Modern.az

700 bal toplayan abituriyentlər də ikinci imtahana sənəd verdilər? - “Valideynlərim israr etdilər...”

700 bal toplayan abituriyentlər də ikinci imtahana sənəd verdilər? - “Valideynlərim israr etdilər...”

Təhsil

7 İyun 2017, 10:34

İyulda ali məktəblərə ikinci dəfə qəbul imtahanları keçiriləcək. Maraqlıdır, aprelin 30-u və mayın 7-də keçirilmiş qəbul imtahanlarının birinci mərhələsində iştirak edib 700 bal toplayan tələbələr də iyul imtahanlarına qatılacaqmı?

Xatırladaq ali təhsil müəssisələrinə qəbul olunmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

V ixtisas qrupuna isə imtahanlar iyulun 5-də keçiriləcək.


Modern. az saytı 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayıb.  Onlardan həmçinin oxuyacaqları ali təhsil müəssisəsini və arzuladıqları ixtisası müəyyənləşdirib-müəyyənləşdirmədiklərini də soruşduq.

Ali məktəblərə yaz imtahanında 700 bal toplamış 220 nömrəli məktəbin şagirdi Xalidə Əliyeva iyulda keçiriləcək imtahanlara qatılmayacaq.

“I qrup üzrə imtahan verdim. Yüksək nəticə göstərdim. İkinci imtahana qatılmayacam. Artıq təhsil alacağım ali məktəbi müəyyənləşdirmişəm.  Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil almaq istəyirəm”.

Səbail rayonu 162 nomrəli məktəbin şagirdi Mahirə Əsədzadə də ikinci imtahana qatılmayacağını deyir:

 “I qrup üzrə imtahan verdim. 700 bal toplayacağıma inanırdım və topladım. İkinci dəfə imtahanda iştirak etmək arzusunda olmadığımdan yenidən sənədlərimi təqdim etmədim. BANM-da proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil almaq istəyirəm”.


İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov da iyul imtahanlarına qatılmayacaq: 

“700 bal toplayacağımdan əmin idim. Hələ 9-cu sinifdə oxuyanda da yüksək nəticələr göstərirdim. Sınaqlardan yaxşı nəticələr toplayırdım. Yenidən imtahan vermək fikrim olmadığından sənədlərimi vermədim. BANM-da proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil almaq istəyirəm”.

Ağcabədi rayonu 3 saylı məktəb liseyin şagirdi  Arzu Məmmədova deyir ki, valideynləri iyul imtahanına qatılmasını çox istəyiblər:

“Valideynlərim israrla iyul imtahanına qatılmağımı istəyirdi. Hətta deyirdilər ki, get, imtahan ver, yenə 700 bal topla. Ürəyin nə istəsə, onu edəcəyik. Mənsə yenidən imtahan vermək fikrimin olmadığını bildirib sənədlərimi təqdim etmədim.  Təhsilimi “ADA” Universitetində davam etdirmək fikrindəyəm. İxtisası isə hələ müəyyənləşdirməmişəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev də iyulda keçiriləcək imtahana qatılmayacaq.

“Artıq sənəd vermə prosesi bitib. Mən yenidən imtahana qatılmaq istəmədim. Ona görə də sənədlərimi vermədim. Hələlik, nə universitet, nə də ixtisas seçimi etmişəm. Düşünürəm ki, vaxta hələ çox var”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!