Modern.az

Təhsil Nazirliyi Türkiyədə birinci olan azərbaycanlı bacılar HAQDA: “Şagirdlər üçün nümunədir”

Təhsil Nazirliyi Türkiyədə birinci olan azərbaycanlı bacılar HAQDA: “Şagirdlər üçün nümunədir”

6 İyun 2017, 18:03

Əcnəbi tələbə sayı yüksək olan Türkiyənin Baxçeşəhir Universitetində bir neçə gün bundan əvvəl məzun günü keçirilib. Məzun gününə 3min 100 tələbə qatılıb. 57 ölkədən 288 əcnəbi tələbə məzun olub. Məzun törəninə azərbaycanlı tələbələr də qatılıb.

 

Modern.az-ın məlumatına görə, Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə  təmsilçisi içərisində universitet birincisi olub. O, özünü çox xoşbəxt hiss etdiyini deyib. 

 

“Universiteti yüksək nəticə ilə bitirdiyimə görə çox xoşbəxtəm. Baxçeşəhir Universitetində oxuyan hər kəs çox fərqli düşüncəyə sahibdir. Hər bir insan  uğura nail olursa, bu təsadüf deyil. Uğurun əldə edilməsində yüzdə  əlli faiz bizim əməyimiz varsa, 100-də əlli faizində təhsilin və müəllimlərin əməyi var”.

 

Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı  məzunu  Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacıdır.

O, Universitetə daxil olduğu gündən yüksək göstərici ilə bitirəcəyini hiss etdiyini deyib. 

 

“Bu gün 5 il bundan öncəki arzularımı gerçəkləşdirə bildiyim üçün çox xoşbəxtəm. Universitet mənə təkcə təhsil və bu sahədə uğurlar vermədi, həm də yaxşı dostlar 106 fərqli ölkədən olan insanlarla birgə olmaq şansını verdi”.

 

Modern.az saytı azərbaycanlı məzunların ən yüksək nəticə göstərməsi ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənib.

 

Təhsil Nazirliyi Musayeva bacılarının uğurlarını yüksək qiymətləndirib.

 

“Biz fəxr edirik ki, orta məktəbdə oxuyan şagirdlərimiz ali təhsilini xarici ölkədə bu cür formada davam etdirir. Təbii ki, bu, sevindiricidir. Təhsil sistemində bu cür uğurların baş verməsi digər şagirdlər üçün də nümunədir. Günel və Xeyransa Musayeva bacılarını təbrik edir və uğurlar arzulayırıq”-deyə nazirlikdən verilən açıqlamada bildirilib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü  Ağacan Abiyev isə deyib ki, bu cür gənclərin olması Azərbaycan təhsil sisteminin müsbət göstəricisidir.

 

“Günel və Xeyransa Musayeva bacılarının Türkiyənin Baxçeşəhir Universitetində ən yüksək nəticə əldə etməsi sevindirici haldır. Əgər bizim gənclərimiz gedib hansısa xarici ölkədə yüksək nəticə göstərirsə bu, bizim fəxrimizdir. Fəxr edirik ki, belə balalarımız var.

 

Bu hər bir azərbaycanlıda qürur hissi yaradır. Belə gənclərimizə uğurlar arzulayırıq. Həmçinin, gənclərin uğurlarının mediada işıqlandırılması çox önəmlidir. Musayeva bacılarının ən böyük uğurlarını siz media olaraq yayımladınız.

 

Siz yayımlayandan sonra hər kəs bu qızlardan xəbər tutdu. Ona görə də belə xəbərlərə geniş yer vermək lazımdır. Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib. Bunu ancaq alqışlamaq olar. Bu cür gənclərimizlə fəxr edirik”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər