Modern.az

Məhəmməd peyğəmbər haqda film Azərbaycan ilahiyyatçılarında etiraz yaratdı: “Xurafatdır”

Məhəmməd peyğəmbər haqda film Azərbaycan ilahiyyatçılarında etiraz yaratdı: “Xurafatdır”

7 İyun 2017, 13:24

Ötən gecə məşhur iranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbərdən bəhs edən “Məhəmməd – Allahın elçisi” filmi Türkiyənin ATV kanalında nümayiş olundu. 

 

Film Azərbaycan tamaşaçısı üçün də maraqlıdır. Artıq sosial şəbəkələrdə filmlə bağlı müzakirələr başlayıb.

 

Filmdə Məhəmməd peyğəmbərin doğumundan 13 yaşına qədərki yaşamı, həmin illərdə Məkkədə baş verən hadisələr əks olunub.

 

Filmdə Məhəmməd peyğəmbərin üzü göstərilməsə də, onun vizual görünüşü var - saçı, geyimi və digərləri göstərilir. Peyğəmbərin səsi verilməsə də onun sözləri subtitrlərdə göstərilir.

 

Modern.az saytı bu filmlə bağlı ilahiyyatçıların fikirlərini öyrənib.

 

İlahiyyatçı Elşad Miri filmin gözləntilərinə cavab vermədiyini bildirib:

 

“Filmdə tamaşaçılara Məhəmməd peyğəmbərin körpəliyi təqdim edilir. Saçı, bədəni, barmaqlarının arasından gözləri göstərilsə də, sadəcə üzü tam olaraq göstərilmirdi. Bu məqam nə qədər peyğəmbərimizə hörmət kimi təqdim edilsə də, unutmayaq ki, hazırda bəzi muzeylərdə Məhəmməd peyğəmbərə məxsus olduğu iddia edilən, guya peyğəmbər saqqalının tükü hələ də sərgilənir.

 

Filmdə nümayiş etdirilən “Fil hadisə”sinin təsvir edildiyi səhnə həm effektləri, həm də musiqisi ilə Hollivud filmlərindən geri qalmır. Lakin hadisə tamamilə Allahın Quranda buyurduğu tərzdə deyil, müsəlmanların bu günə kimi inandıqları formada səhnələşdirilib və quşların dimdiklərində daş atması nağıl kimi təqdim olunub”.

 

İlahiyyatçı filmi texniki mənada uğurlu hesab etsə də, xurafat yığınından ibarət olduğunu da vurğulayıb:

 

“Balaca Məhəmmədin başının üzərində buludun onu təqib etməsi, doğularkən eyni anda başqa ölkələrdə qeyri-adi hadisələrin baş verməsi, dağların, daşların “Məhəmməd” deyə səslənməsi, kiçik Məhəmmədin süd anası Həliməni sağaltması və s. məqamlar filmin xurafatdan bəhrələnməsinin bariz numunəsidir.

 

Film müsəlmanların daha gözəl ekran əsərləri ərsəyə gətirə biləcəklərini göstərsə də, peyğəmbərin körpəlik və gənclik dövrü möcüzəli tərzdə təqdim edilib. Peyğəmbərin insan, nümunə götürülməli bəşər olması deyil, əksi iddia edilir.

 

Eyni zamanda məzhəbçilik özünü açıq şəkildə göstərir. Özünü sünni adlandıranlar hədislərə əsaslanaraq peyğəmbərin himayədarı olan Əbu Talibi “kafir” adlandırmalarına baxmayaraq, filmi çəkən şiələr isə onu “islam dəvətçisi” olaraq təqdim edirlər. Bu filmdə ikinci düşüncənin hakim olduğu açıq-aşkar vurğulanır.

 

Ümid edirəm ki, bu sahənin peşəkarları çıxıb Allahın sonuncu elçisini onu göndərənin bəhs etdiyi kitabdakına uyğun olaraq, nümunə götürüləcək tərzdə bizlərə təqdim edəcək”.

 

“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bu cür filmlərin çəkilməsinin düzgün olmadığını qeyd edib:

 

“Din ümumiyyətlə filmin çəkilməsinə, surətin təsvir edilməsinə heç də yaxşı yanaşmır. Bu cür filmlərdə iştirak edən artist qeyri-müsəlman da olur.

 

Həmin adam peyğəmbərin, hətta yaxınlarının  simasında özünü göstərib daha sonra hansısa məqbul olmayan əməli görə bilər.  Belə şeylər ümumiyyətlə islam dinində bəyənilmir.

Nəinki peyğəmbərin , adi adamın surətini çəkmək düzgün deyil. Əlbəttə, İslam bu məsələyə yaxşı yanaşmır.  

 

Peyğəmbər haqqında məlumatları kitab  və ya yazılı formada insanlara çatdırmaq daha düzgündür”.

 

Qeyd edək ki, filmin çəkilişlərində Hollivudun vizual effekt mütəxəssisi Scott Anderson, 3 dəfə “Oscar”a layiq görülmüş italyan operator Vittorio Storaro da iştirak edib. Filmin musiqisi isə hindistanlı A.R. Rahmana məxsusdur.

 

Günay RƏSULQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir