aya yaxın əmimgildə qaldıq. Ondan sonra qonşuluqda yerləşən bağçaya köçdük. Çox ağır dövr idi. Biz Bakıya gələndə əynimizin paltarından başqa, heç nəyimiz yox idi. Heç o da əməlli-başlı deyildi. Bütün varımız-mülkümüz, hamısı erməniyə qalmışdı. Atam 9 nəfərlik ailəni belə çətinlik içində dolandırmalı idi. Qaldığımız yerin qapısı-bacası, pəncərəsi yox idi. Sınıq yerləri adyallarla örtmüşdük. O zaman qardaşlarımızla belə qərara gəldik ki, ailənin dolanmasına kömək etməliyik. Bundan sonra meyvə-tərəvəz alveri ilə məşğul olduq. Ailəmiz bir neçə il belə dolandı. Lakin qarşımıza məqsəd qoyduq ki, heç vaxt təhsildən uzaqlaşmayaq. 6 uşaqdan beşimiz ali təhsil aldıq”.

Son söz əvəzi... Oğurlanan uşaqlıq

“Maddi mənada kəndimizdə qalanları saymaq da olar, qiymətləndirmək də.  Mənəvi mənada o işğalın bizdən aldıqlarını saymaq və qiymətləndirmək mümkün deyil. Evimiz, malımız, mülkümüz, bunlar hamısı qalıb. Amma eyni zamanda kəndin insanlarının məzarları da oradadır. Artıq 25 ildir ki, babamın qəbri üstə gedə bilmirik. Orada uşaqlığımın ən gözəl dövrləri qalıb. 13 yaşımdan sonra heç vaxt uşaq olmamışam. Uşaqlığım 13 yaşımda-kənd işğal olunandan sonra bitir. 13 yaşımdan sonra heç vaxt həmyaşıdlarla həyətdə oynamamışam.

Yeniyetməlik dövrü deyirlər, filan. Mən onu bilməmişəm. Uşaqlıqdan gənclik dövrünə birbaşa keçmişəm. Bütün gözəl xatirələrim  də orada qaldı. Uşaqlığımın özü Oğuldərə kəndində qalıb. Oğuldərə kəndindən martın 31-də qaçaraq, atamdan uzaqlaşdığım gündən həyat və yaşamaq uğrunda mübarizəyə atılmışam. Mübarizəm 1993-cü il martın 31-dən başlayır. Bu gün də davam edir...”.


Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir